Azərbaycan diasporu Danimarkada ölkəmizi
layiqincə təmsil edir
Səfər Sadiqi: ”Vətən”
Cəmiyyəti tərəfindən keçirilən
bütün tədbirlərdə bu ölkə ictimaiyyətinə
Azərbaycanın ərazisinin işğalına, azərbaycanlıların
zaman-zaman öz doğma torpaqlarından qovulmasına aid
kitablar, broşürlər və sənədli filmlər
nümayiş etdirilir”
”Çalışırıq ki, tək
Avropada deyil, bütün dünyada olan Azərbaycan cəmiyyətləri
ilə əlaqələrimiz olsun”
Xocalı soyqırımının 20-ci
ildönümü ilə bağlı dünyanın bir
sıra ölkələrində olduğu kimi Danimarkada da
anım tədbirlərinin keçirilməsi nəzərdə
tutulub. Bu barədə məlumat verən bu ölkədəki ”Vətən” Cəmiyyətinin
sədri Sadiq Səfəri rəhbərlik etdiyi qurumun yaxın
vaxtlarda həyata keçirəcəyi digər tədbirlər
barədə də danışıb. ”OLAYLAR”-a verdiyi müsahibədə
Sadiq Səfəri Dünya Azərbaycanlılarının III Qurultayında
qəbul edilən qərarların icrası istiqamətində
”Vətən” Cəmiyyətinin fəaliyyət göstərdiyi
ölkədə gördüyü işlər barədə də
məlumat verib.
-Səfər müəllim, Dünya Azərbaycanlılarının
III qurultayında qəbul edilən qərarların icrası
istiqamətində “Vətən” Cəmiyyəti olaraq hansı
addımlar atır və tədbirlər həyata keçirməyi
düşünürsünüz?
- Əvvəlcə
onu qeyd edim ki, Dünya Azərbaycanlılarının III
Qurultayı Azərbaycan diasporasının həyatında
mühüm əhəmiyyət daşıyan hadisələrdən
biri idi. Bu qurultay bir növ əvvəlki iki qurultaydan sonra bu
sahədə görülən işlər, həyata
keçirilən tədbirlərin hesabatı xarakteri
daşıyırdı. Dünya Azərbaycanlılarının
III Qurultayını Azərbaycan diasporasının həyatında
yeni bir mərhələnin başlanğıcı kimi də
qeyd etmək olar. Dünya Azərbaycanlılarının
III Qurultayında dövlət başçısının
qeyd etdiyi kimi əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların
Vətənlə əlaqələrinin möhkəmləndirilməsi,
dünya azərbaycanlıları arasinda birliyin və həmrəyliyin
təmin olunması, cəmiyyət və birliklərin fəaliyyətinin
gücləndirilməsi, səfirliklərlə bir komanda kimi
işləmək, bütün gücləri səfərbər
edib bir istiqamətə yönəltmək idi. Bütün
bunlar Azərbaycan diasporasının güclü fəaliyyəti
üçün bir təkandır. ”Vətən” Cəmiyyətinin
Danimarkada fəaliyyət göstərən Azəri Türk
Qadınlar Birliyi”, İsveçdən “Xəzər“ Cəmiyyəti,
Küveytdən “Vətənsevər“ Cəmiyyəti və bir
çox başqa cəmiyyətlərlə sıx əlaqələri
var. Əsas fəaliyyətimiz ondan ibarətdir ki,
yaşadığımız ölkədə Azərbaycanı
layiqincə təmsil edək, ölkəmizin tarixi, mədəniyyəti,
adət-ənənələrini, ən əsası isə
üzləşdiyimiz problemlər, xüsusilə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini, ermənilərin
Azərbaycana qarşı həyata keçirdikləri
deportasiya və soyqırım siyasətini Danimarka ictimaiyyətinə,
beynəlxalq aləmə çatdıra bilək.
