TQDK-nın gözdən salma kampaniyası nəyə xidmət edir? - JURNALİST ARAŞDIRMASI

 

Test tapşırıqlarının məhvedici ağırlığı məktəb mühitinə dağıdıcı təsir göstərir

 

(Əvvəli 27 aprel tarixli sayımızda)

 

500-600 və 600-700 bal toplayan (yəni qəbul imtahanlarını “5”-lə verən abituriyentlərin sayının dinamikasına nəzər salaq. Çox təəssüf ki, 2003-cü ildən əvvəlki abituriyent jurnallarını əldə edə bilmədik. Amma əlimizdə olan  2003-2008-ci illəri əhatə edən 5 illik dinamikanı izləyək:

500-600 bal toplayanların sayı 2003-cü ildə 1746 nəfər, 2008-ci ildə 4953 nəfər olmaqla, artım 263% olmuşdur. 600-700 bal toplayanlarının sayı 2003-cü ildə 423 nəfər, 2008-ci ildə 1633 nəfər olmaqla, artım 386% olub. (“Abituriyent” jurnalı, ¹12, noyabr, 2003, səh.134, cədvəl 3.37; “Abituriyent” jurnalı, ¹11-12, dekabr, 2008, səh.173, cədvəl 4.30). 10 illik dinamikanı izləsək, bu rəqəmlər daha böyük olardı. Keyfiyyətlə bağlı bir dinamika da göz qabağındadır.

 

Qəbul olunan oğlan və qız abituriyentlərin orta balının dinamikası

 

5 illik dinamikanı izləmək üçün aşağıdakı mənbələrə baxdıq: “Abituriyent” jurnalı, ¹ 12, noyabr, 2003, səh.133, cədvəl 3.36 və “Abituriyent” jurnalı, ¹ 11-12, dekabr, 2008, səh. 172, cədvəl 4.29. Bu iki cədvəlin əsasında müqayisə cədvəli yaratdıq.

 

İllər                               Azərbaycan bölməsi                       Rus bölməsi

                                     Oğlan               Qız                           Oğlan                        Qız

2003                             312,30               312,95                       259,05                       249,99

2008                            388,15                424,35                        377,81                       408,88

artım                           75,85 bal           111,40 bal                  118,76 bal                 158,89 bal

 

Keyfiyyətlə bağlı daha bir irəliləyiş göz qabağındadır. Təbii ki, 10 illik dinamikanı izləsək, bu artımlar da kifayət qədər böyük olardı.

Abituriyent hazırlığının səviyyəsinin dinamikası barədə həqiqi vəziyyət belə olduğu halda, TQDK sədrinin “təhsilin səviyyəsi aşağı düşüb” deməsinin səbəbi nədir? Göründüyü kimi, burda səbəb yoxdur, məqsəd var.

 

Qəbul faizi aşağı necə “düşür”?

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bir qayda olaraq respublika üzrə qəbul faizinin  ümumi təhsil pilləsinin bir göstəricisi kimi təqdim edilir. Mətbuatın “təhsil eksperti” kimi təqdim etdiyi şəxslər isə məsələnin mahiyyətini anlamadan bunun 30%-dən də aşağı olmasını Təhsil Nazirliyinə irad tuturlar.  Amma burada da TQDK və “təhsil biliciləri” yanlış yoldadırlar. Bəllidir ki, Azərbaycanda tələbə qəbulu qəbul planına uyğun aparılır və qəbul olanların sayı plandan artıq ola bilməz. Məsələn, 2011-ci ildə ali məktəblərə qəbul planı (31365 nəfər) abituriyentlərin sayının (107484 nəfər) təxminən 29%-ini təşkil edib. Yəni respublika üzrə qəbul faizi bu rəqəmi aşa bilməz. Aydındır ki, qəbul faizi, yalnız abituriyent sayından və qəbul planından asılıdır. Abituriyentlərin hazırlıq səviyyəsi ilə respublika üzrə qəbul faizi arasında heç bir asılılıq yoxdur. Yəni abituriyentlərin hamısı keçid balını toplasa belə, onların ən çoxu 29%-i qəbul oluna bilər. Ayrı-ayrı bölgələr üzrə isə sənədvermə faizi müxtəlif olduğu üçün, bölgələr üzrə abituriyent sayına görə çıxarılan qəbul faizi əsasında onların bir-biri ilə müqayisə edilməsi məntiqli deyil və məsələyə diletant yanaşmadır. Görünür, TQDK rəsmiləri bu cür populist metodlarla kimlərisə aldada biləcəklərini zənn edirlər.

