Sağ
qalan şəhidlər
Görüşəcəyim
qadının adı Tutu Cumayeva idi. O, Qarabağ müharibəsinin
könüllü tibb bacılarından olub. Görüş
yerini təyin etmək üçün öncə telefonla
danışdıq. Çox mehriban, cana yatan bir səslə
qarşılaşdım. “Nə vaxt istəsən
görüşək” dedi. Harda görüşək, sizin
üçün necə uyğundur? Deyə soruşdum.
“Kaş istədiyin yerə gələ biləydim, ancaq mən
evdən çölə çıxa bilmirəm, ona görə
sənə zəhmət verəcəm bizə gəl”.
(Niyə
çıxa bilmədiyi haqda daha sonra) Getdim. Necə deyərlər
iki pişik dalaşsa birinin qazana düşəcəyi bir
otaqlı mənzildə yaşayan müsahibim şəraitə
təzad olaraq sanki dünyanı sığdıra biləcək
genişliklə qollarını açıb məni
qucaqladı. Sonra qızından bütün sənədləri
gətirməsini istədi. “Hər şeyi sənədlərlə
danışacam”. Veteran, əlil vəsiqələrini göstərdi.
Adı oxudum, bir də baxdım. “Gözlərim yaxşı
görmür, yoxsa sizin sənədlər yanlışdır,
axı burada başqa ad yazılıb” deyə soruşdum. “Yox
sənədlər də düzdür, gözlərinizdə də
problem yoxdur. Sadəcə mənim iki adım var. Sənədlərdə
Rüxsarə, Qarabağda isə Tutu. İndi hər iki
adı daşıyıram, amma bütün
döyüşçülər məni Tutu kimi
tanıyır”. (Mən də yazıda Tutu deyəcəm) Niyə
məhz Tutu? “O vaxtlar saçım qara, indikindən bir az da
qısa, qıvrım idi. Çoxları elə bilirdi ki,
Qaraca qız filmində Qaraca qız yəni, Tutuyam. Bu
oxşarlığıma görə, Qarabağda
döyüşçü dostlarım bu ləqəbi verdilər.
Adlarımın hər ikisi də mənim üçün əzizdir.
Rüzsarənin mənası isə insanlara yardım etməkdir.
Qaraca qız da filmdə Ağcanın ölümünə
razı olmur, zəhəri çəkir, özü
ölür. Deyirlər ad insanın taleyi ilə uyğun olur.
Bəlkə də bu adlar mənim həyat yolumu cızıb”.
Bir ağacın kəsilməyinə
razı olmayan xalq
1988-ci il
azadlıq mücadiləsi başlanan zaman dövrün bir
çox gəncləri kimi Tutu xanım da meydana atılır.
O həmin illərdə həm Bakı Dövlət
Universitetinin filologiya fakültəsində oxuyur, həm də
2 nömrəli taxıl məhsulları kombinatında işləyirdi.
Lakin nə təhsil, nə də iş onun mücadiləyə
qoşulmasına maneə ola bilmir. Təhsili və işi
yarımçıq qoyur və artıq yeni, sonu məlum
olmayan bir yola gedir. “Meydana toplaşanların əvvəlcə
Topxana meşəsinin qırılmasına qarşı etiraz
edirdilər. Düşünürəm ki, bir ağacın kəsilməsinə
razı olmayan xalq, indi yüzlərlə oğulun qanın
yerdə qalmasına necə dözür, bunu heç anlaya
bilmirəm”.
Yeddi oğul bir qız
Meydan günlərin danışarkən
birlikdə mübarizə apardığı insanların bir
–bir adını çəkir. Həmin günlərdə
insanların ürəyindəki mübarizə ruhunun çox
qüvvətli olduğunu deyir. Bu ruh yüksəkliyinin həm
də birlikdən, bərabərlikdən gəldiyini və bu
gün də həmin birliyi görməyi çox arzu etdiyini
də əlavə edir. Həmin günlərdən biri.
