Mətbuatımız: dil pozuntuları 

 

(Əvvəli ötən saylarımızda)

 

Mətbuatımızın dilində isimlərlə bağlı geniş yayılmış pozuntuların böyük qismi xəbərlik şəkilçiləri ilə bağlıdır. Feli xəbərlərdən fərqli olaraq, ismi xəbərlərdə konkret zaman kateqoriyası olmasa da, məzmunca zaman anlayışı var. İsmi xəbərlərdə indiki zaman anlayışı “-dır” şəkilçisi ilə ifadə olunur. Təəssüf ki, mətbuat orqanlarımızın bir çoxunda bu şəkilçi “-dı” formasında işlədilir. Bunu guya dilin sadəliyinin, təbiiliyinin təmin olunması kimi izah edirlər. Amma danışıq dilinin təsiri ilə yaranan bu pozuntu bir çox hallarda ciddi məna təhriflərinə səbəb olur. Çünki “-dı” ismi xəbərlərdə keçmiş zaman anlayışı yaradan “idi” hissəciyinin şəkilçiləşmiş formasıdır. “Elçin mənim dostumdur” cümləsi indiki zamanı bildirdiyi halda “Elçin mənim dostumdu” keçmiş zamanı bildirir. Yəni “Elçin daha mənim dostum deyil” mənasını ifadə edir. Birmənalı şəkildə yadda saxlamaq lazımdır ki, danışıq dilinin öz qayda-qanunları, yazı dilinin isə öz normaları var və bunları heç bir vəchlə qarışdırmaq olmaz.

Şəxsin yazdığı kimi danışması nə qədər süni və qondarma görünürsə, danışdığı kimi yazması da bir o qədər savadsız və zövqsüz görünür.

 

* * *

 

Mətbuatımızın, ümumən kütləvi informasiya vasitələrinin dilində fellərə aid ən ciddi və ən çox yol verilən pozuntu “-mış” nəqli keçmiş zaman şəkilçisinin işlədilməsi ilə bağlıdır. Hər bir şəkilçi dilin min illik təkamül prosesinin məhsuludur. Onların hər hansı bir subyektiv münasibətlər mövqeyindən dəyərləndirilməsi yolverilməz nadanlıq olardı.

Məlum olduğu kimi, dilimizdə nəqli keçmiş zamanın iki variantı var – “-mış” və “-ıb” şəkilçiləri ilə düşələnlər. Onların hər birinin yerli-yerində işlədilməsi dilimizə ikiqat artıq ifadə imkanları verir. Fikrimizi əsaslandırmaq üçün Füzulinin bir beytini nəzərdən keçirək:

 

Adəm əvvəl səri-kuyin verib almış cənnət,

Eşidib təni-mələk, sonar peşiman olmuş.

 

Bütün şəxslərin həm təkində, həm də cəmində işlənən “-mış” variantından fərqli olaraq, “-ıb” variantı birinci şəxsdə (nə təkdə, nə də cəmdə) işlənə bilmir. Deməli, bu variant istifadə potensialına və ifadə imkanlarına görə daha məhduddur. Hərçənd ki, təxminən XVII əsrə qədər “-ıb” variantı birinci şəxsdə də işlənirdi. Füzulidən bir beyti yada salaq:

 

Eşq daminə giriftar olalı zar olubam,

Nə bəladır ki, ona böylə giriftar olubam.

 

Lakin Azərbaycan dili sonrakı təkamül prosesində hətta özünün ən böyük daşıyıcısının xatirinə belə, bu formanı mühafizə edib saxlamağı lazım bilmədi …

Təxminən ötən əsrin 80-ci illərindən başlayaraq jurnalist dairələrində “-mış” şəkilçisinə qarşı səbəbi tam anlaşılmayan “səlib yürüşü” başladı və tədricən bu mövqeyi geniş ictimai rəyə də sırımağa çalışdılar. Etiraf etmək lazımdır ki, dilimizin qayda-qanunlarını yaxşı bilməyən ziyalılar arasında müəyyən uğur qazana da bildilər. Bu gün telekanalların da bu virusa yoluxduğu müşahidə olunur.