Ayrı-ayrı bölgələr üzrə məzun sayına görə qəbul faizlərini də bir-biri ilə müqayisə edərək bölgənin təhsili idarəetmə orqanının işinə qiymət vermək düzgün deyil. Çünki məzunların bir hissəsi birbaşa xarici ölkələrin ali məktəblərinə sənəd verir, bir hissəsinin isə sənəd verməməsinin səbəbi məlum deyil. Bu halda, TQDK qəbul faizinə dair heç bir elmi əsası olmayan bu “statistikası” ilə nədən cəmiyyətin gözünə kül üfürür və bu “göstəricini” təhsil işçilərinin gözünə soxur? Bu hər zaman ölkəmizdə adı hörmətlə çəkilmiş şərəfli müəllim əməyinə kölgə salmaq deyilmi? Maraqlıdır ki, həm məzun, həm də abituriyent sayının süni şəkildə artırılması zamanı, eləcə də, qəbul olanların sayının süni şəkildə azaldılması zamanı qəbul faizi aşağı düşür. Bəs TQDK bu işi hansı üsullarla həyata keçirir?

Əvvəla, tam orta təhsilini başa çatdırmayanları məktəbi bitirənlər kimi məzun sayına əlavə edir, məzun sayına görə qəbul faizini aşağı salırlar (həmçinin, bölgələr üzrə). (“Abituriyent” jurnalı, ¹12, dekabr, 2011, səh.125, cədvəl 1.71, eləcə də, səh. 166, bənd 1.5, səh.147, cədvəl 117). Qeyd olunan bu mənbələrdə tam orta təhsili başa vurmayan (bitirməyən) və bu səbəbdən də dövlət təhsil sənədi (attestat) almayan şagirdlər məktəbi bitirən (məzun) adlandırılır. Bu o demək deyil ki,  TQDK başbilənləri məktəbi bitirməyin nə demək olduğunu anlamırlar. Sadəcə anlamaq  onların işinə yaramır. Anlamırlarsa,  Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.21-ci və 12-ci maddələrinə baxsınlar. Əgər həvəs göstərib  baxsalar, görəcəklər ki, tam orta təhsil dövlət təhsil sənədinin (attestatın) verilməsi ilə başa çatır. Attestat almayanlar məzun deyil, onlar gələcəkdə hansı ildə buraxılış imtahanlarını uğurla verib attestat alsalar, həmin ilin məzunu olacaqlar və attestatda da məktəbi bitirmə vaxtı kimi həmin il yazılacaq. Və nəhayət, TQDK-nın məntiqinə diqqət edək. Komissiya üzvləri tam orta təhsilini başa çatdırmayan, attestat almayan, qəbul imtahanlarında iştirak etməyən minlərlə adamın ali məktəbə qəbul olma faizini “hesablayırlar”. Məncə, şərhə ehtiyac yoxdur.

Araşdırmamız nəticəsində məlum oldu ki, TQDK xətti ilə kifayət qədər yüksək balla xarici ölkələrin ali məktəblərinə qəbul olan abituriyentlərin sayı və balları həm qəbul faizinin, həm də orta balın hesablanması zamanı bilərəkdən statistikaya daxil edilmir və beləliklə, hər iki göstərici süni şəkildə aşağı salınır.

Abituriyentləri ilkin mərhələdə TQDK-da sınaqdan keçən Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olanlar da statistikaya daxil edilmir. Məgər onlar bizim məzun deyil?

Xüsusi təyinatlı ali təhsil müəssisələrinə (onların sayı 6-dır) qəbul olanların da sayı və balları statistikaya daxil edilmir. Beləliklə, göstəricilər bir daha süni şəkildə aşağı salınır.

