Rusiyaİran “Borçalı kartı”ndan istifadə etməyə çalışır"

 

“Borçalı” cəmiyyəti: “Dini fanatizmi qızışdırmaq, siyasi gərginlik yaratmaq istəyirlər”

 

“Borçalı” İctimai Cəmiyyəti son günlər bölgədə yaranmış vəziyyətlə bağlı ölkə vətəndaşlarına, Gürcüstanda yaşayan soydaşlarımıza müraciət edib. Müraciətdə deyilir: “Dəyərli soydaşlarımız! Sizin ulularınız öz milli mənəvi dəyərlərinə həmişə sadiq qalaraq, region və bütövlükdə türk dünyası üçün özünəməxsus rol oynamış, bütün növ təlatümlərdən üzüağ çıxmış, öz dəyərlərinə, dövlətinə, millətinə sədaqət nümunəsi olmuşlar. Siz son 20 ildən yuxarı bir müddətdə, hər cür təxtibat və siyasi riyakarlıqları cəsarətlə dəf edərək, Gürcüstan ərazisində, öz doğma vətəninizdə separatçı əhval ruhiyyədə olan digər milli azlıqlara əxlaq, sədaqət nümunəsi göstərə bilmişsiniz. Abxaz və Cənubi Osetiya separatçılarının hərəkətlərini, o cümlədən, Gürcüstanda yaşayan ermənilərin Gürcüstanı parçalamaq, zəiflətmək cəhdlərinə cavab olaraq, Siz Gürcüstanaöz doğma vətəninizə münasibətdə dövlətçilik mövqeyi nümayiş etdirmisiniz.

 

 Baxmayaraq ki, son 20 ildə heç də həmişə etdikləriniz fədakarlıqların əvəzində halal haqqınızı ala bilməmiş, bəzi dar təfəkkürlü ünsürlər tərəfindən incidilmiş, haqlarınız tapdalanmış, müəyyən mənada milli ayrıseçkilik kimi antibəşəri təzyiqlərə də məruz qalmışsınız. Babalarınızın 100-1000 illərdir sizə yadigar qoyduqları kənd, çay, qala, təpə, dağ adları zaman-zaman başqalaşdırılmış, xüsusilə Gürcüstan müstəqillik əldə etdikdən sonra Bolnisi rayonunda 30-dan yuxarı tarixi türk toponimləri 1991-92-ci illərdə əsassız olaraq dəyişdirilmişdir. Ayrı-ayrı zamanlarda bəziləriniz zorakılıqlara, açıq təhdidlərə məruz qalmışsınız. Yeganə dolanışıq mənbələrinizdən biri olan torpaqlarınız mafiya törtöküntüləri tərəfindən, bəzi hallarda isə Gürcüstan siyasi hakimiyyətinin səbatsızlığı ucbatından mənimsənilmiş, minlərlə ailələr olaraq ümumxalq mülkiyyəti olan torpağa halal payçı ola bilməmisiniz. Təəssüf ki, bu mənfi tendensiya indi də davam etməkdədir. Bu proses borçalı türklərinin yaşadığı əksər bölgələrdə adi hal almışdır. Son zamanlar isə Saqareco və Qardabani rayonları ərazisində yerli əhalinin hüquqları kobud şəkildə pozularaq, onlara məxsus olmalı torpaqlar məsuliyyətsiz məmur-işbaz əlbirliyi nəticəsində mənimsənilməkdədir.. Düşünürük ki, bu cür halları törədənlər həm gürcülərin, həm də Borçalı türklərinin düşmənləridirlər. Onlar bu hərəkətləri ilə Gürcüstan Azərbaycan tarixi dostluğuna arxadan xəncər saplamaqdadırlar. Siz bunlara baxmayaraq hər zaman səbr nümayiş etdirmiş, bu mənfilikləri keçici hesab edərək siyasiləşdirməmisiniz. Ən ləyaqətli yol budur. Güman edirik ki, bu anormallıqlar birdəfəlik dayandırılacaq və sizin hüquqlarınız təmin olunacaqdır. Bu barədə Gürcüstan siyasi hakimiyyəti tərəfimizdən qətiliklə məlumatlandırılmışdır. Sizlərdən öz hüquqlarınızın təmini istiqamətində fədəkarlıq tələb olunur. Haqlarınızı heç kimdən çəkinmədən tələb edin. Biz və Gürcüstan hüquq sistemi sizinləyik... Siz hər zaman bütün imtahanlardan üzüağ çıxmısınız, inanırıq ki, bundan sonra da öz əxlaqınız, mədəniyyətiniz, cəsarət, ağıl və iradənizlə təxribatçılara tutarlı cavab verəcəksiniz.