“1988-ci ilin noyabr 22-dən 23-nə keçən gecə meydana
tanklar yeridildi. Onlara məlumat verilmişdi ki, biz ermənilərin
qanını su yerinə axıdırıq. Amma belə bir
şeyin olmadığını, sadəcə aksiya keçirdiyimizi
gördülər. Tanklar geri çəkilsə də, Nemət
Pənahlıya meydanı dağıtmağı
tapşırdılar. Ancaq onlar geri çəkilməsəydilər
belə insanlar dağılmayacaqdı. Çünki insanlar
arasında birlik, bərabərlik vardı”. Həmin illərdə
insanların azadlıq uğrunda mübarizə üsulları
müxtəlif idi. Onlardan biri də aclıq aksiyası
keçirmək olub. “O günlərdə meydanda yeddi oğlan
bir qız-o qız mən idim aclıq aksiyası
keçirirdik. Noyabrın 22-dən dekabrın 4-dən 5-nə
keçən gecəyə qədər meydanda qalıb
aksiyamızı davam etdirirdik. Lakin dekabrın 4-ü gecə dənizdən
gələn əli silahlı əsgərlər bizi
param-parça etdilər. Həmin gecə ölən də
oldu, yaralananlar da. Mən gözümü açanda xəstəxanada
idim. Bizim silahımız olmasa da, gələnlərin həm
silahı, həm də dəyənəkləri vardı.
Çox qəribədir, bizi nə qədər döysələr
də, heç kim meydandan qaçmadı. Gözümü
açanda artıq xəstəxanada idim. Xəstəxanadan
çıxan kimi meydana gəldim, iki günün içində
oranı elə təmizləmişdilər ki, sanki heç nə
olmayıb, ancaq hər tərəfdə tanklar vardı.
Üzdə olan əsas böyüklər tutulmuşdu. Lakin
bütün bunlar xalqın mübarizə eşqini
söndürmədi. Yenidən meydan hərəkatı
başlandı”.
50-55
yaşlarında saqqallı kişilər
Müsahibimin də qeyd etdiyi kimi,
azadlıq mübarizəsi bununla bitmədi, bitə də bilməzdi.
Çünki bir neçə insanın yaralanması ilə
xalqın içindəki bu alov sönə bilməzdi.
Qarşı tərəf də bunu yaxşı
anlayırdı. Ona görə də bu etirazlara son qoymaq
üçün daha dəhşətli yollara əl
atdılar. Müsahibim 20 yanvar günü hadisələrin
bilinən saatlardan daha tez başlandığını deyir.
“Yanvarın 19-da Xalq Cəbhəsinin binasında Milli Müdafiə
Şurasında telefonlara cavab verirdim. Şərurdan Fərəməz
Allahverdiyev məlumat verirdi. Dedi ki, “artıq tanklar Sədərəyə
daxil olurlar” və telefon kəsildi. Bütün telefon əlaqələri
kəsilmişdi. Rabitədə Oruc adlı bir oğlan
vardı, onu yaxşı tanıyırdım. Onun yanına gedib dedim ki, telefonlar kəsilib
məlumat ala bimirik. Dedi ki, “get çalışacağıq
ki, düzəldək”. Oradan qayıdanda içində 50-55
yaşlarında saqqallı kişilər olan üç
alabaş avtobus gördüm. Maşınlar bizim yerləşdiyimiz
binaya tərəf gəlirdilər. Niyyətlərinin xoş
olmadığı da məlum idi. Mən həyəcanla binaya
daxil oldum. Olanları danışdım və Elçibəy
dedi ki, yalnız sənədləri götürün. Sonra isə
qərar verildi ki, hərə bir istiqamətə gedib
insanları dağıtsın ki, itki olmasın. Biz indiki
Azadlıq prospektinə gəldik. İndiki Nəsimi polisinin yerləşdiyi
binanın qarşısında insanlar
toplaşmışdı. Onları dağıtmaq
üçün dedim ki, “mən də sizlərin biriyəm,
indi hücuma keçəcəklər, dağılın
evinizə”. Ancaq onlar mənə inanmadılar. Üzərimə
hücum çəkib mənimlə gedən insanları,
hamımızı döydülər ki, “siz bizim geri çəkilməyimizi
istəyirsiz, ona görə də yalan
danışırsız” dedilər. Lakin çox keçmədi
ki, hücum başlandı. O çox dəhşətli bir gecə
idi.
