Minilliklərdən gələn yeni gün - Novruz! 

 

Bəşər tarixinin yaddaş səhifəsindən çox xalqların adı gəlib-keçmişdir. Amma yalnız zəngin adət və ənənələri, bayram və şənlikləri, ayin və mərasimləri mükəmməl formalaşmış xalqlar tarixin real səhifəsinə keçid almış və müasir zamana gəlib çatmışlar. İndi necə adlanmasından və hansı dinə etiqad göstərməsindən asılı olmayaraq ruhu, mənəvi siması və xarakteri yaşayan, insanlığın yaşam tərzini və ictimai həyatını formalaşdıran bu xalqlar haqlı olaraq bəşər mədəniyyətinin aparıcı qüvvəsi hesab edilir.

 

 Onların sırasında böyük türk millətinin və Azərbaycan xalqının da olması çox qürurvericidir. Çünki Azərbaycan xalqı dünya mədəniyyətinin, ən möhtəşəm bayram ənənələrindən biri olan Novruz bayramının əsas yaradıcı və aparıcı qüvvəsidir. Novruz bayramının tarixinə nəzər saldıqda ona aid edilən bütün ayin, mərasim, məclis və əlamətlərə yalnız Azərbaycanda tam əməl olunur. Bu isə Azərbaycan xalqının zəngin mədəniyyətinin, tolerantlığının, qüdrətinin və iradəsinin təzahürüdür. Bəzi elmi mənbələrə əsasən Novruz bayramının təxminən 3000 ilə yaxın tarixi olduğu bildirilir. Novruz adət və ayinlərini mifaloji inanclara bağlayan mütəxəssislər bunun mahiyyətinə varsalar yəqin ki, yanıldıqlarına əmin ola bilərlər. Mifoloji inanclar daha çox xalqın ibtidai bilgilərindən, elmi dünyagörüşün azlığından və təbiət qüvvələri qarşısında acizliyindən doğur. Xalq minillər boyu elmi dünyagörüşdən uzaq və sadəlövh inanclara gözübağlı qapanıb qala bilməz. Bir halda ki, Novruz ayinləri, adət və əlamətləri minillikləri adlayıb müasir zamanımıza gəlib çatmışdır, deməli, bunlar sadəlövh, mifik inanclar deyil, bunlara həm elmi, həm real təbiət həqiqətləri və həm də metafizik dəlillər hakimdir. Novruz bayramı həm də insan həyatı ilə təbiət arasında harmoniyanın təntənəsini ifadə edir. Məhz o bayramlar minilliklərin süzgəcindən uğurla keçir ki, onlar milli və bəşəri ideyalar daşıyır. Novruz bayramı insanlara öz tarixini, folklorunu xatırladırsa, sevinc, şənlik, sülh, səmimiyyət, əmin-amanlıq aşılayırsa, haqlı olaraq yaşamağa və ən yüksək qiymətlərə layiqdir. Novruz bayramının tarixi hələ də araşdırmalar tələb edir. Mütləq aydın olan məqam onun qədim türk mənşəli olması və tam konkret dini xarakter daşımamasıdır. Bəlkə də onun uzunömürlüyünə dəlalət edən ən mühüm bir amil də elə budur. Novruz bayramını sırf Atəşpərəstlik dininə aid etmək doğru olmazdı. Əslində onu daha çox şamanizmə aid etmək mümkünsə də, o tenqrilikdən, zərvanilikdən, mazdanizmdən, atəşpərəstlikdən və islam dinindən də müxtəlif əlamətlər əxz etmişdir. Təkcə Tenqrilik miladdan əvvəlki 4-cü minilliyə aid bir dindir. Bu isə Novruz ənənələrinin tarixinin 6 min il əvvələ aparır. Tenqr- Səma və Günəş tanrısıdır. Günəş oyandıqda yeri qızdırır, torpağı yaşıla boyayır, yazı gətirir və bununla əlaqədar ayinlər keçirilir – eyni ilə Novruz inanclarında olduğu