Xarici ölkələrin ali məktəblərinə xaricdə imtahan verərək qəbul olan məzunlarımızın statistikasını əldə etmək TQDK üçün çətin deyil. Lakin bu onların marağına uyğun deyil. Axı bu rəqəmlər məlum olsa, təhsilimizin həqiqi mənzərəsi göz qabağında olacaq. Təkcə 2011-ci ildə Türkiyənin ali məktəblərinə 2500 məzunumuz qəbul olub. Rusiyanın və Şimali Kiprin ali məktəblərinə də kifayət qədər çox məzun qəbul olunub. Bu rəqəmlər və təsdiqedici sənədlər əksər məktəblərdə var.

Ölkənin şimal-qərb bölgəsindəki gürcü məktəbləri məzunlarının ümumi məzun sayından çıxarılmaması da göstəriciləri süni şəkildə aşağı salır. Axı onlar Gürcüstan ali məktəblərinə sənəd verirlər. Bəllidir ki, Gürcüstandakı Azərbaycan məktəblərinin məzunları Azərbaycanın ali məktəblərinə sənəd verirlər və bu say respublikamızın ali məktəblərinə sənəd verənlərin ümumi sayına daxildir. Lakin bu soydaşlarımızın göstəriciləri barədə statistika ümumiyyətlə aparılmır. İkincisi, təhsil işçilərinə məlumdur ki, ümumiləşmiş şəkildə götürdükdə, orta məktəbdə (bəzi məktəblərdə az, bəzi məktəblərdə çox ola bilər) təhsil alanlardan “2” və “5” qiymətlə oxuyanların sayı yarıdan az, “3” və “4” qiymətlə oxuyanların sayı isə yarıdan çox olur. Bu məntiqlə də orta məktəblərdə test üsulu ilə aparılan yoxlamalarda və buraxılış imtahanlarında tapşırıqların [0; 20) faizini düzgün cavablandıranlar “2”, [20; 50) faizini düzgün cavablandıranlar “3”, [50; 80) faizini düzgün cavablandıranlar “4”, [80; 100] faizini düzgün cavablandıranlar “5” qiymətlə qiymətləndirilirdi. Bəs bu meyar TQDK-da necədir? Tapşırıqlar üzrə maksimum (700) balın [0; 200)-nü, yəni 28,57%-ə qədərini toplayanlar “2”, [200; 300)-nü yəni [28,57; 42,86) faizini toplayanlar “3”, [300; 500)-nü yəni [42,86; 71,43) faizini toplayanlar “4”, [500; 700]-nü yəni [71,43; 100) faizini toplayanlar “5” qiymətlə qiymətləndirilir. Göründüyü kimi TQDK-ya məxsus olan bu meyarların və analogiyanın nə elmi, nə də məntiqi əsası yoxdur.

Diqqət edin, “2”-yə məxsus bal intervalının uzunluğu 28,57%, “3”-ə məxsus bal intervalının uzunluğu isə 14,29%-dir. Əslində yuxarıda göstərdiyimiz kimi, “3”-ün intervalı “2”-nin intervalından 1,5 dəfə böyük olmalıdır. Gördüyümüz kimi, məqsəd əslində “3” almış abituriyentlərin böyük bir hissəsini də “2” almış kimi təqdim etmək, beləliklə, abituriyentlərin hətta 60%-dən çoxunun “2” alması kimi absurd fikri xalqa təlqin etməklə Azərbaycan təhsilini gözdən salmaqdır. Bir ölkədə 2 fərqli qiymətləndirmə meyarı olanda attestat balı ilə qəbul imtahanı zamanı toplanan balı necə müqayisə etmək olar? Və bu “müqayisənin” nəticəsi olaraq qəbul prosesində attestat balının nəzərə alınmasının mümkünsüzlüyünü xalqa “sübut edər”. Çünki bu qurumun bu vaxta qədər gizli qalan “özünəməxsus” bir məntiqi var.

 

TQDK-nın ideoloji təxribatı

 

TQDK-nın Azərbaycan təhsilini gözdən salma kampaniyasına təhsil işçiləri heç zaman kəskin reaksiya verməyiblər. Bir müddət əvvəl TQDK sədri Məleykə Abbaszadə  Azərbaycan təhsilini gözdən salan daha bir açıqlama verdi. “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimat mərasimində TQDK sədri  Azərbaycanda 22332 nəfərin saxta diplomunun olması barədə açıqlama verdi. Bu mahiyyətcə təhsil sistemini bütövlükdə gözdən salmağa yönəlmiş əsassız bir ideoloji təxribat, dövlətin öz daxilindən xəbərsiz olmasına bir “işarə” idi. Doğrudur, təhsil nazirinin müavini Qulu Novruzov bu “açıqlama”nın tamamilə əsassız olduğunu bildirərək,  TQDK sədrinə tutarlı cavab verdi. Qəribədir, TQDK kimi məsul bir quruma rəhbərlik edən M.Abbaszadə  bilmir ki, saxta dövlət təhsil sənədinin (diplomun) verilməsində də, alınmasında da cinayət tərkibi var? Bu ittihamı səsləndirmək üçün onun əlində hansı məhkəmə qərarı var?

