Diaspora təşkilatları Xocalı
faciəsi ilə bağlı tədbirlər keçirəcək
Dünyanın
müxtəlif ölkələrində anım tədbirləri
təşkil olunacaq
Xocalı
faciəsinin 20-ci ildönümü ilə
əlaqədar olaraq dünyanın
müxtəlif ölkələrində fəaliyyət
göstərən diaspora təşkilatlarımız
anım tədbirləri, soyqırıma həsr olunmuş sərgi və konfranslar,
kütləvi aksiyalar keçirməyi nəzərdə
tutub.
Müxtəlif ölkələrdə keçiriləcək
anım tədbirlərinə həmin ölkələrdə
fəaliyyət göstərən türk
diaspora təşkilatı da
yaxından dəstək verəcək. Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və
digər şəhərlərində ÜmumRusiya
Azərbaycanlıları Konqresi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiyanın
Azərbaycanlı Gənclər Təçkilatının təşkilatçılığı
ilə anım mərasimləri, dəyirmi masa
və konfranslar keçiriləcək, Tədbirlər
çərçivəsində Xocalıda dinc
əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər,
sənədli filmlər nümayiş
etdiriləcək.
Fevralın
26-da isə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı
tərəfindən Moskvada “Xocalıya Ədalət”
kampaniyası çərçivəsində Rusiyanın
ayrı-ayrı regionlarında Xocalı soyqırımının
20-ci ildönümünə həsr olunmuş tədbirlər
təşkil olunacaq. Xocalı faciəsinin ildönümü
münasibəti ilə tədbirlər Ukrayna, Belarus, Estoniya,
Litva, Latviya və Kişinyovda da baş tutacaq. Onu da qeyd etmək
yerinə düşər ki, İslam Konfransı Gənclər
Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü
ilə Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub. Bu
ölkədə elan olunmuş “Xocalı ayı” tədbirlərinə
artıq Xarkov şəhərində start verilib. Xarkov vilayət
administrasiyası rəsmilərinin, Azərbaycan diasporunun fəallarının,
yerli KİV nümayəndələrinin iştirak etdikləri
“Xocalı ayı” çərçivəsində ilk anma mərasimində
20 ilin keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar
tərəfindən Xocalı soyqırımına hüquqi
siyasi qiymətin verilməməsi tarixi ədalətsizlik kimi
qiymətləndirilib. Fevralın 25-də isə Ukrayna Azərbaycanlıları
Konqresinin təşkilatçılığı ilə Kiyev
şəhərində Xocalı soyqırımının
20-ci ildönümünə həsr olunmuş anım mərasimi
keçiriləcək. Fevralın 26-da Minskdə Belarus Azərbaycan
İcmaları Konqresi, fevralın 27-də isə Kişinyov
şəhərində Moldova Azərbaycanlıları
Konqresinin təşkilatçılığı ilə
Xocalı soyqırımı qurbanlarının xatirəsinə
həsr olunmuş tədbirlər təşkil olunacaq, yerli
kütləvi informasiya vasitələrində Xocalı
soyqırımı ilə bağlı materiallar dərc ediləcək.
Fevralın 24-də Vülnüsdə Litva Azərbaycanlıları
Cəmiyyəti, fevralın 25-də Tallində “Aydan” Estoniya-Azərbaycan
Mədəniyyət Mərkəzi Azərbaycan
Respublikasının bu ölkədəki səfirliyi ilə
birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini
anacaq. Avropanın ayrı-ayrı ölkələrində, o
cümlədən Almaniya, Fransa, İtaliyada, habelə
Danimarka, İsveç, Niderland Krallıqlarında, Polşa,
Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək
tədbirlərdə bu ölkələrdəki Azərbaycan
diasporu ilə yanaşı, türk, yəhudi
icmalarının, eləcə də adı çəkilən
ölkələrin ictimai-siyasi təşkilatlarının, həmçinin
parlamentlərinin nümayəndələrinin
qatılacağı gözlənilir.
Xocalı
soyqırımının 20-ci ildönümü münasibəti
ilə Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi
Şurası tərəfindən fevralın 10-dan başlayaraq
Berlin şəhərində “Biz sülh istəyirik” adlı
silsilə rəsm müsabiqələrinə start verilib.