Sadaladığım istiqamətlərdə ”Vətən”
Cəmiyyəti olaraq bu müddət ərzində bir çox
layihələr keçirib, tədbirlər təşkil
etmişik. Bir müddət əvvəl cəmiyyətimiz
tərəfindən Azərbaycanın görkəmli
yazıçısı Hüseynbala Mirələmovun həyat
və yaradıcılığına aid ədəbi bədii
gecə təşkil olundu. Bu cür tədbirlər həm
Kopenhagen şəhərində, həm də “Xəzər“ Cəmiyyətinin təşkilatçılığı
ilə İsveçin Malmo şəhərində
keçirildi. Bundan başqa ”Vətən”
Cəmiyyəti Diasporla İş üzrə Dövlət
Komitəsi və Böyük Britaniyada fəaliyyət göstərən
Azərbaycan səfirliyi ilə birgə tədbirlər
keçirir. Həmin tədbirlər zamanı
iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti,
ərazisinin işğalı, iqtisadiyyatının yüksəlişi
haqqında kitablar, broşürlər, və sənədli
filmlər təqdim olunur. Bu məqsədlə
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən
daima zəruri əyani vəsaitlərlə təmin olunuruq.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyi
tərəfindən isə cəmiyyətimizə Azərbaycanın
milli paltarları verilib. Bütün bunlar
Azərbaycanın danimarkalılara və başqa millətlərə
tanıdılmasında yüksək nəticə əldə
etməyimizə zəmin yaradır. Çalışırıq
ki, tək Avropada deyil, bütün dünyada olan Azərbaycan
cəmiyyətləri ilə əlaqələrimiz olsun.
-2012-ci ildə ”Vətən”
Cəmiyyəti olaraq qarşınıza qoyduğunuz əsas hədəflər
nədən ibarətdir?
-Cəmiyyətimiz
2012-ci ildə iki mühüm layihə həyata kecirməyi
qarşısına məqsəd qoyub. Birinci
layihə çərçivəsində Danimarkanı Avropa
Parlamentində təmsil edən deputatlardan ibarət
işçi qrupu təşkil edib onları Azərbaycana dəvət
etmək nəzərdə tutulub. Həmin
layihənin başlıca məqsədi odur ki, danimarkalı
parlamentarilər Azərbaycana gələrək Azərbaycan
torpaqlarının işğalı, bir milyona yaxın
qaçqın və məcburi köçkünün öz
doğma torpaqlarından qovulmasını öz gözləri
ilə görsünlər. Həmçinin
Azərbaycanın tarixini və mədəniyyətini onlara
nümayiş etdirib, Azərbaycan tarixinin və mədəniyyətinin
min illərə dayandığını sübut edək.
Nəhayət gələcəkdə həmin
işçi qrupu tərəfindən Azərbaycan
torpaqlarının işğalı barədə məsələni
Danimarka Parlamentində müzakirəyə çıxaraq.
İkinci layihəyə isə Danimarkada Türk
dilli cəmiyyətlərin birliyinin yaradılması daxildir.
Artıq cəmiyyət olaraq keçirdiyimiz tədbirlərimizdə
türk, uyğur və türkmən cəmiyyətləri də
iştirak edir. Hazırda ”Türk
dilli cəmiyyətlərin birlik qurultayını” təşkil
etməyi qarşımıza məqsəd qoymuşuq və bu
istiqamətdə iş aparırıq. Aprel ayında isə Danimarkada ”Azərbaycan bu gün” adlı konfrans
təşkil edəcəyik. Bu məqsədlə
yaradılmış təşkilat komitəsi də artıq
öz işinə başlayıb.
-Ümumiyyətlə, Danimarkada Azərbaycan
diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz və
erməni diasporası ilə müqayisədə
diasporamızın fəaliyyətini qəneedici saymaq
olarmı?
-Azərbaycan
diasporu Danimarkada ölkəmizi layiqincə təmsil edir. Bunu keçirdiyimiz bir sıra tədbirlərlə də
təsdiqləmək olar. Ötən il Kopenhagenin ən
böyük meydanı sayılan ”Rod
husplads”da Respublika Günü ilə bağlı böyük
bir tədbir keçirildi. Həmin tədbirin təşkilində
” Vətən ” Cəmiyyəti ilə yanaşı Arhus
şəhərində fəaliyyət göstərən
”Dostluq” Cəmiyyəti, ” Danimarkada Azəri Türk Qadınlar
Birliyi” İsveçin Malmo şəhərindən gəlmiş
”Xəzər” Cəmiyyəti iştirak edirdi. Tədbirin
konsert proqramı hissəsində Azərbaycan dövlət rəqs
qrupu və Azərbaycanın əməkdar artisti Azərin
xanım iştirak edirdi. Tədbir
Böyük Britaniyadakı Azərbaycan səfirliyinin dəstəyi
və səfir Fəxrəddin Qurbanovun bilavasitə
iştirakı ilə baş tutdu. Tədbir
zamanı meydanda hər hansı təxribatın olmaması
üçün türk cəmiyyətindən yardım
almışdıq. Tədbir zamanı
danimarkalılara və şəhərin qonaqlarına Qarabağa,
Azərbaycanın tarixinə aid kitablar, broşürlər və
Azərbaycan şirniyyatları təqdim olundu. Çox yüksək şəkildə baş tutan tədbiri
ermənilər ancaq kənardan muşayət etməklə
kifayətləndilər. Bu da
öz-özlüyündə Danimarkada Azərbaycan diasporunun
güclü olduğunun göstəricisidir. Cəmiyyətimizin fəaliyyəti səfirimiz Fəxrəddin
Qurbanov və Diasporla İş üzrə Dövlət Komitəsi
tərəfindən yüksək qiymətləndirilib. Amma biz bununla arxayınlaşmırıq. Çünki cəmiyyətimizin
qarşısında görüləcək çox işlər
var. Ermənilərin cəmiyyətləri barədə
heç nə deyə bilmərəm. Onların
meydanlarda, kücələrdə tədbir kecirdiklərin
görməmişik və eşitməmişik. Hesab edirəm ki, düşməni zəif saymaq,
uduzmaq deməkdir.
