Onu kim qurban etdi?
Bir qadının taleyi
Hər dəfə insan alveri qurbanları
ilə bağlı xəbərlər eşidəndə
insanların buna münasibətinin birmənalı
olmadığını görürəm. Çoxları
onları qınayır, axı necə anlamamısan ki, səni
aparan insanın məqsədi nədir? Otur yerində, heç
kim acından ölməyib ki, niyə xaricə gedirsən,
daha çox qazanmaq üçün?
Bu kimi suallar eşidirəm. Həqiqətən bəzən
mən də belə düşünürəm, axı insan
necə asanlıqla aldana, pul üçün
tanımadığı biri ilə xaricə gedə bilər?
Amma sonra bir də məsələyə qurbanların pəncərəsindən
baxmağa çalışıram. Lakin bütün suallara
cavab tapa bilmirəm.
Beləliklə,
onlardan biri ilə görüşüb, bir
çoxlarımızı düşündürən
sualların cavabını
öyrənməyə çalışdım.
Adını, soyadını, atasının adını və
ya harada doğulduğunu yazmayacam. Bunu həm o özü, həm
də mən istəmədim. Axı nə mənası var,
adın, soyadın, ata adının. O, yüzlərlə
qurbandan biridir və bizə lazım olan isə suallarımıza cavab tapmaqdır. Əsas
odur ki, bu həyat hekayəsini oxuyanlar o insanları da
anlamağa çalışsınlar, ya da ən azından
insanları qınayarkən bir az da onların hissləri
haqqında düşünsünlər. “Burada aldadırlar ki,
yaxşı pul qazanacaqsan, sonra ora gedəndə məlum olur
ki, hamısı yalandı. Mən də aylarla işləyirdim,
pul vermirdilər. Ailəmə göndərirdilər, amma bizə
heç nə vermirdilər. Bizi bir oteldə
saxlayırdılar, telefon, ətrafla hər hansı bir əlaqəmiz
yox idi. Bizə deyirdilər ki, pullarınızın bir hissəsi
ailənizə verilir, digərləri də hesabınıza
toplanır. Bakıya gedəndə verəcəyik. Əlbəttə
ki, bu vədlər yalan idi. Dəfələrlə
müraciət etmişdim ki, məni buraxsınlar, amma icazə
vermirdilər. Sonra onları aldatdım ki, uşaqlarımı
görməyə gedirəm, qayıdacam, bura gəldim, amma
geri qayıtmadım”.
Bir ildə iki dəfə evləndim
Üç
dəfə ailə həyatı qurub müsahibim. Birinci həyat yoldaşı əmisi oğlu olub. “Sevməmişdim, hələ
mən olanda bizi beşikkəsdi ediblər. Ailəmin istəyi
və razılığı ilə mənim 20, oğlanın isə 21
yaşı olanda evləndik. Heç məktəbi də tam
oxumamışam. Üçüncü sinfə qədər
oxutdurublar, sonra da ev, əkin-biçinlə, pambıq
yığımı ilə məşğul
olmuşam. Yazmaq-oxumağı da yaxşı bilmirəm”. Bəzən
elə olur ki, insanlar sevmədən ailə qursa belə
xoşbəxt olur. Ondan evlilik həyatını soruşuram.
(dərindən nəfəs alır) “ Evlənəndən
sonra Özbəkistanda yaşadıq. Əmimin yaxşı imkanı
olub. Ona görə də oğlunu ərköyün
böyüdüb. O rəhmətə gedənə qədər
vəziyyətimiz nisbətən yaxşı idi. Problemlərimizi
həll edirdi. Amma ondan sonra vəziyyət dəyişdi. Həmin ərəfədə
Özbəkistanda da narkomaniya geniş
yayılmışdı. Həyat yoldaşım da həm
istifadə edir, həm də satırdı. Başımıza
bu hadisələrin gəlməsinin bir səbəbi də onun
bu işləri olub. Bəlkə də, evlənməmişdən
əvvəl də istifadə edirmiş deyə bilmərəm.
Heç evli olanda da hiss etməmişəm istifadə etdiyini,
çünki gözüm açıq deyildi. Ancaq ev işləri,
uşaqlarla maraqlanmışam. Rusiyaya gedib gəlirdi, biz də
elə bilirdik iş üçündür, tutulanda məlum
oldu ki, narkotik satırmış. 14 illik ailə həyatında
bir gün xoşbəxt olmadım. Birinci evliliyimdən bir
oğlum və bir qızım var”. Lakin birinci evliliyi xoş nəticələrlə
bitməsə də, o illər sonra yenidən ailə qurur.
