“Ədəbiyyat
100 metrəyə qaçış yox, marafondur”
Düşünürəm
ki, bir şair,
yazıçı, bir də publisistlərlə
hər şeydən danışmaq olar. Əlbəttə, hər şair, ya da publisistlə
yox. Bunun üçün həmin şəxsin
özünəməxsus düşüncəsi, müəyyən qədər fərqliliyinin
və həyat təcrübəsinin
olması şərtdir. Həyat təcrübəsi deyəndə
də ki, söhbət təkcə 70 yaşa çatmış birindən yox, “sadəcə ağıl yaşda
deyil başdadır” prinsipinə uyğun gələnlərdən gedir. Elə müsahibim şair, tərcüməçi Səlim Babullaoğlu
da belə insanlardandır. Lakin
hadisələrə özünəməxsus yanaşma
tərzi ilə seçilən S.Babullaoğlu
ilə hər şeydən yox, özünün
də dediyi kimi
içində olduğu işlər, müasir ədəbiyyat, yazanlar,
oxuyanlar, tənqid edənlər və s. mövzulardan
danışdıq.
Yuxularımı
yazıram
Şairliklə
yanaşı, tərcümələrlə də məşğul
olur müsahibim. Həm
də yeni layihələr üzərində
işləyir. “Hazırda bir roman, bir də Mirzə
Şəfi Vazehin Azərbaycan, alman, rus dillərində əldə
olan bütün şeir və nəğmələrini tərcümə
edirəm. Onu da deyim
ki, indiyə qədər M.Ş.Vazeh bu həcmdə nəşr
olunmayıb. Bundan başqa Sol Bellounun bir romanını, povest
və hekayələrini tərcümə edirəm. Mənim ədəbiyyatçılarla
bağlı 6-7 yuxum olub ki, orada
Nizamini, Xaqanini, Nazim Hikməti, Orxan Pamuku və
s.görmüşəm. Son bir ayda həmin yuxulardan ibarət
yazını Kulis.az saytı üçün yazıram, silsilə
“ədəbi yuxular” adlanır”.
Çətin deyil şeir tərcümə
etmək?
Tərcümə
işi asan deyil, xüsusən də, şeir tərcümə
etmək, orijinaldakı fikri saxlamaq xüsusi bacarıq tələb
edir. Bəs, nəsr və ya nəzmi tərcümə etmək
arasında hansı fərqlər
var? “Düşünürəm ki, nəinki şeir, nəsri
də tərcümə edəndə, əgər hər iki
dili bilirsənsə, fərqləri görüb
çaşmaq olar. Ədəbiyyatın iki
başlanğıcı var, biri etik, digəri estetik. Əgər
şairin ana dilində nə ifadə etdiyini anlayırsansa və
mövcud səs sırasını bacardıqca orijinala
yaxın saxlayıb, imitasiya edirsənsə deməli tərcümə
edə bilərsən. Amma bütövlükdə “sənət
tərcümə olunmur” deyə bir söz də var. Tərcümə
məsələsinə bir az da dərindən baxsaq, məsələn,
biz günəş, ruslar ñîëíöå, ingilislər sun deyir. Elə isə
günəş bunların hansıdır? Əslində biz
ana dilimizdə yazanda belə, heç bir dildə olmayan nəsnələri
dilimizə tərcümə edirik. Bu mənada tərcüməçi
peşəsi həm sirrli, həm də
qaçılmazdır. Tərcüməçilik həm də
bir xalqın əlini digər xalqın nəbzinə qoyub, onu
hiss etməsi və özünü onunla müqayisə etməsinə imkanı verir ki, bu da ona müəyyən
qədər rahatlıq gətirir”.
Tərcümənin qonararını
almıram
Müsahibim
tərcümələri daha çox mənəvi ehtiyacdan irəli
gəldiyini, lakin bu işdən lazımı qonarar
almadığını deyir. “1997-ci ildən aktiv çap
olunmağa başlamışam. Ədəbiyyatçı
kimi 15 ildə çap etdiyim
yazıların bəlkə də, bir il ərzində
çap olunanlarının qonararını almışam. Təbii
ki, gördüyüm işlərə görə, müəyyən
qədər qonarar almışam, amma bunlar kitabın tərtibatı,
mətbəə, digər texniki işlərlə
bağlı olub. Tərcümənin əvəzi olmayıb.