kimi. Yaxud da Şamanizmdə od ətrafında keçirilən bir sıra ayinlər sonralar Novruzun çərşənbə tonqalı ətrafında öz izlərini saxlamışdır. Eləcə də mazdaizmdə xeyirxah ilahi Ahura-Mazdanın şər ilahi sayılan Anhra Maynuya qarşı mübarizəsi, Zərvanilikdə dörd ünsürün ( atəş, su, torpaq və küləyin) kompanentlərinin ilaxır çərşənbələrdə xatırlanması, Atəşpərəstlikdə oda bağlı ayinlərin və bir sıra adətlərin təkrarlanması, İslam dininə görə bayramlarda mərhumların, valideynlərin, qohumların yad edilməsi, sülh, barış çağrışları Novruz bayramına əlavə gözəllik gətirmişdir. Novruz bayramında istifadə edilən ayinlərdə şaman və buddistlərin yaz mövsümü ilə bağlı keçirtdikləri ayinlərin əsas elementləri də özünü göstərməkdədir. Bu bayram həm də milli, psixoloji, sosioloji nüanslarla zəngindir. Bu zənginlik zaman-zaman genişlənməkdə, artmaqdadır. Mahmud Kaşğarlının “Divanü-lüğat-it Türk” əsərinə əsasən “Bayram” mənşəcə “bedhrem” sözündən yaranaraq, qədim türk sözüdür və bir yerin gül- çiçəklə, işıqlarla bəzədilməsi və orada sevinc, əyləncə məclislərinin qurulması anlamını verir. “Novruz” sözü hərfi mənada “yeni gün” deməkdir. Amma mərasim semantikasına görə bu söz bir mərhələnin bitməsi, yeni mərhələnin başlanğıcını ifadə edir. Azərbaycanda onu həm də “Bahar bayramı” adlandırırlar. Bir sıra ölkələrdə o “Ergenekon”, “Mart Doqquzu”, “Bozqurd”, “Cağan”, “Sultan Nevruz” və sair adlanmışdır. Bir ehtimallara görə isə bu söz Atəşpərəstliyin xeyir allahı Ahura Mazda adından götürülmüşdür. Ahura Mazda “Hörmüz” kimi də ifadə edilirdi. Əfsanəyə görə bu bayrama Azərbaycan türkəri, farslar və kürdlər “Hörmüz günü” dediklərinə, bu isə atəşpərəstliklə bağlı olduğuna görə xəlifə Müaviyyə onu qadağan etmişdi. Amma onun yanına çoxlu hədiyyələrlə gedən elçilər bunun “Hörmüz” deyil, “Novruz” olduğunu bildirmiş və aparılan hədiyyələrin müqabilində onun keçirilməsinə icazə alınmışdır. Əksər Şərq ölkələrində zaman-zaman o həm xalq, həm də dövlət bayramı kimi çox geniş və böyük təntənələrlə qeyd edilmişdir. Novruz bayramı “yeni gün” olaraq birbaşa yeni ilin və yeni təbiət fəslinin başlanmasına aid edilir. Bu isə təqvim ilinin formalaşdırılması ilə bağlıdır. Bəşəriyyət bir sıra təqvimlər müəyyən etmişdir: Qədim Mayya, Roma, Çin, Qriqoryan, Bəhai, Hicri-qəməri, Hicri-şəmsi təqvimi və sair. Bu təqvimlərin əksəriyyəti Günəş və Ayla bağlıdır. Ən qədim təqvimlərdən biri də Atəşpərəstliyin “Avesta” kitabına əsaslanır. Atəşpərəst maqların təyin etdiyi bu təqvimdə il 360 gün nəzərdə tutulur.Eramızdan əvvəlki 505-ci ildə Əhəməni çarı I Dara Zərdüşti səlnaməsini bərpa etdirmiş və il 365 gün hesab olunmuşdur. Bu təqvimə əsasən hər dörd ildə bir gün, hər 120 ildə isə bir ay əlavə olunmuşdur. Lakin 636-cı ildə xəlifə Ömərin göstərişi ilə Hicri-qəməri adlanan müsəlman təqvimi yaradılmış və il 622-ci ildən hesablanmağa başlanmışdır. Bu təqvimə əsasən məhərrəm ayının 1- i yeni təqvim ilinin