Son zamanlar Qafqaz bölgəsində vəziyyəti gərginləşdirmək istəyənlər yenidən fəallaşmaqdadır. Bölgədə ciddi geosiyasi proseslər baş verir. Dünyada demokratiya dalğası geniş vüsət alır. Antidemokratik düşüncə sahibi olan ölkələrin həlqələri daralmaqdadır. Təəssüf ki, qonşularımız Rusiya və İran antidemokratik təfəkkür daşıyıcıları olmaqla, son zamanlar Borçalı “kartından” bəhrələnməyə cəhdlər etməkdədilər. İran bölgədə dini fanatizmi qızışdıraraq, Rusiya isə Borçalı türkləri ilə doğma Gürcüstanımız arasında gərginlik yaratmaq xəttinə üstünlük verməkdədirlər. Əsas hədəf isə bölgədə yeni etnik gərginlik mənbəyi yaratmaqla, Gürcüstanı Avroatlantik məkana inteqrasiyadan sapdırmaq, dolayı və birbaşa Gürcüstan-Azərbaycan arasında qarşıdurma yaratmaqdan ibarətdir. NATO Baş Katibinin keçən ilin sonunda Gürcüstana səfəri zamanı Gürcüstanın hökmən NATO-ya üzv olacağı haqda bəyanatdan sonra, Rusiya XİN-nin Gürcüstanda insan haqlarının vəziyyətinə (xüsusilə borçalı türkləri, axıska türkləri və ermənilərə ünvanlanmış) dair açıqlamasında ürəyiyananlıq nümayiş etdirməklə Gürcüstan siyasi sistemini kəskin tənqid etmişlər. İlk baxışda cazibəli görünən açıqlama, gerçəkdə Gürcüstanı adıçəkilən milli azlıqlar vasitəsilə cəzalandırmaq niyyəti güdür. Hamıya bəllidir ki, postsovet ölkələrində Rusiyanın ən ciddi silahlarından biri etnik separatçılığı stimullaşdırmaq və dəstəkləməkdir. Maraqlı olan odur ki, öz ərazisində insan hüquq və azadlıqları tapdalanan bir ölkə, demokratiya yolunda sürətlə irəliləyən bir ölkədə insan haqlarının pozulmasından danışır. Rusiyanın bu açıqlaması NATO ya cavab olmaqla bölgədə yeni münaqişə ocağı yaratmaq, öz əlaltıları ilə bu bəd niyyəti körükləməkdir. Artıq onun ilkin əlamətləri hiss olunmaqdadır. Belə ki, Rusiya XİN-nin məlum açıqlamasının ardından “Borçalının çöküş ssenarisi” (29.12.2012 – “Hürriyyət” qəzeti) başlıqlı təxribat xarakterli “analitik”, həyəcan dolu yazı peyda oldu. Əsas hədəf Borçalı Cəmiyyətidir! Bunun ardınca 3 ildir bizlərə qarşı təqib kampaniyası aparan bəlli şəbəkə Borçalı Cəmiyyətini hədəf almağa başladılar, Sədrin təcili istefa verməli olduğunu bəyan etməklə, şəxsiyyətin aşağılanmasından belə çəkinmədilər. Səbrli davranışımızın əvəzində bizi müxtəlif cinayətlərdə suçlamaqdan, işgüzar nüfuzumuza zərbə vurmaq üçün ən aşağılayıcı qara piardan istifadə etməyə başladılar. Bu azmış kimi bütün əxlaqi-mənəvi dəyərləri tapdalayaraq sədrin milliyyətini, şəcərəsini şübhə altına almaqdan da çəkinmədilər. Əsas hədəf:-Nəyin bahasına olur olsun Borçalı Cəmiyyətini ucuz polemikalara cəlb etmək, bölgədə nəzərdə tutulan təxribatlara təsir imkanlarını azaltmaq, ictimai rəydə Cəmiyyətin parçalanmış obrazını yaratmaqdan ibarətdir. Bu proses bütün dəyərlər tapdalanaraq, indi də, bəlli şəbəkə tərəfindən davam etməkdədir. Onlara bir tövsiyyəmiz var:- Çəkilin bu yoldan, bu, nə borçalılara nə də şəxsinizə fayda verməyəcək. Ayıb sayılan şeyləri etməyin. Elimizdən, millətimizdən ayıbdır.

