TQDK-nın
gözdən salma kampaniyası nəyə
xidmət edir?
Cəmiyyət inkişaf edir, təhsil yox?
Azərbaycan dövlət müstəqilliyini
elan etdiyi vaxtdan onun bir dövlət kimi inkişafı,
dünyada öz yerini və mövqeyini müəyyən etməsi
prosesi yüksələn xətlə inkişaf etməkdədir.
Azərbaycan xalqının ümummilli lideri, görkəmli
dövlət xadimi Heydər Əliyevin
böyük dövlətçilik təcrübəsi və zəkası
sayəsində müstəqilliyin bütün
atributlarının yaranması və davamlı inkişafı
cəmiyyətin bütün sahələrinə, o cümlədən
də, təhsilə ciddi təsir göstərib.
Məhz ümummilli
liderin rəhbərliyi altında hazırlanmış və həyata
keçirilmiş təhsil islahatı Azərbaycan təhsilinin
prioritet sahəyə çevrilməsində və davamlı
inkişaf strategiyası əsasında inkişaf etməsində
mühüm rol oynadı. Ümummilli lider təhsil sahəsinə
önəm verir, onun inkişafını prioritet hesab edirdi:
“... təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır,
nə ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini
əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə
çox diqqətli yanaşmaq lazımdır və bu sistemə
münasibət çox həssas olmalıdır. Hesab edirəm
ki, bu tələblər hər ölkədə var. Amma
keçid dövrünü yaşayan ölkələr, bir
ictimai-siyasi sistemdən başqasına keçən ölkələr
bu işə daha da diqqətli olmalı, daha da ciddi və həssas
yanaşmalıdırlar.” (17 mart 1999-cu il, Azərbaycan
Respublikasında təhsil sahəsində islahatlar üzrə
dövlət komissiyasının iclasında söylədiyi
yekun nitqdən)
Müstəqil
təhsil sisteminin qurulması, dünya təhsil sisteminə
ardıcıl inteqrasiya, o cümlədən, milli dəyərlərə
malik bir sistemin formalaşması bu sahədə
çalışan insanların – müəllimlərin fədakar
əməyinin nəticəsidir. Son illər Azərbaycan təhsili
ciddi uğurlar əldə edib. Eyni zamanda Azərbaycan təhsilinin
“tənqidçiləri” meydana çıxıb. Hər
növ inkişaf özünün opponentlərini
yetişdirdiyi kimi, Azərbaycan təhsilinin inkişafı da
özünün ardıcıl, hətta deyərdim ki, bəzən
amansız tənqidçilərini də yetişdirib. Ötən
müddət ərzində cəmiyyətin və dövlətin
inkişafını inkar edə bilməyənlər indi
öz güclərini təhsilin tənqidinə yönəltməklə
əslində özlərinin gizli niyyətlərini ortaya
qoymuş olurlar. Bu gün təhsil sistemi sağdan və
soldan, yuxarıdan və aşağıdan tənqidlərə
məruz qalır. Bu isə paradoks yaradır, cəmiyyətdə
yanlış fikirlər doğurur. Azərbaycan son 20 ildə
ciddi inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin
başçılığı ilə cəmiyyətin
bütün sahələrində islahatlar aparılıb,
dövlət qurulub, iqtisadiyyat, ordu möhkəmləndirilib, səhiyyə,
təhsil sahələrində islahatlara aparılıb,
güclü inkişafa nail olunub. Təhsil sahəsinin tənqidçilərinin
məntiqincə, “bütün sahələr inkişaf edib, təhsildən
başqa?”. Göründüyü kimi absurd iddialardır. Əgər
cəmiyyət bütövlükdə inkişaf edibsə, təhsilin
inkişaf etməməsi absurd fikirdən başqa bir şey
deyil. Ulu öndərimiz Heydər Əliyev dəfələrlə
öz çıxışlarında qeyd edib ki “... Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin
həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.
Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Təhsil
tənqidçilərinin mövqeyindən belə
anlaşılır ki, təhsil geriyə getdiyi halda cəmiyyət
inkişaf edib. Bu cür cəfəng fikirlərlə cəmiyyəti
çaşdıran, milli təhsilimiz haqqında mənfi rəy
yaradanlar böyük müəllim ordusunun əməyini yerə
vurduqlarının, təhsili cəmiyyətin gözündən
saldıqlarının fərqində deyillər. Təhsil
sistemi haqqında tənqidi fikirləri səsləndirənlər
müxalifət rəhbərləri, müxalifət
düşərgəsində olan ekspertlər, bir də son
dövrlərdə meydana çıxan, müəyyən istəkləri
və tələbləri ödənməyən, amma guya
özünü Azərbaycan təhsilinin xeyirxahı kimi təqdim
edən “təhsil ekspertləri”dir.
Məktəb həyatını bilməyən, təhsil
prosesinin içində olmayan belə ekspertlər hər
cür yeniliyi qəbul edə bilmir,
hər cür köhnəliyi də inkar edirlər. Bu
adamlar bəzən işlərini faktlara, rəqəmlərə,
sağlam yanaşmaya söykənməyən qərəzli tənqidlə
bitmiş hesab edir, konkret bir yol göstərmək əvəzinə,
hər şeyi qara rəngdə verməyə üstün
tuturlar. Ən
acınacaqlısı isə odur ki, məktəbi, müəllimi
məsxərə obyektinə çevirənlər özlərini
millət fədaisi kimi qələmə verdikləri halda, millətə
və onun gələcəyinə hansı zərbəni
vurduqlarını dərk etmək istəmirlər.
Və nəhayət,
üçüncü tənqidçi qrupu isə bilavasitə təhsil prosesinə
dəxli olan, onun inkişafına cavabdeh olan qurumlardakı bəzi
məmurlardır. Yuxarıda qeyd etdiyimiz kimi, həmin məmurlar
Azərbaycan təhsilindəki inkişaf tendensiyasını
görmək istəmir və dolayısı ilə
bütünlükdə cəmiyyətin inkişafını
inkar edirlər. Halbuki həmin adamlar cəmiyyətin
inkişafı ilə təhsilin inkişafı
arasındakı vəhdəti və harmoniyanı yaxşı
bilirlər.
Azərbaycan təhsilinin tənqidçiləri
arasında Tələbə Qəbulu üzrə Dövlət
Komissiyasının sədri Məleykə Abbaszadə də var.
TQDK sədri vaxtaşırı təhsil sistemini, təhsil
işçiləri, nazirliyi, müəllimləri hədəfə
alır, ən kiçik
nöqsanları belə şişirdərək Azərbaycan
təhsili haqqında mənfi rəy yaratmağa
çalışır.
TQDK sədri
gah dərslikləri, gah abituriyentlərin balları ilə
bağlı məsələni gündəliyə gətirir, rəhbərlik
etdiyi qurumu kənarda tutur, bütün suçu Təhsil Nazirliyinin,
müəllimlərin üzərinə atır. O bir tərəfdən
Azərbaycanda hərtərəfli inkişafdan
danışır, bu inkişafın həyatın
bütün sahələrini əhatə etdiyini deyir. Əgər
belədirsə, təhsil də bu sahələrdən biri
deyilmi? Yox, əgər təhsil inkişaf etməyib daha da
geriləyibsə, onda bu inkişaf hansı möcüzə əsasında
baş vermişdir? Digər qism təhsil tənqidçilərinin
yanaşma tərzi də, tənqid obyektləri də bircə
istiqamət üzrədir. Onlar ancaq və ancaq ali məktəblərə
tələbə qəbulunu özlərinin arşını
ilə ölçüb təhlil etməyi sevirlər. Təhsilin
keyfiyyət göstəricilərini ali məktəblərə
qəbul statistikası ilə ölçən TQDK rəsmiləri öz statistikalarına baxsınlar.