Heç vaxt əlimə silah almadım
Meydan savaşı, azadlıq
mübarizəsi, 20 yanvar hadisələri bunların bir
davamı olmalı idi. Oldu da müsahibimin taleyinə
Qarabağ döyüşləri də yazıldı, ya da
bunu özü yazdı. Çünki bu onun öz seçimi
oldu. Hələ Daşaltı əməliyyatı zamanı
könüllü tibb bacısına ehtiyac olarkən Tutu
xanım köməyə hazır olduğunu deyir. Bununla da həyatının
Qarabağ yolu başlanır. 1992-ci ildən 93-cü ilin
dekabrına qədər Ağdamda gedən döyüşlərdə,
1994-cü ilin fevralın 9-dan 14-nə qədər isə Murov
əməliyyatında iştirak edir. Murovda qar uçqununda
qalan şəhidlərin xilasında iştirak edir. “Əlimə
silah alıb döyüşməmişəm. Amma tibb
bacısı kimi Qospitalda da oturmamışam. Canyataq,
Gülyataq, Mehmanə, Drambon, Çıldıran,
Qazançılar, Qalaylar, Papravənd, Su Sərhəng
uğrunda gedən döyüşlərdə, Ağdərə
alınarkən yüzlərlə əsgərə kömək
etmişəm. Bir Mehmanədə avqust ayında gedən
döyüşlərin birində 96 əsgərin
yarasını sarımışam. Təkcə öz
batalyonumda yox, digər batalyonların da əsgərlərinə
kömək edirdim. Çünki əsasən, tibb
işçiləri qospitalda otururlar, əsgərlər ora
aparılırdı. Amma mən əsgərlərlə birlikdə
gedir, döyüş bölgələrindən 2-3 metr kənarda
olurdum. Heç zaman əlimə silah almamışam, hətta
düşünürdüm ki, silaha gücüm çatmaz.
Amma 40 kiloqramlıq tibb çantamı hara gedirdimsə
özüm daşıyırdım, əsgərlərin
kömək etməsinə belə icazə vermirdim.
Yaralıları əməliyyata hazır göndərirdim.
Ayağından, qolundan yaralanmış əsgərlərə
elə sarğılar bağlayırdım ki, xəstəxanaya
gedənə qədər toxumaları ölməsin ki,
orqanları ambutasiya olunmasın. Eşidəndə ki,
yaralılardan kiminsə orqanı ambutasiya olunmadı uşaq
kimi sevinirdim. Bir dəfə Eldar adlı bir həkim dedi ki, “gətirin
bura görüm bu kimdir elə, travmotoloqdur, nədir belə
sarğılar qoyur”, gələndə dedi ki, “ay, qara qız sənin
işindir bu?””.
Öldü sandığım əsgəri
sağ gördüm
Müharibə vaxtı çox
çətin anlarla qarşılaşdığını
deyir. Bəzən seçim qarşısında qalıb
yaralıya iynə vursun, yoxsa yox. “Mehmanə döyüşlərinin
birində Zaqataladan bir oğlan yaralanıb, çoxlu qan
itirmişdi. Mənim də axırıncı iynəm
qalmışdı. Dedilər ki, buna iynə vur. Dedim vura bilmərəm,
sonuncu iynəm qalıb, həm də o artıq ölüb.
Vurmadım iynəni. Maşına qoydular, maşın hərəkət
edəndə o yerə düşdü, qəribə bir səs
çıxardı dedim son nəfəsini verdi. Həmin hadisə
avqustda olmuşdu, sentyabrda komandirim yaralanmışdı.
