Əmlakın dəyərini heç bir məmur müəyyənləşdirə  bilməz

 

Vahid Əhmədov: “İnsanlar istər torpaq olsun, istərsə də əmlakın dəyərinin ödənilməsilə bağlı çoxlu problemlər yaşayırlar”

 

Milli Məclis torpaqların dövlət ehtiyacları üçün alınması qaydalarını sadələşdirmək məqsədilə 14 qanuna dəyişiklik edib. Yeni qaydalara əsasən torpaqların alınması və ya torpağa dair hüquqlarla bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən kompensasiyanın məbləği torpağın bazar qiymətinin müəyyən edilməsilə həyata keçiriləcək.

 Dəyişikliyə görə, alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən bir sıra amillər nəzərə alınacaq. Həmçinin, ödəniləcək kompensasiya qiymətləndirilərkən mövcud inflyasiya, torpağın (tikilinin) qanuna əsasən müəyyən edilmiş bazar qiyməti, alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsi alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər də nəzərə alınmalıdır. Alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər; alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər də nəzərə alınmalıdır. Mülki Məcəlləyə kompensasiya ödəmə formaları ilə bağlı da müddəalar salınıb. Bu sıraya itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi; itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili; kənd təsərrüfatı torpaqları itirildikdə, qanunda nəzərdə tutulan torpaq sahəsindən əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar; qanunda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar; torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər; itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat; yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi; alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları aiddir.

Millət vəkili Vahid Əhmədov bildirib ki, torpaqların dövlət ehtiyacları üçün geri alınması və mənzillərin sökülməsi Azərbaycan ictimaiyyətini ən narahat edən məsələlərdən biridir. Xüsusulə son zamanlar Bakı şəhərində baş vermiş hadisələr-Sulutəpə qəsəbəsində evlərin dağıdılması  və Keşlə stansiyasından və yolların çəkilişi ilə əlaqədar mənzillərin koçürülməsi qanunvericilikdə dəyişiklik edilməsi zərurətini yaradıb. Ümumiyyətlə, dövlət ehtiyacı üçün torpaqların geri alınması zamanı əsasən iki problem ortaya çıxır. Onlardan biri həmin torpaqların qiymətləndirilməsi, digəri isə dəyərin ödənilməsidir. Bu iki məsələ öz həllini taparsa, bu prosesdə heç bir problem yaranmaz. İnsanlar istər torpaq olsun, istərsə də onun üzərində olan əmlakın dəyərinin ödənilməsilə əlaqədar çoxlu problemlər yaşayırlar. Son hadisələr göstərir ki, insanların böyük zəhmət hesabına tikdikləri mənzillər köçürülərkən onun dəyərini ala bilmirlər. Çünki, əsas gətirilir ki, həmin evlər qeyri-qanuni tikilib. Lakin Azərbaycanda daşı daş üzərində qoymaq istəsən cəmi bir saat sonra sahə müvəkkili, mənzil istismar sahələri və digər qurumlar həmin yerdə olacaqlar: “Bu insanlar isə faktiki olaraq özlərinə ev tikiblər, yaşamaq üçün şərait yaradıblar, indi evləri sökülür, insanlar isə onun dəyərini ala bilmirlər”. Millət vəkili hesab edir ki, belə halların qarşısını almaq məqsədilə ilk növbədə Azərbaycanda qiymətləndirmə siyasətini müəyyən etmək lazımdır. Ölkədə “Qiymətləndirmə haqqında” qanun qəbul edilib, amma o qanun artıq köhnəlib. Həmin qanun Azərbaycanda bu gün gedən inkişafa, tikinti bumuna cavab vermir. Ona gərə, sözügedən qanunda ciddi dəyişikliklər edilməlidir. Digər tərəfdən, Azərbaycanda qiymətləndirmə ilə bağlı güclü mütəxəssislər yoxdur. Nəzərə almaq lazımdır ki, qiymətləndirmə adi bir proses deyil, onun həyata keçirilməsi üçün ciddi mütəxəssis tələb olunur. Bu baxımdan, “Qiymətləndirmə haqqında” qanun yenidən işlənməlidir.  Belə bir qanun olmadığından qiymətləndirmə zamanı hərə bir dəyər müəyyən edir.

