Azərbaycançılıq ideologiyası

 

Bu ideologiyanın formalaşmasında Heydər Əliyevin misilsiz xidmətləri olub

 

Azərbaycançılıq ideologiyası XX əsrin ikinci yarısında özünün daha dinamik və yüksək inkişaf mərhələsinə qədəm qoydu. Bu, bilavasitə XX əsrin ikinci yarısından başlayaraq dövlət və siyasət səhnəsinə çıxmış, özünün titanik fəaliyyəti ilə dünya siyasətinin korifeylərindən birinə çevrilmiş zəmanəmizin görkəmli ictimai-siyasi və dövlət xadimi, böyük tarixi şəxsiyyət və dünya azərbaycanlılarının ümummilli lideri olan Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olub. 1969-cu il, iyulun 14-də Azərbaycan rəhbəri seçilən Heydər Əliyev sonrakı 34 illik fəaliyyəti dövründə Azərbaycan xalqının və millətinin şanını, şöhrətini, qürurunu və iftixarını bütün dünyaya tanıtmış və dünyanın ən böyük azərbaycanlısı və dünya azərbaycanlılarının ümummilli lideri adını qazandı.

 

Dünya şöhrətli siyasətçi olan Heydər Əliyev siyasi həyatın və dövlət quruculuğunun digər sahələrində olduğu kimi, azərbaycançılıq ideologiyasının formalaşmasında və inkişafında da misilsiz xidmətlər göstərib. Heydər Əliyevin uzun müddət dövlət idarəçiliyi sistemində fəaliyyət göstərən bir tarixi şəxsiyyət kimi də əldə etdiyi nailiyyətlər bütün dünyada “Azərbaycan” və “azərbaycanlı” sözlərinin mahiyyətini, dəyərini və tutumunu xeyli artırdı. Heydər Əliyev öz varlığı və siyasi fəaliyyəti ilə bütün dünyada olan azərbaycanlılara hörmət və ehtiram qazandırdı. Onun azərbaycançılıq qarşısında ən böyük xidmətlərindən biri məhz bundan ibarətdir.

Heydər Əliyevin azərbaycançılıq ideologiyası qarşısında xidmətlərindən biri də keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, Ulyanovsk, Rostov, Taqanrok kimi şəhər və vilayətlərində Azərbaycanla bağlı abidələr qoyulması, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsi, Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarına heykəllərin ucaldılması, küçə və meydanlara azərbaycanlı məşhurların adlarının verilməsi sahəsində göstərdiyi xidmətlərdir. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü kimi Moskvada fəaliyyət göstərərkən Nizami Gəncəvinin “Xəmsə”sinin Moskvada çap edilməsi, Qara Qarayevin SSRİ Bəstəkarlar İttifaqının katibi, Tahir Salahovun SSRİ Rəssamlar İttifaqının birinci katibi kimi fəaliyyəti, eləcə də Fikrət Əmirovun “Min bir gecə” baletinin bütün ittifaq televiziyası ilə göstərilməsi, “Nizami”, “Dədə Qorqud”, “Babək”, “Nəsimi” və digər milli ruhlu tarixi bədii filmlərin SSRİ ekranlarına çıxması, bütün bunlarla yanaşı ümummilli liderin hələ o zaman xarici ölkələrə səfərləri zamanı azərbaycanlıların da nümayəndə heyətlərinin tərkibinə daxil edilməsi Heydər Əliyevin bu ideologiya sahəsində göstərdiyi xidmətlər sırasındadır. Müstəqillik dövründə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyevin təşkilatçılığı ilə Bakıda Məhəmməd Füzulinin 500 illiyinin, “Dədə Qorqud” dastanının 1300 illiyinin dünya səviyyəsində qeyd olunması dünya şöhrətli musiqiçi M.Rostropoviçin Azərbaycana dəvət olunub dəfələrlə konsertlərinin təşkil edilməsi, xarici səfərlərdə dünyanın diqqətini Azərbaycana yönəltməsi onun azərbaycançılıq ideologiyasına verdiyi layiqli xidmət nümunələridir. Heydər Əliyev Siyasi Büro üzvü kimi Moskvada fəaliyyət göstərərkən Azərbaycan mədəniyyəti ilə bağlı tədbirləri tez-tez təşkil edir, özü şəxsən həmin tədbirlərdə digər dövlət xadimləri ilə bərabər iştirak edir, tabeliyində olan qurumların rəhbərlərini də bu işə şəxsən cəlb edirdi. Bu onun milli vətənpərvərlik hisslərinin yüksək olmasından, öz xalqına və millətinə nə qədər bağlı olmasından xəbər verirdi. Azərbaycan dilinin dövlət dili statusu alması, onun bir ünsiyyət vasitəsi kimi bu günkü səviyyədə inkişaf etməsi, qrammatik elmi əsasların yaradılması, latın qrafikasına keçilməsi məsələləri də Heydər Əliyevin birbaşa xidməti sayəsində mümkün olmuşdu. Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında da mühüm rol oynayıb. Ümummilli lider azərbaycançılıq ideologiyasından söz açarkən deyirdi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin, siyasi partiyaların bir ideya ətrafında birləşməsinə yol açmalıdır”. Başqa sözlə “kim müxalifətdə durursa-dursun, ancaq Vətəninə, xalqına, mənəviyyatına məsləyinə müxalifətdə durmasın” deyərək o, bütün azərbaycanlıları vahid bir ideya ətrafında birləşməyə, milli birliyə çağırırdı. Heydər Əliyev milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq ideologiyasının əsas prinsiplərinin “dövlətçilik” və “milli vətənpərvərlik”dən ibarət olduğunu dəfələrlə vurğulayıb.

