Daşınmaz
əmlak bazarında bahalaşma gözlənilir
Bu özünü
daha çox torpaq bazarında göstərəcək
Ramil Osmanlı: “Bizim
üçün vacib
olan “Qiymətləndirmə siyasəti
haqqında” qanuna dəyişikliklərin
nə zaman qəbul ediləcəyi deyil, hansı müstəvidə qəbul ediləcəyidir”
Müsahibimiz Əmlak Bazarı
İştirakçıları İctimai
Birliyinin icraçı-direktoru Ramil
Osmanlıdır
-Ramil bəy, avtomobil
bazarında hazırkı durumu necə dəyərləndirirsiniz?
Bazarda hər hansı aktivlik
müşahidə olunurmu?
-
Avtomobil bazarında hazırki vəziyyət
dinamikanın artımı ilə müşahidə olunsa da, ümumilikdə kiçik və orta
sahibkarların bu sahəyə, xüsusilə
də təkrar avtomobil bazarına olan marağının azalmasına gətirib
çıxarıb. Bu, bir
tərəfdən ümumi təklif portfelinin həcminin kəskin artımı digər
tərəfdən bazarda ümumi
konyukturanın ilkin avtomobil
bazarının xeyrinə dəyişməsilə
bağlıdır.
İdxalla
bağlı meydana çıxan problemlərin
mövcudluğuna baxmayaraq
son illərdə tələbin kəskin
artımı nəticəsində ölkə üzrə minik avtomobillərinin sayında ciddi artımlar müşahidə
olunmaqdadır. Azərbaycan bazarı idxal
hesabına formalaşdığından bu
problemlər bazara daxil
olan avtomobillərin qiymətinə təsir
göstərir ki, nəticədə
sahibkarların maksimum risklər
qarşılığında mənfəət əldə etmək
imkanları tədricən məhdudlaşır. Bu cür məhdud imkanlar çərçivəsində təbii
ki, sahibkarların bir qismi əllərində olan
dövriyyə vəsaitlərini digər sahələrə
yönəltməklə daha böyük mənfəət əldə etməyə
üstünlük verirlər. Eyni zamanda, xərclərin
artımı son qiymətin şişməsinə
də təsir göstərir, bu isə təklifin
sürətlə artdığı təkrar avtomobil
bazarında əqdlərin dinamikasına mənfi təsir
göstərir. Bazar üzrə əksər
göstəricilər ötən ayın müvafiq
dövrü ilə müqayisədə dəyişməz
qalmış, təklifin kəskin artımı qeydə
alınsa da dinamikanın artımına baxmayaraq qiymət artımı müşahidə
olunmamışdır.
-Məlum olduğu
kimi “Jiquli” markalı
avtomobillərin ölkəyə gətirilməsinə müəyyən
məhdudiyyətlər qoyulub. Belə bir qərar
avtomobil bazarına nə kimi
təsir edib?
- Bu qadağa Avro-2 standartlarının tətbiqi
ilə bağlıdır və mahiyyət etibarı ilə daha çox qəzaların
və yol hərəkətinin pozulması
zamanı insan tələfatının
qarşısının alınması məqsədi
daşıyır və zənnimcə ədalətli bir qərardır. Bu mənim subyektiv fikrimdir, amma hesab edirəm ki, Azərbaycan istehlakçısı nəhayət
ki, 80-ci illərdən bu
yana xarici
görünüşündə, dizaynında,
aerodinamikasında, mühərrik həcmində,
konfiqurasiyasında və s. heç bir dəyişiklik
olmayan “inkubator” tipli avtomobillərdən imtina
etməlidir, nəinki bunun üçün
hökumət ayrıca tədbirlər görməli.
Hazırda avtomobil bazarında “VAZ - 21074”
markalı avtomobillərin qiyməti 6600 manatdır ki, bu da
istehsalçı tərəfindən təyin olunan
qiymətdən təxminən 1,8 dəfə yüksəkdir.
