Azərbaycan
diasporu Arxangelskdə erməni
yalanlarını ifşa edir
Yusif
Süleymanov: “İmkan vermirik ki, erməni diasporu orada
hansısa fəallıq nümayiş etdirsin”
“Biz fəaliyyətimizlə Azərbaycan
və Rusiya arasında dostluq körpüsü
yaradırıq”
Bu gün Azərbaycan diasporunun xüsusi
fəallıq göstərdiyi ölkələr
sırasında Rusiya Federasiyası öncül yerlərdən
birini tutur. Təkcə şimal qonşumuzun paytaxtı Moskva və
kifayət qədər iri şəhərlərində deyil,
eləcə də bu ölkənin ayrı-ayrı subyektlərində
fəaliyyət göstərən Azərbaycan diasporu ölkəmizin
üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, ermənilərin
zaman-zaman soydaşlarımıza qarşı həyata
keçirdiyi terror və soyqırım siyasəti barədə
yerli ictimaiyyətə dolğun və operativ məlumat verir,
yalançı erməni təbliğatının
qarşısını alır. Rusiyanın Arxangelsk vilayətində
fəaliyyət göstərən Azərbaycan diasporu da qeyd
edilən istiqamətlərdə aktivlik nümayiş etdirir.
Sözügedən vilayətdəki Azərbaycan diasporunun rəhbəri,
ÜmumRusiya Azərbaycanlıları Konqresinin Arxangelsk vilayəti
üzrə nümayəndəsi Yusif Süleymanov “OLAYLAR”-a
verdiyi müsahibədə Azəbaycanın təbliği
istiqamətində görülən işlər, eləcə
də qarşıya qoyulan məqsəd və vəzifələr
barədə məlumat verib.
-Yusif müəllim, ÜmumRusiya Azərbaycanlıları
Konqresi Xocalı soyqırımının ildönümü
ilə bağlı hansı tədbirlər keçirməyi nəzərdə
tutulub?
-ÜmumRusiya
Azərbaycanlıları Konqresi, eləcə də onun
Arxangels regional təşkilatı olaraq təkcə Xocalı
soyqırımı deyil, eyni zamanda Azərbaycan başına gətirilən
digər müsibətlər, Dağlıq Qarabağ problemi ilə
əlaqədar olaraq müntəzəm şəkildə tədbirlər
təşkil edir, mətbuat səhifələrində
bütün bunlarla bağlı materiallar dərc edirik. Bir
neçə dəfə mənim özümün yerli mətbuatda
müsahibəm, yazılarım çap edilib.
Gördüyümüz işlərlə bağlı da mərkəzi
strukturlara məlumat veririk. Xocalı soyqırımının
20-ci ildönümü ərəfəsində də
Arxangelskdə yaşayan azərbaycanlılar bir yerə
yığılaraq anım tədbiri keçirəcəklər.
-Arxangelskdə təxminən nə qədər
azərbaycanlı yaşayır və
soydaşlarımızın əsas məşğuliyyəti,
nədən ibarətdir?
-Arxangelsk
vilayətində təxminən 4 mindən artıq azərbaycanlı
yaşayır. Burada müxtəlif sahələrdə
çalışan soydaşlarımız var. Əsasən azərbaycanlılar
bizneslə məşğul olurlar. Ancaq digər mühüm vəzifələrlə,
hüquq-mühafizə orqanlarında çalışan azərbaycanlılar
da var. Vilayətin Oktyabrski rayonun polis rəisinin müavini azərbaycanlıdır.
Eyni zamanda Venişski şəhərindəki həbsxananın
rəis müavini də bizim soydaşımız idi. Bir
müddət əvvəl isə pensiyaya çıxdı.
Arxangelsk vilayətindəki həbsxananın rəisi də azərbaycanlıdır.
Həmçinin ayrı-ayrı sahələrdə yaşayan
azərbaycanlılar da var.
-Bəs azərbaycanlıların üzləşdiyi
hansısa problemlər varmı?