Millət vəkili deyir ki, Azərbaycan  artıq iyirmi ildir ki, bazar iqtisadiyyatı sisteminə keçib və torpağın qiymətini  bazar müəyyənləşdirir: “İndiki şəraitdə torpağın qiymətini heç bir məmur müəyyən edə bilməz. Əgər torpağın, yaxud mənzilin yerləşdiyi ərazidə qiymət müəyyən edilibsə, həmin bazar qiyməti əsas götürülərək camaatla halallaşmaq lazımdır. Yəni, dəyərin ödənilməsi çox ciddi məsələdir”. Millət vəkilinin sözlərinə görə, Torpaq Məcəlləsinə edilən dəyişiklikdə torpağın dövlət ehtiyacları üçün geri alınması zamanı onun dəyərini ödənilməsi üçün müddətin artırılması bir sıra problemlər yarada bilər. Əvvəlki Məcəllədə göstərilirdi ki, dövlət ehtiyacları tələb etdikdə torpağın bazar dəyəri qabaqcadan  ödənilməklə özgənkiləşdirilə bilər. Ancaq yeni dəyişiklikdə torpağın dəyərinin ödənilməsi üçün 90 gün vaxt verilir: “ Onsuz da bu məsələdə əvvəl də mübahisələr çox idi. İndi ödəmə üçün 90 gün vaxt verilməsi daha da mürtəce təklifdir. Belə cıxır ki, hansısa məmur, yaxud dövlət orqanı mülkiyyəti alırsa, onun dəyərini 90 gün müddətində ödəyə bilər. Qanunda belə dəyişiklik irəliyə deyil,  geriyə doğru atılmış bir addımdır. Hələ biz əvvəlcədən ödəmə tələb edildiyi halda  onu həyata keçirə bilmirik, evlər sökülür, indi bu müddət uzadıldıqda mübahisələrin sayı daha da artacaq. Çünki istənilən məmur, yaxud dövlət orqanı istədiyi yerdə torpağı, yaxud mülkü götürə bilər və deyər ki, qanuna əsasən üç ay müddətində onun dəyəri ödəniləcək”.  Millət vəkili konkret misal gətirərək bildirir ki, Keşlə qəsəbəsindən 28 nəfər ona müraciət edərək bildirib ki, onların evi köçürülsə də indiyə qədər haqqı ödənilməyib: “ Buna əsas gətirərək bildirilir ki, evlər qanunsuz tikilib. Ancaq bu, mümkün olan şey deyil”.

Millət vəkili Əli Məsimli isə bildirib ki, Azərbaycanda mülkiyyətin əsas komponentləri olan sahiblik, sərəncam və istifadə münasibətlərində mülkiyyətin toxunulmazlığı sahəsində qanunvericiliyə yenidən baxılmasına ehtiyac var. Təcrübə göstərir ki, torpaqların dövlət ehtiyacları üçün alınması prosesinə icra hakimiyyətlərindən əlavə qurumlar da müdaxilə edir. Bu zaman isə cəmiyyətdə narazılıq yaranır, həm də Azərbaycan hökumətinin imicinə xələl gətirən xoşagəlməz hallar  baş verir. Bu problemin köklü həllinin əsas üsullarından biri məmurla vətəndaş münasibətlərində informasiya kommunikasiya texnologiyalarından daha geniş istifadə edilməsidir.  Millət vəkili fakt olaraq qeyd edib ki,   ona edilən müraciətdə  vətəndaş göstərib ki, torpaqlarını dövlət ehtiyacı üçün verib, ancaq iki ildir ki, pulunu ala bilmir. İki ildən sonra həmin vətəndaşı çağırıb ərizə yazdırıblar ki, pulu aldıqdan sonra hər sota görə 400 manat ödəməlisən. Maraqlı orasıdır ki, əgər vətəndaş üzüyoladırsa, bu şərtlə razılaşırsa, şəxsiyyət vəsiqəsini gətirir, yerdə qalan pulu bələdiyyənin bir üzvü alır: “Azərbaycanda hansı qanuna görə, vətəndaş dövlət ehtiyacları üçün həm torpağını verməlidir, həm də üstəlik hər sota görə 400 manat ödəməlidir?  Belə tənqidə sığmayan halların aradan qaldırılmasının ən yaxşı forması informasiya kommunikasiya texnologiyalarından istifadə edilməsidir. Bu zaman kiməsə təzyiq göstərmək mümkün olmur, problemlər avtomatik olaraq aradan qalxmış olur”.

Digər məsələ ondan ibarətdir ki,  vətəndaş borclu olanda borcu onun canından çıxarırlar, müvafiq orqan borclu olanda isə məhkəməyə verilir. Məhkəmə isə qərar çıxarır ki, vətəndaşın pulunu qaytar. Məsələ isə belə qərarla həllini tapmır. Çünki, bilərəkdən, yaxud bilməyərəkdən vətəndaşın pulunu gecikdirən məmur, yaxud dövlət orqanı üçün hər hansı sanksiya nəzərdə tutulmayıb.

 

 

Alim

 

Olaylar.- 2012.- 25 aprel.- S.6.