Bu
qərarın icrasından sonra
sözügedən avtomobillərin qiymətində ilkin aylarda qiymət
artımı olacağı şübhəsizdir, amma tədricən bazar bu problemi tənzimləyərək
aradan qaldıracaq, təbii ki, burada müəyyən
inhisarçılıq meyllərinin və subyektiv
amillərin təsirləri nəzərdən
qaçmamalıdır. Amma
bütövlükdə bu qərarın avtomobil bazarına ciddi təsir
göstərəcəyini düşünmürəm. Təşkilatımız
tərəfindən aparılan tədqiqatlar göstərir ki, hazırda Rusiya
istehsalı olan avtomobillərin avtomobil bazarındakı ümumi
çəkisi 10%-ə yaxın olsa da, rəqabətdə bir çox xarici avtomarkalara uduzur. Halbuki bu ölkənin standartlara cavab verməyən
və bazardan çıxarılmaq təhlükəsi
ilə üzləşən avtomobillərinin ümumi
portfeldəki bazar payı 3 il əvvəl 20%-dən çox
idi. Tendensiya son illər azalan xətt
üzrə gedir və müşahidələr
göstərir ki, daha
kəskin azalmanın qarşısını təkrar bazar qismən alır. Amma
buna baxmayaraq qiymət
dəyişməsi bu rəqəmlərə
adekvat deyil, əksinə
daha da
artmışdır. Bu isə onu göstərir ki, burada süni,
subyektiv amillər mövcuddur,
amma bütün bunlara baxmayaraq bazar üzrə ümumi vəziyyətin
ötən illərlə müqayisədə qənaətbəxş
olmadığı görsənir ki, bu da son
illərdə mövcud sahədə qəbul
edilən qərarlarla bağlıdır.
- Tikinti şirkətlərinin fəaliyyəti,
mənzillərə olan tələbatın
artması onu deməyə əsas verirmi ki, daşınmaz əmlak
bazarında canlanma var?
-
Haqlısız. Nəhayət ki, uzun fasilədən sonra
daşınmaz əmlak bazarında yenidən dinamika
müşahidə olunmağa
başlayıb. Bu özünü həm tikinti şirkətlərinin fəaliyyətində,
alqı-satqı əməliyyatlarının sayında, tikinti tempinin və tikinti materialları qiymətlərinin
artımında, həm də artıq bazar
üzrə müxtəlif rəqəmlərdə göstərməyə
başlayıb. Daşınmaz əmlak
bazarında baş verən dinamikanın əsas
səbəblərindən biri də, paytaxtda infrastruktur, sosial-iqtisadi və mədəni tədbirlərin
həyata keçirilməsi ilə bağlı bu istiqamətə yönəldilən
investisiyaların həcminin artımı ilə
bağlıdır. Bilirsiniz ki, artıq 2 ilə
yaxındır ki, paytaxtın müxtəlif
istiqamətlərində dövlət ehtiyacları və
şəhərsalmanın təkmilləşdirilməsi məqsədilə
fərdi yaşayış evlərinin, zəruri halda hətta çoxmənzilli
yaşayış binalarının söküntüsünə
dövlət tərəfindən ayrılan vəsaitlər
yenidən daşınmaz əmlak bazarına qayıdır.
Aparılan araşdırmalar göstərir ki,
bu vəsaitlərin böyük
əksəriyyəti məhz son 3-4 ay müddəti əhatə edir.
Düzdür, ayrılan vəsaitlərin ümumi
həcmi barədə rəsmi məlumatlar yoxdur,
amma Birliyin
apardığı araşdırmalar nəticəsində əldə
olunan məlumatlar göstərir ki, bu rəqəm kifayət
qədər böyükdür və mövcud ipoteka kreditlərinin
illik həcmindən dəfələrlə
çoxdur. Hökumətin bu istiqamətdə
qəbul etdiyi qərarlara və dövlət
tərəfindən qəbul edilmiş proqramlara əsaslanıb deyə bilərik ki, ən azından növbəti 2 il üzrə daşınmaz əmlak
bazarında dinamikanın artan templə davam edəcəyi şübhəsizdir. Cari ilin sonuna
olan proqnozlarımız ondan
ibarətdir ki, daşınmaz əmlak
bazarında qiymətlərin artımı baş
verəcək və bu, özünü
daha çox torpaq bazarında göstərəcək. Hələlik
hesablamalarımız başa
çatmadığından artım faizlərini demək düzgün olmazdı, amma
1 illik artım göstəricisinin 2 rəqəmli
olacağı ehtimalı böyükdür.
-Fərdi
evlərin tikintisi ilə bağlı sadələşdirmələr
bu sahədə mövcud
olan problemlərə nə kimi təsir göstərəcək?
