Avropa ölkələrində Azərbaycan diasporu

 

Avropanın inkişaf etmiş dövlətlərindən biri olan Belçikada da soydaşlarımız məskunlaşaraq bu ölkədə Azərbaycan diasporunun formalaşdırılması istiqamətində fəaliyyət göstəriblər. Son statistik məlumatlara görə, Belçikada yaşayan azərbaycanlıların sayı 3 min nəfərə yaxındır. Əsasən türkiyəli azərbaycanlıların üstünlük təşkil etdiyi Belçikaya cənub və şimallıların kütləvi mühacirəti 1970-ci ildən sonra başlayıb. Türkiyədən Avropa ölkələrinə əmək xarakterli mühacirətdə buradakı azərbaycanlılar intensiv iştirak ediblər. Türk diasporunun tərkibində ilkin fəaliyyətə başlayan azərbaycanlılar ilk illərdə dəmir yolu, zavod və müəssisələrdə çalışmağa başlayıblar. Sonrakı illərdə soydaşlarımızın Belçikaya adaptasiyası və yerli cəmiyyətə inteqrasiyası onların bir sıra dövlət işlərində çalışmasına şərait yaradıb. Hazırda adi fəhlədən varlı biznesmenə qədər müxtəlif sahələrdə tanınan azərbaycanlılar Belçikada kifayət qədər nüfuza malikdirlər.

 

 Yerli xalqla bir sırada azərbaycanlılar da öz sahələrində işgüzarlıq, əməksevərlik göstərirlər. Onlar ictimai fəaliyyətdə türk diasporu ilə həmrəylik nümayiş etdirirlər. Türk diasporunun Belçikada nəşr etdirdiyi kütləvi informasiya vasitələrində Azərbaycan diasporuna da xüsusi yer verilir. Azərbaycan-Belçika Parlamentlərarası Dostluq Qrupu iki dövlət arasında münasibətlərin inkişafı ilə paralel olaraq buradakı soydaşlarımızın taleyi ilə də yaxından maraqlanır. Belçika dövlətinin Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olması diasporamızın fəaliyyətinə də müsbət təsir göstərir. Hazırda Belçikada “Azərbaycan Evi” təşkilatına məxsus sayt mövcuddur ki, həmin saytda da Belçika azərbaycanlıları barədə xəbərlər yayılır, bu ölkədəki Azərbaycan diasporunun fəaliyyəti, gördüyü işlər, həyata keçirdiyi müxtəlif layihələr barədə oxuculara müntəzəm olaraq məlumat verilir.

Böyük Britaniya da Avropa məkanında azərbaycanlıların sıx məskunlaşdığı ölkələr sırasında yer alır. Bu ölkə ilə Azərbaycanın münasibətləri XVIII əsrin əvvəllərinə təsadüf edir. O dövrdə Azərbaycanın neft sənayesinə maraq göstərən ingilislərin məşhur və nüfuzlu şirkətləri Azərbaycan neftinə investisiya qoymağa başlayıblar. XIX əsrin sonlarından etibarən isə azərbaycanlıların Böyük Britaniyaya mühacirəti başlayıb. XX əsrin onilliklərində soydaşlarımız burada öz icmalarını yaratmağa müvəffəq olublar. Cənubi Azərbaycandan bu ölkəyə başlayan kütləvi mühacirət isə sözügedən prosesi bir qədər də intensivləşdirib. 1950-1960-cı illərdən Cənubi Azərbaycandan Böyük Britaniyaya başlayan kütləvi mühacirət Britaniyada müxtəlif peşə sahələrində çalışan soydaşlarımızın sayının artmasına gətirib çıxardı.

