Azərbaycan
diasporu sürətli inkişaf
yolunda olan bir hərəkatdır
Samir Adıgözəlli: “Azərbaycan
diasporu ümumtürk diasporu ilə birgə hərəkət
etməlidir”
“Çalışmalıyıq ki,
düşmənlərimizi neytrallaşdıraq”
Beynəlxalq Diaspora Mərkəzinin
İcra Aparatının rəhbəri Samir Adıgözəllinin
“OLAYLAR”-a müsahibəsi
-Samir müəllim, Azərbaycan
diasporunun hazırkı vəziyyəti ilə on il bundan əvvəlki
durumu arasında hansı fərqlər var və ötən
illər ərzində diaspor sahəsində hansı müsbət
dəyişikliklər baş verib?
-Azərbaycan
diasporu yeni yaranmaqda olan gənc, ancaq sürətli inkişaf
yolunda olan bir hərəkatdır. 10 il əvvəllə
müqayisə etdikdə ilk növbədə təşkilatlanma
işində, təbliğat fəaliyyətində ciddi irəliləyiş
müşahidə olunur. Təbii ki, dövlətimiz 20 illik
müstəqillik həyatı yaşayan bir respublikadır.
Bundan əvvəl diaspor sahəsində nəinki hər
hansı bir fəaliyyət, ümumiyyətlə bizlərdə
bu haqda ciddi anlayış olmamışdır. Bütün sahələrdə
inkişaf olduğu kimi diaspor sahəsində də dövlət
səviyyəsində xüsusi proqramlar həyata keçirilir.
Bəziləri Azərbaycan diasporunu dünyada digər
diasporlar və xüsusilə erməni lobbisi ilə müqayisə
etməyə çalışırlar. Bildirmək istəyirəm
ki, bu müqayisə düzgün deyil. Eyni zamanda diaspor hərəkatımızın
gənc olmasına baxmayaraq qeyd etmək lazımdır ki, erməni
lobbisinin bir sıra ölkələrdə apardığı
fəaliyyətinə maneələr
yaradıb qarşısını ala bilirik. Bir diasporun
dünyada söz sahibi olması üçün ilk öncə
güclü dövlətə, iqtisadi imkanlara dəqiq
hesablanmış taktika və strategiyası olan proqrama ehtiyacı
vardır. Regionda və dünyada nüfuzu artmaqda olan ölkəmizin
bütün sahələrdə potensial imkanları şərait
yaradır ki, yaxın 10 il ərzində Azərbaycan diasporu
dünyada öz sözünü desin.
-Azərbaycan diasporu bu gün
ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ
problemi, ermənilərin zaman-zaman xalqımıza qarşı
törətdiyi soyqırımlar barədə dünya ölkələrində
doğru-düzgün məlumat yaya bilibmi?
-Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması,
Dağlıq Qarabağ probleminin ölkəmizin xeyrinə həlli
istiqamətində diaspor təşkilatlarımızın fəaliyyətini
qənaətbəxş hesab etmək olar. Bildirim ki, təmsil
olunduğum Beynəlxalq Diaspor Mərkəzi 4 ildə
dünyanın müxtəlif ölkələrində Azərbaycan
həqiqətlərinin yayılması, ermənilər tərəfindən
xalqımıza qarşı törədilmiş deportasiya və
soyqırımlar haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması
istiqamətində 60-a yaxın tədbirlər, səfərlər
həyata keçirmiş, xarici dillərdə nəşrlər
dərc edərək xarici mətbuatda çıxışlar
təşkil etmişdir. Xüsusi olaraq qeyd edim ki, ilk dəfə
olaraq Beynəlxalq Diaspora Mərkəzi tərəfindən
indiki Ermənistan ərazisindən deportasiya edilmiş
soydaşlarımızla bağlı 40-dan artıq ərizə
hazırlanaraq Avropa İnsan Hüquqları məhkəməsinə
göndərilmişdir. Hal-hazırda Ermənistana
qarşı soydaşlarımız tərəfindən irəli
sürülən iddia ərizələri Avropa İnsan
Hüquqları Məhkəməsinin icratındadır. Bu məsələlər
haqqında danışmaq beynəlxalq ictimaiyyəti məlumatlandırmaq
təbii ki, çətindir. İlk növbədə bilmək
lazımdır ki, haqq və hüquqlarını beynəlxalq
aləmdə müdafiə edəndə hərtərəfli məlumatlı
olmalısan. Buna görə də, mərkəzimizdə
departamentlər fəaliyyət göstərir, müxtəlif
sahələr üzrə araşdırmaçılar,
tanınmış alimlər BDM-də təmsil olunurlar.