Bu gün “-mış”ı kinayə, hətta ikrahla “sovet televiziyasının dil elementi” elan etmək qeyri-dəqiq və qərəzli yanaşma olmaqla bərabər həm də elementar cahillik və savadsızlıq nümunəsidir. Bu şəkilçi ana dilimizin istisnasız olaraq bütün şifahi və yazılı mənbələrində, həmçinin istisnasız olaraq bütün ümumtürk şifahi və yazılı ədəbi abidələrində, müasir türk dillərinin hamısında işlənir. Və birdən-birə özünü qəhrəman sayan kimlərsə onun inkarına qalxır …

Azərbaycan torpağı bizim maddi Vətənimizdirsə, Azərbaycan dili mənəvi Vətənimizdir. Onların hər ikisinin sərhədlərinin toxunulmazlığını qorumaq eyni dərəcədə müqəddəs borcumuzdur. Bu mənada mənəvi Vətənimizin kiçik bir parçası olan “-mış” şəkilçisini əlimizdən almaq istəyənlərlə maddi Vətənimizin kiçik bir parçası olan Şuşa qalasını əlimizdən almaq istəyənlər arasında elə bir fərq yoxdur.

 

* * *

 

Müşahidələr “-mış” şəkilçisinə qarşı bu cür anormal, xəstə münasibətin təkcə nəqli keçmiş zamanlı fellərə yox, həmin şəkilçi ilə düzələn feli sifətlərə qarşı da yönəldiyini göstərir. Məlum olduğu kimi, “-acaq” şəkilçili feli sifətlər gələcək, “-an” şəkilçili feli sifətlər indiki, “-mış” şəkilçili feli sifətlər isə keçmiş zaman anlamı daşıyır. Yəni, “deyilmiş söz” ifadəsi keçmiş, “deyiləcək söz” gələcək, “deyilən söz” isə indiki zamana aiddir. Nitq prosesində bunların bir-birinin əvəzinə işlədilməsi kobud morfoloji pozuntu olmaqla bərabər, ciddi məntiqi yanlışlığa və üslubi qarışıqlığa gətirib çıxarır.

“Beş yüz il əvvəl tikiləcək bina” deyimi necə yanlışdırsa, “beş yüz il əvvəl tikilən bina” da eyni dərəcədə absurddur. Təəssüf ki, müasir mətbuatımızda bu adi həqiqətin çox tez-tez nəzərdən qaçırıldığının şahidi oluruq.

Məsələn, qəzetlərin birində belə bir xəbər oxuyuruq: “Çinin Şanxay şəhərində yeni tikilən binada yanğın baş verib.” Fikirləşirik ki, görəsən, tikilən (yəni, tikilməkdə olan!) binada yanan nə imiş? Sonrakı cümlədə isə yazılıb ki, “binaya cəmi dörd ay qabaq köçmüş ailənin iki uşağı həlak olub.” Belə bir anlaşılmazlığın baş verməməsi üçün jurnalist həmkarımız, sadəcə olaraq, “yeni tikilmiş bina” ifadəsini işlətməli idi.

Yaxud başqa bir qəzetdə belə bir başlıq görürsən: “Türkiyə universitetlərində təhsil alan azərbaycanlı gənclər Bakıda bir araya gəldilər.” Düşünürsən ki, görəsən, bu gənclər ilin ortasında dərslərini buraxıb Bakıya niyə toplaşıblar? Materialı oxuyandan sonra aydın olur ki, söhbət Türkiyə universitetlərində təhsil almış gənc mütəxəssislərdən gedir.

Başqa bir yazıda belə bir cümlə ilə rastlaşırıq: “Dünyanın inkişaf edən ölkələri sırasında İtaliya layiqli yer tutur.” Dünyanın ən inkişaf etmiş ölkələrindən biri olan İtaliya bu cümlədən xəbər tutsa, bəlkə də Azərbaycana nota verər. Sonra gəl başa sal ki, bizim jurnalist sizi aşağılamaq istəməyib, sadəcə olaraq, “-mış” şəkilçisindən xoşu gəlmir …

 

* * *

 