Yaxşı olardı ki, sevdiyin işi görəsən və
ona görə pul da alasan. Amma düşünürəm ki,
son tərcümələrdən qonarar alacam. Lakin bir məsələ
də var ki, əgər mətni sevmədimsə, nə qədər
qonarar versələr də onu tərcümə edə bilmərəm.
Əks halda bu alver olacaq. Lakin etiraf edim ki, bu o qədər də
yaxşı hal deyil. Əgər peşəkar tərcüməçisən
və bu işlə məğul olursansa, deməli etməlisən”.
“Hansı şairi hara aparsaq, hansı dilə
tərcümə etsək...”
Qeyd edək ki, bu gün dünya ədəbiyyatının
bir çox tanınmış yazarlarının, şairlərinin
əsərləri dilimizə tərcümə
olunur. Bəzən bu ayrı-ayrı nəşriyyatlar, bəzən
isə hansısa layihələr çərçivəsində
edilir. Bəs bizim ədəbiyyatçıların xaricdə
təbliği, tərcüməsi ilə bağlı hansı
işlər görülür? Ümumiyyətlə, kimlərin,
hansı əsərlərin tərcüməsinə ehtiyac
var. “Azərbaycan ədəbiyyatının xaricdə təbliği
ilə bağlı layihə hazırlamışıq.
Payızda layihəyə
başlayanda “Dünya ədəbiyyatı dərgisi”ni də bərpa
edəcəyik. Bu layihə
yazarlarımızın tanıdılmasına xidmət edəcək.
Təbii ki, bu bütün ədəbiyyatı əhatə edə
bilməz. Hər bir yazar düşünür ki, onu
yazdığı çox yaxşıdır və o mütləq
tərcümə olunmalıdır. Əlbəttə, layihə
çərçivəsində həm klassik, həm də
müasir yazarların ən yaxşı əsərləri
müəyyən həcmdə tərcümə olunacaq. Məsələn,
çağdaş Azərbaycan poeziyasından təxminən
20-25 nəfərin əsəri ya kitab, ya da antologiya şəklində
tərcümə ediləcək. Konkret kimləri
seçdiyimizlə bağlı danışmaq istəmirəm.
Çünki bu həm də görəcəyimiz işi
kölgələmək olardı. Azərbaycan şeiri haqqında
konkret düşüncələrim var. Bilirəm ki, hansı
şairi hara aparsaq, hansı dilə tərcümə etsək
uğur qazana bilər. Lakin bu adamlar çox deyil, müasir
poeziyada ən yaxşı halda 20-25 şair seçmək
olar. Digərlərini də tərcümə etmək olar,
ancaq həmin tərcümələr güncəl xarakter
daşıyacaq. O demək deyil ki, onlar pis şeirlərdir,
lakin biz ən yaxşılardan danışırıq. Hətta
siyahını bir az da daraltmaq olar, eyni zamanda nəsrdə də
seçim belə olacaq”.
Poeziya və kamilliyi hədəf
seçənlər haqqında
Bu gün kimdən soruşsan
şeir yazır, özünün şair hesab edir. Əlbəttə,
hər yazılan şeir olmadığı kimi, hər yazan da
şair deyil. Bəs şairlə şeir yazanın fərqi nədir?
“Ədəbiyyat 100 metrəyə qaçış yox,
marafondur. Çox az adam tapmaq olar ki, həyatında bir misra
şeir yazmasın yaxud sevgilisinə indi sms, əvvəlki
üsulla isə, məktubunda hansısa şairdən sitat gətirməsin.
Şeir nitqin ən ali formasıdır. İnsanlar
yaxşı geyinmək istədiyi kimi, yaxşı
danışmaq da istəyir. Amma bunu hamı bacarmır. Ona
görə də insanların şeirə bağlılığını
müsbət qarşılayıram. İnsanlar yaxşı
danışmaq istəyir və
elə düşünürlər ki, şeir
yazırlar. Lakin şair olmaq mərhələli bir prosesdir. Bu
insanın ruhi yetkinliyinə görə dəyişir. Bir var
poeziyanı, bir də var kamilliyi hədəf seçənlər.