Onlar bilsinlər ki, təhsil təkcə elmi bilikləri əzbərləmək,
test suallarına cavab verməkdən ibarət deyil, həm də
vətənpərvər, milli ideologiyanı mənimsəmiş
gənc nəsil deməkdir. Tərbiyəni təhsildən
ayrı tutanlar bilməlidirlər ki, bu gün eninə-uzununa tənqid
etdikləri Azərbaycan məktəbi həm də mübarizlər,
fəridlər tərbiyə edir və etməkdədir. Məgər təhsilin keyfiyyəti
təkcə universitetlərə daxil olanların sayı ilə
ölçülür? Bu cür ölçüyə qalsa,
gərək ali məktəblərə qəbul planı ən
azından üç dəfə artırılsın.
Hər il ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu
başa çatan kimi TQDK sədri Məleykə Abbaszadə
özünün ənənəvi “Təhsil sistemini
hallandırma” kampaniyasına start verir. Bu kampaniyada məqsəd
“tələbə qəbulunun nəticələrinin elçi-statistik
təhlilinin ictimaiyyətə çatdırılması”
adı altında ölkədə təhsilin keyfiyyət səviyyəsinin
ildən-ilə aşağı düşdüyünü
xalqa təlqin etmək, bununla da 160 minə yaxın təhsil
işçisinin fədakar əməyinə kölgə
salmaqla ictimaiyyət arasında onların işgüzar
nüfuzuna xələl gətirmək, dövlət
qarşısında və xalq arasında dili qısa etmək,
dolayı yolla onların normal əməkhaqqı istəyi
üçün mənəvi haqlarının olmamasına
eyham vurmaqdan ibarət olur.
TQDK-nın rəsmi statistikası
ittihamları təkzib edir
Təhsil
işçilərinin kütləvi narazılığına
səbəb olan və onları ruhdan salan bu kampaniyanın əsas
arqumentinin – “təhsilin keyfiyyət səviyyəsinin ildən-ilə
aşağı düşməsi” iddiasının TQDK-nin rəsmi statistikası əsasında
araşdırmağa çalışdıq.
Təhsilin
keyfiyyət səviyyəsi (Məleykə xanımın təbirincə,
təhsilin səviyyəsi) özündə hansı göstəricilər
sisteminin səviyyələrini ehtiva edir? Təhsil haqqında
Azərbaycan Respublikasının Qanununa müraciət edək.
“Təhsilin keyfiyyət səviyyəsi” adlı 9-cu maddənin
1-ci bəndində deyildiyi kimi, “- Təhsilin keyfiyyət səviyyəsi
aşağıdakı keyfiyyət göstəriciləri
sisteminə uyğun olaraq müəyyən edilir:
1. Təhsil proqramları;
2. Abituriyentlərin hazırlıq səviyyəsi;
3. Maddi-texniki baza;
4. İnfrastruktur;
5. İnformasiya resursları;
6. Təhsilverənlərin
peşəkarlığı və elmi-pedaqoji səviyyəsi;
7. Mütərəqqi tədris texnologiyaları və s.”
Bu yeddi komponentə diqqət yetirsək, görərik ki, TQDK-nın bunlardan yalnız birinin səviyyəsini qiymətləndirməyə
imkanı və səlahiyyəti var. Bu da abituriyentlərin hazırlıq səviyyəsidir. Göründüyü kimi,
təhsilin səviyyəsi dedikdə abituriyentlərin
hazırlıq səviyyəsi nəzərdə tutulub. Bu göstəricinin
dinamikasını izləyək. Bəllidir ki,
təlimdə keyfiyyət faizi 5 ballıq
sistemdə “4” və “5” qiymətlərinin neçə faiz təşkil etməsi deməkdir. TQDK-ya məxsus
analogiyada [0; 200) bal –
“2”, [200; 300) bal – “3”, [300; 500) bal – “4”, [500; 700] bal – “5” qiymətini əks etdirir (“Abituriyent” jurnalı ¹ 12, dekabr,
2010-cu il, səh.34). Daha anlaşıqlı
olması üçün
izahımızı 5 ballıq
sistemdə aparaq.
