Nə
aldığınızı bilirsinizmi?
Qida məhsullarının
qablaşdırılması və hazırlanma qaydaları ən
çox diqqət edilməsi tələb olunan maddələrdir. Ərzağın
satışı zamanı istehlakçıya təzə, gigiyenik qaydalara uyğun şəkildə
çatdırılmasında düzgün
qablaşdırılmanın böyük
önəmi var. Yəni məhsullar ekoloji təsirlərlə yanaşı, toplanma, daşınma zamanı meydana
gələn zərərlərdən ancaq
doğru qablaşdırılma sayəsində
qoruna bilər.
Eləcə də ideal bir paketləmə
məhsulu tozdan, nəmdən, hər hansı bir təsirdən
qorumalıdır. Bir sıra qida məhsulları var ki,
onların qablaşdırılmasında və
hazırlanmasında alüminium folqalardan istifadə edilir. Bu
gün onları həm bəzi soyuq məhsulların
qapağında, həm də isti yeməklərin üzərində
görmək olar. Məsələn, 1950-ci ilə qədər
süd şüşə butulkalarda satılırdı. Lakin
sonralar daha yüngül paketdən istifadə ilə
bağlı olaraq bu şüşə qablardan istifadə
azaldı. ABŞ-da şüşə qablardan istifadə cəmi
10 faiz olsa da, Avropa ölkələrində bu rəqəm daha
yüksəkdir. Türkiyədə şüşə
qablardan istifadə 3,5 faiz təşkil edir. Bu rəqəm
açıqda satılan südün yanında olduqca
aşağı olsa da, "paket" südlərdən 1,6
faiz çox satılır. Şüşələrin
ağzı isə adətən alüminium folqa ilə
örtülür. Qapaq kimi istifadə edilən, yapışma
xüsusiyyəti olmayan bu folqalar əvvəlcə
sıxılaraq qapaq halına gətirilir və şüşələrin
ağızlarına örtülür. Sıxılma zamanı
folqanın səthə daha düzgün yerləşməsi
üçün üzərinə mineral yağlar çəkilir
ki, həmin məhsul bir müddət qaldıqda burada reaksiya
baş verir. Son zamanlar mətbəxlərdə də
alüminium folqalardan geniş istifadə edilir. Müxtəlif
yeməkləri alüminium folqalara büküb sobalara qoyurlar,
bu zaman yeməyin hazırlanması asan başa gəlir. Yaxud
bir çox yerlərdə hazır toyuq "qril"ləri
ona bükülərək satılır. Eləcə də
müxtəlif yeməkxanalarda bu folqalara
bükülmüş yeməkləri görmək olar.
Orqanizmdə alüminiumun çox
olması problemlərə yol açır
Ümumiyyətlə,
yemək bişirmək, yaxud soyuducuda yemək saxlamaq
üçün hər gün alüminium folqa və qablardan
istifadə edilməsinin sağlamlıq baxımından zərərləri
təsdiq edilib. Bu araşdırmalara görə, xüsusilə
termal emala məruz qalan yeməklərə bükülən,
həmçinin uzun müddət qidanın üzərində
saxlanılan folqalardakı alüminium maddəsi yeməklərə
keçir. İnsan orqanizmində alüminiumun
çoxluğunun hansı problemlərə yol
açmasına gəldikdə isə həkim-terapevt İlqar
Musayevin sözlərinə görə, alüminiumun insan
orqanizminə başda sümük əriməsi xəstəlikləri
olmaq üzrə çox sayda zərəri var: "Bunlardan bəziləri
anemiya, sümük əriməsi, zəka geriliyi və xərçəngdir.
Altsgeymer xəstəliyinin son zamanlar getdikcə artmasının
səbəbi tam olaraq bəlli olmasa da, aparılan
araşdırmalar bu xəstələrin beyin toxumasında
yüksək faizdə alüminium olduğunu göstərir. Bu da altsgeymer və alüminium
arasında bir bağlılıq olması ilə əlaqələndirilir.
Həmçinin sübut olunub ki, böyük miqdarda
alüminium orqanizm üçün çox vacib olan kalsium, dəmir,
fosfor, maqnezium kimi mineralların qəbulunu da azaldır".
İnsan orqanizmi alüminiumu mətbəx qablarından,
folqalardan alır ki, onlar da sümüklər, beyin, böyrək
və mədəyə təsir edir. Həkimin sözlərinə
görə, alüminiumdan zəhərlənmə əlamətləri
huşunu itirmə, qaraciyər funksiyasının pozulması,
iştahsızlıq, əzələ ağrısı, nəfəs
darlığı, kəlmələri düzgün tələffüz
etməmə, qan və beyin funksiyasının pozulması, dəri
problemi, qəbzlik və sairdir: "Ona görə də
insanlar alüminium məhsullardan istifadədən uzaq
durmalıdırlar. Xüsusilə də alüminium qablar əvəzinə
paslanmaz polad qablar, folqa yerinə yağlı kağızlara
üstünlük verilməlidir. Xüsusilə də hamilələrin
onlardan imtina etmələri lazımdır". Onu da qeyd edək
ki, alüminium gündəlik istifadə etdiyimiz bir sıra məmulatlarda
da var. Məsələn, saç şampunları, dezodorantlar,
bəzi dərmanlarda, hətta içdiyimiz su və
çayın içərisində də var.
İnsanlar mədələrinə zərbə
vururlar
Qastroenteroloq
Lalə Cəfərova da təsdiq edir ki, alüminiumdan istifadə
bir sıra xəstəliklərə səbəb olur:
"Ümumiyyətlə, qidaların alüminium qablarda
saxlanmasının təhlükə yaratması hər zaman
mövcud olan bir fikirdir. Buna görə də çalışmışıq
ki, mətbəxdə yemək hazırlayarkən belə
qablardan az istifadə edək. Son zamanlar isə alüminium
folqalardan da istifadə halları artıb. Hazırda mətbəxlərdə
geniş tətbiq edilir ki, qadınlar bu gün asan başa gəlməsi
üçün istənilən bir qida məhsulunu folqaya
büküb sobaya qoyurlar və bu isti şəraitdə
reaksiya gedir. Üstəlik, həmin qida məhsulunun üzərinə
müxtəlif ədviyyatların da əlavə olunduğunu
unutmamalıyıq. Həmin yeməklərin istifadəsindən
sonra mədədə ağrılar yaranır. İnsanlar əslində
bu ağrıların yaranma səbəbini bilmirlər. Ancaq fakt budur ki,
səbəbini bilmədikləri üçün
bu proses dəfələrlə
təkrar olunur və nəticədə mədə-bağırsaq
pozğunluğu daha da artır. Sanki bununla mədələrinə dəfələrlə
zərbə vururlar". Ona
görə də qastroenteroloq folqanın turşulu, yüksək temperaturda
bişirilən və uzun müddət dondurulan qidaların bükülməsində
istifadəsinə diqqət yetirilməli olduğunu
vurğulayır. Xüsusilə də alüminium
qablar əvəzinə paslanmaz
polad qablar, folqa yerinə yağlı kağızlara üstünlük verilməsini məsləhət
görür.
Olaylar.- 2012.- 25 aprel.- S.11.