Diaspora fəaliyyətində yeni eranın başlanğıcı
İsmayıl Ağayev: “Dünya Azərbaycanlılarının
üçüncü qurultayından sonra konsulluq, səfirlik
və diaspor təşkilatlarının birgə mübarizəsinin
strukturu formalaşıb”
“Son dövrlərdə Türkiyə Azərbaycan
diaspor təşkilatlarının birgə mübarizəsi
daha effekli və təkmilləşdirilmiş formada
özünü göstərir”
Azərbaycan diasporunun inkişaf etməsi,
onun dünyada güc mərkəzi kimi formalaşması
istiqamətində müvafiq dövlət qurumu olan Diasporla
İş üzrə Dövlət Komitəsi ilə
yanaşı bu sahədə fəaliyyət göstərən
ayrı-ayrı qeyri-hökumət təşkilatları və
ictimai birliklər də xüsusi fəallıq göstərir,
diasporamızın inkişaf etməsinə öz töhfələrini
verirlər. Belə təşkilatlardan biri olan Beynəlxalq
Diaspora Mərkəzi də yarandığı gündən Azərbaycan
diasporunun formalaşması, onun inkişaf edib lobbi fəaliyyətinə
keçməsi üçün müvafiq işlər
görüb, tədbirlər həyata keçirib. Bu gün də
fəaliyyətini sözügedən istiqamətdə davam
etdirən Beynəlxalq Diaspora Mərkəzi Azərbaycan həqiqətləri,
Dağlıq Qarabağ problemi, eləcə də ermənilərin
zaman-zaman azərbaycanlılara qarşı həyata
keçirdikləri deportasiya və soyqırım siyasətinin
dünya ictimaiyyətinə çatdırılması
işində də fəallıq nümayiş etdirir.
Beynəlxalq Diaspora Mərkəzi
Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində
də bir sıra Avropa ölkələrində tədbirlər
keçirməyi planlaşdırıb. Bu barədə məlumat
verən mərkəzin sədri İsmayıl Ağayev rəhbərlik
etdiyi qurumun diaspora işinə verdiyi töhfələrdən
də danışıb. Bildirib ki, digər diaspora təşkilatları
kimi Beynəlxalq Diaspora Mərkəzi də Dünya Azərbaycanlılarının
üçüncü qurultayında prezident İlham Əliyevin
çıxışı zamanı diaspora təşkilatlarına
ünvanladığı tapşırıq və tövsiyyələrin
icrası sahəsində müəyyən addımlar atır,
öz işini daha da təkmilləşdirir və beynəlxalq
əlaqələrini gücləndirir.
-İsmayıl müəllim, Beynəlxalq
Diaspora Mərkəzi olaraq Azərbaycan diasporunun hazırkı
durumunu necə qiymətləndirirsiniz?
-Dünya
Azərbaycanlılarının üçüncü
qurultayında cənab prezident İlham Əliyevin diaspor təşkilatlarına
verdiyi qiymət, eləcə də bildirdiyi iraddan sonra Diasporla
İş üzrə Dövlət Komitəsinin sədri Nazim
İbrahimovun rəhbərliyi altında diaspora quruculuğunda
yeni proqramların həyata keçirilməsi ilə
bağlı bir sıra mühüm addımlar atılıb.
O, cümlədən həm ayrı-ayrı qeyri-hökumət
təşkilatları ilə işlərin aparılması, həm
Beynəlxalq Diaspora Mərkəzi ilə birgə tədbirlərin
keçirilməsi, həm də ölkədən kənarda fəaliyyət
göstərən diaspor təşkilatlarının birgə
mübarizəsinin təşkil edilməsi istiqamətində
işlər görülüb. Bütün bunları qarşımıza
qoyduğumuz lobbiçilik fəaliyyətinin həyata
keçirilməsi istiqamətində atılan təqdirəlayiq
addımlar kimi qiymətləndirmək olar. Xarici İşlər
Nazirliyinin Qars, Ankaradakı baş konsulluqları və
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
və köməkliyi ilə İrəvan xanlığı və
onun tarixinə aid həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması məqsədilə keçirdiyimiz
tədbirlər, həyata keçirilən layihələr onu
deməyə əsas verir ki, Dünya Azərbaycanlılarının
üçüncü qurultayından sonra konsulluq, səfirlik
və diaspor təşkilatlarının birgə mübarizəsinin
strukturu formalaşıb. Beynəlxalq Diaspora Mərkəzi
qurultaydan sonrakı dövrdə görülən işləri
təhlil edərək belə qənaətə gəlir ki, bu
dövrü keçmiş illərlə müqayisədə
diaspora fəaliyyətində yeni bir eranın
başlanğıcı kimi dəyərləndirmək olar.