Azərbaycançılıq ideologiyası cəmiyyətin ən müxtəlif sosial təbəqələrini təmsil edən insanları vahid bir məqsəd ətrafında birləşdirə bilməklə, dünya azərbaycanlıları arasında milli həmrəyliyin yeni bir formulunu yaratmış oldu. Bu ideologiyanın səciyyəvi cəhətlərindən biri Azərbaycan xalqının milli mentalitetinin xarakterik xüsusiyyətlərinin nəzərə alınması idi. Azərbaycançılıq ideologiyasının diaspor üçün cəlbediciliyi onun daxili rəngarəngliyi ilə bərabər, konseptual bütövlüyü, milli özünüdərkə imkan verən meyarları ilə müəyyənləşdirilir. Digər ideoloji meyllərdən, məsələn, islamçılıq, avropaçılıq, türkçülük, avrasiyaçılıqdan fərqli olaraq azərbaycançılıq hər bir azərbaycanlının milli özünüdərkinə, özünü digər toplumlardan fərqləndirməsinə geniş imkan verir. Uzun müddət tarixi vətənindən ayrılmış, fərqli etnik-mədəni mühitlərə adaptasiya olunmuş soydaşlarımız üçün bu həm ayrı-ayrı fərdlərin azərbaycanlı kimi özünüdərki, həm onların vahid milli zəmində təşkilatlanması, həm də Azərbaycan diasporunun İslam, Türk, Qafqaz, İran və digər yönümlü toplumlardan seçilərək Azərbaycan xalqının tarixi mənafeləri ətrafında birləşməsi baxımından çox mühüm amildir. Azərbaycançılıq ideologiyası bu birliyi şərtləndirən ortaq cəhətləri özündə ehtiva etməklə, harada yaşamasından, hansı sosial mühitdə yetginləşməsindən asılı olmayaraq, bütün azərbaycanlıları bir araya gətirə biləcək milli konsepsiya kimi formalaşıb. Azərbaycançılıq ideologiyası siyasi baxışları, dünyagörüşü, ictimai statusuna görə, insanlar arasında fərq qoymur. Onun əsasında yalnız etnik-milli xüsusiyyətlər deyil, həm də vətən qarşısında borc amili dayanır. Burada milliyyətcə azərbaycanlı olmaq əsas şərt deyil. Ən vacib məsələ milliyyətindən asılı olmayaraq Azərbaycanı sevən hər bir insanın bu ideya ətrafında birləşməsinin vacibliyini aşılamaqdır. Bu baxımdan dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunması sahəsində azərbaycançılıq ideologiyasının rolundan danışarkən olduqca əhəmiyyətli bir amil, vətəndaş cəmiyyəti anlayışı xüsusi qeyd edilməlidir.

Azərbaycançılıq məhkurəsində etnik mənsubiyyətindən asılı olmayaraq respublikamızın ərazisində yaşayan və ya başqa ölkələrə köçmüş bütün vətəndaşlara hüquqi və mənəvi müstəvidə bərabər münasibət bəslənilir. Məhz buna görə, ötən sərin 90-cı illərinin ortalarından digər ölkələrə miqrasiya etmiş qeyri-azərbaycanlı vətəndaşlar, ilk növbədə ruslar, yəhudilər və başqaları Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qürur və onların işində fəal şəkildə iştirak edirdilər. Azərbaycançılıq ideologiyasının digər səciyyəvi cəhəti Azərbaycan dövlətini dünya azərbaycanlılarının siyasi istinadgahı olması ideyasını təbliğ etməsindədir. Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi və dönməzliyi, Azərbaycan Respublikasının bütün azərbaycanlıların milli sərvəti, bu gün harada yaşamasından asılı olmayaraq Azərbaycanda doğulmuş bütün azərbaycanlıların vətəni kimi dərk edilməsi azərbaycançılığın mühüm meyarlarındandır. Bu konseptual ideya öz-özlüyündə əhəmiyyətli olmaqla bərabər, xaricdə yaşayan soydaşlarımızın ölkəmizlə əlaqələrinin inkişafı, onların müxtəlif maraqlarının hüquqi müstəvidə təminatı üçün də fəlsəfi əsas yaradır. Məhz bu ideoloji zəmin xaricdə yaşayan azərbaycanlılarla işi dövlət səviyyəsində uğurla həyata keçirməyə, digər tərəfdən onları ölkəmizdəki iqtisadi layihələrə cəlb etməyə və beləliklə də vətənə daha sıx bağlamağa imkan verir. Olduqca qısa vaxt ərzində azərbaycançılıq ideologiyasının bu qədər populyarlaşmasının və dünya azərbaycanlıları tərəfindən qəbul edilməsinin əsas səbəblərindən biri də məhz yuxarıda qeyd edilənlərlə bağlıdır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 9 fevral.- S.15.