Sual oluna bilər: - Bəs niyə Borçalı Cəmiyyəti? Fikrimizcə Borçalı Cəmiyyəti yarandığı dövrdən etnik separatçılığı birmənalı rədd edir, Gürcüstanın unitarlığını qəbul edir, mədəniyyətlərarası dialoqu vacib məqsədəçatma vasitəsi hesab edir, soydaşlarımızda dövlətçilik və milli şüurun sağlam təməlli inkişafına çalışır, hər cür radikal üsulları məqsədəçatma vasitəsi kimi qəbul etmir, bütün problemlərin dinc qarşılıqlı anlaşma, hüququn aliliyi prinsiplərinə uyğun həllinin tərəfdarıdır, regionun təhlükəsizliyi üçün Azərbaycan – Gürcüstan – Türkiyə konfederasiyası modelinə dəstək verir, Gürcüstanagürcü mədəniyyətinə həqarətli yanaşanlara qarşıdır, çünki Gürcüstan hər birimizin doğma vətəni olduğu kimi, Azərbaycanımızın sədaqətli strateji müttəfiqidir. və s.

Dəyərli gürcü xalqı və Borçalı türkləri, müqəddəs Gürcüstanımız! Biz həmişə sizinləyik, bütün təxribatları birlikdə önləyəcəyik, biz qalib gələcəyik! Azərbaycan - Gürcüstan, Borçalı türkügürcü qarşıdurması yaratmaq istəyənlər bizim düşmənlərdir və qarşılarında bizi görəcəklər.

Əziz soydaşlarımız, səbrli olun, təxribatlara uymayın, pozulan haqlarınızın təmini üçün hüququn verdiyi bütün imkanlardan istifadə edin, sizə qarşı kim olacaqsa onun kimliyini söyləməkdən çəkinməyin, həm biz, həm də gürcü demokratları onlara layiqli cavablarını verəcəyik, millətinizi və vətəninizi sevin, onlar üçün fədəkarlıq göstərin, yeni nəslin yüksək intellektə sahib olması üçün bütün fədəkarlıqları edin, Allahınıza tapının, ibadət yerlərinizi qoruyun, ora yad ünsürlərin sahiblənməsinə imkan verməyin, demokratiyaya inanın və bu mübarizədə fəal mübarizə aparın. Gələcək gələcəyi sevənlərin və gələcəyi quranlarındır.