Biz də Beynəlxalq Diaspora Mərkəzi olaraq
ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən
diaspora təşkilatları ilə birlikdə fəaliyyətimizi
gücləndirərək Azərbaycan həqiqətlərinin
dünyaya çatdırılması işinə öz
töhfəmizi veririk. Həmçinin Türkiyə-Azərbaycan
diasporlarının birgə mübarizəsi məqsədilə
müəyyən edilmiş xətt və proqram üzrə
işlərimizi davam etdiririk. Buna bir neçə misal göstərmək
olar. Belə ki, Xarici İşlər Nazirliyi və Diasporla
İş üzrə Dövlət Komitəsinin xətti ilə
Türkiyədə təşkil etdiyimiz görüşlər,
keçirdiyimiz tədbirlərin nəticəsi olaraq yaxın
vaxtlarda Çanaqqalada Azərbaycan şəhidlərinin xatirəsinə
abidənin ucaldılmasına nail ola biləcəyik. Son
dövrlərdə Türkiyə Azərbaycan diaspor təşkilatlarının
birgə mübarizəsi daha effekli və təkmilləşdirilmiş
formada özünü göstərir. Xüsusilə, qondarma
“erməni soyqırımı” ilə bağlı bu günlərdə
Fransa Senatında gündəmə gələn məsələ
Türkiyə-Azərbaycan diasporunun birgə mübarizəsinin
zəruriliyini ortaya qoymuş oldu. Bu zərurəti dərindən
dərk edən diaspora təşkilatları da sözügedən
istiqamətdə birgə mübarizə apararaq güc və
qüvvələrini nümayiş etdirdilər.
-Fransa Senatında qondarma “erməni
soyqırımı”nı inkar edənlərə qarşı
cəzanı nəzərdə tutan qanunun qəbul edilməsinə
etiraz əlaməti olaraq Azərbaycan diaspor təşkilatlarının
apardığı mübarizəni, keçirdiyi etiraz
aksiyalarını yetərli saymaq olarmı?
-Azərbaycan
diasporu Fransa ilə bağlı məsələdə
öncül yerlərdən birini nümayiş etdirdi və bu
istiqamətdəki fəaliyyətini birmənalı şəkildə
ortaya qoydu. Diaspor təşkilatlarımız sözügedən
məsələdə xüsusi diqqət cəlb etdilər.
Biz də Beynəlxalq Diaspora Mərkəzi olaraq Fransa
Senatının bədnam qərarına etiraz əlaməti
olaraq bir sıra tədbirlər keçirdik, etiraz
aksiyaları təşkil etdik. Azərbaycanın
Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi və
Beynəlxalq Diaspora Mərkəzinin regional nümayəndəliyi,
eləcə də digər diaspor təşkilatarının
birgə təşkilatçılığı ilə
Sankt-Peterburqdakı Fransa konsulluğu qarşısında
böyük bir siyasi aksiya həyata keçirildi. Həmin
aksiyada Azərbaycan cəmiyyət və təşkilatları
ilə yanaşı türkdilli dövlətlərin diaspor təşkilatları
da iştirak edirdi. Bu da onu deməyə əsas verir ki, Azərbaycan
diasporu bu kimi məsələlərdə öncül yerlərdən
birini tutur və türk diasporlarını belə öz
arxasınca aparmağa nail olub. Konkret olaraq Fransa
Senatının bədnam qərarına qarşı
keçirilən bütün etiraz aksiyalarında Azərbaycan
diasporu türk qardaşlarımızın yanında olub,
onlara dəstək verib. Bizim də çoxdan gözlədiyimiz
və arzu etdiyimiz odur ki, diaspor təşkilatlarının birgə
fəaliyyəti və mübarizəsi tənzimlənsin, bu istiqamətdəki
işlər davam etdirilsin. Düşünürəm ki, biz tədricən
ona nail ola bilirik. Diasporla İş üzrə Dövlət
Komitəsinin təşəbbüsü ilə Beynəlxalq
Diaspora Mərkəzi və türk diasporunun bəzi təşkilatları
artıq birgə müqavilələr imzalayıblar. Həmin
müqavilələrdə birgə mübarizənin
aparılması istiqamətləri, eləcə də digər
məsələlər öz əksini tapıb. Beynəlxalq Əsilsiz
Erməni İddialarına qarşı Mübarizə Dərnəyi
ilə Beynəlxalq Diaspora Mərkəzi arasında
imzalanmış müqaviləyə əsasən
İqdırda keçirilən tədbirlərdə BDM, Azərbaycanda
təşkil edilən tədbirlərdə isə adı
çəkilən mərkəz rəhbərliyi iştirak
edir. Bunun özü Azərbaycan və türk
diasporlarının apardığı birgə mübarizənin
bariz nümunəsidir.