Poeziyanı hədəf seçənlər şeir
quraşdıra bilər, hətta başlanğıcda
yaxşı şeir də yaza bilərlər. Sonradan
poeziyanın hədəf olmadığını anlayıb
başqa istiqamət seçməlidirlər. Lakin bəziləri
kamilliyi hədəf seçir. Belələri
üçün, həqiqi şairlər üçün
poeziya həyat tərzidir. Özünü şair hesab edənlər
isə, bunun məsuliyyəti
barədə də düşünməlidirlər. Bir
müddət əvvəl Gəncəyə getmişdim.
Nizaminin məqbərəsini ziyarət edərkən uzaqdan
baxıb düşündüm ki, onun ölümündən
nə qədər vaxt keçib, oxuyub oxumasaq da məqbərəsi
qədər nəhəng bir nümunə kimi dayanıb.
Şair olmaq istəyən hər kəs özünə sual
verməlidir ki, niyə, hansı keyfiyyətlərinə
görə, O bu gün də yaşayır və bizə deyir
ki, “mən yazmışam”. Bu insanı həqiqətən məsuliyyətə
çağırır. Bir qisim insanlar hətta, daxili
narahatlıq “qorxu” keçirib yazmaya da bilər”.
13 il “Şirzadın kafesi”ndə
yazmışam
Şairlər
adətən, ilham pərilərinin
gecə gəldiyini, yazı stolunun arxasında oturub sabaha qədər
yazdıqlarını deyirlər. Bəs görəsən
S.Babullaoğlu üçün harda yazmaq daha rahatdır?
“Elə
olub ki, iş otağım adamla
dolu olub, amma yazmışam. Bir kafe var idi,
indi bağlayıblar. 13 il əvvəl
oranı kəşf etmişdim, demək olar ki, hər gün
ora gedirdim. “Araz” kinoteatrının yarım zirzəmisində
idi, ora “Şirzadın kafesi” deyirdik.
Mənimlə kafeyə gedən şairlər davamlı
olaraq gedir və bağlanırdılar. Düzdür, kimi 3,
kimi 5 il gəldi, amma mən daimi gedirdim. Ədəbiyyatçılar, rəssamlar,
şairlər ora toplaşırdı. Həmin kafedə xeyli
şeir yazmışam. Ötən ilin fevralında bir silsilə
şeiri elə orada yazdım. Görünür, bu kafe əhvalından irəli gəlir,
orada insanların kompleksi olmur, eyni zamanda həyat qaynayır. Nədənsə,
orada bir küncə çəkilib şeir yazmağı isə
çox sevirdim. “Doqquzuncu hissə”
adlı uzun bir şeirin əsas hissəsini orda yazmışam
10 il əvvəl. İki il əvvəl isə, “İyul”
şeirinin əvvəlini. Belə bir yeri də
vardı o şeirin:
Adətən şeirləri
yazırlar ağ səhifədə,
Bu adi sətriləri,
Sənə həmin kafedə
qəzet üstə yazıram...
Bir ara mətbəxdə
yazmağı xoşlayırdım. Şeir yazmaq
üçün daimi işlədiyim bir masam yoxdur. Şeirdən
başqa hər şeyi netbookda yazıram. Yəqin
özümü inandırmışam ki, şeir digərlərindən
seçilməlidir. Kafka demişkən, hər cadugərin
öz ayini var. Mənim üçün də qələmin,
bloknotun öz əhəmiyyəti olur. Bəzən
yaxşı bir yazı dəftəri və ya qələm uzun
müddət düşündüyüm bir şeiri
yazmağa təkan verə bilər. Əlbəttə, səbəb
yox, təkan olur. Səbəb isə, hansısa problem,
duyğu və s. ola bilər”
Oxuduqları yazara nə qədər təsir
edir?
“Ədəbiyyat
oxuduqlarını düşünən adama təsir edir. Məsələn,
mənim həyatımda kitabın rolu çox böyükdür.
Hələ birinci sinifdə oxuyarkən, əlifba
bayramından may ayına qədər 100 kitab oxumuşdum.
Siyahı da tutmuşdum. Əlbəttə, bu öyünmək
yeri deyil, sadəcə atamın kitabxanası var idi, həyatım
da həmin kitablarla bağlı olub. Düşünürəm
ki, kitab oxumaqla öyünmək yox, orada yazılanları
anlamaq lazımdır.