Dövlət qulluğuna qəbulla bağlı imtahan vermək istəyən  664 nəfərin TQDK tərəfindən keçirilən test imtahanlarında iştirak etmədiyini və magistraturaya sənəd verən 2917 nəfərin TQDK tərəfindən bakalavr pilləsinə keçirilən imtahanlar vasitəsilə ali məktəblərə qəbul olmadığını aşkarlayıblar. Görəsən, TQDK sədri diplomu tanınmış vətəndaşlar arasında ayrı-seçkilik salıb onların hüquqlarını pozmaq səlahiyyətini haradan alıb? Yada salaq ki, Sovetlər dönəmində qəbul imtahanında “2” alan şəxsin ali məktəbə qəbul edilməsi cinayət sayılırdı. Qəbul imtahanı aparılan bütün ölkələrdə bu, indi də belədir. TQDK-nın bir statistikasına nəzər salaq. 1995-1999-cu illərdə (uyğun olaraq 7, 12, 13, 11, 4) üst-üstə 47 ali məktəbə qəbul olan abituriyentlərin orta balı 200-dən aşağı idi, yəni qəbul imtahanlarında “2” almışdılar. “Saxta diplomlar” barədə aləmə car çəkən, süni ajiotaj yaradan  TQDK sədrinə bir sualımız var: Özünüzün qanunsuz olaraq tələbə kontingenti sıralarına qatdığınız on minlərlə insanın aldığı diplomları necə qiymətləndirirsiniz?

Abituriyent hazırlığının səviyyəsinin yüksəlməsi nəticəsində TQDK sədri 2003-cü ildən sonra belə neqativ hallara yol verə bilmədi və millətə “xidmətin” formasını dəyişdi. 2003-2011-ci illər ərzində qəbul imtahanlarında müsbət qiymət almış kifayət qədər hazırlıqlı abituriyentlər olduğu halda, üst-üstə 16680 (illər üzrə müvafiq olaraq 3347, 4192, 1022, 1812, 918, 617, 1021, 2037, 1714) plan yerini boş saxlamaqla bu qədər gəncin öz ölkəsində ali təhsil almaq hüququnu pozdu. Minlərlə gənci təhsil almaq üçün xarici ölkələrə didərgin saldı.

TQDK sədri hər il qəbul imtahanlarında abituriyentlərin 60%-dən çoxunun “2” almasını deməklə müəllimlərin utandırır, attestat ballarının şişirtmə olmasını iddia edir. Məleykə xanımın arşını ilə ölçdükdə  həqiqətən belədir. Hətta 2011-ci ildə bu rəqəm 62% olub. TQDK-nın bu məntiqi ilə attestat balı 4,5-dən aşağı olan bütün abituriyentlərin biliyi “2”-yə və “3”-ə layiqdir. TQDk sədrinin ittihamlarını komissiyanın öz statistikası təkzib edir.

2003-2011-ci illərdə attestat balı 4,5-ə çatmayan 13023, o cümlədən, attestat balı (3;4) intervalında olan 1505 abituriyent qəbul imtahanlarında “5” qiyməti “alıb”. Bu nəticələr qəbul imtahanlarının obyektivliyinə şübhə doğurur. Təkcə elə bu fakt kifayətdir ki, qəbul olunanların ali məktəblərə yerləşdirilmə funksiyası TQDK-dan götürülsün və əlavə müsahibə keçirməklə bu səlahiyyət ali məktəblərə verilsin. Axı qəbul olanların keyfiyyətli təhsil almasına TQDK yox, ali məktəblərin özləri məsuliyyət daşıyır.