-Xocalı soyqırımının 20-ci
ildönümü ilə bağlı Beynəlxalq Diaspora Mərkəzi
hansı tədbirlər keçirməyi nəzərdə
tutub?
-Azərbaycan
xalqının tarixinə ən qanlı və yaralı bir səhifə
kimi daxil olan Xocalı faciəsinin ildönümü ilə
bağlı Beynəlxalq Diaspora Mərkəzi də bir
sıra tədbirlər keçirməyi nəzərdə
tutub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin
rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya ədalət”
kampaniyasına dəstək olaraq BDM-in regional nümayəndəlikləri
bir sıra tədbirlər nəzərdə tutublar. Xocalı
faciəsinin 20-ci ildönümü ərəfəsində
Avropa ölkələrində və Türkiyədə bir
sıra silsilə tədbirlər təşkil olunacaq.
Keçiriləcək tədbirlərdə həmin ölkələrdə
fəaliyyət göstərən türk diaspora təşkilatları
da yaxından iştirak edəcək. Biz də Beynəlxalq
Diaspora Mərkəzinin rəhbərliyi olaraq Xocalı faciəsi
ilə bağlı keçiriləcək tədbirlərdə
iştirak etmək üçün Avropa ölkələrinə
səfər edəcəyik.
-Beynəlxalq Diaspora Mərkəzinin təşkilatçılığı
ilə faciənin ildönümü ilə bağlı tədbirlər
konkret hansı ölkələrdə
reallaşdırılacaq?
-Fevralın
20-dək Rusiyanın Sankt-Peterburq şəhərində
Xocalı soyqırımı ilə bağlı müxtəlif
tədbirlər keçiriləcək və biz də həmin
tədbirlərdə iştirak edəcəyik. Fevralın 25-də
Fransanın Strasburq şəhərində Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi ilə “Strasburq Azərbaycan Evi”nin keçirəcəyi
etiraz aksiyasında, eləcə də İsveç və
Almaniyadakı Azərbaycan səfirliklərinin keçirəcəyi
tədbirlər, Çex-Azərbaycan Cəmiyyətinin
Praqadakı təşkil edəcəyi anım tədbirlərində
də iştirakımız nəzərdə tutulub. Nəhayət,
fevralın 26-da İstanbulun Taksim meydanında Beynəlxalq Əsilsiz
Erməni İddialarına qarşı Mübarizə Dərnəyi
ilə Beynəlxalq Diaspora Mərkəzinin Türkiyə təmsilçiliyinin
təşkil edəcəyi tədbirlərə qatılacaq.
Etiraz aksiyasında iştirak etmək üçün Azərbaycandan
geniş tərkibdə nümayəndə heyəti qardaş
ölkəyə səfər edəcək. Türkiyəyə
səfər edəcək nümayəndə heyətinin tərkibinə
hökumət rəsmiləri, millət vəkilləri,
qeyri-hökumət təşkilatlarının rəhbərləri,
eləcə də tanınmış ziyalılar daxildir. Onu da
qeyd edim ki, Taksim meydanında etiraz aksiyası ilə
yanaşı Xocalı soyqırımını əks etdirən
foto-sərginin keçirilməsi də
planlaşdırılıb.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 16 fevral.- S.15.