Oxuduqlarım, həyat qədər mənə təsir
edə bilir, onlarla mükaliməyə girirəm. Bir çox
şeirləri yazmağıma səbəb, bəzi şairlərin
yazdıqları ilə razılaşmamağım və ya
polemika istəyim olub. Metafizik mənada həyat özü
kitabdır. Yaşadığımız dünyanın
taleyinin yazıldığı bir ana kitab var. Biz də həmin
kitabın abzas və sətirlərini yazırıq. Həm də
o kitabın yazılarıyıq. Elə kitablar var ki, həyat
qədər maraqlıdır, elə həyat da var ki, nə qədər
canlı olsa da, çox maraqsızdır”.
“Bugünkü ədəbiyyatın əksər
hissəsi ziyanlıdır”
Müsahibim ədəbiyyatın
insana təsir gücünə inansa da, müasir ədəbiyyatın
təsirinə inanmır. “Müasir ədəbiyyat müəyyən qədər təsir edir. Amma
düşünmürəm ki, bütün yazılar insanlara
təsir etməlidir. Bugünkü ədəbiyyatın əksər
hissəsi ziyanlıdır. Mən ədəbiyyata içəridən
baxıram, kimin kim olduğunu və nə
yazdığını yaxşı bilirəm. İnanmıram
ki, tanıdığım bir çox insanın
yazdığı kitablar xeyir gətirə bilər,
çünki xeyirli olsaydı, ilk növbədə həmin
insanların özlərini dəyişərdi. Böyük
cümlələr yazmaq olar, lakin düşünürəm
ki, poeziyanın altında izitirab yatmırsa, həmdərdlilik
yoxdursa, o ədəbiyyat deyil. Hər
kəs öz sevgisindən, problemindən yazır, lakin
çox az adam başqasının sevgini, problemini
özününkü kimi yaza bilir. Kim bu cür hiss edirsə,
onların yazdıqlarını oxumağa dəyər”.
Oxuculardan razısız?
Artıq bir
neçə ildir ki, ədəbiyyatın keyfiyyəti qədər,
oxucuların da bu sahəyə marağının azalması
müzakirə mövzusuna çevrilib. Adətən, şair
və yazarlar oxucu azlığından şikayətlənsələr
də, müsahibim narazı deyil. “Ümumiyyətlə,
şeir kitabları böyük tirajla çap olunur, lakin ədəbiyyata
baxsaq dinamika var. Kitab çapı sayəsində
müəyyən irəliləyişlər var. Narazı deyiləm
oxuculardan. Lakin kitaba marağın artması üçün
bu işlə məşğul olmaq lazımdır. Əlbəttə, bununla yazarlar yox, xüsusi bir sturuktur məşğul
olmalıdır”.
“Tənqidçiləri
sevmirəm”
Belə bir
düşüncə var ki, ədəbiyyatın
inkişafı həm də ədəbi
tənqidin gücündən asılıdır. Bəs, bu
gün bizim ədəbi tənqid hansı vəziyyətdədir?
“Biz də savadlı, peşəkar ədəbiyyat
tənqidçiləri, ədəbiyyatşünaslar
var. Məsələn, Vaqif Yusifli, Tehran Əlişanoğlu,
Cavanşir Yusifli, Əsəd Cahangir, Elnarə Tofiq qızı və s. hamını xatırlamaq olmur, lakin
bunların hamısı olduqca savadlı və peşəkardır.
Onların hamısına
hörmətlə yanaşıram,
ancaq heç biri ilə razı
deyiləm, ona görə ki, tənqidçilər
tendensiyalıdır. Ümumiyyətlə,
isə ədəbi tənqid anlayışını qəbul
etmirəm, tənqidçiləri sevmirəm. Sanki
peşənin özündə “mən tənqid etməliyəm”
şüarı var. Düşünmürəm ki, tənqidçi
ədəbiyyatçıya yol göstərə bilər.
İstər dünya, istərsə də milli ədəbiyyat
haqqında ən yaxşı fikirləri ədəbiyyatı
yaradanların özləri
yazıb. Dünyada rəy - resenziya janrının qəbul
olunmuş ustası Borxesdir. O da ədəbiyyatçıdır.
