Rusiya azərbaycanlıları
Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi
ölkələr sırasında Rusiya Federasiyası
xüsusilə seçilir
Bu gün Azərbaycan diasporunun ən
geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr
içərisində Rusiya Federasiyası xüsusi yer tutur.
Hazırda qeyri-rəsmi statistikaya görə, Rusiyada 2,5 milyon
soydaşımız yaşayır ki, onlar da bu ölkənin
89 subyektində məskunlaşıblar. Rusiya ilə Azərbaycanın
tarixi əlaqələri X əsrdən etibarən inkişaf
etməyə başlayıb. Rusiya dövlətinin qüdrətli
inkişaf dövrü keçdiyi zaman başqa yerlərdə
olduğu kimi, Azərbaycandan da Rusiyaya köçənlər
arasında ticarət və elm xadimləri üstünlük təşkil
edirdi. Tədqiqatçıların araşdırmalarına
görə, Böyük Moskva knyazı III Vasili, İvan
Qroznı və I Pyotrun çarlığı dövründə
Rusiyaya köçən azərbaycanlı sənətkarlar,
tacirlər və elm xadimləri Moskva, Sankt-Peterburq və Moskva
ətrafı ərazilərdə məskunlaşırdılar.
Azərbaycanlılar içərisində Rusiya dövlət
idarələrində çalışanlar barədə bu
ölkənin arxivlərindəki məlumatlarda da rast gəlmək
olur.
Rusiya Xarici İşlər Nazirliyində
tərcüməçi işləmiş Nəsirov və Mirzə əbu Turab Vəzirov XVII əsr
Azərbaycan diasporunun tanınan nümayəndələri idilər.
1828-ci il, “Türkmənçay” müqaviləsinə qədər
Rusiyaya təhsil almaq məqsədilə gedib burada daimi
yaşayan soydaşlarımızdan Mirzə Abdulla Vəzirov, Mirzə Cəfər
Topçubaşov, Abbasqulu ağa Bakıxanov kimi
tanınmış şəxslərin adlarını çəkmək
olar.
1828-1991-ci illərdə
Rusiyaya axını güclənən mühacirət prosesini
bir neçə mərhələyə bölmək
mümkündür.
Birinci mərhələ
1828-1918-ci illəri əhatə edir. Bu illərdə əsasən
elm, sənət və digər işlərlə məşğul
olan Azərbaycan mühacirləri Rusiya ərazisində say
etibarilə seçilən icmalarını yarada bildilər.
Bu illər ərzində bir çox tanınmış azərbaycanlılar
imperiyanın sayılıb-seçilən insanlarından
olmaqla, bu ölkənin elminə və iqtisadiyyatına öz
töhfələrini verirdilər. Rusiya elmində, hərbi sahədə,
eləcə də iqtisadiyyatda danılmaz rolu olan azərbaycanlılardan
Əliağa Şıxlinski,
Mirzə Məhəmmədəli, Hacı Kazım, Mirzə Kazım
bəy, Ağababa Sadıqov, İbrahim ağa Usubov və
yüzlərlə bu kimi şəxslərin adını
çəkmək mümkündür.
İkinci mərhələ
1920-1960-cı illəri əhatə edir. Azərbaycan Demokratik
Respublikasının süqutundan sonra bolşevik siyasi
ideologiyasının tərəfdarı olan bəzi azərbaycanlılar
Rusiyaya köçməyə başladılar. Əsasən
II dünya müharibəsi illərində və müharibədən
sonrakı dövrdə rus qadınları ilə ailə qurub
burada yaşayan soydaşlarımız Azərbaycan mühacirətinin
ikinci dalğasının nümayəndələri hesab
edilirdi. Bununla yanaşı, 1930-cu illərin repressiyaları
zamanı Sibir, Mərkəzi və Orta Asiya, Rusiyanın ucqar əyalətlərinə
sürgün edilən azərbaycanlılar həmin ərazilərdə
yaşamağa məcbur olublar. Sonradan
onların çox cüzi
hissəsi Azərbaycana qayıda biliblər.
