Səsin sehri

  

Bir səs vardı. İnsan qəlbinə son dərəcə sirayətedici təsirə malik bir səs. Bir səs vardı. Əzəməti, qüdrəti qarşısında heyrət oyadan  bir səs. İnsanın ruhuna hakim kəsilən bir səs. Bu səs Azərbaycan efir mədəniyyətinin, diktor məktəbinin yaradıcılarından biri olan Aydın Qaradağlının səsiydi. Onu eşidənlər yaxşı xatırlayırlar ki,  Aydın Qaradağlı səsi ilə böyük bir obraz yaratmaq qüdrətinə malik bir sənətkar idi. Bu həqiqəti anlamaq üçünsə o səsi eşitmək gərək idi. Mən Aydın müəllimin sirayətedici səsini on il orijinaldan dinləmək  şərəfinə nail olmuşam. O hər hansı bir veriliş mətni oxuyanda biz əfsunlanmış kimi studiyanın qarşısında donub qalardıq. Bayaq qeyd etdiyim kimi Aydın müəllim təkcə səsi ilə bütöv bir obraz yarada bilirdi. Buna misal olaraq C.Cabbarlının “Ana“ şeirini onun ifasında dinləmək kifayətdir. Ümumiyyətlə bu şeir Azərbaycan poeziyasında anaya həsr olunan şeirlərin bəlkə də zirvəsində dayanır desək yəqin ki, yanılmarıq. Aydın Qaradağlının ifasında bu şeiri dinləyərkən iki obraz gözlərimiz qarşısında canlanır. Ana və ona “itaətdə daim rahib olan” övlad. Tam mübaliğəsiz olaraq deyə bilərəm ki, Aydın müəllimdən başqa heç bir bədii qiraət ustası  o şeirdəki bu iki obrazı belə yüksək peşəkarlıqla canlandıra  bilməyib.

Aydın Qaradağlı hələ tələbə ikən Azərbaycan radiosuna dəvət olunanda diktor seçimində bir neçə amilə xüsusi diqqət yetirərdilər. Bu mənada ki, diktor ilk növbədə güclü səs diapazonuna, təmiz tələffüzə  malik olmalıydı. Diktor yalnız xəbər oxumaqla kifayətlənə bilməzdi. Çünki ondan həm hekayə, həm şeir, həm müxtəlif mövzulu məqalələr oxumaq, həm də yeri gələndə veriliş aparmaq da tələb olunardı. Amma çox az diktor var idi ki, bu keyfiyyətlərin hər birinə malik ola bilsin. Aydın Qaradağlı əvvəlcə o azlardan biri sonra isə birincisi oldu. Çünki onun səs keyfiyyətləri bütün radio proqramlarının tələblərinə cavab verirdi. Amma bir həqiqət də var ki, bu tələblər üçün yalnız səs də azlıq təşkil edirdi. Mikrofon qarşısında oturan şəxsin yüksək intellekti, zəngin mütaliəsi də olmalıydı. Oxuduğu mətni, şeiri, xəbəri hər nə varsa özü anlamayan diktor heç zaman onu dinləyiciyə çatdıra bilməz. O zamanın özündə belə mətnin tam təfərrüatını, ən başlıcası məntiqini anlayıb onu dinləyiciyə çatdıra bilən diktorları barmaqla saymaq olardı ki, Aydın Qaradağlı da onlardan biri idi. Aydın müəllim əvəzsiz diktor olmaqla bərabər həm də Radionun proqram siyasətinin gözəl bilicisi idi. Elə ona görə də bir müddət Proqram redaksiyasında baş redaktor vəzifəsində çalışıb. Aydın Qaradağlı istər diktor kollektivi, istərsə də bütövlükdə Radionun yaradıcı heyyəti arasında böyük nüfuz sahibi idi. O zaman Radionun diktor kollektivi çox  ərköyün idi. Bu mənada ki, deyən, gülən, zarafatcıl, bir sözlə səsli – küylü bir kollektiv idi. Amma Aydın müəllimin diktor otağına gəlişi ilə abu- hava dərhal dəyişərdi. Hər kəs necə deyərlər bir az özünü, sözünü el təbirincə desək yığışdırardı. Zarafatında ehtiyatlı olardı. Aydın müəllim özü nə dərəcə də məsuliyyətli idisə ətrafdakılara qarşı da bir o qədər tələbkar idi. Aydın Qaradağlı bir qayda olaraq yaradıcı heyyətin hər bir üzvünə son dərəcə ehtiramla yanaşardı. Hətta yaşından asılı olmayaraq redaktorlara  müəllim, müəllimə deyərək müraciət edərdi. Bu müraciət də sanki qarşısındakının məsuliyyətini  birə - beş artırardı. Bu da təsadüfi deyildi. Aydın Qaradağlı özü müəllim ailəsinin yetirməsi idi. O böyük pedaqoq, dövrünün maarifpərvər ziyalılarından biri olan Həsənəli xan Qaradağinin nəvəsi idi. Məlumat üçün bildirim ki, Həsənəli xan Qaradaği 1850-ci ildə Şuşada anadan olub. Orada fəaliyyət göstərən qəza məktəbini bitirib. Ərəb və fars dillərinə mükəmməl yiyələnib. Şərqin görkəmli klassiklərinin yaradıcılığı ilə yaxından tanış olub. Özü də onların təsiri ilə bədii ədəbiyyatla məşğul olub. Məsələn, onun “Fələyin bir belə dövrü olacaqmış, nə bilim” misrası ilə başlanan qəzəli uzun illər xanəndələrin repertuarında olub. Elə bu gün də bu qəzəl müxtəlif muğamlar üstündə oxunur. Həsənəli Xan Qaradaği Şuşada ilk yeni üsullu məktəb yaradan ziyalılardan biri olub. İş elə gətirir ki, 1880-ci ildə Qori seminariyasının Azərbaycan şöbəsinin müdiri A.O.Çernyayevski azərbaycanlı ziyalıları ana dilində dərslik tərtib etməyə çağırır. O ziyalılardan biri də Xan Qaradaği olur. Bu dərsliyə onun Krılovdan etdiyi tərcümələrlə  bərabər öz şeirləri də daxil edilir. Bunları xatırlatmaqda məqsədim odur ki, Aydın Qaradağlı belə bir nəslin davamçısı olduğundandır ki, səs və söz sənətinin vəhdətini yaradıb onu zirvələrə qaldıra bildi. Bayaq qeyd etdim ki, Aydın müəllim istər cavan, istərsə də  də yaşlı redaktorlara çox ehtiramla yanaşardı. Amma vay o gündən ki, onların gətirdiyi veriliş mətnlərində hər hansı bir qrammatik və üslub səhvi olaydı. Elə bilməyin ki, o dərhal əsəbiləşərdi. Kimisə təhqir edərdi, acılayardı. Xeyr. Sadəcə olaraq  iri eynəyinin üstündən mənalı bir tərzdə baxıb sual edərdi. O sual da necə deyərlər adamın yeddi qatından keçərdi. Aydın Qaradağlının ifasında bir “İşıq” hekayəsi var. Onun ifasında bu hekayə o qədər canlı alınıb ki. sanki bir radio tamaşadır.