Çox dəyərli soydaşlarımız, regionda baş verən proseslərə biganə qalmayaq, bizə qarşı olanlar məqsədyönlü təxribat maşınının həlqələridir., inanmayın. Bəlkə də heç zaman olmadığı qədər birliyə ehtiyacımız var. Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həll olunmasına yardımçı olun, Azərbaycan Təhsil Nazirliyi Borçalı türklərinin təhsil aldığı məktəblərin Azərbaycan dili və ədəbiyyatı, Əlifba kitabları ilə təchizatı işini həll edin, məktəblərin bərpası, yenidən qurulmasını həyata keçirin, pedoqoji kadrların hazırlanması və təmini işində konkret addımlar atın, təhsillə sizə təqdim olunan layihələri gerçəkləşdirin Dəyərli media mənsubları Gürcüstanla, Borçalı bölgəsi ilə bağlı, bölgənin həssaslığını nəzərə alaraq, hər cür təxribat xarakterli bəyənat və müsahibələri dərc etməkdən çəkinin. Bəzi hakimiyyət məmurları Borçalı Cəmiyyətinin işinə kölgə salan bəzilərini stimullaşdırmayın, Borçalı Cəmiyyətinə yardımçı olun, onun daha ciddi bir elmi araşdırma mərkəzinə çevrilməsi üçün gərəkənləri edin, əlavə olaraq “Dərbənd”, “Güney Azərbaycan”, “Qərbi Azərbaycan” Mərkəzlərinin yaranma proqramlarını hazırlayıb həyata keçirin, ölkəiçi birlik və bərabərlik üçün bütün fədəkarlıqları edin. İş adamları paranızdan elə xərcləyin, elin bərəkallahını qazanmağa çalışın, Borçalı cəmiyyətinin maddi ehtiyaclarının ödənilməsində xəsislik etməyin, Gürcüstana cəsarətlə investisiya qoyun. Dəyərli siyasi, ictimai qurum rəhbərləri və üzvləri, Borçalı türklərinin hüquqlarının təmini ilə bağlı Borçalı Cəmiyyətinə həmişə olduğu kimi güvənin və dəstək olun.

Dəyərli Gürcüstan xalqı, gürcü qardaş və bacılarımız! Gürcüstan dövlətçiliyinə və gürcü mədəniyyətinə həmişə sədaqətli və sayğılı olan Borçalı türklərinə sahib durun, onların problemlərinə biganə qalmayın, toponim, torpaq, təhsil problemlərinə həssas yanaşın, problemləri uzatmadan həll edin, sizə müraciət edən soydaşlarımızı ümidləndirin, gürcü dili və mədəniyyətini, dövlətçiliyini, tarixini sevdirin, onların öz milli və mədəni səviyyəsini yüksəltmələrinə yardımçı olun, onlara inanın, onlar üzərində bəzi psixoloji təsir vasitələrini tamamilə götürün, inanın ki, onlar hər zaman sizinlə çiyin-çiyinə Gürcüstanı və Gürcüstan - Azərbaycan dostluğunu qoruyacaq, Gürcüstan dövlətçiliyinə və demokratiyaya sadiq qalacaqlar.

Əziz Azərbaycanımızda yaşayan gürcü qardaş və bacılarımız. Biz hamımız ortaq dəyərlər qoruyucusu olaraq qanun və dövlət qarşısında bərabərik. Siz digər milli azlıqlar kimi Azərbaycanımızın incilərisiniz. Mümkündür ki, hər yerdə olduğu kimi sizin də problemləriniz olsun. Biz Gürcüstanda məskunlaşmış Borçalı türklərinə etdiyimiz müraciəti sizə də aid edirik. Azərbaycan dövlətinə hər zaman olduğu kimi sədaqətli olacağınıza əminik. Borçalı Cəmiyyətinə də inanın, onunla daha sıx əlaqə qurun, pozulan hüquqlarınız, arzu və istəklərinizlə bağlı bizə müraciət edin. Sizin xidmətinizdə durmaq bizim üçün şərəf olardı. Siz Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan Borçalı türkləri (azərbaycanlılar) iki dövlət və iki mükəmməl mədəniyyət arasında əbədi müqəddəs körpüsünüz.

İnanırıq ki, birlik və bərabərliyimiz bərqərar olacaq, yeni, şərəfli tarix yaradacaq və yazacağıq.

Allah Azərbaycanımızı, Gürcüstanımızı, Türkiyəmizi, Bəşəriyyəti qorusun! Amin!

Müraciət “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyətinin 14 fevral 2012 tarixli iclasında qəbul edilmişdir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 17 fevral.- S.15.