başlanmasını bildirir. Bu təqvimdə il 10 gün az olduğu səbəbindən məhərrəm ayı hər il eyni fəsildə başlamır, 10 gün geriyə olmaqla dövr edir və yazın gəlişini ifadə etmirdi. XI əsrin ikinci yarısında türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqi Hicri-şəmsi təqvimini bərpa etdirdi və Cəlali adlanan bu təqvimə əsasən il 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə və 48 rəbiə kimi dəqiqləşdi. Bu isə gecə ilə gündüzün bərabərləşdiyini, təbiətin oyanmasını, yeni fəslin və deməli yeni günün başlanmasını hər il eyni vaxtda olmaqla daha dəqiq göstərdi. Azərbaycan alimi Nəsirəddin Tusi türk təqvimini astronomik gerçəkliklərə uyğunlaşdırdı. Böyük elektron teleskoplar olmadan Günəşin Balıqlar bürcündən Qoç bürcünə keçməsi dəqiq hesablandı, 21 mart tarixi müəyyən olundu. Cəlalinin fərmanı ilə yeni il mart ayının 21-də, Novruz bayramı kimi yenidən rəsmən qeyd olunmağa başladı. Bu həm də ən qədim və həyatı əhəmiyyətli bir əmək məşğuliyyətinin - əkinçiliyin, yeni ruzu qazanılmasının başlanğıc ayı kimi çox əhəmiyyətlidir. Təbiətə və onun tərkib hissəsi olan insana həyat verən 4 mühüm ünsür (su, od, hava və torpaq) də məhz bu ayda sanki “dirilməyə” başlayır. Bu səbəbdən bayrama 4 həftə qalmış hər çərşənbə bu 4 ünsürdən birinə aid edilir və müqəddəs sayılan bu çərşənbələrdə müvafiq ayinlər icra olunur. “Su çərşənbəsi”ndə su hövzələri, arxlar qaydaya salınır, abadlıq aparılır, müxtəlif ayinlər icra edilir. Su üzərindən atdanmaq, bir-birinə su çiləmək, yaralara su səpmək kimi adətlər müəyyən inanclarla əlaqədardır. “Od çərşənbəsi” oda olan inama, Günəşə və digər atəşpərəstlik inanclarına bağlıdır. Onu sağlamlıq, gözəllik əlaməti kimi də qəbul edirlər. “Yel çərşənbəsi”nə olan inama görə yel oyanmış suyu və odu hərəkətə gətirir. İnsanlar bu çərşənbədə, istədiklərinə xoş arzular diləyir, öz valideynlərinə baş çəkir, amma gecəni yalnız öz evində keçirdir. Novruz bayramı ərəfəsində keçirilən 4-cü çərşənbə sonuncu olduğu üçün “İlaxır çərşənbə” və “Yer çərşənbəsi” adlansa da, əslində bu “Torpaq çərşənbəsi”dir. İnanclara görə əvvəl oyanmış üç çərşənbə insanları ərzaq qıtlığından qurtarmaq üçün Torpaq xatunun yeraltı məbədinə gedir, burada yatmış torpağı oyadırlar. Torpaq çərşənbəsi əkin işləri ilə bağlı olduğu üçün bu gün daha çox ayinlər, oyun və şənliklər keçirdilir. İnsanlar əkin yerinə çıxır, torpağı təmizləyir, əmək nəğmələri oxuyur, evlərdə üzərrik yandırır, çərşənbə tonqalları qalanır, üzərindən hoppanır, evlərə qurşaq atır, qulaq falına çıxırlar. Novruz bayramı beləcə xoş və maraqlı komponentlərlə zəngindir. Bu ərəfədə evlər, həyət-baca təmizlənir, ağacların dibi yumşaldılır, ağardılır, milli şirniyyat növləri hazırlanır, böyük bazarlıq edilir, ailə üzvləri üçün təzə paltar alınır, hədiyyələr verilir, bayram süfrəsi bəzənir, müqəddəs yerlər ziyarət edilir, səməni (buğda isladılaraq) göyərdilir, şam yandırılır və sair. Qədim