Lakin bu dəfə də ox daşa dəyir. “Sonra mən ikinci
dəfə də ailə qurdum. Bu dəfə anamın məsləhəti
oldu, amma o da məni aldatdı. Birinci dedi ki,
uşaqlarımı qəbul edir, sonra isə yola vermədi,
uşaqlarımı döydü, ona görə ondan da
ayrıldım. Həm də oğlum xəstə olurdu,
bütün günü onunla məşğul olurdum,ona
görə də başqa işlərə az vaxt
ayırırdım, yoldaşım da buna razı olmadı.
Üçüncü ailə qurduğum adamla isə, Bakıda tanış
olmuşdum. O, bilirdi ki, insan alveri qurbanı olmuşam, amma buna
baxmayaraq mənimlə evləndi. O dedi ki, sənin kimi bir
qadına əl tutmağı özümə savab bilirəm.
Onunla da 4-5 ay yaşadım, istəyirdi
ki, uşağımız olsun, amma olmadı, ayrıldıq.
Son iki evliliyim bir ilin içində oldu. Elə bil
başıma gələnlərdən sonra kömək edə
biləcək birini axtarırdım, amma heç biri
düzgün seçim olmadı”.
İlk dəfə
İlk
evliliyi ayrılıqla nəticələnən müsahibim,
ata evinə qayıdır. Lakin burada da onu xoş günlər
gözləmir. Ailənin basqıları onun yolundan
çıxmış həyatını bir az da uşuruma
doğru sürükləyir. “Həyat yoldaşım həbsə
düşəndən sonra, qardaşlarımın
yanına, kəndimizə
qayıtdım. Orada da təsərrüfatda işləyib
onlara kömək edirdim. Ancaq onlar uşaqlarımı
döyürdülər. Mənə deyirdilər ki,
“uşaqları rədd elə, atasının qohumlarına
ver, səni başqa biri ilə evləndirək”. Amma mən
necə imtina edərdim uşaqlarımdan? Ona görə də,
həm bu sözlər, həm də uşaqlarıma
qarşı olan davranışlarından bezib Bakıya gəldim.
Böyük bacım burda yaşayırdı. O məni işə
düzəltdi, ofsiant işləyirdim. Bir müddət işlədim.
Sonra isə, daha yaxşı qazanc əldə etmək,
uşaqlarımı yaxşı yaşatmaq üçün
Türkiyəyə işləməyə
getdim. Həmin vaxt uşaqlarıma dayə baxırdı. Ancaq
istədiyim kimi olmadı, artıq ora çatandan bir müddət
sonra bizi ora nə məqsədlə apardıqları məlum
oldu”.
İkinci aldanış
Əvvəldə
dediyi kimi müsahibim, onu Türkiyəyə aparanları geri
dönəcəyi vədi ilə aldadıb, Bakıya
qayıtmışdı. Geri qayıdandan sonra vəziyyətindən
danışır. “Gördüm ki, mənə heç kimdən
kömək yoxdur. İki uşağımla tək
qalmışam. O vaxt ancaq uşaqlarımı
düşündüm, onlar üçün hər şeyə
yenidən başladım. Ona görə də,
düşündüm ki, nə iş olsa görüm, təki
uşaqlarım ac qalmasın. Dayəlik elədim, restoranda
işləmişəm, amma uşaqlarımı çətinlik
çəkməyə qoymamışam,
çalışmışam ki, özüm nə qədər
çətinlik çəksəm də onlar yaxşı
yaşasın. Həyatımı onlar üçün qurban
verərəm. İki il burada yaşadım, sonra yenidən məni
Dubaya işləmək üçün apardılar. Restoranda
işləyəndə bir oğlanla tanış olmuşdum, o
dedi ki, Dubayda restoranları var, orada işləyib yaxşı
pul qazana bilərsən. On gün də orada gecə
gündüz işlədim, amma orada da pul vermədilər. Ora
da alver üçün getmişdim, amma məlum oldu ki, yenə
məni aldadıblar. Anladım ki, yenə də eyni oyuna gəlmişəm,
düşündüm ki, bir dəfə aldanmışam, bu dəfə
xilas olacam. Nə qədər yalvardım, məni
buraxmadılar, axırda şüşə ilə əlimi kəsdim,
hətta damarım da zədələnmişdi, sonra qorxub
buraxdılar. Şükürlər olsun ki, oradan da xilas ola bildim. Ondan sonra bir daha heç
yerə getmədim. Bura gələndə bacımın köməyi
ilə insan alveri idarəsinə müraciət elədim,
çünki artıq mənə bu həyatı
yaşadanların da cəzalanmasını istəyirəm”.
