Azərbaycan diasporu və milli mətbuat

 

Müasir dövrdə inkişaf etmiş dünya dövlətlərinin tarixi təcrübəsi göstərir ki, müstəqillik əldə etmiş, azadlığa çıxmış ölkələr öz müstəqilliklərini qoruyub saxlamaq və möhkəmləndirmək məqsədilə ən vacib sayılan sosial-iqtisadi amillərlə yanaşı, həm mənəvi-siyasi amillərin güclənməsinə, yeni formalarda inkişafına xüsusi diqqət yetirir. Məlumdur ki, hər bir millətin mənəvi-siyasi potensialı nə qədər güclü olarsa, dövlətçilik problemlərinin həlli sahəsində görüləcək işlərin öhdəsindən gəlmək də bir o qədər asan olar. Hal-hazırda ən güclü mənəvi siyasi amillərdən biri də-Diaspordur. Milli diaspor milli mədəniyyətin, milli birliyin, milli dövlətçiliyin ən etibarlı dayaqlarından biridir.

 

Təsadüfi deyil ki, öz dövlətçilik fəaliyyətində bu mühüm amili nəzərə almayan ölkələr böyük təsir gücünə malik mənəvi–siyasi potensialdan məhrum olur, qarşılarına qoyduqları, həll etmək istədikləri bir çox problemləri nisbətən gec yerinə yetirirlər, başqa sözlə desək, dövlət quruculuğu işində milli dövlətçilik mənafeyini müqəddəs tutan böyük bir qüvvəni nəzərə almır, özlərindən təcrid edirlər.

Təkcə ölkə daxilində deyil, onun hüdudlarından çox-çox uzaqlarda da millətin mədəniyyətinin, adət-ənənələrinin daşıyıcıları kimi fəaliyyət göstərən diaspor nümayəndələri öz doğma xalqı, milləti üçün çox iş görə bilər. Bu baxımdan Azərbaycan diasporunun da fəaliyyəti diqqəti cəlb edir.

Xaricdəki soydaşlarımızla əlaqələrin möhkəmləndirilməsi milli dövlətçiliyimiz baxımından müasir həyatımızda ən vacib və son dərəcə mühüm olan bir sahədir. Dünya azərbaycanlılarının bir–biri ilə, eyni zamanda respublikamızla əlaqələrini genişləndirmək, onların fəaliyyətini tənzimləmək, qürbətdəki soydaşlarımızın təşkilatlanmasını sürətləndirmək, həqiqətlərimizin onların vasitəsi ilə daha çox ölkələrə yayılmasını təmin etmək, mühacir soydaşlarımızın hüquqlarını qorumaq, xaricdəki milyonlarla azərbaycanlının mədəni muxtariyyət qazanmasına səy göstərmək müstəqil Azərbaycan Respublikasının ali məqsədlərinə daxildir. Azərbaycan diasporunun keçmişi, bu günü və gələcəyi ilə yaxından maraqlanmaq, onların üzləşdiyi ictimai-siyasi, sosial problemləri öyrənmək və bu problemlərdən çıxış yollarını aramaq isə həmin ali məqsədin ən mühüm və məsuliyyətli qollarından sayılır.

Xarici ölkələrdə çalışan Azərbaycan milli mədəniyyət mərkəzləri, orada yaranan Azərbaycan mühacirət ədəbiyyatı, nəşr olunan ayrı-ayrı mətbu orqanlar, kütləvi informasiya vasitələri bir daha sübut edir ki, bu gün Azərbaycan diasporunun fəaliyyət dairəsi genişdir. Bir sıra ölkələrdə Azərbaycan dilində radio və televiziya verilişlərinin, milli məktəblərin, ayrıca nəşriyyatların mövcudluğu Azərbaycan diasporunun böyük potensial gücə malik olduğunu sübut edir.

