Azərbaycan
və türk diaspora təşkilatlarının birliyinə
nail olmuşuq
İlqar
İlkin: “Xarici ölkələrdə digər türkdilli
xalqların diaspora təşkilatları və ictimai birlikləri
ilə də əlaqələrin hərtərəfli
inkişafı üçün lazımi addımları
atmalıyıq”
“Azərbaycan
diaspora təşkilatlarının gücünü görmək
üçün onlarla birgə əməkdaşlıq etmək
lazımdır”
“Birlik”
jurnalının baş redaktoru İlqar İlkinin “OLAYLAR”-a
müsahibəsi
-İlqar
bəy, baş redaktoru olduğunuz “Birlik” jurnalı müntəzəm
olaraq diaspora mövzularına da geniş yer ayırır və
Azərbaycan diasporunun hazırkı durumunu təhlil edir. Siz,
hazırda Azərbaycan diasporunun durumunu necə qiymətləndirirsiniz?
-Azərbaycan diasporunun
yayılma coğrafiyası və say tərkibinə diqqət
etsək, diasporamızın istər say, istərsə də
nüfuz baxımından artıq təmsil olunduqları
ölkələrdə böyük irəliləyişlərə
nail olduqlarını söyləyə bilərik. Əvvəllər
diaspora təşkilatlarımız
yalnız öz milli mənsubiyyətini, adət-ənənələrini,
mənəvi-əxlaqi dəyərlərini qoruyub saxlamaq, Azərbaycanla
əlaqələrini itirməmək üçün daha
çox fəaliyyət göstərirdilərsə, artıq
onlar yaşadıqları ölkələrdə Azərbaycanın
qarşılaşdığı haqsız problemlərlə
bağlı öz səslərini də ucaltmağa
başlayıblar. Biz artıq neçə illərdir
ki, Azərbaycan xalqına qarşı törədilmiş 20
yanvar faciəsinin, 1992-ci il fevralın 26-da Xocalıda ermənilər
tərəfindən törədilmiş soyqırım
faktının diasporamız vasitəsilə bütün
dünyada tanıdılması uğrunda diasporamızın göstərdiyi
müsbət fəaliyyəti izləyirik. Təbii ki, bu tədbirlərin
daha effektiv alınmasında Azərbaycan və türk diaspora
təşkilatlarının birliyini də xüsusilə qeyd
etməliyik. Azərbaycan prezidenti İlham Əliyevin
ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət”
prinsipini davam etdirərək, 2007-ci ildə söylədiyi
“Bir millətin iki diasporası olmaz” fikirləri bu prosesin daha
da sürətlənməsinə təkan verib. Biz artıq Azərbaycanla
bağlı xarici ölkələrdə, xüsusən Avropa
dövlətlərində keçirilən bütün tədbirlərdə
bu iki qardaş xalqların diaspora təşkilatlarını
bir arada görə bilərik. Lakin hesab edirəm
ki, artıq bundan sonra digər Türk xalqlarının diaspora
təşkilatları ilə əlaqələrə də
xüsusi önəm verməli, bütün türk
xalqlarının diaspora təşkilatlarının birliyinə
nail olmaq üçün gücümüzü səfərbər
etməliyik.
-Dünya
azərbaycanlılarının qurultayları diasporamızın
fəaliyyətinə necə təsir göstərir?
