Qarşıya
qoyulan hədəf Azərbaycanın
haqlı mövqeyini Avropa
ictimaiyyətinə çatdırmaqdır
Ağahüseyn Babayev: “Saksoniya parlamentinə Xocalı
soyqırımına siyasi qiymət verilməsi ilə əlaqədar
məktub göndəriləcək”
Dünyanın əksər ölkələrində
olduğu kimi Almaniyada da Azərbaycan diasporu öz fəallığı
ilə seçilir. Bu ölkədə fəaliyyət göstərən
onlarla Azərbaycan cəmiyyəti, birlik və təşkilatları
ölkəmizin haqq işi, Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ probleminin alman ictimaiyyətinə
çatdırılması istiqamətində səmərəli
fəaliyyət göstərir, bu işə öz töhfəsini
verir. Belə təşkilatlardan biri də Almaniyada fəaliyyət
göstərən “Alm.Az” Cəmiyyətidir. Cəmiyyətin sədri
Ağahüseyn Babayev “OLAYLAR”-a verdiyi müsahibədə
sözügedən ölkədə Azərbaycan diasporunun vəziyyəti,
Azərbaycan həqiqətlərinin alman ictimaiyyətinə
çatdırılması istiqamətində rəhbərlik
etdiyi qurumun gördüyü işlər, eləcə də
Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində
“Alm.Az” Cəmiyyətinin keçirəcəyi tədbirlər
barədə məlumat verib.
-Ağahüseyn müəllim, keçən
ilin yayında Bakıda Dünya Azərbaycanlılarının
üçüncü qurultayı keçirildi. Qurultay Azərbaycan
diasporunda nə ilə yadda qaldı və Dünya Azərbaycanlılarının
III qurultayından keçən dövr ərzində “Alm.Az” Cəmiyyəti
olaraq qurultayda qəbul edilən qərarların icrası
istiqamətində rəhbərlik etdiyiniz cəmiyyət
hansı addımlar atıb? Qarşıdakı zaman ərzində
cəmiyyət olaraq nə kimi tədbirlər həyata
keçirməyi nəzərdə tutmusunuz?
-Dünya
Azərbaycanlılarının üçüncü
Qurultayı Azərbaycan diasporasının həyatında
mühüm hadisələrdən biridir. Bu qurultaylar diaspora fəaliyyətinin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması, yeni hədəf və strategiyaların müəyyənləşdirilməsi,
ən əsası isə diaspora ilə Azərbaycan dövləti
arasında bağlılığın artmasına müsbət
təsir göstərir. Dünya Azərbaycanlılarının
üçüncü Qurultayında qəbul edilən qərarların
icrası istiqamətində Almaniyanın Drezden şəhərində
fəaliyyət göstərən „Alm.Az“ Drezden Cəmiyyəti
bir sıra tədbirlər həyata keçirib. Bunların hər
biri Azərbaycan həqiqətlərini, respublikamızın həyatında
bütün sahələrdə baş verən yenilikləri
alman ictimaiyyətinə çatdırmağa xidmət edib. Həmçinin
Azərbaycanın 20 faiz ərazilərinin xəyanətkar
SSRİ ordusunun köməyi ilə erməni millətçiləri
tərəfindən işğalı , ermənilər tərəfindən
Xocalıda törədilən faciə, 20 Yanvar hadisələrini
yaşadığımız ölkənin ictimaiyyətinə
çatdırmağa çalışırıq.
Keçirdiyimiz bu və ya digər tədbirlərdə Azərbaycan
xalqının tolerantlığı, tarixi abidələrimiz,
adət və ənənələrimiz, İncəsənətimiz,
ləziz mətbəximiz barədə də Almaniya ictimaiyyəti,
həmçinin bu ölkədə yaşayan digər yahudi,
rus , qazax, Ukrayna və s. xalqların nümayəndələrinə
dolğun və ətraflı şəkildə məlumat
veririk. Bütün bunların məntiqi nəticəsidir ki,
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının
20-ci İldönümü ilə bağlı Drezden şəhərində
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə keçirdiyimiz tədbirdə Saksoniyanın bir
çox siyasi xadimləri ilə yanaşı Drezdendə fəaliyyət
göstərən Qazaxıstan, Rusiya, Bolqarıstan,
İsveç, Litva və digər ölkələrin konsulluqlarının
nümayəndələri də qatılmış və
çıxışlar etmişlər.