Bakıya gəlmişdim, dedilər ki, bir oğlan səni
görmək istəyir. Gözlərimə inanmadım məni
görmək istəyən öldü deyə iynə
vurmadığım əsgər idi. Dedi, “o promidol nədir ki,
sən onu mənə qıymadın”. O an nə vəziyyətə
düşdüyümü təsəvvür edə bilməzsiz.
Dedim yaxşı ki, vurmamışam, bəlkə də
vursaydım oradaca ölərdin.
10 dəqiqə sonra ölüsü gəlirdi
Hər zaman cəbhə bölgəsində
olduğundan şəkilləri çox deyil. Hərdən
konsertlər təşkil olunduğu həmin günlərdə
isə daha çox ağladığını deyir. “Ola bilər
nə vaxtsa, təsadüfən çəkiləndə kadrlara
düşmüşük, amma məhz bizim batalyonu çəkmək
üçün gəlməyiblər. Konsertlər olurdu,
uşaqlar girib oynayırdılar mən də pəncərədən
onlara baxardım, ağlayardım. Çünki bilirdim ki,
onlar indi oynayırlar, amma ola bilər ki, 10 dəqiqədən
sonra döyüş əmri gələ bilər və
onların bəzisinin ölüsünü gətirəcəklər.
Ona görə deyirdim doyunca oynayın, bəlkə bu sizin
sonuncu oynamağınız oldu. Çox vaxt elə də
olurdu. Ağdamın Quzanlı kəndindən Habil adlı bir
oğlan vardı, çox deyib gülən, hər zaman o
çətin anlarda belə şən olardı. Fərruxa
qalxanda düz ürəyinin başından vurdular”.
Tutunun çantasından muğayat olun
Həmin günləri göz
yaşları ilə xatırlayan müsahibim, hər əsgərin
həyatının bir dastan olduğunu deyir. “İndi
düşünəndə ağlıma gəlmir. Evdə tək
olanda onların hər birinin hekayəsi gözümün
önünə lent kimi gəlir, deyirəm Allah o cəsarəti
verərdi heç olmasa onları yaza bilərdim, heç
olmasa o xatirələr qalardı. Zaman adlı bir oğlan
vardı, həmişə döyüşə gedəndə
deyərdi ki, Tutunun çantasından muğayat olun.
Çünki mənim başım qarışıq olsa belə
iynələri hazır qoyurdum, ən azından onlar özlərinə
vura bilərdilər. İndi onların sözü yadıma
düşəndə bağrım az qalır partlasın.
Düşünürəm, nə qədər igid oğullar
itirdik, nə qədər ananın ocağı söndü.
Evin tək oğulları idi çoxu. Heç biri də
qorxmurdu, düşmənin gözünə dik baxırdı.
Uşaqlar posta duranda tez-tez gedib baxırdım ki, birdən
yatarlar. Onlar da həmişə deyirdilər ki, “bir ana
uşaqlarından ötrü bu qədər narahat olar?” Elə
bilirdim onlar hamısı öz balalarımdır. Ancaq indi bu
balaca otaqda gecə durub qızının üstünün
açılmağına baxmağa gücüm
çatmır”.
Bunları heç saymaq olmaz
Bu gün Qarabağ müharibəsi
haqqında ziddiyyətli fikirlər səslənir. Bəzən
hətta orada döyüş olmadığını deyirlər.