Ümumiyyətlə, faciənin ildönümü ilə
bağlı genişmiqyaslı tədbirlərin keçirildiyi
ölkələr sırasında Almaniya xüsusi yer tutur.
Fevralın 11-də Almaniyanın Hamburq şəhərində
Saksen-Anhalt Əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət
Cəmiyyəti təşkilatçılığı ilə
Xocalı soyqırımının 20-ci ildönümünə
həsr olunmuş boks turniri keçirilib. Yarışı izləyən
600-dən artıq tamaşaçıya Xocalı
soyqırımı haqqında məlumat verilib. Fevralın 17-də
Maqdeburq şəhərində Almaniya Sosial Demokrat
Partiyasının toplantısında Xocalı
soyqırımına dair məruzə təqdim olunub.
Fevralın 18-də Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həsr olunmuş avtomobil
yürüşü, fevralın 26-da isə alman
yazıçısı Rolf Kunşun alman dilində nəşr
olunmuş “Xocalı” kitabının təqdimat mərasiminin
keçirilməsi nəzərdə tutulub. Fevralın 24-də
Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin
və Atatürkçü Düşüncə Dərnəyi
Berlin-Brandenburq Cəmiyyətinin təşkilatçılığı
ilə Xocalı soyqırımının 20-ci
ildönümünə həsr olunmuş “Qafqazda
sülhün qorunması və Türk-Azərbaycan münasibətləri”
mövzusunda konfrans keçiriləcək. Həmin ərəfədə
Berlin-Bakı Qalereyası Bakı Pantomima teatrı ilə birgə
Berlində Xocalı soyqırımına həsr olunmuş
foto və rəsm sərgisi təşkil edəcək,
tamaşaçıların diqqətinə Xocalı soyqırımından
bəhs edən ədəbi-bədii kompozisiya təqdim edəcək.
Fevralın 25-də Berlində Azərbaycan Evi, Alman-Azərbaycan
Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı
ilə Xocalı soyqırımının 20-ci
ildönümü münasibətilə etiraz aksiyası
baş tutacaq. Xocalı soyqırımının 20-ci
ildönümünə həsr olunmuş tədbirlər
Almaniyanın Drezden, Kassel, Hannover və Mayns şəhərlərində
də keçiriləcək.
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığında fəaliyyət göstərən Avropa
Azərbaycan Cəmiyyəti Xocalı
soyqırımının 20-ci ildönümü münasibətilə
silsilə tədbirlər keçirəcək, o cümlədən
fevralın 22-də Londonda Xocalı soyqırımına həsr
olunmuş rəsm əsərlərindən ibarət sərgi
təşkil edəcək. Benilüks Azərbaycanlıları
Konqresi tərəfindən fevralın 22-də Amsterdamda azərbaycanlı
uşaqların Xocalıya aid əl işləri və rəsmlərindən
ibarət sərgi, fevralın 23-də Haaqada “Uşaq rəsm sərgisi”
təşkil edəcəkdir. Fevralın 28-də Benilüks Azərbaycanlıları
Konqresinin təşkilatçılığı ilə
Belçikanın paytaxtı Brüsseldə Xocalı
soyqırımının 20-ci ildönümü münasibətilə
mitinq keçiriləcək. Brüsseldəki Place Schuman
meydanında Avropa Komissiyasının önündə təşkil
olunacaq “İnsanlıq ayıbı Xocalıya ədalət”
mitinqində “Hamımız Xocalılıyıq!
Hamımız Türkük!” şüarlarının sədaları
altında ölkədə fəaliyyət göstərən
Azərbaycan və Türk diaspor təşkilatlarının,
siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin
iştirakı planlaşdırılıb. Fevralın 25-də
İsveç Krallığının Malmö şəhərində
İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı
ilə Xocalı soyqırımına həsr olunmuş
konfrans, fevralın 26-da Stokholm şəhərində Azərbaycan
Federasiyası İsveçin təşkilatçılığı
ilə seminar keçiriləcək. Fevralın 26-da həmçinin
Azərbaycan Federasiyası İsveç tərəfindən
Stokholmda Xocalı soyqırımının 20-ci
ildönümünə həsr olunmuş kütləvi etiraz
aksiyasının keçirilməsi nəzərdə tutulub.