Mətbuatımızdakı dil qüsurlarının əsas səbəblərindən biri də jurnalistlərin müraciət elədikləri mövzunu, bəhs etdikləri predmeti yaxşı bilməmələrindən irəli gəlir. Bir az mübaliğəli səslənsə də mən deyərdim ki, predmeti bilməmək bizim çağdaş jurnalistikamızın ən geniş yayılmış “peşə xəstəliyidir” və bu xəstəliyin fəsadları ilə mətbuat səhifələrində hər an üzləşirik. Qloballaşma ilə inteqrasiyanın fərqini bilməyən siyasətdən, kreditlə investisiyanın fərqini bilməyən iqtisadiyyatdan, əkinlə səpinin fərqini bilməyən kənd təsərrüfatından, ictimai təşkilatla qeyri-hökumət təşkilatının fərqini bilməyən sosial həyatdan, fərmanla sərəncamın fərqini bilməyən hüquqdan, snayperlə avtomatın fərqini bilməyən hərbidən, partitura ilə klavirin fərqini bilməyən musiqidən, güləşlə döyüşün fərqini bilməyən idmandan, etudlə eskizin fərqini bilməyən rəssamlıqdan, tədrislə təlimin fərqini bilməyən təhsildən, yazıçı ilə nasirin fərqini bilməyən ədəbiyyatdan, fasadla interyerin fərqini bilməyən memarlıqdan, tamaşaya qoymaqla səhnələşdirməyin fərqini bilməyən teatrdan, quruluş verməklə ekranlaşdırmağın fərqini bilməyən kinodan, müayinə ilə müalicənin fərqini bilməyən tibbdən yazır. Əslində predmeti bilsən, bütün bunlar çox sadə məsələlərdir. Amma nə qədər acınacaqlı olsa da etiraf etməyə məcburuq ki, bu halla istənilən qəzetin hər bir nömrəsində üzləşmək mümkündür.

Durğu işarələrinin işlədilməsi ilə bağlı pozuntulardan isə heç danışmağa dəyməz … Bu baxımdan ən acınacaqlı vəziyyət vergül işarəsinin işlədilməsi ilə bağlıdır. Mübaliğəsiz demək olar ki, mətbuatımızın səhifələrində vergül səhvlərinə yol verilməyən bir dənə də material tapmaq mümkün deyildir. Əslində ana dilimizi qanı-canı, ailə mühiti ilə uşaqlıqdan mükəmməl öyrənmiş adama dilçilik qaydalarını bilmək heç vacib də deyil. Onun düzgün danışması, yaxud yazması normal nəfəs alması kimi təbii bir şeydir. Ancaq dili yaxşı bilməyənin peşə səviyyəsini yüksəltmək üçün qaydaları izah etməkdən başqa yol qalmır. Fəqət çox zaman heç bunun da köməyi olmur, çünki qaydaları anlamaq üçün şəxsin dilçilikdən heç olmasa elementar təsəvvürlərə malik olması lazımdır. Lakin jurnalistlərimizin bir çoxunun savad (daha doğrusu, savadsızlıq) səviyyəsi heç buna da imkan vermir.

Mətbuat orqanlarının yolu, mövqeyi hər şeydə, istənilən məsələdə bir-birindən fərqli ola bilər. Ancaq dil məsələsində bizim həmrəy, həmfikir olmaqdan başqa yolumuz yoxdur. Çünki ana dili bizi həqiqətən birləşdirən ən böyük dəyərdir. Hər bir xalqın tarixi taleyinin müəyyənləşməsində onun malik olduğu mənəvi dəyərlərin həlledici əhəmiyyəti vardır. Bu dəyərlər içərisində isə dilin müstəsna yeri və mövqeyi xüsusi qeyd olunmalıdır. Xalqın həyatında dilin önəmliliyi digər mənəvi dəyərlərin hər birindən (adət-ənənə, musiqi, mətbəx, ədəbiyyat, jurnalistika və s.), hətta hamısından bir yerdə daha üstündür. Əgər bir xalq bütün mənəvi dəyərlərini, hətta torpağını itirsə, təkcə dilini saxlasa, öz varlığını qoruya biləcəkdir. Yox əgər xalq bütün mənəvi dəyərlərini saxlayıb təkcə dilini itirsə, deməli, məhvə məhkumdur.

Mətbuat da dili yaşadan, onun varlığını, qorunmasını, inkişafını təmin edən əsas amillərdən biridir. Mətbuatın daşıdığı bütün funksiyalar (məlumatlandırma, maarifləndirmə, ideoloji, əyləndirmə və s.) törəmə funksiyalardır. Gərək mətbuat mövcud ola ki, bütün bu funksiyaları yerinə yetirə bilə. Mətbuatın var olması isə birbaşa dil hadisəsidir. (Lent.az)

 

 

İlham ABBASOV

 

Olaylar.- 2012.- 15 fevral.- S.10.