O resenziyanı bədii janr həddinə qaldırıb. Onun resenziyaları əsərlərindən daha
maraqlı olur, yaxşı olur bəzən. Elə olub ki, hansısa bir əsəri
oxuduqdan sonra, onun haqqında yazılmış tənqidi də
oxuyub görmüşəm ki, onlar əslində mətləbdən
çox uzaqlaşıb və əsl mənanı
anlamayıblar. Əlbəttə, dediyim bu fikirlər
onların biliyini, peşəsini aşağı salmır, sadəcə
onları qəbul etmirəm.
“Aparıcılar mövzuya
hazır olmur”
Ədəbiyyatın
təbliğinin bir vasitəsi isə televiziyadır. Onlar necə
üzərlərinə düşən məsulliyyəti
yerinə yetirir? “Bu gün efirlərdə
ədəbiyyatla bağlı
müəyyən qədər veriliş var. Əlbəttə,
əsas say çoxluğu, yox mahiyyətdir. Efirlərdə
peşəkar və çağdaş zamanın ədəbiyyat
verilişləri yoxdur. Ola bilər hansısa tok-şou
hazırlayırlar. Lakin çox zaman da həmin verilişlərin
aparıcıları mövzuya hazır olmur, heç
qarşısındakı qonağı da tanımır. Hətta
dünya ədəbiyyatından bəzi məşhur adları
düzgün tələffüz edə bilmirlər. Belə
adamların hazırladığı veriliş haqqında nə
deyim?”
Yazarlar, köşələr
Bu gün
dünyada ölkənin tanınmış yazarlarının
hansısa bir qəzet və ya internet saytda xüsusi bir
köşəsi olur ki, gündəlik ictimai, siyasi və s.
hadisələrlə bağlı fikirlərini yazırlar.
Çox zaman bu yazarlar ictimai fikrə
qədər ciddi təsir edir, cəmiyyətdə müəyyən
dəyişikliklərə səbəb olurlar. “Mən 1989-cu ildən qəzetdə çalışmışam,
1997-ci ildən isə
köşə yazmağa
son qoydum. O zamana qədər təkcə ədəbi yox, həm
ictimai, siyasi və digər mövzularda yazmışam. Kifayət
qədər yazmışam, 97-ci ildən sonra isə yalnız
ədəbi mövzularda yazıram. Artıq köşə
yazmaq marağımda deyiləm, buna heç vaxtım da yoxdur.
Bu gün Həmid
Herişçi, Salam Sarvan, Hacı Zamin, Murad Köhnəqala,
Şərif Ağayar, Tural, Kənan
Hacı, Taleh Şahsuvarlı, Seymur Baycan, Qismət,
Fərid və başqa yazı, köşə yazarlarımız
var. Onların əksəriyyətini oxuyuram.
Razılaşıb-razılaşmamaq-bu tamam başqa məsələdir. Təbii
ki, Türkiyə və ya Rusiyadakı kimi bizdə
yazıçı köşə yazılarından yüksək
qonarar almır, ən çoxu 40-50 manatdır. Bu az deyil, amma
çox da deyil”.
Ədəbiyyat dillə bağlıdır
Belə bir
fikir formalaşıb ki, sanki ədəbiyyat məhv olmaq təhlükəsi
ilə üz-üzədir. Bir müddət sonra o tamam məhv
olacaq. Müsahibim isə, bu qədər pessimist
yanaşmağın tərəfdarı deyil. O fikirlərini
belə əsaslandırdı.
“Hər gün yeni yazarlar 5-6 şeir göndərirlər oxuyuram.
Əlbəttə, müxtəlif dərəcəli şeirlərdir,
amma kifayət qədər qaynar mühit var. Məsələn
Gənc ədiblər, BSU-nun yaradıcılıq fakültəsində
yaradıcı gənclər yetişir. Ədəbiyyatla
bağlı pessimist düşünməməliyik,
çünki bu dillə bağlı bir prosesdir. Ədəbiyyatın
gələcəyinin olmaması demək, təxminən dilin məhv
olması deməkdir. Nə qədər dil var, onu daha
yaxşı daşıya
bilən adamlar olacaq”.
Gülxar Şərif
Olaylar.- 2012.- 27 aprel.- S.13.