Akif Səməd: ruhani duyğular şairi
Akif Səmədin “Seçilmiş əsərləri”nin I cildi haqqında
İstedadlı,
mərhum şair Akif
Səmədi 1990-cı illərin başlanğıcından
tanıyırdım. Ocaq tarixi
ilə 17-ci (1995) ildə onunla Azərbaycan
dövlət radiosunda görüşərkən
şeirlərini İnam Ataya
(Asif Ataya)
çatdırmağı məndən xahiş
etdi. Ata hər şair haqqında söz
yazmazdı. Bir neçə gündən sonra Atanın Akif Səmədin
şeirləri haqqında yazısını özünə təqdim
etdim. Çox sevindi. Atanın sözündən necə
qürurlandığı yaxşı yadımdadır.
Atanın
ölümündən sonra isə Akif Səməd onun
haqqında ləyaqətli bir yazı
yazdı.
***
Akif Səmədin şeirlərində
insanı sevmək, onu tanımaq, anlamaq var.
Bir şair olaraq onda gözəl ruhani duyum var.
O, gerçəkliyin arxasındakı ilahi
gözəlliyi görə, şeirə gətirə bilir. Çağımızda
yaradıcılığın müxtəlif sahələrində
bu cəhət qıtlaşıb. Ancaq Akif Səməddə
ilahi duyğuları, mənanı
şeirdə ifadə etmək ustalığı var.
Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam,
Özümdən yol almışam,
Özümə yol gedirəm.
O, təsvirçi, tərənnümçü
şair deyil. Şair var ki, bütöv bir şeirində belə
fikrə rast gəlmək olmur. Onun şeirlərində demək
olar, hər misra dolğun fikir ifadə edir.
Zəmidə bağrı xal lala —
Mənimlə başlanan dünya.
Qoymurlar özümə qala —
Mənimlə başlanan dünya.
İnsan adicə lalədə dünyasını
tapır, həmin tapıntıdan başlanır onun
üçün dünya. Ancaq insanın o mənəvi
dünyasını da əlindən alırlar
dünyasızlar – mənəviliyi ələ salmaqla, arxa
çevirməklə.
***
Təbiətlə birdir Akif Səməd.
Onun dağını, daşını,
cığırını dərindən tanıyır.
“İç” dedikcə içim göynər,
Necə içim, bulaq, səni?
Dağ yolunda köçüm göynər,
Necə qucum, yaylaq, səni?
O, dağa-daşa, çaya
sevdalıdır. Dərdini təbiətlə
bölüşür, özündən bezar olanda təbiətə
üz tutur.
***
İnam Ata deyir:
“Ölümü yaşadan qorxudur.
Ölümdən qorxmuram.
Bu səbəbdən də
ölümsüzəm.
İnsan ömrü bir cümlədir,
ölüm onun son nöqtəsi”;
Ölüm mövzusu da Akif Səmədin
şeirlərində aparıcı yer tutur – o, ölümlə
oynayır sanki.
Doğru-düzünə yaşasan,
Halal sözünə yaşasan,
Ömrü özünə yaşasan,
Qardaş, ölüm nəmənədi?
Akif Səməd dərd şairi idi. Nə
yazıqlar, yaşamdan tez getdi. Bununla da Akifin dərdləri
yetim qaldı…
***
Şeirdə irfani, ruhani duyğular ifadə
etmək asan deyil. Gərək ömürdə ruhani
yaşantılar ola ki, onu ifadə edə biləsən.
Yadındamı qardım?
Səhraya yağardım,
Əvvəl də mən vardım,
Sonra da mən varam.
Şair burada təbiətə ruhani,
insani münasibət bəsləyir, özünü qarda, səhrada
görür. İnsanın əzəli, əbədi varlıq
olduğunu fəhmən duyur.
***
“Özümə yol gedirəm” deyən
Akif Səməd hərdən şeirə sığmır.
Şeir onun üçün əslində özünüifadə
vasitəsidir.
Akif Səməd şeirlərində
özünü elə hey axtarır. Özünü tapanda onu uğurlu
da ifadə edir.
Səni özümdə
görürəm,
Görməyin bilinməz sənin.
Daşı divara hörürəm,
Hörməyin bilinməz sənin.
Həm də həyatda,
gerçəklikdə özünü
tapa bilmir Akif. Tapmayanda içinə, özünə,
insaniliyinə üz tutur.
Sonuna çıxmışam ömrün, Otuz doqquz otağının. Hələ dərdin yazammadım, İydənin bir budağının.
Buradan anlaşılan odur
ki, insan həyatda təkcə öz dərdlərini, duyğularını ifadə
etmir, o həm də danışmayan ağacların, bitkilərin,
çayların... dərdini
dinləməyi, onları
ifadə etməyi öz borcu sanır.
***
Əsl yol,
yolçu azdır, az olub həmişə. Dünyada çoxlu
yalan yollar var, adamları çaşdırır, doğru
yoldan sapdırır.
Görünür, Akif “Yolu olan qalmaz darda…”
deyəndə içində
həqiqi yol ehtiyacı duyurmuş.
Belədə insan düşdüyü çətin
durumdan çıxmaq
üçün doğru
yolu sanki möcüzə kimi gözləyir, arayır...
***
Özünü tanıyan təbiətdəki
balaca yarpağın da dilini bilir. Akif Səməd bu halı içində gəzdirdiyinə əmin idi. Təbii, yaşamaq istəyirdi
Akif Səməd.
O, dərdi ilə dost olmağı, özünü qınamağı,
bütün əzabına,
dəhşətinə baxmayaraq
dünyanı sevməyi
bacarırdı. Şeiriyyət zamanı o halda ötə bilər ki, yaradıcı şəxs gedişatı
aşa bilsin.
***
Akif Səmədlərin ömrü,
duyğuları şeirdəmi
qalsın? Gedənlərin ömürlərini, xəlqi
diləklərini yaşamaq
gərəkdir ki, xalq var olsun.
Akif Səmədin
cismani yaşı 45-də
qırıldı, qaldı...
Ancaq ruhunun yaşı çoxuydu. Ondan qalan
şeirlər bunu deyir.
İşıqlı Atalı
Olaylar.- 2012.- 8 fevral.- S.
11.