Aydın Qaradağlı sənətinə xas olan xüsusiyyətlərdən biri də bu idi ki, o mikrofon önündə sünilikdən tam uzaq idi. Düzdür hər bir diktor ifasında müəyyən qədər aktyorluq çalarları var. Amma bu da hər hansı bir hədd çərçivəsində ola bilər. Bir qədər artıq olarsa dinləyici ilə ünsiyyət yarada bilməz. Başqa sözlə desək onu dediyinə, oxuduğuna inandıra bilməz. Qaradağlının və bu qəbil sənətkarların yaratdıqları  məktəb ilk növbədə dinləyici inamını qazanmağı tövsiyə edirdi. O zamanın özündə belə, bəzi diktorlar var idi ki, səslərini min bir tərzdə dəyişməyə, kimləri isə təqlid etməyə çalışırdılar. Amma Aydın Qaradağlı mikrofon qarşısında büsbütün özü idi. Səsi min bir səsin içindən həm seçilərdi, həm də sevilərdi. Azərbaycan dilinin bütün məziyyətlərini ifadə etmək qüdrətinə malik idi bu səs.

Aydın Qaradağlı sənətkarlığının məziyyətlərindən biri də bu idi ki, o qeyri –adi səsə malik olmaqla bərabər həm də sözə son dərəcə həssas idi. Yerində olmayan hər hansı bir söz dərhal onun diqqətini cəlb edirdi. Bəzi məqamlarda mətnlərdəki  bu və ya digər bir sözü daha dəqiq bir ifadə ilə əvəz etməyi məqsədə uyğun sayırdı.  İndi çoxlarının qulağında Qaradağlının səsi ilə bu sözlər eşidilir. “Azərbaycan Radiosu ilə verilişlərimiz davam edir. Bakı vaxtı ilə saat..”

Bu nöqtələrin yerinə hansı rəqəmləri istəsək yaza bilərik. Azərbaycan Radiosunun  studiyasında o saat bu gün var. O saatın əqrəbləri yenə irəliyə, hey irəliyə işləyir. Təəssüf ki, onları geri qaytarmaq  mümkün deyil.

Avqustun 20-si bəlkə çoxları üçün  ilk baxışdan adi bir gündür. Amma Azərbaycan Radio məktəbi, Azərbaycan mədəniyyəti üçün adi bir gün deyil. Çünki bu gün efir mədəniyyətinin bünövrəsini qoyan ustad sənətkarlardan biri olan Aydın Qaradağlının anadan olduğu gündür.

Bu gün Aydın Qaradağlı deyəndə sənət məbədi düşür yada. Qaradağlı deyəndə onun qoyub getdiyi səs xəzinəsi düşür yada. Bir Aydın Qaradağlı deyəndə onun həm ömür gün yoldaşı,  həm sənətdə həmkarı olan Gültəkin Cabbarlı düşür yada. Eşidənlər bilir ki, Gültəkin xanım da bənzərsiz  məxməri səsə, gözəl tələffüzə malik idi. Vaxt var idi dinləyicilər saatbasaat bu səsin həsrətindəydilər. Bu gün isə o səsin nisgilini  yaşayırlar.

İnsanlar  üçün bir mənəvi borc anlayışı var. Təbiidir ki, onun əhatə dairəsi genişdir, çox geniş. Mən bu gün efir mədəniyyətimizin yaradıcılarından biri olan Aydın Qaradağlıdan söhbət açmağı özümə bir borc bildim. Azərbaycanın efir məkanında çalışanlara isə onun qoyub getdiyi ənənələri yaşatmağı arzu edirəm.

            

                                                              

Zərxanım    Əhmədli   

 

Olaylar.- 2012.- 23 avqust.- S.6.