-Təbii ki, son illər ərzində
Azərbaycan dövlətinin daxili və xarici siyasət sahəsindəki
uğurlu fəaliyyəti, əldə etdiyi siyasi-iqtisadi nailiyyətlər bütün
dünyada yaşayan azərbaycanlıların milli
şüurunda, özünüdərk prosesində, vətəninə
bağlılığının artmasında da
böyük rol oynamaqdadır. Bu prosses həm də diaspora təşkilatlarımızın
vahid bir mərkəzdən idarə olunmasını, təmsil
olunduqları ölkələrdə daha sistemli və effektiv
iş aparmalarını labüd edir. Məhz bu
baxımdan, 2011-ci ildə Bakıda keçirilən Dünya
Azərbaycanlılarının III Qurultayı həm diaspora təşkilatları
arasında əlaqələrin qurulması, həm də
onların gələcək fəaliyyətlərində
strategiyanın müəyyənləşdirilməsi
baxımından olduqca əhəmiyyətli idi. Biz neçə illərdir ki, mətbuat vasitəsilə
xarici ölkələrdə fəaliyyət göstərən
diaspora təşkilatları ilə həmin ölkələrdə
olan Azərbaycanın diplomatik nümayəndəlikləri
arasında bir çox hallarda gərgin və soyuq münasibətlərin
olduğunu bilirdik. Azərbaycan prezidenti
İlham Əliyevin Dünya Azərbaycanlılarının III
Qurultayındakı çıxışında bu problemlərə
toxunması, əslində, problemin nə qədər ciddi
olduğuna bir işarə idi. İnanırıq ki, artıq
Azərbaycan prezidentinin diaspora təşkilatları ilə
diplomatik nümayəndəliklərin birgə fəaliyyət
göstərməsi istiqamətindəki tövsiyyələrindən
sonra bu məsələ də birdəfəlik öz həllini
tapmış olacaq.
-Azərbaycan
diasporu bu gün ölkəmizin həqiqətləri,
Dağlıq Qarabağ problemi və ermənilərin
zaman-zaman Azərbaycan xalqına qarşı törətdiyi
deportasiya və soyqırım siyasətini tam mənada
dünya ictimaiyyətinə çatdıra bilirmi?
-Biz
diaspora təşkilatlarımızın bütün
dünyada Xocalı soyqırımının
tanıdılması istiqamətində apardıqları
işləri çox yüksək dəyərləndirməliyik.
Ola bilsin ki, hansısa dövlətlərdə bu tədbirlər
bir qədər zəif təsir bağışlaya bilər.
Lakin ümumilikdə, bütün bu tədbirlər Azərbaycan
dövlətinin xarici siyasət kursuna uyğun olaraq həyata
keçirilir və biz hər ötən il ərzində bu tədbirlərin
daha effektli və mütəşəkkil
alındığını görməkdəyik. Bu məsələdə
diaspora təşkilatlarımıza lazımı dəstək
vermək üçün dövlət strukturları,
qeyri-hökumət təşkilatları və mətbuatın
da üzərinə böyük məsuliyyət
düşür. Bir çox hallarda diasporamızın həyata
keçirdiyi tədbirlər yerli mətbuatda lazımı səviyyədə
işıqlandırılmır. Və yaxud bir çox hallarda
həmin diaspora təşkilatları ilə əlaqələrimizin
zəif olduğundan onların fəaliyyəti haqqında
dolğun məlumat əldə edə bilmirik. Dağlıq
Qarabağ problemi yalnız dövlətin deyil, bütün
ictimaiyyətin,
eləcə də bütün Türk xalqlarının problemi
olaraq dəyərləndirilməlidir. Yəni biz bu problemin
bütün dünyada tanıdılmasında diaspora təşkilatlarının
birgə fəaliyyət göstərməsinin daha effektli
olduğuna inanmalıyıq. Qeyd edim ki, təmsil
olunduğum “Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi”
məhz bu strateji xəttə uyğun olaraq, diaspora təşkilatları
ilə birgə fəaliyyətə hər zaman
üstünlük verməkdədir. Artıq 2 ildir ki,
“Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzi” “Strasburq Azərbaycan
Evi” ilə birlikdə sözügedən şəhərdə
Xocalı soyqırımı mitinqlərini təşkil edir.
Bu il də Xocalı soyqırımının 20 illiyi
münasibətilə Strasburqda daha möhtəşəm bir
mitinqin keçirilməsinə nail olmaq istəyirik. “Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzi eyni zamanda
Dağlıq Qarabağ probleminin aparıcı Avropa dövlətlərində
gündəmə gətirilməsi üçün də
diaspora təşkilatları ilə birlikdə layihələr
həyata keçirməkdə davam edir. Biz
ötən ilin may ayında Brüsseldə - Avropa Parlamentində
Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə
beynəlxalq konfrans təşkil etmişik, 2012-ci ilin may
ayının 18-də yenidən Avropa Parlamentində
Dağlıq Qarabağla bağlı konfransın keçirilməsini
planlaşdırmışıq. Hesab edirəm ki, xarici
ölkələrdə fəaliyyət göstərən
diaspora təşkilatlarının gücünü görmək
üçün onlarla birgə əməkdaşlıq etmək
lazımdır.
