“Professionallığın olmaması yerli
reklamlara marağı azaldır”
Əlövsət Allahverdiyev:
“Televiziyaların bugünki reklamları bir vətəndaş
kimi məni qane etmir”
Müsahibimiz
“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin rəhbəri Əlövsət
Allahverdiyevdir.
-Əlövsət müəllim, necə
düşünürsünüz,
bu gün Azərbaycanda reklam çəkmək ənənəsi
varmı?
- Əvvəla,
onu deyim ki, Azərbaycanda yerli reklam bazarı olduqca zəif
inkişaf edir. Qonşu ölkələrlə müqayisədə
Azərbaycanda reklamların qiyməti aşağıdır, təbii
ki, bu sifarişçilər üçün
faydalıdır, bundan yararlanmaq imkanları var. Xarici ölkələrdə
hər hansı reklamı yerləşdirmək
üçün bəzən 1 ay növbə gözləməli
olursan. Bu da onun keyfiyyətindən və sahibkarların
marağından irəli gəlir. Amma Azərbaycanda istənilən
vaxt, istənilən telekanalda, qəzet və jurnallarda reklamlar
yerləşdirmək mümkündür. Bir sözlə,
professionallığın olmaması yerli reklamlara
marağı azaldır, reklamın daha yaxşı
olmasını istəyən istehsalçı isə reklam
çarxının hazırlanması üçün xarici
ölkələrə üz tutur. Azərbaycanda reklam çəkilişinə
5000 manat xərcləməli olduğu halda xarici ölkədə
bu xərci 2-3 dəfə artıq çəkməli olur.
Yerli reklamlar da bu səbəbdən az olur.
-Bir çox hallarda xaricdən gələn
reklamların mətni öz
dilimizə çox bayağı,
primitiv, bəsit şəkildə çevrilir. Hətta
reklamların səsləndirilməsində də
yanlışlıqlara yol verilir.
Bununla bağlı nə deyə bilərsiniz?
-Bəli, ən
böyük problemlərdən biri xaricdən gələn
reklamın bizim dilə tərcüməsi zamanı baş
verir. Belə ki, əksər xarici şirkətlər Azərbaycan
televiziyalarında reklam yerləşdirəndə hazır
reklam çarxlarını təqdim edirlər və həmin
reklamlar tərcümə edilərək efirdə
yayımlanır. Qeyd etmək istərdim ki, belə
reklamların milli televiziyalara
uyğunlaşdırılması çox çətin və
məsuliyyətlidir. Dublyaj zamanı müəyyən
uyğunsuzluqlar olur ki, bu da reklamın təsir imkanını
azaldır. Xarici reklam mətninin Azərbaycan dilinə tərcüməsi
zamanı məsuliyyətli olmaq vacibdir.
-Siz Azərbaycan
telekanallarında yayımlanan reklamları professional baxımdan
səviyyəli, uğurlu hesab
edirsinizmi?
-Maraqlı
sualdır. Bu çox ciddi məsələdir. Hesab edirəm
ki, Azərbaycan telekanallarında yayımlanan reklamları
professional baxımdan səviyyəli etmək olar. İlk
növbədə reklam yayıcısı reklamın mahiyyətini
dərk etməli, onun milli dəyərlərə uyğun
olub-olmamasını müəyyən etməli, eyni zamanda
“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu bilməlidir.
Başa düşülməlidir ki, özəl telekanallar gəlir
əldə etməlidir ki, televiziyanı yaşatsın, onun
texniki imkanlarını genişləndirsin. Onu da yaddan
çıxarmaq olmaz ki, milli ucuz, milli dəyərlərə
və qanuna zidd olan veriliş və reklamlar televiziyalarda
yayımlanmamalıdır. Sözün əsl mənasında
bizim telekanallar professionallığın zirvəsinə
çatmaq üçün hələ çox
çalışmalıdır. Yetər ki, buna doğru hər
hansı addım atılsın.
-Sizcə reklam necə olmalıdır ki,
yaşından asılı olmayaraq tamaşaçı ona
baxan zaman kanalı dəyişməsin?