Bu fikirlər isə orada döyüşən,
canlarını qoyan, əsir düşən insanları təhqir
etməkdir. Müsahibim də bu cür fikirləri
eşitdiyini deyir. “Kimki deyir döyüşməmiş torpaq
verildi, o yalan sözlərdir. Təsəvvür edin kim
oturduğu evdən könüllü çıxar. Oğullar
can qoydu orada onları heç saymaq olarmı? İndi
ağzıgöyçəklər deyirlər ki, Qarabağda
döyüş olmayıb, torpaqlar verilib. Necə verilib ki, 20
yanvar şəhidləri üçün salınan məzarlıq
yetmədi, ikinci fəxri xiyaban da şəhid məzarları
ilə doldu. Hələ mən ayrı-ayrı rayonlardakı
şəhid məzarlarını demirəm. Axı orada yatan hər
bir gənc bir ailənin çırağını
söndüyünün sübutudur. Bunları heç saymaq
olarmı? Onların qanı yerdə qalsa, gələcək nəsil
bizi tanımayacaq, və bir millət kimi formalaşa bilməyəcəklər”.
“Kim mənimlə Qarabağa getmək istəyir...”
Müharibə dövründə gənclərin
vətənpərvərlik hisslərindən ağız dolusu
danışan müsahibim, bugünkü gənclərdə bu
hissin çox aşağı olduğunu deyir. Həmin
dövrlə müqayisədə bu hissin
azaldığını bildirdi. Amma bunun da müəyyən səbəbləri
olduğunu da dedi. “Bu gün Qarabağda döyüşüb
canını verən və ya əlil olanlara nə qədər
ki, layiq olduqlarından az dəyər verilir, gənclərin də
onlara oxşamaq istəyi bir o qədər az olacaq. Gənclərimizdə
vətənpərvərlik duyğularının oyanması
üçün Qarabağda döyüşmüş insanlar
mütəmadi olaraq baxçalara, məktəblərə, ali
təhsil müəssisələrinə dəvət
olunmalıdır. Döyüşlərdə olan ruh yüksəkliyi,vətənpərvərlik
hissini onlara başa salsaq və aşılasaq vətənpərvər
gənclərin sayı o vaxtlar meydana yığılanlardan dəfələrlə
çox olar. Necə ki, Çingiz Mustafayev bir dəfə
televiziyadan elan verdi ki, “Kim mənimlə Qarabağa getmək
istəyir, sabah Şəhidlər Xiyabanına gəlsin”
sabahı günü həmin ərazidə iynə atsan yerə
düşməzdi, eləcə də bu cür təbliğatlar
aparsaq vətənpərvər gənclərin sayını
artıra bilərik. O illərdə yüzlərlə qız
saçını kəsdi, özlərini oğlan
formasına salıb döyüşə getdi. Mənim
döyüşdüyüm bölgələrin birində Kəmalə
Qəhrəmanova adlı bir qız ilk dəfə Kamal adı
ilə getmişdi. Bir qoca qadın, üç körpəni
yanğından xilas etmişdi. Bütövlükdə
Qarabağ müharibəsi zamanı 2533 azərbaycan
qadını döyüş bölgələrində olub”.
Müsahibim danışdıqlarının əyani sübutu
kimi Mübariz İbrahimovun ölümünü göstərdi.
“Onun ölümündən sonra insanlarda vətənpərvərlik
eşqi yenidən oyandı. Onun ölüm günü
yağışa, qara baxmayaraq onun məzarı
başındakı izdiham vətənpərvərliyin bir
göstəricisi idi. Deməli vətənpərvərlik hələ
ölməyib, sadəcə onu oyatmaq lazımdır. Məktəblərə
gedəndə soruşur ki, “gördüyünüz işlər
görə nələr edildi sizə?” Mən hər dəfə
onlara deyirəm ki, biz nəyisə düşünərək
getməmişdik ki, bu gün də nəsə gözləyək.
Bu vaxta qədər bir dəfə də olsun mən kimdənsə
kömək istəməmişəm. Sadəcə indi
körpə qızım üçün istəyirəm.
Musiqidən məhrum xalq
Müsahibimdən
müharibənin çətinliklərini yaxından
görüb yaşadığından torpaqların hansı
yolla geri qaytarılmasının mümkün olduğunu
soruşuruq. Düşünmədən yalnız müharibə
deyir.