Fevralın 26-da Xaricdə Təhsil Alan və Məzun Olmuş
Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun təşkilatçılığı
ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığında, Misir Ərəb Respublikasında,
İtaliya, Fransa, Niderland Krallığında, Kanada da Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunmuş tədbirlər keçiriləcək. Fevralın
25-də Danimarkada, Rumıniyada, fevralın 26-da Finlandiya və
Macarıstanda Xocalı soyqırımı qurbanlarının
xatirəsinə həsr olunmuş anım mərasimləri təşkil
ediləcək. Fevralın 25-də Çexiyanın
paytaxtı Praqanın Sülh meydanında “Azər-Çex” Cəmiyyətinin
təşkilatçılığı ilə “Xocalıya ədalət”
kampaniyası çərçivəsində kütləvi
etiraz aksiyasının keçirilməsi
planlaşdırılıb.
Xocalı
soyqırımının 20-ci ildönümü münasibətilə
Gürcüstan, Qazaxıstan, Özbəkistan,
Qırğızıstanda anım mərasimləri, konfrans və
sərgilər təşkil olunacaq. Fevralın 26-da
Qazaxıstanın Astana şəhərində Qazaxıstan Azərbaycanlıları
Mədəniyyət Mərkəzləri İttifaqının
təşkilatçılığı ilə “Xocalı
soyqırımı – XX əsrin dəhşətli faciəsi”
mövzusunda konfrans keçiriləcək. Xocalı
soyqırımının 20-ci ildönümü münasibətilə
tədbirlər Türkiyənin bir sıra şəhərlərində
də keçiriləcək. Fevralın 26-da İstanbulun
Taksim meydanında Türkiyədə təhsil alan azərbaycanlı
tələbələrin, Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun
və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin,
Türkiyə-Azərbaycan Dərnəkləri
Federasiyasının, Azərbaycan və Türkiyə
qeyri-hökumət təşkilatlarının, KİV
nümayəndələrinin iştirakı ilə “Türkiyə
bunu tanı, unutma Xocalını” adı altında izdihamlı
yürüş-mitinqin keçirilməsi
planlaşdırılıb. Fevralın 26-da isə Misir Ərəb
Respublikasının paytaxtı Qahirədəki Ayn-Şəms
Universitetində Qahirə-Türk Araşdırmalar Mərkəzinin
və Azərbaycan Respublikasının Misirdəki səfirliyinin
birgə təşkilatçılığı ilə
konfrans, Birləşmiş Ərəb Əmirliklərində
fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin
təşkilatçılığı ilə Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
olunmuş elmi-praktiki konfrans, Küveytdə “Vətənsevər”
Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin
təşkilatçılığı ilə anım mərasimi
keçiriləcək. Xocalı soyqırımının
20-ci ildönümü münasibətilə tədbirlər
Birləşmiş Ştatların Nyu-York, Los-Anceles,
San-Fransisko, Hyuston şəhərlərində də
keçiriləcək. Amerika-Azərbaycan Şurası,
Amerika-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Nyu-York
Assosiasiyası, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər
Assosiasiyasının təşkilatçılığı
ilə keçiriləcək anım mərasimlərində
Amerikanın azərbaycanlı icması ilə yanaşı,
türk, yəhudi və digər icmaların nümayəndələrinin
iştirakı nəzərdə tutulub. Xocalı
soyqırımı qurbanlarının xatirəsi Avstraliya, Yeni
Zelandiya, Kanada və Meksikada da yad ediləcək. Fevralın
26-da Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi təşkilatı
tərəfindən Sidney sakinlərinə əvvəlcədən
istehsal olunmuş və üzərində “Xocalı faciəsi
– 1992-ci il” yazısı olan köynəklər paylanacaq, Həmçinin
Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti tərəfindən
anım mərasimi keçiriləcək. Kanadanın Ottava,
London və Kalqari şəhərlərində müvafiq
olaraq Kanada-Azərbaycan Təşkilatlar Assambleyası, Kanada
Azəri-Türk Assosiasiyası, Alberta Azərbaycan Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə
Xocalı soyqırımı ilə bağlı anım mərasimləri
baş tutacaq. Fevralın 26-da Xocalı soyqırımı
qurbanlarının xatirəsi Meksikada fəaliyyət göstərən
Latın Amerikasındakı Azərbaycan Assosiasiyası tərəfindən
təşkil olunmuş anım mərasimində anılacaq.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 18-20 fevral.- S.15.