Bu baxımdan özlüyündə böyük maraq doğuran və çoxşaxəli fəaliyyəti ilə daim inkişaf edən Azərbaycan diasporunun öyrənilməsi, onun güclü, zəif cəhətlərinin, problemlərinin tədqiqi kifayət qədər vacib və aktual olmaqla yanaşı, bu günümüz, həmçinin gələcəyimiz üçün də mühüm əhəmiyyətə malik məsələdir.

Azərbaycan diasporu hazırda formalaşma prosesi keçir. Onun təşəkkülü əsrimizin əvvəllərindən etirabən başlayıb, böyük tarixi mərhələ, yəni 90-cı illərə qədər zəngin bir dövr keçsə , ayrı-ayrı mühacirlərimiz diasporun fəaliyyətində mühüm rol oynasalar da, açıq etiraf edək ki, başqa xalqların, xüsusən də yəhudi, yunan və erməni diasporunun fəaliyyəti ilə müqayisədə Azərbaycan diasporu hələ çox zəifdir.

Bu zəifliyin səbəblərini, mövcud problemlərin həlli yollarını isə daha çox milli mətbuata nəzər salmaqla müəyyən etmək olar. Məhz bu baxımdan tam əminliklə söyləyə bilərik ki, milli mətbuatımız xalqımızın mühacir həyatı, diasporumuzun dünəni, bu günü və sabahından xəbər verən maraqlı, zəngin və kifayət qədər əsaslı fikirlər toplusudur.

Təsadüfi deyil ki, illər ötdükcə mətbuat dövrün ictimai-siyasi, ədəbi-mədəni, elmi mənzərəsini yaratmaq, tarixi yazmaq üçün mötəbər mənbəyə, mətbuat işçiləri isə səlnaməçiyə çevrilirlər. Uzaq yox, bəzən yeni tarixin saxtalaşdırılmasına, baş verən hadisələrə qərəzli yanaşılmasına təsadüf ediləndə, yaxud dövrün proseslərini dəyərləndirmək, real, obyektiv qiymətini vermək istəyəndə ən etibarlı dayaq kimi mətbuat yardımçı olur.

Xalq yazıçısı Elçinin kütləvi informasiya vasitələrinin bu mənada rolu barədə fikirləri maraqlıdır: «Mətbuat tarixin güzgüsüdür. On illər, yüz illər keçdikdən sonra da ona istinad edib dövrün ictimai-siyasi, ədəbi-mədəni mənzərəsini yaratmaq mümkündür. Tarixçilər mənbə tapmadıqda məcbur olub məntiq, bəzən də yazıçı təxəyyülünün məhsulu olan ədəbi nümunələrdə, hətta əsatir və miflərdə adı hallanan fakt və hadisələrə əsasən uzaq tarixin işıqlandırılmasına cəhd göstərirlər. Şübhəsiz, burada dəqiq rəqəmlərdən və tam reallıqdan söhbət gedə bilməz və bu zaman tarixin məqsədə və mənafeyə uyğunlaşdıraraq yazılması üçün münbit şərait yaranır».

Bu mənada, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həyat tərzi ilə tanış olmaq, onların ictimai-siyasi, mədəni fəaliyyətini tədqiq etməkdə ən yaxın köməkçimiz də milli mətbuatımızdır. Bu gün ölkə mətbuatının səhifələrində diasporla bağlı müxtəlif səpgili məqalə, xəbər, müsahibə, hesabat və reportajlara rast gəlmək olar. Onlara nəzər salmaqla Azərbaycan diasporu, onun dünəni, bu günü və sabahı, yayım coğrafiyası, ictimai-siyasi, mədəni fəaliyyəti ilə bağlı kifayət qədər dolğun və hərtərəfli məlumat əldə etmək mümkündür.

Bu gün Azərbaycan diasporu problemi milli mətbuatda öz əksini daha geniş şəkildə tapmışdır. Milli diasporumuzla əlaqədar kitab və broşura nümunələrinə çox az rast gəlindiyi bir zamanda «diaspor» anlayışının izahı, milli diaspor problemləri və onların həlli barədə əsasən ölkə mətbuatına müraciət etməklə kifayət qədər məlumat əldə etmək mümkündür.