-
Açığını deyim ki, bu məsələ ilə
bağlı müzakirələrin bu qədər
uzanması yanaşmaya neqativ
təsir göstərir. İndiki halda hesab etmirəm ki, əsaslı bir dəyişiklik
olacaq və dərhal özünü
göstərəcək. Bizim fikrimizcə,
yerli icra hakimiyyəti
orqanlarının təsir imkanlarını özündə saxlayan subyektiv məqamlar müvafiq qanunvericilikdən tamamilə
çıxardılmalıdır.
Təbii
ki, məsələn icazələrin məlumatlandırma
ilə əvəzlənməsi müsbət haldı və bu, hüquqi müstəvidə
vətəndaşlara böyük üstünlük verir. Buna baxmayaraq torpaq sahəsinin
alınması və rəsmiləşdirilməsindən tutmuş, fərdi-yaşayış evinə istismar aktının alınmasına və nəhayət
vahid “Çıxarış”ın verilməsinə
qədər olan məsələlər bir orqana həvalə
olunmalı, vətəndaş 1 nəfəri tanımalı, onunla görüşməli,
sənədlərini ona təqdim etməli,
zəruri olan cavabları ondan
almalı, lazım gələrsə, hüquq
pozuntusu aşkar olunarsa məhkəməyə verəcəyi iddia ərizəsində 1 orqanın cavabdeh kimi tanınması
mümkün olmalıdı. Amma istənilən halda,
qanunvericilikdə mütərəqqi dəyişikliklərin
aparılması müsbət haldır, bu
gün də olmasa gələcəkdə
bunun pozitiv əhəmiyyətini
görə biləcəyik.
-Yaxın vaxtlarda
“Qiymətləndirmə siyasəti haqqında” qanunun
qəbulu gözlənilir. Sizcə belə bir
qanunun qəbulu daşınmaz əmlakın
qiymətləndirilməsində nə kimi
rol oynaya bilər?
-
Günümüzün ən aktual mövzularından birinə toxundunuz və qiymətləndirmə fəaliyyəti
daşınmaz əmlak bazarının inkişafında əhəmiyyətli
mövqeyə malikdir. Biz
bunu beynəlxalq təcrübədə,
ölkəmizin bu istiqamətdə qəbul
etdiyi, imza
atdığı öhdəliklərdə də görürük. Hesab edirəm ki, bizim üçün
vacib olan “Qiymətləndirmə
siyasəti haqqında” qanuna dəyişikliklərin
nə zaman qəbul ediləcəyi deyil, hansı müstəvidə qəbul ediləcəyidir.
Şəxsi müşahidələrim bu
istiqamətdə müəyyən neqativ
təsirlərin olduğunu deməyə imkan verir. Amma istənilən
halda bu sahədə
peşəkarlığın artırılması, sertifikatlaşma ilə bağlı atılan
addımları müsbət qiymətləndirirəm.
İnanıram ki, qiymətləndirmə
ilə bağlı olan qurumların, fondların
bu sahədə peşəkar qiymətləndirmə
şirkətlərinə üstünlük
verməsi tendensiyası qanunvericiliyə dəyişikliklərdən sonra daha da
aktivləşəcək.
Bu gün
İpoteka fondunun
siyahısında olan müvəkkil qiymətləndirmə
təşkilatlarının sayı 12-dir, amma
təkcə Bakı şəhərində qiymətləndirmə
fəaliyyəti ilə məşğul olan
şirkətlərin sayı 200-ü ötür.
Belə olan halda
bu fəaliyyətin tənzimlənməsinə,
qiymətləndiricinin peşəkarlığının
artırılmasına, məsuliyyət sığortasına ehtiyac böyükdür. Ümid edirik ki, prosesin gedişində
inhisarçı meyllər müşahidə olunmayacaq
və sertifikatlaşma obyektiv
və şəffaf şəkildə həyata keçiriləcəkdir.
O ki
qaldı qanunun qəbulunun daşınmaz əmlak
subyektinin qiymətləndirilməsinə
verəcəyi töhfəyə, təbii ki,
hər bir sahənin qanunvericiliklə tənzimlənməsi
bu istiqamətdə məsuliyyətin
artmasına və tərəflər arasındakı
münasibətlərin qanunvericiliklə tənzimlənməsinə
gətirib çıxaracaq.
Ədil Ədilzadə
Olaylar.- 2012.- 26 aprel.- S.6.