Dünyanın 5 qitəsində fəaliyyət göstərən Azərbaycan diasporu

 

Bu gün dünyanın əksər ölkələrində yaşayan soydaşlarımızın, həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının yayılma coğrafiyası da olduqca maraqlı və rəngarəngdir. Hazırda dünyanın 5 qitəsində məskunlaşan soydaşlarımızın siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir. Azərbaycan diasporu mövzusunun aktuallığı azərbaycanlıların yayılma coğrafiyasının araşdırılması və soydaşlarımızın sayının dəqiqləşdirilməsini zərurətə çevirir. Təqribi sayı 50 milyondan artıq olan dünya azərbaycanlılarının 10 milyondan çoxu hazırda ayrı-ayrı ölkələrdə mühacirətdə yaşayır.

 

XX əsrin əvvəllərinə qədər Azərbaycandan xarici ölkələrə mühacirət edən soydaşlarımızın şəxsiyyət vəsiqələrində “Rusiya təbəəsi” yazılması onların milliyətinin də “rus” kimi təqdim olunması ilə nəticələnib. Həmin dövrdə Rusiyaya köçən azərbaycanlılar “tatar”, Türkiyədə məskunlaşan azərbaycanlılar isə “Azərbaycan türkü” kimi tanınır və bu cür qeydiyyata alınırdı. Hazırkı İran İslam Respublikası ərazisində yaşayan azərbaycanlılar isə “İran təbəəsi” kimi tanınırdı. Bu cür arzuedilməz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olur, nəticədə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşirdi. Lakin problemlərə və çətinliklərə baxmayaraq azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlayıb, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcud olması da məhz bu amillə əlaqədardır. Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəz və Cənub hissəsində daha çox məskunlaşıblar. Statistik məlumatlara görə, azərbaycanlıların sayı Amerika qitəsində 400 minə çatır. Bu qitənin digər ölkələrində, Argentina, Braziliya, Kanada və Meksikada da tarixin müxtəlif zamanlarında soydaşlarımız məskunlaşıblar. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır. 1970-ci ildən etibarən isə Türkiyədən, 1991-ci ildən Azərbaycandan bir qism soydaşımız Amerika qitəsinə gedib. Bu proses diasporamızın tərkibi, eləcə də sosial-iqtisadi fəaliyyətinə öz müsbət təsirini göstərib. Təsadüfi deyil ki, Azərbaycan diasporunun yayılma coğrafiyasına görə, ilk yerlərdən birini məhz Amerika qitəsi tutur.

Azərbaycan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə, geniş olduğu ikinci qitə Avropa qitəsidir. Son illərin statistik göstəricilərinə görə, Avropa azərbaycanlılarının sayı 6 milyon 150 min nəfərdən artıq təşkil edir. Bunun 3 milyonu Türkiyə, 2 milyon 500 min nəfəri Rusiya Federasiyası, 500 min nəfəri Ukrayna, 200 mini Almaniya, 30 mini İsveç, 20 min nəfəri isə Niderlandın payına düşür. Bununla yanaşı digər Avropa ölkələrində yaşayan və diaspora fəaliyyəti ilə məşğul olan azərbaycanlılar da var. Onu da qeyd etmək yerinə düşər ki, Niderland Krallığı, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan soydaşlarımızın əksəriyyəti Türkiyədən bu ölkələrə köçmüş soydaşlarımızdır. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə daha çox İrandan, son illərdə isə Azərbaycan Respublikasından köçmüş həmvətənlərimizdir.

Bu gün Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində fəaliyyət göstərir. Onların bir çoxu Banqladeş, Hindistan, Əfqanıstan, Pakistan, İordaniay və Orta Asiya respublikalarında, İndoneziya, Yəmən Ərəb Respublikası, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı, Suriya və İraqda məskunlaşıb. Eyni zamanda Afrika qitəsində məskunlaşan soydaşlarımız da var. Son zamanlar aparılan araşdırmalardan məlum olub ki, Cənubi Afrika Respublikası, Misir, Əlcəzair, Sudan və Zairdə də soydaşlarımız var və onlar da müxtəlif illərdə həmin ölkələrə köç ediblər. Avstraliya qitəsində də hazırda 8 min nəfərə yaxın azərbaycanlının yaşadığı bildirilir. Əsasən türkiyəli və cənubi azərbaycanlılardan ibarət olan Azərbaycan diasporunun tərkibi son 10 ildə şimaldan Avstraliyaya iqtisadi mühacirətin artması səbəbindən getdikcə daha da genişlənir. Tarixi mənbələrdə isə qeyd olunur ki, azərbaycanlıların bu qitəyə mühacirəti 1950-ci illərdən etibarən başlayıb. Əvvəl Türkiyə ilə Avstraliya arasında imzalanmış miqrasiya müqavilələrinə uyğun olaraq bu qitəyə Türkiyə azərbaycanlılarının kütləvi mühacirəti reallaşdı. Əsasən orta sinfin nümayəndələri içərisində olan azərbaycanlılara ziyalıların çoxluq təşkil etdiyi Cənubi Azərbaycan mühacirlərinin də qoşulması burada diasporamızın formalaşmasına şərait yaratdı. Müstəqillik əldə etdikdən sonra Avstraliyada fəaliyyətini genişləndirən soydaşlarımız buraya Azərbaycandan musiqiçilər, slimlər, yazıçılar, incəsənət ustalarını bir neçə dəfə dəvət edib, Azərbaycan mədəniyyəti, incəsənəti, adət-ənənələrinin təbliğatçısına çevriliblər. Ötən müddət ərzində Avstraliya qitəsində yaşayan soydaşlarımız və burada fəaliyyət göstərən diasporamızın xətti ilə Sidneydə Azərbaycanla əlaqədar müxtəlif tədbirlər həyata keçirilib.