Azərbaycan», «Xalq qəzeti», «Respublika», «Alternativ», «Dədə Qorqud», «Ədəbiyyat», «Elm», «Hürriyyət», «Həyat», «Aydınlıq», «Odlar Yurdu», «Yeni Müsavat», «İki sahil», «Azadlıq», «Ayna», «Yeni Azərbaycan», «Azad Azərbaycan» və digər qəzetlərdə Azərbaycan diasporunun ümumi mənzərəsi öz əksini tapır.

Həmin mətbu nümunələr Azərbaycan diasporunun tarixi keçmişi, bu günü, mövcud problemlər və bu problemlərdən qurtuluş yolları barədə ətraflı məlumat verir. Onlara nəzər salmaqla belə bir ümumi fikrə gəlmək olar ki, bu gün Azərbaycan diasporunun hələ də kifayət qədər qayğıları mövcuddur, onun inkişafı, dünyanın əksər ölkələrinə səpələnmiş soydaşlarımızın sərbəst və məqsədyönlü fəaliyyəti üçün görülməsi lazım olan çox işlər var. Diasporumuzun inkişafına mane olan bəzi problemlərin həlli isə ilk növbədə soydaşlarımızın siyasi, iqtisadi və mədəni sahələrdə fəaliyyətlərinə real zəmin yaradar.

Bütünlükdə bu məsələlərlə bağlı belə bir ümumi nəticəyə gəlmək olar ki, bu gün Azərbaycan diasporunu düşündürən və narahat edən problemlər aşağıdakılardır:

1. Ümumi idealogiyanın zəifliyi;

2. Milli birliyin və həmrəyliyin zəifliyi;

3. Azərbaycan diasporu nümayəndələri arasında qarşılıqlı münasibətlərin, ünsiyyət və əlaqələrin qaneedici olmaması;

4. Xarici səfirliklərimizin heç birində həmin ölkələrdəki diasporlarımızla məşğul olan xüsusi bir nümayəndəliyin açılmaması;

5. Vətənlə bağlılıq hissinin zəifliyi;

6. Ümumi məqsəd naminə bir araya gələ bilməmək, şəxsi iddia və mənəmliyin milli-mənəvi prinsiplərdən üstün tutulması;

7. Xaricdə soydaşlarımızın daha çox iqtisadi maraqlarla əməkdaşlığa meylli olmaları;

8. Regionçuluq;

9. Xaricdə yaşayan azərbaycanlıların müxtəlif qüvvələr ətrafında birləşmələri, başqa sözlə isə bölünmələri;

10.Bəzi ölkələrdə milli-mədəni mərkəzlərin, kitabxanaların, klub, fond, xalq evlərinin fəaliyyətinin zəif olması;

11.Xaricdə Azərbaycan dilində televiziya və radio verilişlərinin, məktəblərin, dil və mədəniyyət kurslarının təşkilində süstlük və pərakəndəlik;

Bütün bu problemlərin hələ də tüğyan etməsi Azərbaycan diasporunun formalaşma mərhələsindən inkişaf mərhələsinə keçməsində müəyyən çətinliklər yaradır. Ölkə mətbuatında çıxış edən hər bir rəsmi dövlət xadimi, mütəxəssis, tədqiqatçı milli diasporumuzun kifayət qədər güclü potensiala malik ictimai-siyasi təsir qüvvəsi olduğunu önə çəksə də bu qüvvədən hələ yetərincə istifadə edə bilməməyimiz xüsusi qeyd olunmalıdır. Bu problemlərdən qurtuluş yollarını aramaq üçünsə çox uzağa getmək lazım deyil. Diaspor problemlərini yetərincə işıqlandıran milli mətbuatımız həmin problemlərdən çıxış yollarını da göstərir.

 

(ardı var)

 

 

Olaylar.- 2012.- 7 fevral.- S.10.