-Hər bir
yerdə olduğu kimi Arxangelsk vilayətində yaşayan azərbaycanlıların
da üzləşdikləri bəzi problemlər var. Lakin həmin
vilayətdə fəaliyyət göstərən Azərbaycan
diasporu yerli rəhbərliyin dəstəyi ilə
soydaşlarımızın problemlərini həll etməyə
çalışır və bu istiqamətdə fəaliyyət
göstərir. Ancaq bir problem var ki, həmin problemin həlli
ilə bağlı uzun zamandır ki,
çalışırıq. Belə ki, orada yaşayan azərbaycanlı
həmyerlimizin övladı dünyaya gələndə bir
qayda olaraq Rusiya mühitinə alışır. Küçəyə
çıxanda, bağça və ya məktəbə gedəndə
yalnız rus dilini eşidir. Nəticədə həmin
uşaq demək olar ki, Azərbaycan dilini bilmir. Ona görə
də biz bu problemin həllinə çalışırıq
və müəyyən fəaliyyətlərimiz var.
-Bu istiqamətdə konkret hansı
addım atmağı düşünürsünüz?
-Biz bununla
bağlı Arxangelsk vilayətinin müvafiq qurumları, eləcə
də vilayətin təhsil üzrə rəhbərliyi ilə
razılıq əldə etmişik ki, orada Azərbaycan
uşaqları üçün ana dilində dərs
keçirilsin. Çünki azərbaycanlı uşaqlar
öz dilini, adət-ənənəsini yaddan
çıxarmamalıdır. Məsələ ilə
bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə
də müraciət etmişəm. Dövlət Komitəsindən
bildirilib ki, belə bir məktəb açılsa
bütün lazımı materiallar, əyani vəsaitlər,
kitablar komitə tərəfindən Arxangelskə göndəriləcək.
Konkret olaraq biz bu istiqamətdə fəaliyyət göstəririk.
-Yəqin ki, Azərbaycan dili dərsləri
yalnız həftə sonları keçirilər?
-Əlbəttə.
Digər fənlər onsuz da orta məktəblərdə
keçirilir. İstənilən dildə ikinin üzərinə
iki gələndə nəticə dörd edir. Əsas odur ki,
soydaşlarımızın dünyaya gələn
övladları öz ana dilini unutmasınlar. Azərbaycanlı
uşaqlar öz adət-ənənələrini, milli bayramları,
mədəniyyətlərini bilməlidirlər.
-Azərbaycan dili məktəbinin
açılması təxminən nə zaman mümkün
olacaq?
-Arxangelsk
vilayətinin təhsil komitəsinə artıq məktubla
müraciət edilib. Həmçinin
yaşadığımız rayonun meri də təhsil komitəsinə
anoloji məktub göndərib. Artıq demək olar ki,
şifahi razılıq əldə edilib. Onu da qeyd edim ki, bu
sırf fakultetiv bir məktəb olacaq.
-Arxangelskdə digər Azərbaycan
cəmiyyətləri və təşkilatları da fəaliyyət
göstərirmi və həmin təşkilatlarla əməkdaşlığınız
hansı səviyyədədir?
-Arxangelskdə
diaspora fəaliyyəti ilə məşğul olan təşkilat
var. Ancaq bizim təşkilat orada xüsusi fəallıq
nümayiş etdirir.
-Təşkilat olaraq Azərbaycanla
bağlı yaşadığınız vilayətin ictimaiyyətinə
tam obyektiv məlumat çatdıra bilirsinizmi?
-Biz təşkilat
olaraq Arxangelskdə çox fəalıq. Azərbaycan barədə
kifayət qədər obyektiv məlumat veririk. Nəinki Azərbaycanın
üzləşdiyi problemlər, Dağlıq Qarabağ
münaqişəsi, ermənilərin təcavüzkar siyasəti,
eləcə də ölkəmizin sürətli
inkişafı, əldə etdiyi nailiyyətlər barədə
yerli ictimaiyyətə mətbuat vasitəsilə məlumat
veririk. Əgər əvvəllər Azərbaycan, Bakı barədə
məlumatsız idilərsə, indi Rusiya Federasiyasının
istənilən subyektində, hətta kəndlərdə belə
Azərbaycanın harada yerləşdiyini, hansı uğurlar
qazandığını gözəl bilirlər. Təbii ki,
bütün bunlar aparılan düzgün işin nəticəsində
mümkün olub.
-Bu fəaliyyət Azərbaycan həqiqətlərinin
yaşadığınız vilayətin ictimaiyyətinə
çatdırılmasına nə dərəcədə
kömək olur?
-Heç
şübhəsiz ki, müsbət təsir göstərir.
Vilayətdə rəsmi səviyyələrdə təşkil
edilən əksəriyyət tədbirlərdə iştirak
edirəm. Çünki yaşadığım rayon merinin
milli məsələlər üzrə köməkçisi vəzifəsində
çalışıram. Həmin fürsətdən istifadə
edərək əksəriyyət tədbirlərdə Azərbaycan
həqiqətləri, Dağlıq Qarabağ problemi barədə
iştirakçıları məlumatlandırıram.