Dağlıq Qarabağ problemi, ermənilər tərəfindən
həyata keçirilmiş soyqırımlar, deportasiyalar
haqqında ciddi araşdırmalar aparılır. Eyni zamanda Azərbaycan
tarixi, mədəniyyəti və digər sahələr
üzrə əsaslı məlumatlar toplamaqla fəaliyyətimizi
qururuq. Düşmənin önünə çıxmaq
üçün dünyanın dili ilə
danışmağı bacarmaq lazımdır. Haqqımızda
dediyimiz həqiqətləri onlara inandırmağa
çalışmalıyıq. Yuxarıda qeyd etdiyim məsələlər
istiqamətində fəaliyyət göstərərkən Azərbaycan
dövlətinin həyata keçirdiyi xarici siyasət xətti
təhlil olunmalı və diaspor fəaliyyətində nəzərə
alınmalıdır. Bəzi diaspor təşkilatlarımız
fəaliyyətində təqvim üzrə baş vermiş
hadisələri qeyd etməklə fəaliyyətlərini
qururlar və birdə bəziləri daha çox musiqili
proqramlara üstünlük verirlər. Musiqi mədəniyyətimizin
bir hissəsi olaraq qəbul olunmalıdır. Ancaq bu istiqamətdə
köklənməklə ölkəmiz haqqında hərtərəfli
bilgi yarada bilmərik. Torpaqlarımızın işğal
altında olduğunu nəzərə alarıqsa və ermənilər
tərəfindən daim antitəbliğat kampaniyası
aparıldığı halda diasporumuz da müharibə cəbhəsi
kimi daim ayaqda durmalı, düşmənin təbliğat
hücumlarına cavab verməlidir. Dünya parlamentləri ilə,
qeyri-hökümət təşkilatları ilə, elm və
mədəniyyət mərkəzləri ilə bizə dost
olan ölkələrin diaspor və milli icmaları ilə əməkdaşlıq
əlaqələrimizi genişləndirməliyik. Müxtəlif
ölkələrdə keçirdiyimiz tədbirlərdə o
ölkələrdə söz sahibi olan nüfuzlu şəxslərin
iştirakını təmin etməliyik. Bundan sonra artıq Azərbaycan
diasporu lobbi fəaliyyətinə keçmiş olar.
-Dünya Azərbaycanlılarının
ikinci qurultayında prezident İlham Əliyev diaspor təşkilatlarına
müdafiədən hücuma keçməyi tövsiyyə
etmişdi. Ötən müddət ərzində
diasporamız buna nail ola bilibmi?
-Dünya
Azərbaycanlılarının həm ikinci, həm də
üçüncü qurultayı siyasi və tarixi baxımdan
mühüm hadisə idi. Azərbaycan diaspor hərəkatı
qurultaydan sonra mahiyyət baxımından növbəti mərhələyə
qədəm qoymuşdur. Prezident İlham Əliyevin qurultay məruzəsi
diasporumuzun növbəti mərhələsinin təməl
prinsiplərini müəyyənləşdirdi. Ölkə
başçısının qurultaydakı tövsiyyələri
ötən müddət ərzində diasporumuzun fəaliyyətində
irəliləyişi göstərməkdədir. Xüsusilə,
Xocalı faciəsinin ildönümü ilə bağlı
dünyanın bir çox ölkələrində silsilə
tədbirləri keçirilməsi diasporumuzda bir
sıçrayış yarandığını göstərməkdədir.
-Bir
sıra ölkələrin parlamentində Xocalı
soyqırımı ilə bağlı qərarların qəbulunda
diasporamızın rolu nə dərəcədədir?
Ümumiyyətlə, diasporanın bu istiqamətdəki fəaliyyəti
qaneedicidirmi?
-Xocalı
soyqırımının dünya ictimaiyyəti tərəfindən
tanıdılması istiqamətində son illərdə və
xüsusilə bu il görülən işlərdə Azərbaycan
diasporunun fəaliyyətini qaneedici hesab etmək olar. Hər il
olduğu kimi Beynəlxalq Diaspor Mərkəzi bu il də bir
sıra tədbirlər həyata keçirmişdir. Qeyd edim
ki, mərkəzimiz Xocalı faciəsinin tanıdılması
istiqamətində bu il Rusiya, Türkiyə və Avropa ölkələrində
keçirilən tədbirlərin effektliyinin
artırılmasında daha fəal rol oynamışdır.