- Reklamın
baxımlı olması üçün ilk növbədə
reklam üçün tələb olunan şərtlərə əməl
olunmalıdır. Keyfiyyətsiz məhsulların təbliğ
olunması da reklam bazarını gözdən salır. Xarici
ölkələrdə insanlar reklam olunan məhsulların
keyfiyyətinə çox inanırlar. Hansı məhsul reklam
olunursa, ancaq ondan istifadə edirlər. Bu isə reklam
bazarının həm səviyyəsinin, həm də gəlirinin
artmasına şərait yaradır. Bizim reklam bazarında isə
daha çox keyfiyyətsiz məhsulların reklamına yer
verilir. Məhsulu aldıqdan sonra onun keyfiyyətsiz olduğunu
görən istehlakçının inamı azalır və
artıq reklam olunan məhsullardan istifadə etməyə elə
də üstünlük vermir". Reklam yanlış,
qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu,
yayılma yeri və üsulu baxımından qanunvericiliklə
nəzərdə tutulan tələbləri pozmağa xidmət
etməməlidir. Reklam fiziki və hüquqi şəxslər,
əmtəə, ideya və yeniliklər (reklam informasiyası)
haqqında maraq formalaşdırmaq və ya bu marağı
saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin
həyata keçirilməsinə kömək göstərmək
məqsədi ilə yayılan informasiyadır. Tək mən
yox hər kəs istəyir ki, ilk növbədə keyfiyyətli
məhsullar reklam olunsun. Televiziyalar bayağı, insanların
hissləri və əsəb sistemlərini pozan reklamları
yayımlamasın. Reklamlarda, dilimiz, mədəniyyətimiz,
milli-mənəvi dəyərlərimizə hörmətlə
yanaşılsın. Bu gün ictimaiyyət haqsız, qeyri-dəqiq,
vətəndaşları zorakılığa, təcavüzə
çağıran, çaşqınlıq yaradan, həmçinin
fiziki şəxslərin sağlamlığına və təhlükəsizliyinə
xələl gətirə bilən
reklamları görmək istəmirlər.
-Çox vaxt xarici telekanallarda
yayımlanan reklamlar keyfiyyət baxımından öz
reklamlarımıza nisbətən daha səviyyəli və uğurlu
olur. Ümumiyyətlə baxılmalı reklam necə
olmalıdır?
-Hər bir
şeyin müqayisəli təhlili təbii ki, inkişafa xidmət
edir. Türk və rus telekanalları ilə öz
telekanallarımızın reklam səviyyələrini
müqayisə edən zaman bir şeyi nəzərə
almalıyıq ki, bu televiziyaların sərbəst şəkildə
uzun bir yol keçmiş və kifayət qədər təcrübə
qazanaraq təkmilləşmişlər. Bunu onların
rejissorlarına, operatorlarına da aid etmək olar. Zamanla bizim
televiziyaların da o səviyyəyə çatmaq
şansı var. Əslində bu məsələdən daha
çox bizim telekanalların həmin televiziyaların
yayımladığı reklamların səviyyəsində
reklam hazırlamağa
çalışıb-çalışmamasını
müzakirə obyekti kimi görürəm. Şəxsən televiziyaların
bugünki səviyyəsi və reklamları bir vətəndaş
kimi məni qane etmir. Televiziya rəhbərləri ciddi
düşünməlidir ki, onların aparıcıları
ilk növbədə milli dəyərlərdən tutmuş,
intellektual səviyyəyə qədər nümunə
olmalıdır. Onlar ölkənin dəyərli elm xadimlərinin
və vətəndaşların tamaşa etdiyi proqramların
və reklamların aparıcılarını müəyyənləşdirirlər. Məsələn, hərdən
radioda hər hansı boya reklamını və ya radionun
özü haqqında reklamlar verilir. Bir gözəl bəstəkar
mahnısının sözləri mahnıdan
çıxarılır və həmin boyaya aid sözlər
populyar bir müğənninin ifasında səsləndirilir. Bu nə deməkdir? Axı bizim o
musiqilər və sənətçilər milli dəyərlərimizə
aiddir, biz onları ucuzlaşdırıb gözdən
salmamalı, adiləşdirməməliyik.
- Əlövsət müəllim, əsasən
teleserialların və canlı verilişlərin yayımı
zamanı tez-tez reklam çarxlarının verilməsi tamaşaçıları
narazı salır. Sizcə, bunu aradan qaldırmaq
mümkündürmü?