 

Ən çox müştərisi olan repetitorlar TQDK-nın ekspertləridir

 

Məlum olduğu kimi, Azərbaycanda müstəqil testologiya institutu yoxdur. Testləri hazırlayan da, imtahan götürən də, yerləşdirmə aparan da TQDK-dır. Bu, dünyada analoqu olmayan bir praktikadır.  19 il “təcrübəsi” olan TQDK da bu gün də heç bir kriteriyaya əsaslanmadan testlərin ağırlıq dərəcəsini özü müəyyən edir. Təhsil sahəsini hallandırmaq lazım gəldikdə test tapşırıqlarını ağırlaşdırmaqla “təhsilin səviyyəsini aşağı sala bilirlər”. Son dərəcə ağır olan bu testlərin yaratdığı fəsadlarsa çox ağırdır və təhsilimizin gələcəyinə vurulan zərbədir.

 TQDK-nın bu əməlinin fəsadları ölkədə repetitorluğun geniş vüsət almasına şərait yaradır. Və maraqlıdır ki,  bu fəaliyyətin önündə TQDK-nın ekspertləri gedir. Onlar test bankına bələd olduqları üçün müştəriləri çox olur. Sirr deyil ki, bu gün istər Bakıda, istərsə də bölgələrdə ən çox müştəriyə sahib olan repetitor müəllimlər xalq arasında “bunker müəllimi” adı ilə tanınan TQDK ekspertləridir. Və valideynlərin də əksər hallarda öz övladlarını məhz onların yanına fərdi məşğələlərə göndərmələrinin gerçək səbəbi heç də həmin ekspertlərin müəyyən fəndən yüksək savada malik olması deyil. Səbəb məhz onların qapalı şəraitdə aparılan TQDK-nın qəbul imtahanları üçün sualların hazırlanması prosesində bilavasitə iştirak etmələri, həmin prosesdə qəbul üçün təklif olunan sonuncu yüz sualdan (qəbul imtahanının sualları məhz bu suallar arasından seçilir) bu və ya digər dərəcədə öncədən xəbərdar olmalarıdır. Ən yaxşı müəllimlər də məktəbdə çox az dərs yükü saxlamaqla əsasən repetitorluqla məşğul olurlar. Valideynlər və uşaqlar hesab edirlər ki, TQDK-nın test tapşırıqlarının öhdəsindən gəlmək üçün ən azı həftənin bir neçə gününü məktəbə getməmək, qəbul imtahanına düşməyən fənlərin öyrənilməsinə vaxt itirməmək və mütləq müəllim tutmaq lazımdır. Övladının ali məktəblərə daxil olmalarını istəyən valideynlər təbii olaraq bu yolu seçir, həmin repetitorlara üz tuturlar. Test tapşırıqlarının məhvedici ağırlığı məktəbin yuxarı siniflərində davamiyyəti pozur, tədrisin proqram üzrə aparılmasına imkan vermir, məktəb mühitinə dağıdıcı təsir göstərir. Uşaqların imtahana düşməyən fənlər üzrə elementar bilikləri belə almağa vaxtı qalmır. Bir sözlə, bütün qüvvələr ağır test imtahanı səddinin aşılmasına səfərbər edilir. Nəticədə uşağın psixoloji durumu o həddə çatır ki, qəbul olduqdan sonra ali məktəbdə normal təhsil alması da çətinləşir. TQDK rəhbərliyi nəzərə almır ki, test tapşırıqlarının ağırlığı  Beynəlxalq Uşaq Hüquqları Konvensiyasında və Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının qanununda təsbit olunmuş asudə vaxtdan səmərəli istifadə və istirahət hüququnu, fiziki, əqli, mənəvi inkişaf hüququnu pozur, yaradıcılıq qabiliyyətinin, estetik tərbiyənin inkişafına əngəl törədir, sağlamlığa ziyan vurur, bütövlükdə fərdin harmonik inkişafına imkan vermir. Qəbul imtahanında yüksək bal toplamaq istəyən uşağın dünyəvi və milli-mənəvi dəyərləri əxz etməyə, vətənpərvərlik məktəbi keçməyə vaxtı qalmır. TQDK-nın əməllərinin Azərbaycan təhsilini geri salan fəsadları barədə çox danışmaq olar.

 

Aydın

 

Olaylar.- 2012.- 28-30 aprel.- S.8-9.