-“Alm.Az” Cəmiyyətinin 2012-ci ildə
qarşısına qoyduğu əsas hədəflər nədən
ibarətdir?
-„Alm.Az“ Cəmiyyətinin
2012-ci ildə qarşısına qoyduğu əsas hədəf
hər zaman olduğu kimi respublikamızın haqlı mövqeyini
Avropa ictimaiyyətinə çatdırmaqdır. Həmçinin
Azərbaycanın Almaniya ictimaiyyətində, siyasi
qurumlarında və mətbuat orqanlarında dostlarını
daha da artırmaqdır.
-Ümumiyyətlə, Almaniyada Azərbaycan
diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz və
erməni diasporası ilə müqayisədə
diasporamızın fəaliyyətini qaneedici saymaq olarmı?
-Almaniyada
Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirərdim.
Bu ölkədə fəaliyyət göstərən
çoxsaylı Azərbaycan təşkilatları, cəmiyyət
və birliklərin birgə fəaliyyəti nəticəsində
Almaniyada Azərbaycan diasporu daha da aktivləşir, Azərbaycanı
layiqincə təmsil edir.
-“Alm.Az” Cəmiyyəti Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin
zaman-zaman azərbaycanlılara qarşı həyata
keçirdikləri deportasiya və soyqırım siyasətini
bu ölkə ictimaiyyətinə tam mənada çatdıra
bilirmi?
-Ötən
müddət ərzində „Alm. Az“ Cəmiyyəti qeyd etdiyiniz
istiqamətlərdə bir sıra tədbirlər həyata
keçirib. 2012-ci il, yanvarın 18-də Almaniyanın Drezden
şəhərində “Alm.Az” Cəmiyyətinin təşkilatçılığı
ilə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar
faciəsi və eyni zamanda şanlı qəhrəmanlıq
salnaməsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin
22-ci ildönümünə həsr olunmuş tədbir
keçirilib. Həmin tədbirdə soydaşlarımızla
yanaşı alman ictimaiyyətinin, o cümlədən
Saksoniya parlamentinin nümayəndələri, Drezdendə fəaliyyət
göstərən konsulluqların, eləcə də rus, yəhudi,
ukrayna, qazax icmalarının təmsilçiləri iştirak
edib. Tədbir zamanı iştirakçılara keçmiş
SSRİ rəhbərliyi tərəfindən Azərbaycan
xalqına qarşı törədilən görünməmiş
terror aktı barədə məlumat verdim. Daha sonra
“Azadlığa aparan yollar” sənədli filmi nümayiş
olundu. Keçən il dekabrın 11-də isə Almaniyanın
Drezden şəhərində Azərbaycan xalqının
ümummilli lideri, dünya şöhrətli siyasətçi
Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım
mərasimi keçirilib. Həmin tədbirdə cəmiyyət
sədri olaraq ulu öndər Heydər Əliyevin şərəfli
həyat yolu, dahi şəxsiyyətin Azərbaycan xalqı və
dövləti qarşısındakı əvəzsiz xidmətləri
barədə iştirakçılara məlumat verdim. Sonra tədbir
iştirakçılarına ümummilli lider Heydər Əliyevin
zəngin həyat yolundan bəhs edən sənədli film
nümayiş etdirildi.
-Rəhbərlik etdiyiniz cəmiyyət
Azərbaycan mədəniyyəti, adət-ənənələrinin
təbliğinə hansı töhfəni verir?
-„Alm.Az“ Cəmiyyəti
olaraq Azərbaycan mədəniyyəti, adət-ənənələri,
xalqımızın zəngin mədəni irsi
barədə də müntəzəm olaraq
alman ictimaiyyətinə məlumat verir, bu istiqamətdə
müxtəlif tədbirlər, layihələr həyata keçiririk. Belə ki,
„AlmşAz“ Cəmiyyəti Drezdenin
ən böyük konsert
salonlarından birində Azərbaycan mədəniyyəti, incəsənətinin
təbliği məqsədilə böyük
bir tədbir keçirib.