-Əlbəttə
mümkündür. Əvvəllər “Reklam haqqında” Azərbaycan
Respublikasının qüvvədə olan Qanununda bunlar konkret
tənzimlənirdi və hətta müəyyən verilişlər yayımlanan zaman
araya reklamların salınması qadağan olunmuşdu. Amma
sonradan Qanuna edilən dəyişikliklər zamanı bu
qadağa ləğv olundu. İndi bir verilişdə tələb
olunandan artıq reklamlar verirlər ki, bu da həm verilişi
maraqsız edir, həm də insanların əsəblərini
pozur. Yəqin ki, Milli Televiziya və Radio Şurasının
bu məsələlərlə bağlı konkret təklifləri
mövcuddur.
-Son dövrlər qadınlar,
xüsusən sənət nümayəndələri
arasında cərrahi və plastik əməliyyatlara tələbat
artıb. Televiziya kanallarında dəfələrlə
insanları estetik cərrahiyyələrə səsləyən, qadınları silikonlaşmağa,
plastikaya səfərbər edən
reklamlara münasibətiniz necədir?
- Belə
reklamlara münasibətim heç də yaxşı deyil. Belə
reklamların verilməsində məqsəd
aydınlaşmalıdır. Bu reklamın xanımlara və
ümumilikdə cəmiyyətə faydası nədən ibarətdir?
Onu da deyim ki, əgər hər hansı reklam “Reklam
haqqında” Azərbaycan Respublikasının Qanununa zidd deyilsə
biz istəsək də istəməsək də belə
reklamlar yayımlanacaq. İnsana görünüş təbii
olaraq verilir. Sonradan insan üzərində estetik cərrahiyyə
aparmağın tərəfində deyiləm. Belə reklamlar
sadəcə insan beynini mənfi istiqamətlərə yönəltməyə
xidmət edir.
- Televiziya kanallarında hər
gün yayımlanan müxtəlif
reklamlarda əcnəbi dilinin üstünlük təşkil
etməsi hər kəsə bəllidir. Bu hal xüsusən
uşaqların psixologiyasına mənfi təsir edir. Bunu nə ilə izah edərdiz?
- Şəhərimizə
baxın. Reklamların əksəriyyəti (bəlkə də
99 faizi) əcnəbi dildədir. Artıq insanların
psixologiyasında bir şey formalaşıb ki, hər hansı
bir xidmət mütləq ingilis, fransız və ya başqa dildə
olmalıdır, bu halda onun keyfiyyəti daha
yaxşıdır. Məsələn, Bakıda fəaliyyət
göstərən tədris kurslarının adlarına
baxsanız çoxunun adı ingilis dilindədir. Bir sözlə,
bu yolverilməzdir, dilimizə xələl gətirir.
-Reklamların səsləndirilməsində
də ciddi nöqsanlara yol verilir.
Rəhbərlik etdiyiniz Uğur” İB reklamlarla
bağlı hansısa araşdırma aparıbmı, öz
tövsiyyələrini müvafiq qurumlara veribmi?
-Yox, bu sahədə
hər hansı bir araşdırma aparmamışıq, nə
də müvafiq qurumlara təkliflər verməmişik. Amma
planlaşdırırıq ki, bu sahədə insanlar
arasında bir sorğu keçirilsin, sonra ona müvafiq olaraq
görüləcək işləri müəyyənləşdirilsin.
- Siz tez-tez xarici ölkələrə səfərlər edirsiniz. Ölkəmizlə
müqayisədə bu məsələdə xarici təcrübə
necədir?
- Xaricdə
qısa bir reklam çarxında daha çox şeylərdən
bəhs olunur. İstehsalçı həm vaxt qazanır, həm
də lazım olan hər şeyi reklamda yerləşdirə
bilir. Bununla yanaşı xarici ölkələrdə keyfiyyətli
məhsulların reklamı yayımlanır. Bizdə isə
çox keyfiyyətsiz məhsullar reklam olunduğundan heç
kəs bunu ciddi və reklamda göstərildiyi kimi qəbul
etmir. Çünki dəfələrlə inanıb, nəticədə
reklamdakının əksini görüb. Məncə bu ciddi məsələdir.
Bunları aradan qaldırmaq üçün keyfiyyətə
üstünlük verib vətəndaşın inamını
qazanmaq lazımdır. Bunun üçün xarici təcrübəni
əldə rəhbər tutmaq məqsədəuyğundur.
Nisə Rafiqqızı
Azərbaycan Respublikası Prezidenti
yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə ABUC-nin həyata
keçirdiyi “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama
münasibətinin öyrənilməsi” layihəsi çərçivəsində
çap olunur
Olaylar.- 2012.- 28-30 aprel.- S.13.