Səbəbkar
Müsahibim
bir çox insan alveri qurbanları kimi əvvəldən bu barədə məlumatlı
olmadığını deyir. Buna əsas səbəb isə
savadsızlığının olduğunu deyir. Bu səbəb
bu gün qızlarını təhsildən yayındıran
valideynlər üçün də bir örnək
olmalıdır. Deyəcəksiniz ki, hər oxumayan
qızın başına belə bir iş gələcək
deyə bir qayda yoxdur, amma unutmayın ki, heç birimiz də
bundan sığortalanmamışıq. “Bu işlər
başıma gələnə qədər insan alveri haqda
heç nə bilmirdim. Əslində qurban olduğum zaman belə
bu barədə məlumatım yox idi. Bilmirdim ki, buna görə
hara müraciət edə bilərəm, kim mənə kömək
edə bilər. Yaxşı ki, bacım mənə dəstək
oldu, şikayət etməyimə də o köməklik etdi. Məlumatımın
olmamağının da əsas səbəbi savadsızlığımdır.
Əgər savadım olsaydı, bu qədər əzablar
çəkməzdim. Bir tərəfdən
də həyat yoldaşımı günahlandırıram.
Başıma gələnlərin əsas səbəbkarı
odur. İnsan kimi ailəsini saxlasaydı, pis işlərlə
məşğul olmasaydı, bəlkə də mənim
taleyim belə olmazdı. Çünki televiziyalar hər
gün xəbər verir ki, narkomaniya ilə məşğul
olanların sonu yoxdur. Bunu bilə-bilə o işlə məşğul
olduğuna görə, iki uşağımı və mənim
həyatımı məhv etdiyinə görə əsas səbəbkar
kimi onu görürəm.”
“əvvəl atalarını
soruşurdular, amma indi...”
Artıq
neçə ildir uşaqlarından ayrı yaşayır
müsahibim. Uşaqlar Özbəkistanda, o isə burada. “Məhkəmə
davam etdiyinə görə, xaricə gedə bilmirəm.
İmkan da olmur ki, tez-tez pul göndərim uşaqlarım gəlsin.
Bir neçə ay əvvəl oğlum gəlmişdi. Amma
onun da sümük xəstəliyi var, buranın havası ona
düşmür, ağrıları çoxaldı, ona
görə də geri qayıtdı. Qızımı isə,
iki ildir ki, görmürəm. Onların yanına gedib
yaşamağım da çətindir. Çünki orada
iş tapmağım asan olmayacaq, ona görə də gedə
bilmirəm”. Uşaqlarını isə qaynanasına etibar
edib. Buna görə də ondan çox razıdır. “Qaynanam aldığı
pensiyanı da ancaq onlar üçün xərcləyir.
Oğlunun yanına bir dəfə də getməyib. Ailəmdən
daha çox o mənə kömək olub. İndi heç
uşaqlarım da atalarını soruşmur. Əvvəllər
ataları haqda nələrsə soruşurdular, amma indi onlar da
hər şeyi anlayırlar. Əslində heç
soruşsalar, görmək istəsələr də onları
atalarının yanına kim aparacaq, heç buna
imkanımız da yoxdur”. Bütün həyatını
uşaqlarına həsr edən müsahibim: “Uşaqlarımla
birlikdə pis günlər yaşamışıq. Rayondan
Bakıya gələndə elə
olub ki, yayın isti günündə qızıma su alıb
içirə bilməmişəm. Elə olub küçələrdə
ac qalmışıq, nə qalmağa evimiz, nə də yeməyə
çörəyimiz olub. Nə iş olsa da işləmişəm
uşaqlarım
üçün. Həmişə düşünmüşəm
ki, nə yolla olursa-olsun pul qazanmalıyam ki, təki
uşaqlarım ac qalmasın, kiməsə möhtac
olmasın. Hadisələr kefdən, əyləncədən gəlməyib
başıma. Uşaqlarımı köməksiz, ac-susuz
görəndə ürəyim ağrıyırdı. İstəmişəm
ki, kimdə nə olubsa, mənim uşaqlarımda da onlar olsun.
Bunun üçün də əlimdən gələni
etmişəm. Bu gün başıma gələn bütün
əzablara baxmayaraq özümü xoşbəxt hiss edirəm.
Çünki mənim bir məqsədim
olub-uşaqlarımı böyütmək, hər şeyi onlar
üçün etmişəm. Artıq istəyimə
çatmışam, ona görə də xoşbəxtəm”.
Bəs uşaqlar bilsə?