II Dünya müharibəsindən sonra artıq Böyük Britaniyada Azərbaycan diasporunun formalaşması prosesi başlandı. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu ölkədə məskunlaşmış azərbaycanlılar bir qədər də fəallaşdılar. Son məlumatlara görə, hazırda Böyük Britaniyada 20 minə yaxın azərbaycanlı yaşayır. Böyük Britaniyada Şimali və Cənubi Azərbaycandan, Türkiyədən bura köçən mühacirlərlə yanaşı, Gürcüstandan, eləcə də 1988-ci il deportasiyası zamanı Ermənistandan, Orta Asiya və Rusiyadan köçmüş azərbaycanlılara rast gəlmək mümkündür. Onu da etiraf etmək lazımdır ki, bu gün Böyük Britaniya azərbaycanlılarının əksəriyyəti Cənubi Azərbaycandan olan soydaşlarımızdır. Cənublu soydaşlarımız burada kifayət qədər maddi və intelektual imkanlar əldə ediblər. Soydaşlarımız Böyük Britaniyanın iqtisadiyyatı və elminin inkişafında müəyyən rol oynayıblar. Əsasən iqtisadi və texniki mütəxəssislər kimi dövlət və iri şirkətlərə işə dəvət edilən azərbaycanlılar ictimai həyatda da fəal iştirak etməyə çalışırlar. Bu müddət ərzində Cənubi Azərbaycandan olan soydaşlarımız informasiya sahəsində də bir sıra uğurlar əldə ediblər. Britaniyanın tanınmış televiziya kanalları və qəzetlərində Azərbaycanla əlaqəli bir sıra məqalələr və çıxışlar dərc edilir. Bu müsbət tendensiya hazırda da davam etməkdədir. “Times”, “Herald”, “Tribun of Europa” və digər tanınmış qəzetlərlə yanaşı, “BBC” və digər tanınmış televiziya kanalları da öz verilişlərində Azərbaycana böyük diqqət verirlər. Təbii ki, bütün bunlar Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diasporunun əməyinin sayəsində baş verir. Böyük Britaniyada yaşayan azərbaycanlılar, eləcə də burada fəaliyyət göstərən Azərbaycan diasporu digər xalqların diasporları, xüsusilə türkdilli xalqların diasporları ilə də yaxından əməkdaşlıq edirlər. 1990-cı ildə Londonda təsis edilən Dünya Türkləri Komitəsində təmsil olunan azərbaycanlılar bir sıra tədbir və görüşlərdə türkdilli diasporun nümayəndələrinin də iştirakını təmin ediblər. Hazırda türkdilli diasporlarla birgə fəaliyyət göstərən Azərbaycan diasporu burada mütəşəkkil qruplardan biri hesab olunur.

Fransada azərbaycanlılar bir o qədər çox məskunlaşmasalar da, bu ölkədə də bu gün Azərbaycan diasporu fəaliyyət göstərir. Ümumiyyətlə Fransaya azərbaycanlıların mühacirəti XIV əsrin sonları, XX əsrin əvvəllərindən başlayıb. Lakin bu ölkənin Azərbaycana olan maraqları isə XV-XVI əsrlərə təsadüf edir. Hələ 1697-ci ildə Parisdə nəşr edilən Bartelemi D.Erblonun “Şərq kitabxanası” əsəri Azərbaycan ədəbiyyatı, mədəniyyəti və şairləri haqqında Fransada ilk yazılı mənbədir. XIX əsrin sonlarından başlayaraq Fransanın Avropadakı mövqeyinin güclənməsi azərbaycanlıların bu ölkəyə mühacirətini sürətləndirdi. Azərbaycanın imkanlı və ziyalı təbəqəsinin Fransada malik olduqları iş yerləri, mülklər onların ailələri və qohum-əqrəbalarının buraya köçməsinə şərait yaradırdı. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçuların Fransanın iş adamları ilə birgə bizneslərinin olması Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməkdə olduğunu göstərirdi. Azərbaycan Demokratik Respublikasının süqutundan sonra azərbaycanlıların kütləvi şəkildə köçdükləri ölkələr sırasında Fransa ön yerlərdən birini tuturdu. Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Ceyhun bəy Hacıbəyli, Ümbülbanin kimi tanınmış azərbaycanlılar həmin dövrdə Fransada məskunlaşıblar.