-Azərbaycan diasporunun gələcək
perspektivini necə görürsünüz? Yaxın illərdə
Azərbaycan diasporu dünyada söz və nüfuz sahibinə
çevrilmiş diaspor və lobbi təşkilatları ilə
eyni səviyyəyə çata bilərmi?
-Biz konkret
olaraq qarşımıza hədəf qoymamalıyıq ki,
hansısa xalqın diaspora və lobbisi ilə yarışa girək
və onlarla səviyyəmizi müqayisə edək. Sizi
inandırıram ki, kökü terrorizmə bağlı olan
yalan və iftiralar üzərində siyasəti qurulmuş erməni
lobbisi mifi diasporumuzun ardıcıl və
düşünülmüş təbliğatı nəticəsində
dağılacaqdır. Çalışmalıyıq ki,
düşmənlərimizi neytrallaşdıraq, bizə neytral
olanları isə özümüzə dost edək. Elmi,
intellektual, mədəni və iqtisadi potensialımızdan
düzgün faydalanarıqsa diasporumuzun gələcək
prespektivi parlaq olacaqdır. Eyni zamanda özünə tənqidi
yanaşma prinsipi ilə hərəkət etməli, hər
arxada qalan gündən nəticə
çıxartmalıyıq. Uğurlarımızın simgəsi
milli ideologiyadır. Ölkəmizdə, millətimizin içərisində
nə qədər yad ünsürlərə qarşı
mübarizə əzmi güclü olarsa milli məfkurə
uğrunda davamız da bir o qədər qüvvətli olar.
Güclü diaspor lobbiyə çevrilmək malından,
pulundan, canından belə fədakarlıq istər. Bu isə
ancaq milli şüura malik olan millət övladlarının
işidir. Yahudilərin 2000 il milli mübarizəsinin nəticəsi
olaraq İsrail dövləti qurulmuşdur. Demək ki, milli
şüura sahib olmaqla və eyni zamanda potensial imkanlardan
ardıcıl surətdə istifadə edildiyi halda hədəfə
çatmaq olur. Mən inanıram ki, Azərbaycan diasporu bunun
öhdəsindən gələ biləcək və yaxın gələcəkdə
dünyada söz sahibi olan diasporaya çevriləcəkdir.
-Diaspora fəaliyyətinin daha da aktivləşdirilməsi
və qarşıya qoyulan hədəflər nail olma
üçün Sizcə, hansı addımlar atmaq zəruridir?
-Diaspor fəaliyyətimizin
gücləndirilməsi üçün ilk növbədə vahid informasiya mərkəzi
qurulmalıdır. Xarici ölkələrdə azərbaycanşunaslıq
mərkəzləri formalaşdırılmalı və bu mərkəzlər
vasitəsilə elm adamlarının əməkdaşlıq əlaqələri
qurulmalıdır. Diaspor təşkilatları arasında
informasiya mübadiləsi sistemi
formalaşdırılmalıdır. Elm, mədəniyyət
idman və başqa sahələrdə dünya şöhrətli
şəxsiyyətlərimiz diaspor işimizə cəlb edilməlidir.
Çoxsaylı informasiya portalları xarici dillərdə
formalaşdırılmalı, diaspor fəaliyyətini əks
etdirən layihələrə dövlət büdcəsindən
maliyyə yardımı ayrılmalı və ya bu istiqamətdə
ayrılan maliyyə vəsaiti artırılmalıdır. Digər
bir məsələni yaddan çıxartmamalıyıq ki, Azərbaycan
diasporu ümumtürk diasporu ilə birgə hərəkət
etməlidir. Azərbaycan diasporu ümumtürk diasporunun
imkanlarından yararlanmalı və birgə fəaliyyət
üçün uzunmüddətli konsepsiya
hazırlanmalıdır. Türkiyə-Azərbaycan dövlətlərinin
qardaşlıq və strateji iş birliyi ümumdiaspor fəaliyyətində
də özünü ciddi şəkildə göstərməlidir.
Açıqcası mən Azərbaycan diasporunu
ümumtürk diaspor hərəkatından ayrı
görmürəm. Əgər bu gün İrəvanda
Türkiyə və Azərbaycan bayrağı ermənilər
tərəfindən yandırılırsa deməli bu mənfur
düşmənə qarşı biz birgə mübarizə
aparmalıyıq.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.-
2012.- 27 aprel.- S.15.