Ermənilərin dünyanı aldatdığı tarix

 

Ermənilər hər il 24 apreli qondarma “erməni soyqırımı” günü kimi dünyanı aldatmaqla məşğul olurlar. “Qafqazinfo” bu günün tarixi ilə bağlı bəzi məqamları təqdim edir. Erməni soyqırımı iddiası və ya Qondarma "erməni soyqırımı" — birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır.

 

Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır.

Güclənən erməni millətçiliyi Anadolunun şərqində və Kilikya adlanan cənub bölgələrində kütləvi şəkildə yaşayan ermənilərdə separatçı meyli gücləndirdikcə üsyanlar da təbii hal almağa başlamışdı. İlk üsyan 1890-cı ildə ərzurumda gerçəkləşmiş daha sonra Van, Sason, Adana üsyanları bir-birini izləmişdir. Bu hadisədən sonra 1905-ci ildə sultana suiqəsd cəhdi olsa da uğursuzluqla nəticələndi. Bölgədə təşkilatlanan erməni komitələri mülki şəxslərə qarşı da xüsusi amansızlıq nümayiş etdirmişdir.

Gerçəkləşdirilən üsyanlar və Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı. Bu qərar öncəsində isə bugün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.

Köç qərarı Anadoluda yaşayan ermənilərin Osmanlının digər bölgələrinə dağıdılmasını nəzərdə tutsa da praktikada hərşey fərqli cərəyan etdi. Köç karvanlarına edilən hücumlarda ölən ermənilər bir kənara həm də yollarda aclıqdan və xəstəlikdən ölənlər kifayət qədər idi. Yola çıxanların yalnız bir qismi lazımi məntəqələrə yerləşdirilə bildi.

"Erməni soyqırımı" iddiaları 1950-ci illərdən – yəni "soyqırım" ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

Ermənilər ilk "soyqırım" qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli "Erməni soyqırımını anma günü" kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib.

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveç və ABŞ-ın) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib.

"Erməni soyqırımı" iddialarının yayıldığı areal da maraqlıdı – Avropa və Amerika. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdü. Amerikada isə "soyqırım"ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Türkiyənin "strateji müttəfiqi" ABŞ-da "soyqırım"ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində "soyqırım"la bağlı iki layihə durur. ABŞ prezidentləri isə hər il aprelin 24-də "soyqırım" sözünün yarım addımlığından keçirlər.

Amerika və Avropadan kənarda "soyqırım"ı tanıyan cəmi iki ölkə var: biri Rusiyadı, digəri isə Livand. Livan qondarma soyqırımı tanıyan yeganə müsəlman ölkəsidi.

"Erməni soyqırımı" tanıyan beynəlxalq təşkilat da var – Avropa Parlamenti. Yəni Avropa Birliyi ölkələrinin parlamenti. Bu qurum "erməni soyqırımı" hələ 1987-ci ildə tanıyıb. Həm də Fransanın səyləriylə. 1981-ci ildə fransalı parlamentar Jage "Erməni xalqının durumu" adlı layihə hazırlayaraq Avropa Parlamentinə təqdim edib. Sonra bu parlamentdəki sosialistlər qrupu adından fransalı parlamentari Duport və belçikalı deputat Qlinn qərar layihəsi hazırlayıblar. Layihədə ilk dəfə "erməni soyqırımı" iddiaları Avropa Parlamentinin gündəliyinə çıxarılıb. 1984-cü il seçkilərindən sonra Avropa Parlamentində sosialist qrupunu təmsil edən fransalı deputat Sabi həmin layihəni yeniləyib. Elə həmin il başqa bir fransalı parlamentar yəhudi lobbisinin təsiriylə "erməni soyqırımı" ilə bağlı məruzəçi olmaqdan imtina edib. Bu zaman fransızlar məruzəçiliyi belçikalı deputat Vandemelebroka həvalə ediblər. Qatı sağçı və irqçi kimi tanınan məruzəçi bir dəfə belə Türkiyədə olmadan, bir türk rəsmisi ilə görüşmədən hesabat hazırlayıb. Avropa Parlamentinin Siyasi Komitəsi buranın tarix qurumu olmadığını əsas gətirərək hesabatı qəbul etməyib. Fransızlar komitənin italiyalı başqanına yenidən səsvermə keçirməsi üçün təzyiq göstəriblər, amma o, rədd edib. Komitə sədrinin səlahiyyət müddəti bitdikdən sonra iş yenidən başlayıb və fransızlar istəklərinə nail olublar. 1987-ci il iyulun 18-də ermənilərin üzük qaşı kimi dövrəyə aldığı Avropa Parlamenti "erməni soyqırımı"nı faktiki tanıyan qərar qəbul edib. Bu, təxminən o ərəfəyə təsadüf edirdi ki, Türkiyə Avropa Birliyinə üzvlük niyyətini açıq ifadə eləməyə başlamışdı.

Avropa Parlamenti qərarını 2005-ci ildə təzələdi – Türkiyə Avropa Birliyinə üzvlüklə bağlı alayarımçıq müzakirə tarixi almazdan bir ay əvvəl. Həmin qərarda Türkiyənin 1915-ci ildə baş verənləri "soyqırım" kimi tanıması Avropa Birliyinə üzvlüyün əsas şərtlərindən biri olaraq göstərilir. Doğrudur, Türkiyə üçün direktiv Kopenhagen meyarlarıdır, Avropa Parlamentinin qərarları direktiv yox, tövsiyə xarakteri daşıyır. Amma nəzərə almaq lazımdır ki, ən sonda Türkiyənin tam üzvlüyünə səs verəcək qurum Avropa Parlamentidir. Həmin səsvermədə, əgər Türkiyə bu səsverməyə qədər gedə biləcəksə, Avropa Parlamentinin qərarları gündəmə gələcək və Ankaranın bu şərtləri yerinə yetirməsi tələb ediləcək. 

 

 

Olaylar.- 2012.- 25 aprel.- S.8.