Bu gün Avropa dövlətləri içərisində ən çox azərbaycanlının yaşadığı ölkə Almaniyadır desək yanılmarıq. İqtisadi potensialı, zəngin mədəniyyəti, yüksək həyat tərzi və digər xüsusiyyətlərinə görə, Avropanın mərkəzi hesab olunan Almaniya ilə Azərbaycanın mədəni-iqtisadi-ticari əlaqələrinin tarixi çox qədimdir. Hələ 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin alman imperatoru Fridrix Habsburqa göndərdiyi məktub iki dövlət arasında münasibətlərin qədimliyinin bariz nümunəsidir. Almaniya-Azərbaycan əlaqələri XX əsrin əvvəllərində daha intensiv şəkildə inkişaf etməyə başlayıb. Bu ölkənin Avropada qüdrətli dövlət olması azərbaycanlıların Almaniyaya mühacirətinə əsas yaradırdı. 1913-cü ildən etibarən alman kitabxanalarında Azərbaycandan bəhs edən müxtəlif səpkili kitablar mövcud idi ki, onların bəzilərini bura köçən ziyalı azərbaycanlılar aparmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra Azərbaycandan Almaniyaya Frayberq, Dağ-Mədən Akademiyası, Münhen, Dertştad, Leypsiq, Rena və Hamburq universitetlərində təhsil almağa 50 nəfər tələbə göndərildi və onların çox hissəsi burada daimi qalaraq geri dönməyiblər. Demokratik Respublikanın süqutundan sonra azərbaycanlıların çoxsaylı köçdükləri ölkələr içərisində Almaniya üstünlük təşkil edirdi. Burada məskunlaşan soydaşlarımız Azərbaycan istiqlalının bərpa olunması istiqamətində fəal iş aparırdılar. Bu ölkədə Azərbaycan diasporunun formalaşması və burada yaşayan soydaşlarımızın fəaliyyəti II dünya müharibəsi illərində də davam edib. Azərbaycan legionerlərinin müəyyən hissəsini artıq Almaniyada çoxdan məskunlaşan soydaşlarımız təşkil edirdi. 1943-cü ildə Berlin şəhərində Düdənginskinin təşəbbüsü ilə keçirilən Milli Azərbaycan Qurultayı bu ölkədə fəaliyyət göstərən Azərbaycan dərnəklərinin vahid orqanının yaradılması işində mühüm rol oynadı. Üçrəngli Azərbaycan milli bayrağının altında keçirilən qurultayın 5 maddədən ibarət olan qərarına Azərbaycan Demokratik Respublikasının uğurları, fəaliyyət dövrü, Alman-Azərbaycan dostluğu və türkdilli diasporla mehriban əlaqələr qurulmasından bəhs edən maddələr daxil idi. Həmin tarixdə Berlində alman rəhbərliyi tərəfindən rəsmən tanınan “Mühacir Azərbaycan hökuməti” Azərbaycan diasporunun fəallığı üçün təkan verdi. II dünya müharibəsinin Almaniyanın məğlubiyyəti ilə nəticələnməsi bu ölkədə yaşayan azərbaycanlıların fəaliyyətinə də təsirsiz ötüşmədi. İctimai fəaliyyətlərini fəallaşdıran soydaşlarımızın çox hissəsinin digər ölkələrə səpələnməsinə baxmayaraq, azərbaycanlılar 1952-ci il, sentyabrın 12-dən 19-dək Almaniyanın Ştranberq və Münhen şəhərlərində keçirilən konfransda yaxından iştirak etdilər. Konfransın gedişində İtaliya, Fransa, Almaniya, İran, Türkiyə və Avstriyadan gələn soydaşlarımız “Azərbaycan Milli Məclisi”, “Milli Birlik” adlandırılan qurumda birləşərək birgə fəaliyyət göstərmək barədə müzakirələr apardılar. Lakin müəyyən zaman kəsimində Almaniyada iqtisadi islahatların aparılması, ölkənin dirçəlməsi yolunda görülən işlər diasporların siyasi fəaliyyətini bir qədər passivləşdirdi. 1980-cı illərin əvvəllərindən yenidən Azərbaycan diasporu burada öz fəaliyyətini genişləndirməyə başladı, Almaniyanın müxtəlif sahələrində Azərbaycan mədəni təşkilatları təsis edildi. Bununla da Azərbaycan mədəniyyətinin diasporumuz tərəfindən təbliğ olunması işi də sürətləndi. Türk, ərəb, latın və kiril əlifbaları ilə Azərbaycanın tarixi ədəbiyyatına, folkloruna, mədəniyyətinə aid kitabın çapı daha da artmaqla, qəzet və jurnalların sayı nəzərəçarpacaq dərəcədə çoxaldı.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 10 fevral.- S.15.