Yol adamının romanı...
“Yol romanı” haqqında düşüncələr
"525-ci"
qəzetin baş redaktor
müavini Yusif Rzayevin facebook səhifəsindən
oxudum ki, İradə
Tuncayın “Yol romanı” kitabı nəşr
olunub və fevralın 16-da təqdimatı
keçiriləcək. Dərhal face-in çat bölməsindən sevimli
yazarlarımdan olan İradə xanıma yazmağa başladım:
-İradə
xanım, təbrik edirəm....həm sevgi
dolu biri olduğunuz üçün
Sevgililər Gününüzü, həm
də "Yol romanı” üçün.
Və
kitabın təqdimatında iştirak edə
bilməyəcəm üçün təəssüfləndiyimi,
halbuki “525-ci qəzet”dən o romanı maraqla oxuyan biri kimi
təqdimatda olmağı və ürək sözlərimi
söyləməyi çox istədiyimi bildirdim. İradə xanım da,
“Eybi yox, bura yaz ürək sözlərini” deyəndən sonra
mən də yazdım.
Kitabın
üz qabığında qara buludlarda çaxan Şimşəyin
aydınlatdığı bir YOL var. Yəqin ki, bu da İradə
xanımın seçimidi. Qara buludlar və bu
sıxımalara tab gətirməyib çaxan şimşək
və şimşək işığında aydınlanan yol.
“Yol
romanı”nın sonlarına doğru İradə
xanımın onu heyrətə gətirəcək bir kəşflə
üzləşir…
“Sən demə,
2011-ci il Mayya təqviminə görə, Şimşək
iliymiş, mən də həmin ildə doğulmuşam, yəni
anlayacağınız mənim Mayya təqvimindəki
bürcüm Şimşəkdi. Maraqla bürcün özəlliklərini
oxudum və gördüm ki, tam isabət. Bu təqvimə
görə Şimşək ən üstün bürcdü və
dünyanın çox məşhurları həmin
Şimşək günündə doğulublar... Bu adamlar
çox emosionaldılar, hətta çox sakit olduqları
vaxtda da gözlərindən daxili gərginliyi və hisslərinin
gücü bilinirmiş. Elə şimşək kimi
çaxıb anidən hər şeyi işıqlandırmaq
gücü varmış. Bu Şimşəyin həm pozitiv, həm
də neqativ hisslərinə aid imiş. Və dəyişkən
halları olurmuş Şimşəyin, anidən böyük
sevinci anlaşılmaz kədərə dönüşə
bilirmiş. Amma onlar lap kiçik yaşlarından öz
güclərinə bələd olduqlarından hər zaman bu
gücü istiqamətləndirməyi və yönətməyi
də bacarırlarmış. Və öz iç
dünyası ilə əbədi savaş onların
simasına bir tragik möhür də vururmuş. Xasiyyəti
başına bəlaymış Şimşəyin – içindəki
həyəcanlar, təbəddülatlar rahat qoymurmuş onu
ömrü boyu. Bu xasiyyət onun ətrafındakı adamlara
da çox əziyyət verirmiş… Diqqət çəkə
bilir, diqqət mərkəzində ola bilir və buna səbəb
onun xarici görkəmi, ən əsası isə şimşək
kimi çaxan gözləriymiş. Bu adamlar özlərini
daha çox sənətdə, ədəbiyyatda realizə edə
bilirlərmiş. Nüvə enerjisi kimidi Şimşəklər
– həm dağıdıcı, həm də yaradıcı
özəlliyi var. Və Şimşək həyatını məsud
yaşamaq istəyirsə, içindəki hüzuru
bulmalıdı. O zaman heç kimə müəssər
olmayan zirvələrin fəthi şəksiz bir şey. Tam bir
bəlaymış bu Şimşək!”
Hə, Şimşək ilində
doğulan və Şimşək ilində yazdığı
“Yol romanı”nı oxuyan hər kəs İradə xanımla
yol yoldaşlığı edir. İran ərazisiylə
Bakıdan Naxçıvana, ordan doğma kəndi Nursuya,
“uşaqlığıgilə”, “oyuncaqlarıgilə” (bu
sözlər də mənim üçün yeni leksik vahidlər
oldu), daha sonra Türkiyəyə, Nobel
mükafatçısının “Qar” romanın qəhramanlarının
yollarında gəzdiyi Qarsa, oradan Gürcüstana gedir və
Bakıya qayıdır.
Və bu roman boyu heç kimə
aldırmayan İradə xanımın bütün səmimiyyəti,
daxili yaşantıları, keçmiş acıları, bu
günkü arzuları ilə tanış olursan. Əslində hər birimizin iç dünyasına da bir növ xitab
edir roman. Hər birimiz yol gedirik axı. Hamımızın içində olduğu
məkandan uzaqlaşmaq,
özüylə baş-başa
qalmaq istəyi var axı.
“Yol romanı” ədəbiyyatın və
sevginin məhsuludu həm də. Baxmayaraq ki, İradə
xanım həm də güclü publisistdir, burada onun ədəbiyyat ailəsinin də üzvü olduğunu bir daha görürük.
Sevgisini isə romanın hər sətirində hiss edirsən.
Zatən
yazılan yazılarda
sevgi yoxdursa oxumaq da tıncıxdırır
adamı.
İradə xanım, bəlkə də təqdimatda iştirak etsəydim və söz demə haqqı verilsəydi bu qədər danışa bilməyəcəkdim. Mən yazıda daha
sərbəst oluram.
Danışmaq mənlik deyil.
“Yol romanı”
hisslərin, duyğuların
romanıdı. Ona görə
də haqqında hisslərlə danışmalısan,
hisslər isə yazılanda daha təsirli olur məncə. Sizin “onda
sən də bura yaz fikirlərini”
deməyiniz mənim üçün lap göydəndüşmə
oldu. Yazdım. Amma yazını yenə
sizinlə bitirmək istəyirəm. Çünki
roman haqqında ən
gözəl sözü
yenə siz demisiz, İradə xanım…
“Anamı ağlatdı bu Roman mənim. Çox danışdım özümlə...
Uşaqlığımgilə dəydim,
oyuncaqlarımgilə dəydim. Bəzən
gizlətdim özümü, bəzən bütün
çılpaqlığı ilə baxdım özümə.
Mutsuzluqdan bir şey yapamaz olunca mutsuzluğu
düşünməyə başladım. İşıqlı qaranlıqda ulduzlarla
danışdım, o uzaqlıqdan öz yaxınıma
qayıtdım. Ümid yolun açdım... İstək
varsa, ümid də var... Ümid varsa inam da var... Bu Varların içində yoxluqları itirməyə
çalışdım. Çalışdım hər
halda...”
Elxan YURDOĞLU
Olaylar.- 2012.-
16 fevral.- S.13.