Azərbaycanlıların
Rusiyaya mühacirətinin üçüncü
mərhələsi 1960-1980-ci illəri əhatə edir. Bu dövrün mühacirəti əsasən
sosial və iqtisadi səbəblərlə
bağlı olub. İlk
olaraq Rusiyanın əyalətlərində
böyük tikililər- Sibirdə Baykal-Amur magistralı, Volqaboyunda,
Tümendə yeni neft
yataqlarının istismarı, eləcə də yeni şəhərlərin salınması səbəbindən
minlərlə azərbaycanlı buraya
köçüb. 1970-ci illərdə isə Rusiyaya təhsil
almağa gedib geri qayıtmayan azərbaycanlılar çoxluq təşkil edirdi.
Moskva, Leninqrad və
digər iri şəhərlərə oxumağa gedən azərbaycanlılar təhsil
müddəti bitdikdən sonra bu ölkədə öz
ixtisasları üzrə işləyərək Rusiyada Azərbaycan icmasının ziyalı təbəqəsini
təşkil edirdilər.
Azərbaycanlıların
1991-ci ildən bu günə qədər davam edən mühacirəti isə
soydaşlarımızın şimal qonşumuza mühacirətinin dördüncü
mərhələsi kimi xarakterizə edilir. Bu mühacirət dövrü əsasən iqtisadi
səbəblərlə əlaqələndirilir. Həmin tarixdən başlanan
mühacirət prosesi barədə bəzi
tədqiqatlarda qeyd olunur
ki, Rusiyaya mühacirət
edən azərbaycanlılar ölkənin müxtəlif şəhər
və rayonlarında məskunlaşdıqdan sonra
Rusiyada Azərbaycan diasporunu
formalaşdırmaq zərurəti meydana
çıxdı. Azərbaycan Respublikası müstəqillik
əldə etdikdən sonra Rusiyadakı
soydaşlarımızın diaspor
formalaşdırması prosesi xüsusi intensivliklə başlayıb və bu gün də uğurla davam etməkdədir.
Hazırda Rusiya Federasiyasında məskunlaşmış
azərbaycanlıları öz ətrafında
birləşdirməyə çalışan 13 mərkəz
fəaliyyət göstərir. Həmin mərkəzlərdən
ikisi, ÜmumRusiya Azərbaycanlıları
Konqresi, Rusiya Azərbaycanlılarının
Federal Milli Mədəni
Muxtariyyəti ətrafında Azərbaycan cəmiyyətləri
və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində
özəkləri mövcuddur. Ümumiyyətlə,
Rusiyada Azərbaycan diaspor
təşkilatları 89 subyektin
hamısında fəaliyyət göstərir. Bu
ölkədə fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatları və cəmiyyətlərini
öz ətrafında birləşdirən
iri qurumlar diaspora sahəsində fəal işlə məşğul
olurlar. Belə qurumlardan
geniş imkanlara malik olanı ÜmumRusiya Azərbaycanlıları
Konqresidir. 2001-ci il,
martın 5-də Moskva şəhərində
təsis edilən ÜmumRusiya Azərbaycanlıları
Konqresi həm Azərbaycan, həm də
Rusiyanın rəsmi dövlət strukturları tərəfindən
tanınır. Konqresin Rusiyanın 60-dan artıq şəhərində strukturu formalaşıb. Ölkənin demək
olar ki, bütün iri şəhərlərində
fəaliyyət göstərən Azərbaycan cəmiyyət
və təşkilatları ÜmumRusiya
Azərbaycanlıları Konqresinin üzvləridir.
ÜmumRusiya Azərbaycanlıları Konqresi bu ölkədə
kütləvi informasiya vasitələri
ilə yaxından əməkdaşlıq edir. Hətta konqresin
təsis etdiyi bir
neçə təbliğat vasitəsi fəaliyyət göstərir.
