Uşaqlarımız
hansı cizgi filmlərindən qorxur?
Psixoloqlar valideynlərə bununla bağlı konkret məsləhətlər
verirlər
Bu günlərdə 4 yaşlı
qızlarını paytaxtdakı məşhur əyləncə
mərkəzlərindən birinə aparan valideynlər qəribə
mənzərənin şahidi olublar. Əyləncə mərkəzində
balacaları əyləndirmək üçün nəzərdə
tutulmuş cizgi film qəhrəmanları “Tom” və “Cerri”ni
görən balaca Aylin qorxaraq masanın altına girib.
Övladlarının ötən il
də eyni vəziyyətə düşən ana və ata nəhayət
çıxış yolunu, “Tom” və Cerri”nin həqiqi olmadığını
sübut etməkdə görüblər. “Tom”dan kostyumunu
çıxarmasını xahiş ediblər. Nəhəng
“Tom” kostyumunun altından adam çıxdığını
görən Aylin nəhayət masanın altından
çıxıb və cizgi film qəhrəmanları ilə
şəkil çəkdirməyə razılıq verib.
Aylindən Tomdan indiyə qədər nəyə görə
qorxduğunu soruşduqda isə, cizgi filmində Tomun
qayçı ilə stolu kəsməsi səhnəsini dəhşətlə
təsvir edib və Tomun onu da kəsəcəyindən
qorxduğunu deyib... Bakıda fəaliyyət göstərən
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri
Narınc Rüstəmova deyir ki, uşaqların- xüsusən
də, 6 yaşına qədər uşaqların
inkişafında cizgi filmlərinin çox güclü təsiri
var. Bu yaş onların şəxsiyyətinin
inkişafındakı vacib mərhələdir və cizgi
filmlərin olması çox vacibdir. “Hər yaşın
öz cizgi filmləri var və valideyn bunu özü tənzimləməlidir.
Məsələn, “Ben 10” cizgi filmi hələ şiddət
başa düşmədiklərinə görə 6 yaşa qədər
uşaqlara məsləhət deyil. Lakin 6 yaşdan yuxarı
uşaqlarda aqressiyanı anlama var”.
Psixoloqun
sözlərinə görə, kiçik yaşlı
uşaqların baxdıqları cizgi filmlərində
süjetlərin olması çox vacibdir. Uşaqların
yaddaş həcmi çox kiçik olduğuna görə
onlara kiçik həcmli cizgi filmləri izlətmək
lazımdır. Psixoloq hesab edir ki,
0-3 yaş arası uşaqlar gün ərzində-
20 dəqiqə,
3-6 yaş arası uşaqlar gün ərzində-
-1 saata qədər (fasilələrlə),
6-10 yaş arası uşaqlar gün ərzində-
- 1,5- 2 saat cizgi filmlərinə baxa bilər.
Aqressiv
cizgi filmlərini - qan olan və qan olmayan (sadəcə dava səhnələri
olan) kimi təsnif edən psixoloq qan olan filmlərin uşaqlara
pis təsir etdiyini, ümumiyyətlə, qırmızı rəngin
uşaqları aqressivləşdirdiyini, qırmızı rəngə
meylli uşaqların daxilində təcavüzkarlığa
meyl olduğunu deyir. Bəzən çox kiçik
uşaqlarını öz qayğılarına görə
televizor qarşısında qoyan valideynlərə də rast gəlinir.
Amma 1 yaşa qədər uşaqlar televizora çox
baxdıqda bu onların nitqində qüsurların
yaranmasına səbəb ola bilər.
Son zamanlar
dünyada məşhur olan bir sıra film
istehsalçıları var ki, onlar hansısa dini təriqətləri,
müəyyən ideologiyaları təbliğ edir, abstrakt və
mifik təfəkkürlə gənclərin-xüsusən də
uşaqların mənəviyyatını dəyişməyə
çalışırlar. Bura abstrakt, təkgözlü və
s. anormal varlıqlarla bağlı olan cizgi filmləri daxildir.
Narınc Rüstəmovanın sözlərinə görə,
“uşaqlar tanıdıqları varlıqlardan qorxmurlar,
çünki, onlarda müdafiə refleksləri var. Amma qəribə
məxluqlar, naməlum obyektlər onlarda qorxu yaradır. Bu
varlıqların nə - insan ya heyvan olduğunu bilmədiklərinə
görə onlarda fobiyalar yarana bilər, yuxuları pozula bilər”.
Sovet
dövründə çəkilmiş cizgi filmləri ilə
böyüyən orta nəsil nümayəndələri
üçün təbii ki, bu, qəribə görünə
bilər. Məsələn, “Tıq-tıq xanım və
siçan bəy”, “Cırtdanın yeni sərgüzəşti”,
“Humayın yuxusu”, “Meşəyə insan gəlib”,
“Tülkü həccə gedir”, “Kirpi balası və alma” və
s. kimi vaxtilə çəkilmiş milli cizgi filmlərində
nəinki zorakılıq səhnələri olmurdu, həmçinin
dərin hikmət, öyüd, nəsihət olurdu. Hazırda
isə ölkəmizdə cizgi film bazarını
qayçı ilə stolu kəsən, balta ilə bir-birini
qovan, bir-birinin başını kəsən qəhrəmanları
olan xarici cizgi filmləri tutub. “Azanfilm” animasiya
studiyasının direktoru Elçin Hami Axundov Azərbaycanda bu
günə qədər 100-dən artıq animasiya filmi çəkildiyini
deyir. O, bu sahədə vəziyyətin o qədər də
ürəkaçan olmamasının səbəbini isə
kadr çatışmazlığı ilə bağlayır. Əvvəllər
bu sahədə 50-yə yaxın rəssam işləyirdisə,
indi onlardan yalnız 5-6 nəfər qalıb. Bu sahədə
işləmək istəyən bir çox rəssamlar var ki,
onlar da animasiyanın spesifikasını bilmədiklərinə
görə çətinlik çəkirlər. Lakin
Elçin Hami Axundov hesab edir ki, bu məsələnin öz həllini,
nəhayət ki, bu ilin sonu gələn ilin əvvəllərində
tapacağı gözlənilir. Belə ki, onlar Mədəniyyət
və Turizm Nazirliyi ilə birlikdə animasiya kurslarının
təşkilini planlaşdırırlar. Çəkilən
animasiya filmlərinin disk şəklində satışına
gəlincə isə Elçin Hami Axundov bildirdi ki, “Azanfilm”
studiyasına yalnız istehsalat üçün vəsait
ayrılır, film çəkildikdən sonra Mədəniyyət
və Turizm Nazirliyinə qaytarılır və
satışı, reklamı ilə onlar məşğul
olurlar”. Qeyd edək ki, "Bakıfilm" kinostudiyasından
da gələcəkdə bu sahədə addımlar
atılacağı bildirildi. Bəzi ölkələr daha sərt
mövqe tutaraq qorxulu və müxtəlif ideologiyaları təbliğ
edən cizgi filmlərinin yayımını qadağan etsələr
də, ən yaxşısı valideynlərin nəzarəti və
diqqətidir.
Olaylar.- 2012.- 26 aprel.- S.11.