“Qalibiyyət
üçün sadəcə ruh yüksəkliyinə
ehtiyacımız var. 20 il saziş olmaz. Bizə sadəcə
prezidentimizin bir sözü lazımdır. O müharibə
desin, hamımız bir nəfər kimi yollanacağıq cəbhəyə.
İnanıram ki, bu dəfə mütləq qalib gələcəyik,
bayrağımızı nəinki Xankəndində, həm də
İrəvanda asacayıq”. Bəs bu 20 il ərzində
Qarabağa münasibətdə hansısa dəyişiklik hiss
edib-etmədiyini də öyrənirik. Acı-acı
gülümsəyir. “Dəyişib, bəzi hisslər dəyişib”.
Bu gün efirlərdə qəhrəmanlıq verilişləri
əvəzində, musiqiyə daha çox yer verilməsindən
narahatdır müsahibim. O narahatlığının səbəbini
danışdığı bir əhvalatla əsaslandırır.
Əhvalatı olduğu kimi təqdim edirik. “Bir padşah
qonşu ölkənin gözəl təbiətinə vurulur və
könlündən keçir ki, kaş o torpaqlar mənim
olaydı. Müharibə ilə qalib ola biləcəyinə
inanmayan padşah, başqa bir yola əl atır. O həmin məmləkətə
gedir və insanlara deyir ki, “sizin çox gözəl
torpağınız, hər şeyiniz var, amma siz gözəl
musiqidən məhrumsuz”.
Qeyd edim ki, bu müsahibə ilə
Qarabağın sadəcə oranın sakinlərinin yox,
bütün azərbaycanlıların vətəni olduğuna
bir daha inandım. Müsahibim Zaqatala rayonundan olsa da, həyatının
ən unudulmaz anları Qarabağla bağlıdır. Bu
gün evdən çölə çıxa bilməməsi
birbaşa oradakı fəaliyyəti ilə bağlı olmasa
da, aldığı travmaların təsirinin olduğu
danılmazdır. Amma o peşman deyil. Çünki inanır
ki, Azərbaycanın igid oğul, qızları yarımcan
olduğunu düşünmədən müharibəyə gedən
bu qəhrəman qadını yarı yolda qoymayacaq. İndi qayıdaq
yazının əvvəlində qeyd etdiyim bizimlə niyə
məhz evdə görüşüb küçəyə
çıxa bilməməsinə. Tutu xanıma hər iki
bud-çanaq oynağında anadangəlmə yüksək
çıxıqlar və artozları diaqnozu qoyulub. Buna
görə də tez bir zamanda həmin nayihənin protezləşdirilməsinə
ehtiyac var. Çünki artıq bir neçə aydır ki,
Tutu xanım evdən çölə çıxa, ayaq
üstə dura, normal gəzə bilmir. Onun yeganə köməkçisi
isə, 11 yaşlı qızıdır. Anasının hər
istəyini qaçan bu balaca qızın indi
yaşıdları ilə oynayan, daha çox dərslərinə
vaxt ayıran zamanıdır. Tutu xanımın da ayağa
qalxmaq istəməsinin əsas səbəbi də bu balaca
qızdır. Bunun üçün təcili əməliyyat
olunmalıdır. Əməliyyatım qardaş ölkə
Türkiyənin Adana şəhərində olmalıdır.
Ona görə də müsahibim bu yazını oxuyanlardan
kömək diləyir. BANK: KAPİTAL BANKIN 2 SAYLI NƏSİMİ
RAYON FİLİALI, ÜNVAN: BAKI ŞƏHƏRİ,
ŞAMİL ƏZİZBƏYOV 158, VOEN: 9900003611. TELEFON:
440-15-54, 441-25-17, 441-25-34, KOD: 200123, SWİFT BIK: AIIBAZ2X,
M/HESAB: 0137010001944 S.A.A.: CUMAYEVA RUXSARE BAYRAMELI QIZI, HESAB NO-SI:
380110019441203449112.
Gülxar Şərif
Olaylar.- 2012.- 15 fevral.- S.12.