zamanlarda bayram axşamı atəşpərəst kahinlər keçi dərisinə bürünər, buynuz taxar, evlərin üstündəki bacadan içəriyə guya ölənlərin ruhu adından torba sallayardılar. Ev sahibləri öz ölənlərinin ruhunu şad edirmiş kimi bu torbaları müxtəlif şirniyyat və bayram çörəkləri ilə doldururdular. Qışı Keçəl ifadə etsə də şər qüvvələrin simvolu kimi Kosa personajı tanınır. Ayin qaydalarına görə Kosa onlardan bu sovqatları almağa çalışır. Sonralar bu ayin tamam dəyişərək qurşaq və ya dəsmalatdı formasını almışdır. Təzə paltar geyinmək, təmizlik, rəngarəng yeməklər kasadçılıq xaosunun aradan qaldırılmasını simvolizə edir. Küsülülərin barışması cəmiyyətdə harmoniyanın bərpası, tonqal üzərindən tullanma, insanın öz ağırlığını (mənfi emosiyasını) Tenqriyə qurban verməsini bildirir. Asimanın yumurta qabığını xatırlatması, qabığın altında su, sudan sonra yer(torpaq) gəlməsi müəyyən mənalar daşıyır. Yumurta döyüşdürülməsi qış və yazdan ibarət iki dünyanın qarşı-qarşıya qoyulması, toqquşması, toxum (səməni) cücərdilməsi təbiətin canlandırılması, “qulaq falı” isə yenilik eşitməyə ehtiyacın yaranmasını ifadə edir. Zərdüştülükdə 7 rəqəmi çox mühümdür. Bu, Ahura Mazdanın (Hörmüzün) dünyanı 7 ünsürdən yaratması ilə bağlıdır. Buna uyğun olaraq yeddi çərşənbə tonqalı qalanır, bayram süfrəsinə “S” səsi ilə başlanan 7 növ qida qoyulur, 7 cür şirniyyat bişirilir və sair. Novruzda yeddi evə bayram payının verilməsi də bu silsilədəndir. Novruz həm də insan psixikasında təzələnmə, yenilənmə ilə davam edir. İnsanlar çox şeyi bu bayramın uğurlu keçirilməsilə bağlayır, onların istədiyi kimi və ya daha yaxşı olacağına daxili inamla tədarük görür, zahiri yenilənməyə, təzələnməyə etibar edirlər. Bu inam müsbət enerji ilə yüklənir, həqiqətən də onların həyatını, dünyabaxışını yeniləmiş, təzələmiş olur. Belə nəticə əslində milli ruhun və daxili immunitetin qüvvətlənməsi deməkdir. Həm milli folklor, həm də bu cür sosioloji dəyərlərinə görə Azərbaycan dövləti Novruz bayramına mühüm əhəmiyyət verir; dövlət səviyyəsində müsabiqələr, yarışmalar, şənliklər, yarmarkalar, konsertlər, ümumxalq gəzintiləri, atəşfəşanlıq təşkil edilir, ölkə başçısı xalqla bayramlaşır, ayinlər icra edir, insanlar təltif olunur, mükafatlar verilir, uşaq evlərinə və kimsəsizlərə yardım göstərilir,.. Hazırda 300 milyondan çox insan bu bayramı qeyd etsə də, məhz Azərbaycan Dövlətinin iradəsilə 2009-cu ildə Novruz bayramı milli və tarixi dəyərləri nəzərə alınaraq YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyası mart ayının 21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir. Minilliklər boyu bir xalqın həyatını təzələyən, milli ruhunu gücləndirən, humanizm hisslərini artıran bir bayrama- yeni günə indi bunlardan tamam məhrum olan müasir dünyanın daha çox ehtiyacı var.

 

 

  Hafiz Mirzə

 

  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

 

  Olaylar.- 2012.- 14 fevral.- S.10.