Cəmil
Quliyev: “Kino sahəsində
nə qədər çox təşkilat
olsa, kinomuzun xeyrinədir” –
“Naməlum şəxslər mənə
hədə-qorxu gəlirlər, lazım olsa,
hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm”
Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının
icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya
müsahibəsi
- Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı ətrafında
söz-söhbətlər və narazılıqlar bitmək
bilmir. Bu, nə qədər davam edə bilər?
- Hesab edirəm
ki, kino sahəsində nə qədər çox təşkilat
olsa, kinomuzun xeyrinədir. Yeni yaranmış Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan
kinosuna öz töhfələrini verə biləcək bir təşkilatdır.
Son iki ay ərzində ittifaqa insanlar könüllü olaraq
müraciət edib üzv qəbul olunublar. Bunlar kino sahəsində
çalışan insanlardır, onların arasında
veteranlar, eyni zamanda gənclər də var. Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının rəhbərliyi
zor tətbiq etməklə, yaxud hədə-qorxu ilə
heç kimi ittifaqın üzvlüyünə qəbul etməyib.
Bu bizim ətrafımızda yayılan müəyyən
şayiələrdir, bu şayiələr müəyyən
insanlara sərf edir ki, bizim təşkilatı nüfuzdan
salsınlar, təşkilatımızın ətrafında
qalmaqal yaratsınlar. Son iki həftə ərzində
ünvanıma kifayət qədər təhqiramiz sözlər
söylənilib, müxtəlif mətbuat orqanları tərəfindən
təhqir olunmuşam. Bunu normal qəbul edirəm və hesab
edirəm ki, insanlar kino sahəsində heç bir fəaliyyətlə
məşğul ola bilməyəndə təhqirə
keçir, suçlamalara başlayırlar. Məni təhqir
etməkdənsə, kino sahəsində xeyirli işlər
görmək lazımdır. Bizim təşkilat bu işlərlə
məşğul olur, biz fəaliyyətimizi davam edirik.
Ünvanımıza söylənilən bütün şayiələr,
bütün sözlər, fikirlər bir daha sübut edir ki, bu
ittifaq nəsə edir və bu ittifaqa qarşı mübarizə
aparmaq lazımdır. Və bunu da müəyyən insanlar açıq-aşkar
edirlər...
- Bu cür qalmaqalların hökm
sürdüyü bir vəziyyətdə kino sahəsinin, eyni
zamanda qurumların inkişafından, gələcək fəaliyyətindən
danışmaq olarmı?
- Bizim təşkilat
hazırda bir neçə layihə üzərində işləyir.
Bu layihələr gerçəkləşdikdə tamaşaçılar
və oxucular bunu görəcəklər. O ki qaldı bizim ətrafımızda
aparılan söz-söhbətlərə, bunların
hamısı ona görə olur ki, həm müəyyən qədər
fiziki imkanlarımızı zəiflətsinlər, həm də
qanımızı qaraltsınlar. Amma biz yolumuzdan dönməyəcəyik.
Mənim haqqımda istədikləri qədər pis şeylər
yazsınlar. Onsuz da həm Azərbaycanda, həm də xaricdə
əsl kinematoqrafçılar məni kifayət qədər
tanıyırlar. Mənim xaricdə dostlarım çoxdur və
orada da mən Azərbaycan kinosuna xidmət edirəm.
- Uzun illər Rasim Balayevlə eyni qurumda
fəaliyyət göstərmisiniz, çiyin-çiyinə
çalışmısınız. Bu gün isə
aranızda qarşılıqlı ittihamlar var...
- Rasim
Balayevlə heç bir düşmənçilik, şəxsi-qərəzlik
işləri aparmağa həvəsim yoxdur. Sadəcə, hər
bir tərəf bir-birinin mövqeyinə hörmətlə
yanaşmalıdır. O ki qaldı onun mənim ünvanıma
dediyi fikirlərə, onu qoy oxucular ayırd etsin, kim ona
inanır inansın, kim inanmır inanmasın. Mən ona
başqa heç bir söz deməyəcəyəm. Öz fəaliyyətimi
yalnız işlə göstərəcəyəm. Onunla uzun
illər birgə işləmişik və mən aramızda
olan hörməti itirmək istəmirəm.
- Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqının neçə
üzvü var? Onlardan neçəsi Azərbaycan
Kinematoqrafçılar İttifaqından gələnlərdir?
- Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqına Azərbaycan
Kinematoqrafçılar İttifaqından 72 nəfər şəxs
keçib. İttifaqımızın üzvləri kifayət
qədər çoxdur və bu proses gedir. Sentyabrın sonunda
rəsmi olaraq üzvlərimizin sayını
açıqlayacağıq və bütün yenilikləri
deyəcəyik. Bilirsiniz, mən müəyyən
insanların adlarını çəkmək istəmirəm,
çünki o dəqiqə onlara zənglər olunur, təhqir
edirlər, min söz deyirlər. Biz işimizi açıq və
şəffaf şəkildə aparırıq, mətbuat vasitəsilə
işıqlandırırıq. Bizim 200-dən çox
üzvümüz var və gücümüz artmaqdadır.
- Bir neçə gün bundan əvvəl
qurumunuza daxil olan üzvlərdən birinin siyahıda
adının yanlış yazılması da böyük səs-küyə
səbəb oldu.
- Şəxsən
mənim adımı da mətbuatda bəzən səhv
yazıblar. Bu, texniki, kompüter səhvidir. Həmin faktla
bağlı mətbuat bizə müraciət etdi və
cavablandırdıq. Bəli, bu, Nazim Yüzbaşov deyil, o, 15
il əvvəl dünyasını dəyişib, bu şəxs
Rafiq Yüzbaşovdur. Bu adın ətrafında bu qədər
qalmaqal yaratmağa dəyərmi? Bunu bizi hörmətdən
salmaq üçün edirlər. Bizi biabır etmək istəyirdilər,
amma heç nə alınmadı. Rafiq Yüzbaşov Azərbaycan
elmi-kütləvi kinosunun inkişafında önəmli yeri
olan, filmləri mükafatlara layiq görülmüş,
öz sahəsində tanınmış insandır. Rafiq
müəllim 10 ildən artıqdır ki, xəstədir.
Dediyinə görə, o ittifaqdan heç kim onunla maraqlanmayıb.
Dünən də o insanı qəzet səhifəsində təhqir
etdilər. Hansı ittifaqın üzvünü biz təhqir
etmişik? Amma biz öz ünvanımıza kifayət qədər
sözlər eşitmişik. Qoy oxucular kimin kim olduğunu
ayırd etsinlər. Mən heç nə demək istəmirəm.
Biz öz işimizi davam etdirəcəyik, fəaliyyətimizi
göstərəcəyik. Yəqin ki, bu
çıxışımdan sonra mənim ünvanıma yenə
də ardı-arası kəsilməyən təhqirlər,
müxtəlif ifadələr, hədə-qorxular olacaq. Bir tərəfdən
yazılır ki, “Cəmil Quliyev insanları qorxudur, işdən
çıxartdırır”. Mənim elə bir səlahiyyətim
yoxdur ki, kinostudiyanın, televiziyanın işçisini
işdən çıxartdırım. Boş söhbətlərdir.
Biz heç kimi qorxutmuruq, əksinə, o ittifaqdan bizim təşkilata
üzv olmaq istəyən insanlara bir daha fikirləşmələrini,
götür-qoy etmələrini məsləhət bilirik.
İstəmirik ki, sabah “bizi bura zorla gətirdilər” desinlər.
Məndə olan məlumata görə, Azərbaycan
Kinematoqrafçılar İttifaqının üzvləri
onların rəhbərliyi tərəfindən bir-bir dəvət
olunur, onlarla söhbət aparırlar. Onlara qarşı yeni
ittifaq tərəfindən təzyiq göstərilib-göstərilmədiyi
soruşulur. Bizim ittifaqın ətrafında detektiv ssenari
hazırlamaq istəyirlər.
- Sizə təzyiqlərin hansı
formada olduğunu açıqlaya bilərsinizmi?
- Mənə
telefon zəngləri olunub, məni təhqir ediblər,
müxtəlif hədə-qorxu gəliblər. Adlarını
bilmirəm, naməlum telefonlardan iş telefonuma da zənglər
olunub. Müəyyən insanlar çalışırlar ki, mənim
ətrafımda bu cür xoşagəlməz vəziyyət
yaransın. Əfsuslar olsun ki, bunun kimlər tərəfindən
olunduğunu bilmirəm, amma lazım olsa, hüquq-mühafizə
orqanlarına müraciət edəcəyəm. Məni
heç nə qorxutmur. Bu, mənim mövqeyimdir. Azərbaycan
Kinematoqrafçılar İttifaqının işindən
narazı olmuşam, ona görə də oranı tərk
etmişəm. İttifaq yeni yaradılıb və biz Azərbaycan
kinosuna xidmət edirik. Bu gün bizim sıralarımızda
olan insanlar bizə inanırlar və bizə dəstək
olmağa çalışırlar. Bizə dəstək olan
insanların sayı kifayət qədərdir. Sadəcə,
bizə işləməyə imkan versinlər. Bu təzyiqlər
heç nəyə mane ola bilməyəcək.
Olaylar.- 2012.- 30 avqust.- S.6.