1990-cı illərdə ermənilər bütün Rusiya
Federasiyası ərazisində təbliğat aparırdılar
ki, Dağlıq Qarabağ probleminin meydana
çıxmasında Azərbaycan tərəfi
günahkardır. Həmin illərdə ermənilərin
yalanlarını ifşa etmək və əsl həqiqəti
cəmiyyətə çatdırmaq üçün Azərbaycandan
minlərlə qəzet aparıb vilayətin, eləcə də
yaşadığım rayonun rəsmi dairələri, ictimaiyyət
arasında yayırdım. Hazırda da cənab prezident
İlham Əliyevin apardığı düzgün siyasət,
Azərbaycanın sülh danışıqlarına sadiqliyi,
Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən
Dağlıq Qarabağ probleminin həll edilmədiyini
Arxangelsk vilayətinin rəsmi və qeyri-rəsmi dairələrinə
çatdırırıq. Azərbaycanın 1 milyona yaxın
sakininin qaçqın və məcburi köçkünə
çevrildiyi, torpaqlarımızın 20 faizinin erməni
işğalı altında qaldığı, hətta sadə
insanların sərhəd rayonu kəndlərdə öz
ölüsünü torpağa tapşıra bilmədiyini dəfələrlə
bildirmişəm və yerli kütləvi informasiya vasitələrində
bununla bağlı materiallar dərc edilib.
-Arxangelsk vilayətində erməni
diasporunun gücü hansı səviyyədədir və ermənilər
Azərbaycan diasporunun fəaliyyətinə hansısa
maneçilik törədə bilərlərmi?
-Ümumiyyətlə
biz imkan vermirik ki, erməni diasporu orada hansısa fəallıq
nümayiş etdirsin və ya fəaliyyətimizə maneçilik
törətsin.
-Yusif müəllim, ötən il
Bakıda Dünya Azərbaycanlılarının
üçüncü qurultayı keçirildi. Qurultayda
çıxış edən prezident İlham Əliyev diaspora
təşkilatlarının səfirliklər, eləcə də
yaşadıqları ölkələrdə fəaliyyət
göstərən azərbaycanlı iş adamları ilə
yaxından əməkdaşlıq etməsini tövsiyyə
etdi. Qurultaydan sonra Arxangelskdə qeyd edilən istiqamətlərdə
hansısa addımlar atılıbmı?
-Bizim həm
Diasporla İş üzrə Dövlət Komitəsi, həm
də ÜmumRusiya Azərbaycanlıları Konqresinin rəhbərliyi
ilə sıx münasibətlərimiz var. Ümumiyyətlə,
bizim elə bir ciddi problemimiz yoxdur ki, həmin problemin həlli
ilə bağlı hansısa qurumlara müraciət edək.
-Ümumiyyətlə,
soydaşlarımızın ictimai-siyasi proseslərdə fəallığını
necə qiymətləndirirsiniz və azərbaycanlılara
münasibət hansı səviyyədədir?
-Azərbaycanlıların
ictimai-siyasi proseslərdə fəallığını
müsbət qiymətləndirmək olar. Bizim bu fəallığımız
rəsmi dairələr tərəfindən də müsbət
qarşılanır. Bir faktı qeyd etməklə bunu təsdiqləmiş
olarıq. Keçən il noyabr ayının 25-də Moskvada
Azərbaycan Rusiya Konqresinin qurultayı keçirildi. Həmin
qurultaya Azərbaycan prezidenti İlham Əliyevlə
yanaşı, Rusiya Federasiyasının dövlət
başçısı Dmitri Medvedev də təbrik məktubu
ünvanlamışdı. Bunun özü Rusiyanın rəsmi
dairələrinin Azərbaycan diasporuna verdiyi qiymətin
göstəricisidir. Onu da qeyd edim ki, həmin ərəfədə
yaşadığım rayonun hazırkı və
keçmiş meri Diasporla İş üzrə Dövlət
Komitəsinə və konqresə məktub yazaraq bizim fəaliyyətimizi
yüksək qiymətləndiriblər. Biz fəaliyyətimizlə
Azərbaycan və Rusiya arasında dostluq körpüsü
yaradırıq. Göründüyü kimi, bizim fəaliyyətimiz
yerli dairələri qane edir və onlar tərəfindən
yüksək qiymətləndirilir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 21 fevral.- S.15.