-Cəmiyyət olaraq Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin
zaman-zaman azərbaycanlılara qarşı həyata
keçirdikləri deportasiya və soyqırım siyasətini
bu ölkə ictimaiyyətinə tam mənada çatdıra
bilmisinizmi?
- Danimarkadakı ”Vətən” Cəmiyyəti tərəfindən
kecirilən bütün tədbirlərdə bu ölkə
ictimaiyyətinə Azərbaycanın ərazisinin
işğalına, azərbaycanlıların zaman-zaman öz
doğma torpaqlarından qovulmasına aid kitablar, broşürlər
və sənədli filmlər nümayiş etdirilir. Cəmiyyətimiz tərəfindən Kopenhagen
kitabxanalarına 20 Yanvar, Xocali, 31 mart azərbaycanlıların
soyqrımına aid kitabların geniş oxucu kütləsinə
çatdırılması ücün müntəzəm
olaraq paylanır.
-Rəhbərlik etdiyiniz cəmiyyət
Danimarka ilə Azərbaycan arasında müxtəlif sahələrdə
əlaqələrin inkişaf etdirilməsinə töhfə
vermək üçün əlavə hansı layihələr
keçirməyi nəzərdə tutur?
-Bizim ailədən
mən və qızım Mehriban Əliyeva Danimarka Sosial
Demokrat Partiyasının üzvləriyik. Sevindirici
haldır ki, bu ölkədə keçirilən sonuncu
seçkilərdə Sosial Demokrat Partiyası qalib gəldi.
Bu qələbənin qazanılmasında az da olsa bizim ailənin,
azərbaycanlıların zəhməti var. Sosial Demokrat
Partiyasının nümayəndələrinin seçki təbliğatı
zamanı mən və qızım Mehriban Əliyeva fürsətdən
istifadə edərək seçicilərə Azərbaycan barədə,
torpaqlarımızın ermənilər tərəfindən
işğalı haqqında məlumat verirdik. Partiyanın
toplantıları zamanı da Mehriban Əliyeva hər zaman Azərbaycan
haqqında, azərbaycanlıların sülhsevər xalq olduğu
barədə, eləcə də Bakının Eurovisiona
yüksək səviyyədə hazırlaşması ilə
bağlı ətraflı məlumat verir. Gələcək
tədbirlərimizdə Sosial Demokrat Partiyasının
nümayəndələrinin də iştirakı nəzərdə
tutulub. Cəmiyyətimiz Azərbaycana
maraqların artması və turizmin inkişafı ilə əlaqədar
bəzi maraqlı layihələri həyata keçirməyi nəzərdə
tutub.
-Səfər bəy, qarşıdan 26
fevral-Xocalı faciəsinin 20-ci ildönümü gəlir. “Vətən” Cəmiyyəti faciənin 20 illiyi ilə
bağlı bu ölkədə hansı tədbirlər
keçirməyi nəzərdə tutub?
-Xocalı soyqrımı
Azərbaycan tarixinə ən kədərli, qanlı bir
gün kimi yazılıb. Bununla bağlı
fevralın 25-də Kopenhagendə tədbirimiz olacaq. Bununla bağlı yaradılmış təşkilat
komitəsi artıq öz işinə başlayıb. Tədbirdə
Kopenhagen Universitetinin professoru Karl Erik Fredeskov, Beynəlxalq
siyasətçi, politoloq Vetslav Kicilenko, danimarkalılarla yanaşı,
türk, çeçen, uyğur və türkmən cəmiyyətlərinin
nümayəndələrinin də iştirakı nəzərdə
tutulub. Tədbir iştirakçılarına
Xocalı soyqrımına aid kitablar, broşürlər və
sənədli filmlər nümayiş etdiriləcək. Kopenhagenin mərkəzi küçələrində
danimarkalılara, eləcə də bu şəhərin
qonaqlarına Xocalı soyqırımına aid broşürlər
və vərəqələr paylanacaq.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 1 fevral.-
S.15.