Ayrı-ayrı ali məktəblərə
qəbul olanların orta balının dinamikası
1998-ci ilin tələbə qəbulunun nəticələrini
diaqnostik qiymətləndirək. Həmin ildə respublikanın 30 ali məktəbindən
yalnız 5-nə qəbul
olunmuş abituriyentlərin
orta balı 300-dən
yuxarı olub ki, bu da
“4” və “5” qiymətlərə
uyğundur. Yəni abituriyent hazırlığının
səviyyəsi elə
idi ki, yalnız
5 ali məktəbə
keyfiyyətli tələbə
qəbuluna imkan verirdi. 14 ali
məktəbə qəbul
olanların orta qiyməti “3”, 11 ali məktəbə isə qəbul olanların orta qiyməti “2” olmuşdu. Respublika üzrə keyfiyyətli qəbul aparılmış
ali məktəblər
bütün ali məktəblərin 16.66%-ini
təşkil edirdi (“Abituriyent” jurnalı,
¹11-12, dekabr, 2007, səh.173, cədvəl 4.18).
10 illik dinamikanı müəyyən etmək
üçün 2008-ci ildə
ali məktəblərə
qəbul olan abituriyentlərin orta bal göstəricilərinə nəzər
salaq.
37 ali məktəbin
ayrı-ayrılıqda hər
birinə qəbul olan abituriyentlərin orta balı 300-dən yuxarıdır (“Abituriyent”
jurnalı, ¹11-12, dekabr,
2008, səh.166, cədvəl 4.17). Yəni orta qiymət “4” və “5”-dir. Göründüyü kimi,
abituriyent hazırlığının
səviyyəsi 37 ali məktəbin hamısına
keyfiyyətli qəbul
aparmağa imkan verib. Dinamika göz qabağındadır,
10 ildə keyfiyyətli
tələbə qəbulu
aparılmış ali məktəblərin
sayı 5-dən 37-yə yüksəlmişdir.
Artım 7,4 dəfə və ya 640%-dir. Təhlil etdiyimiz 10 il müddətində qəbul
planının artımını
da nəzərə alsaq, tələbə qəbulunun keyfiyyətinin
təxminən 800% artmasının
şahidi olarıq.
Nümunə üçün
1998-2008-ci illər ərzində
respublikanın böyük
və nüfuzlu ali məktəblərinə
qəbul olan abituriyentlərin orta balının dinamikasını
nəzərinizə çatdırırıq.
10 il müddətində
orta bal DİA-da 422-dən
630-a, ATU-da 405-dən 572-yə, BDU-da 307-dən 488-ə, ADU-da
353-dən 517-yə, BSU-da 257-dən 455-ə,
ADİU-da 335-dən 449-a, “Qafqaz”
Universitetində 245-dən 480-ə, ADNA-da 225-dən 462-yə yüksəlib.
Belə müsbət dinamika bütün ali məktəblərə
xasdır. Ümumi təhsilin keyfiyyətinin
yüksəldilməsində müəllim hazırlığının
səviyyəsi olduqca
əhəmiyyətlidir. Bu baxımdan da
bir nümunə kimi ADPU-ya qəbul
olan abituriyentlərin orta balının artımını diqqətinizə
yetiririk. Bu rəqəm 1998-ci ildə
218, 2008-ci ildə 439 olub.
Göründüyü kimi faktlar
TQDK sədrinin iddialarını
təkzib edir.
(Ardı var)
Aydın
Olaylar.- 2012.- 27 aprel.- S.9.