Hazırda ÜmumRusiya Azərbaycanlıları
Konqresi bu ölkədə
“Azerbaydjanskiy konqres” qəzetini
nəşr edir. Eyni zamanda ÜAK azcongress.ru
saytını yaradıb. Konqresin təşəbbüsü ilə Tümenin
yerli televiziyasında Azərbaycan dilində
verilişlər yayımlanır. ÜmumRusiya
Azərbaycanlıları Konqresinin 2001-ci il, oktyabrın 4-də keçirilən birinci qurultayı zamanı ÜAK-ın
qarşısına bir sıra məqsəd
və vəzifələr qoyulub. Həmin məqsəd və vəzifələr
sırasına Azərbaycan Respublikasının vətəndaşı
olub Rusiya
Federasiyasında yaşayan azərbaycanlıların
vətəndaş hüquqlarının müdafiəsi,
sosial-mədəni inkişafa yardım etməklə
reallaşdırmaq, bu ölkədə azərbaycanlıların
milli əlaqələrini, kimliyini
və dinini, mədəni irsini
qoruyub saxlamaq və inkişaf etdirməkdir. Həmçinin
Rusiya və Azərbaycan xalqları
arasında dostluq münasibətlərini inkişaf etdirmək, milli-mədəni tədbirlərin
reallaşdırılmasında iştirak
mədəni və milli əlaqələrin
müxtəlif formalarda inkişaf
etməsinə nail olmaq
da ÜmumRusiya Azərbaycanlıları
Konqresinin qarşısında dayanan məqsəd və vəzifələrdəndir.
ÜmumRusiya
Azərbaycanlıları Konqresindən başqa
bu ölkədə Azərbaycan diaspor təşkilatlarını ətrafında
birləşdirən böyük qurumlardan biri də Rusiya Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti birliyidir. 1999-cu ildən fəaliyyətə
başlayan AZERROS həmin il
oktyabrın 10-da Rusiya Federasiyası Ədliyyə
Nazirliyində qeydiyyata
alınıb. Qurum Rusiya
hökuməti və Dövlət Duması yanında prezidentin fərmanı ilə
yaradılmış Məsləhət Şurasının üzvüdür. Bununla Dövlət
Dumasında səs hüququ əldə edən
AZERROS ekstremizm, cinayətkarlıq, milli münasibətlər və s. məsələlərin müzakirəsi
zamanı öz əlavə və dəyişiliklərini
təklif etmək, yeni layihələr təqdim
etmək təşəbbüsü ilə
çıxış etmək hüququna
malikdir. Rusiya Azərbaycanlılarının Milli
Mədəniyyət Muxtariyyətinin əsas məqsəd və
vəzifələri bu ölkədə Azərbaycan
mədəniyyətini təbliğ etmək, azərbaycanlılar
arasında həmrəyliyə nail olmaq, Rusiya azərbaycanlılarının
hüquqlarını müdafiə etmək, ölkələr
arasında ikitərəfli əlaqələrin
inkişafına nail olmaq
və nəhayət Rusiyada informasiya işini qurmaq və lobbiçilik
fəaliyyəti ilə məşğul olmaqdır.
Rusiyada fəal diaspora
işi ilə məşğul olan təşkilatlardan biri
də Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır.
2009-cu
il, aprelin 18-də təsis
edilən təşkilat Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində fəal iş aparmağa nail olub. Təşkilatın sədri Leyla xanım Əliyevanın təşəbbüsü
ilə başlamış “Xocalıya
ədalət” beynəlxalq təbliğat kampaniyası
çərçivəsində dünyanın bir sıra ölkələrində Xocalı
soyqırımı ilə bağlı tədbirlər təşkil
edilib, bu
soyqırım aktının nəticələri barədə
məlumatlar verilib. Ümumiyyətlə, Rusiyada Azərbaycanlı Gənclər Təşkilatı
qısa vaxt ərzində böyük
işlər görə bilib. Təşkilat
Rusiya Federasiyasında yaşayan
bütün azərbaycanlı gəncləri
öz ətrafında birləşdirməyə
müvəffəq olub. Təsadüfi deyil ki, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı hazırda dünyanın ən
nüfuzlu Azərbaycan diaspor
təşkilatlarından biri hesab edilir.
Azərbaycan
Respublikası
Prezidenti
yanında
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 14 fevral.- S.15.