1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi elan edildikdən sonra Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin qurulması bu ölkədə Azərbaycan diasporunun fəaliyyətinə də öz təsirini göstərdi. Dağlıq Qarabağ ətrafında baş verən proseslərdə Ermənistanı himayə edən Fransanın atdığı addımlar, işğalçı ölkəyə göstərdiyi dəstək Fransada yaşayan soydaşlarımızın haqlı narazılığına səbəb oldu və qəzəblə qarşılandı. Bunun nəticəsi olaraq Fransada bir-birinin ardınca “Qarabağ tarixi və indiki dövr”, “Qarabağ” məqalələr toplusu, “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağın tarixi və ona aid sənədlər” kitabları nəşr edildi. Bu gün də Fransada yaşayan soydaşlarımız bu ölkənin ermənipərəst mövqeyinə etirazını bildirir, zaman-zaman diasporamızın keçirdiyi müxtəlif səviyyəli tədbirlər, etiraz aksiyalarında Fransanın ədalətli mövqedən çıxış etməsi tələb olunur.

Təxminən 2,5 min nəfərə yaxın soydaşımızın yaşadığı Danimarkaya azərbaycanlıların mühacirət dövrü 3 mərhələni əhatə edir.

Birinci mərhələ 1890-1918-ci illər, passiv mühacirət dövrü hesab olunur. Bu illərdə cənubdan, şimaldan, xüsusən də Türkiyədən köçən azərbaycanlılar ölkənin iri şəhərlərində məskunlaşırdılar. Həmin illərdə əksəriyyəti ziyalılar və ticarətçilər olan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası uzun vaxt aparıb.

İkinci mərhələ 1920-1990-cı illərə təsadüf edirdi ki, bu illər azərbaycanlıların mühacirətinin fəal dövrü sayılır. Xüsusən 1941-1945-ci və 1960-cı illərdə Azərbaycandan və Türkiyədən olan soydaşlarımızın çoxsaylı qrupları Danimarkanın paytaxtı Kopenhagendə və digər şəhərlərdə məskunlaşıblar. Həmin mühacirlər qapalı və gizli həyat yaşamalarına baxmayaraq ticari-iqtisadi sahələrdə xeyli uğurlar əldə ediblər. Yerli əhali və türk diasporunun nümayəndələri ilə qarışıq nigaha girən azərbaycanlıların bir hissəsi milli kimliklərini qoruyub saxlaya biliblər.

Soydaşlarımızın Danimarkaya mühacirətinin üçüncü mərhələsi 1991-ci ildən sonrakı dövrə təsadüf edir. Müstəqillik əldə edildikdən sonra bu ölkəyə şimaldan kütləvi halda başlayan mühacirət nəticəsində Danimarka yüzlərlə təhsil, iş və yaşamaq üçün gələn azərbaycanlını qəbul edib. Etiraf etmək lazımdır ki, Danimarka azərbaycanlıları bəzi Avropa ölkələrində yaşayan soydaşlarımızdan bir qədər fəal hesab olunurlar. Xüsusilə, bu ölkədə azərbaycanlı gənclərin fəaliyyəti qənaətbəxş hesab oluna bilər. Ölkəmizdə cərəyan edən prosesləri diqqətlə izləyən Danimarka azərbaycanlıları Qanlı yanvar, Xocalı faciəsi və torpaqlarımızın işğalı günlərində etiraz aksiyaları təşkil edir, milli bayramlarımızı bir yerdə qeyd edirlər. Əsasən mədəni tədbirlərin tez-tez həyata keçirildiyi Danimarkada fəaliyyət göstərən “Azərbaycan radiosu”nun işini müsbət qiymətləndirmək olar. Radio Azərbaycan musiqi mədəniyyəti, poeziyası ilə əlaqədar çoxsaylı proqramlar hazırlayır. Bu ölkədə əsasən Türkiyədən köçmüş, xüsusilə iqdırlı azərbaycanlılar üstünlük təşkil edirlər. Əsas etibarilə orta təbəqə sinfinə aid olan Danimarka azərbaycanlılarının bu ölkədə bir neçə təşkilatı fəaliyyət göstərir.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 11-13 fevral.- S.15.