-Etiraf etmək lazımdır ki,
diasporamızın fəaliyyəti hələlik istədiyimiz
nəticələrin əldə edilməsinə gətirib
çıxara bilmir. Sizcə, hansı imkanlardan istifadə etməklə
qarşıya qoyulan məqsədlərə nail olmaq olar?
-Biz
çox vaxt diaspor təşkilatlarımızın fəaliyyətini
əsasən erməni diasporu ilə müqayisə edərək,
qiymətləndirməyə çalışırıq. Amma
erməni diasporasından fərqli olaraq, bizim diaspora təşkilatlarımız
son illər formalaşmağa başlayıb. Yaxın illər
ərzində biz daha çox təsir imkanlarına malik olan
bir Azərbaycan diasporası ilə qarşılaşa bilərik.
Təbii ki, bunun üçün öncə
diasporamızın inkişafı istiqamətlərində bir
çox məsələləri həll etməliyik. Fikrimcə, diaspora təşkilatlarının
strateji hədəflər üzrə fəaliyyət göstərməsi
üçün həmin təşkilatlar vahid mərkəzdən
uzunmüddətli proqramla təlimatlanmalı, Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının fəaliyyəti
hiss ediləcək səviyyədə yüksəldilməlidir.
Bu gün Dünya Azərbaycanlıları
Konqresi adından dörd müxtəlif qrup fəaliyyət
göstərirsə, təbii ki, biz belə bir
parçalanmış vəziyyətdə qarşımıza
qoyduğumuz məqsədlərə nail olmaq üçün
ancaq əngəllərlə qarşılaşmalı
olacağıq. Çalışmalıyıq ki, diaspora
təşkilatlarımız həqiqi birliyimizi təmin edən
bir beyin mərkəzlərinə çevrilsinlər.
-“Birlik”
jurnalı türkdilli xalqlar arasında əlaqələrin
inkişaf etdirilməsi, onların diaspor təşkilatları,
cəmiyyətləri arasında əməkdaşlığın
inkişaf etdirilməsinə də bacardığı qədər
dəstək verir. Bu gün türkdilli xalqların diaspor təşkilatları
arasında mövcud olan əlaqələri müsbət qiymətləndirmək
olarmı?
-Biz
bu gün qismən də olsa Azərbaycan və Türk diaspora
təşkilatlarının birliyinə nail olmuşuq. Lakin
hesab edirəm ki, xarici ölkələrdə digər
Türkdilli xalqların diaspora təşkilatları və
ictimai birlikləri ilə də əlaqələrin hərtərəfli
inkişafı üçün lazımı addımları
atmalıyıq. Hesab edirəm ki, bu addımları atmaq
üçün bütün Türkdilli dövlətlərdə
həm siyasi iradə, həm də xalqların təbii birləşmək
istəklərinin olması çox önəmlidir. Biz
artıq Türdilli Dövlət
başçılarının X zirvə
görüşünü də keçirmişik və
dövlət rəhbərlərinin Türk Birliyi istiqamətində
atdıqları müsbət addımları da görməkdəyik.
Azərbaycan son bir neçə ildə Türk xalqları ilə
bağlı keçirilən bir çox tədbirlərə
ev sahibliyi etməkdədir. Artıq Azərbaycan türkdilli
xalqların əməkdaşlıq və beyin mərkəzinə
çevrilməkdədir. Hesab edirəm ki,
bütün Türk xalqlarının diaspora təşkilatlarının
əlaqələndirilməsi və birliyinə nail olunması
üçün Azərbaycanın addım atmağa həm
siyasi, həm də iqtisadi potensialı yetərincədir.
Çox arzulayardım ki, Azərbaycan bu məsələdə
də, türk xalqları içərisində lokamotiv
rolu oynasın.
Azərbaycan Respublikası
Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 7 fevral.- S.15.