Bu sual onu
çox düşündürdü. İsrarla, “Yox bilməzlər, heç vaxt
bilməzlər”-deyir. “Hardan bilsinlər? Onlar orada, mən
burada. Bunun üçün şərait yoxdu, bəlkə
yanımda olsaydılar nəsə anlayardılar. Amma
yaxşı ki, burda deyillər və xəbərləri də
yoxdur. Onlar birdən bilərlər deyə çox qorxuram.
Heç vaxt imkan vermərəm ki, onlar öyrənsinlər.
Qızım deyir ki, gəl, amma ona deyə bilmirəm axı
niyə gəlmirəm. İnşallah,
bir gün onları görməyə gedə biləcəm.
Amma heç zaman onlarla bir yerdə yaşaya bilmərəm.
Çünki mən ora getsəm, pul qazana bilməyəcəm,
onları da bura gətirmək istəmirəm. Qüvvəm
çatana, əlim iş tutana qədər onlar
üçün işləyəcəm”.
Başıma bir iş gəlsə?
Bu gün
heç kimi olmadığını deyir müsahibim.
Qardaşlarının uşaqlarına etdikləri əzab, ona
etdikləri təklifdən sonra onlarla bütün əlaqəni
kəsib. “Atam rəhmətə gedib, anam da qocalıb, əlaqə
saxlaya bilmir, qardaşlarımla da ümumiyyətlə əlaqəm
yoxdu. Bir bacımla əlaqəm var, ancaq onun uşaqları mənə
kömək edirlər, onları özümə dayaq bilirəm.
Başıma bir iş gəlsə, məni ancaq bir bacım,
bir də onun uşaqları axtara bilər, başqa heç
kim. Qardaşlarım isə, məni
həyatlarından siliblər. Onlar məndən
uşaqlarımı atmağımı istədilər.
Axı uşaqlarımı kimə
etibar edə bilərdim?”
Yaşadıqlarının ona çox şey öyrətdiyini
deyir. Əgər bir də doğulsaydım, mütləq
oxuyardım, savadlı olardım. Hər kəsə də
tövsiyə edirəm ki, mütləq oxusunlar, sabah mənim
kimi aldanmasınlar. Bu vəziyyətə
gəlib çatmağımda bir səbəb də elə
savadsızlığımdır. Buna da günahkar
atam-anamdır.
Kimsə məni aldada bilməz
Bu gün həyatının yaxşı insanlar sayəsində
müəyyən qədər düzənə
düşdüyünü deyir. Dayə işləyir.
Aldığı pul ev kirayəsi, bir də
uşaqlarının xərcinə çatır. “Həyatda
elə insanlar tanıdım ki, onlar məni məhv elədilər,
elələri də oldu ki, yenidən məni dirçəltdilər.
Başıma gələn müsibətlərdən çox
şey öyrəndim. Artıq insanları tanıya bilirəm,
bundan sonra kimsə məni aldada bilməz. Mənim
üçün həyat uşaqlarımdan ibarətdir.
Oğlum xəstədir, onun sağalması üçün
çalışıram, qızım orta məktəbdə
oxuyur, istəyirəm ki, ali təhsil alsın. Özüm təhsilsiz
olmuşam başıma nələr gəlib, ona görə də
istəyirəm ki, o oxusun. Onlar xoşbəxt olsalar, mən də
xoşbəxtəm”. Artıq özü haqda heç nə
düşünmür, özü ilə bağlı gələcək
planları da yoxdur. “Yenidən ailə qurmağı fikirləşmirəm.
İstəyirəm nə qədər ki, canımda can var, diqqətimi
balalarıma sərf edim. Bacımın nəvəsini
saxlayıram. Ona görə dayəliklə məşğul
oluram ki, bu işdə müəyyən qədər təskinlik
tapıram. Bu uşağa baxanda, onu əzizləyəndə
elə bilirəm ki, uşaqlarım da yanımdadır. İki
ildir qızımı görmürəm, həm pasportum
özümdə deyil, həm də bilet pulu bahadır,
düşünürəm ki, həmin
pulla onlar üçün nəsə edə bilərəm.
Uzun müddətdir, onlardan ayrı yaşasam da, münasibətlərimizdə
heç nə dəyişməyib. Çünki biz bir yerdə
ac-susuz da qalmışıq. Onlar mənim nə əziyyətlər
çəkdiyimi yaxşı bilirlər”.
Oxuduğunuz yüzlərlə qurbandan birinin
taleyidir. Bəlkə də, bir çoxlarına görə
yaxşı sonluqla bitən tale. Və bəlkə də,
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və
bu işlə xüsusi məşğul olan QHT-lər
olmasaydı indi bu qadın harada olardı?
Gülxar Şərif
Olaylar.- 2012.- 26 aprel.- S.10.