Həmçinin cəmiyyətin təşəbbüsü ilə
Drezdendə Azərbaycan filmlərinin nümayişi
təşkil olunub. Sözügedən
layihənin proqramına Qarabağa həsr
olunmuş filmlər də daxil
edilir. Ümumiyyətlə, fəaliyyətə
başladığımız gündən Azərbaycan mədəniyyətinin
təbliğatı üçün
çalışırıq. Bu məqsədlə
qarşıdakı zaman ərzində bir neçə layihənin həyata
keçirilməsini qarşımıza məqsəd qoymuşuq. Burada
keçirilən sərgilərdə Azərbaycanın milli geyimləri və qədim
xalçaları da Drezdendə sərgilənir.
Mədəniyyət və Turizm Nazirliyinin yardımı ilə həyata
keçirilən bu kimi
tədbirlərlə Azərbaycan mədəniyyətinin bütün istiqamətlərini Almaniyada yüksək səviyyədə
tanıtmağa çalışırıq.
-Cəmiyyətiniz
Almaniya ilə Azərbaycan arasında
müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə
hansısa qarşılıqlı layihələr həyata
keçirməyi düşünürmü?
-Qeyd etdiyiniz istiqamətlərdə
də müəyyən fəaliyyətlərimiz olacaq. Biz Saksoniyanın
hökumət və qeyri-hökumət təşkilatları,
həmçinin digər xalqların təmsil etdiyi
icmalarla il ərzində
bir çox müxtəlif
tədbirlər kecirməyi nəzərdə tutmuşuq.
-Almaniya eyni zamanda
türklərin daha çox
yaşadığı bir ölkə kimi tanınır. Bu
baxımdan „Alm. Az“ Cəmiyyətinin
Almaniyada fəaliyyət göstərən
türki diasporu ilə
əlaqələri hansı səviyyədədir?
-Ümummilli lider, mərhum prezident Heydər
Əliyevin dediyi kimi biz bir millət, iki dövlətik və cəmiyyətimiz bu prinsipi hər zaman əsas tutaraq Almaniyada fəaliyyət göstərən türk diaspor təşkilatları,
cəmiyyət və birlikləri ilə yaxından əməkdaşlıq
edir, qarşılıqlı şəkildə
keçirilən tədbirlərdə iştirak
edirik. Bu əməkdaşlıq
yüksələn xətlə inkişaf edir və bundan sonra da davam
edəcək. Deyilənlərin bariz
nümunəsi olaraq „Alm.Az“
Cəmiyyətinin Fransa Senatına göndərdiyi
etiraz məktubunu göstərmək olar. Belə ki,
rəhbərlik etdiyim cəmiyyət bu günlərdə Fransa
Senatında qondarma „erməni
soyqırımı“nı tanımayanların cinayət məsuliyyətinə
cəlb edilməsini nəzərdə tutan
qanunun müzakirəyə
çıxarılması və qəbul edilməsinə etiraz əlaməti olaraq bu ölkə parlamentinə etiraz
məktubu ünvanladı.
-Qarşıdan
26 fevral-Xocalı faciəsinin 20-ci ildönümü
gəlir. “Alm. Az” Cəmiyyəti
Xocalı
faciəsinin 20 illiyi ilə əlaqədar
olaraq bu ölkədə
hansı tədbirlər keçirməyi nəzərdə tutub?
-Qarşıdan
gələn Xocalı faciəsinin 20 –ci ildönümü ilə əlaqədar olaraq „Alm.Az“ Cəmiyyəti
tərəfindən Drezden şəhərində
fevral ayının 24 –də anım mərasimi
keçiriləcək.
Həmin tədbirə Saksoniyanın siyasi
xadimləri, ziyalılar, həmçinin bu
ölkədə fəaliyyət göstərən bütün icmaların nümayəndələri
dəvət edilib. Tədbirin sonunda Saksoniya parlamentinə
Xocalı soyqırımına siyasi qiymət
verilməsi ilə əlaqədar iştirakçılar tərəfdən
imzalanmış məktub göndəriləcək.
Süleyman İsmayılbəyli
Olaylar.- 2012.- 4-6 fevral.- S.15.