Amerika azərbaycanlıları
Okeanın
o tayında yaşayan
soydaşlarımızın Birləşmiş
Ştatlara mühacirəti bir neçə mərhələni
əhatə edib
Azərbaycan diasporunun bu gün aktiv fəaliyyət
göstərdiyi ölkələrdən biri də Birləşmiş
Ştatlardır. Bu ölkədə yaşayan azərbaycanlıların
sayının təxminən 400 min nəfərə yaxın
olduğu bildirilir. Azərbaycanlıların Birləşmiş
Ştatlara mühacirəti barədə dəqiq tarixi məlumatlar
olmasa da, müəyyən mənbələrdə
soydaşlarımızın Amerikaya mühacirəti barədə
müxtəlif məlumatlar yer alır. Bəzi mənbələrdə
XVII əsrdə Birləşmiş Ştatlara Rusiyadan,
Osmanlı Türkiyəsindən və Azərbaycandan
mühacirlərin gəlməsi barədə fikirlər yer
alır. Lakin həmin fikirlər də rəsmən təsdiqini
tapmır. Ona görə də Birləşmiş Ştatlara
azərbaycanlıların mühacirət tarixi XIX əsrin
sonu, XX əsrin əvvəlindən götürülür.
Birləşmiş Ştatlara miqrasiya etmiş həmvətənlərimiz
azərbaycanlı kimi qeydiyyata məhz bu tarixdən
düşməyə başlayıblar. Okeanın o tayına
köçən ilk soydaşlarımız əsasən tacirlər
və ziyalı təbəqədən ibarət idi. Ümumiyyətlə,
azərbaycanlıların Birləşmiş Ştatlara
mühacirəti 4 mərhələyə bölünür.
Birinci mərhələ
XIX əsrin sonu, XX əsrin 20-ci illərini əhatə edir. Bu
dövrdə Azərbaycandan Amerikaya köçən
mühacirlərin tərkibi yəhudilər, ermənilər və
Azərbaycan türklərindən ibarət olub. İran, Rusiya
təbəəsi kimi qeydiyyata düşən azərbaycanlıların
milli mənsubiyyəti rus və iranlı olaraq göstərilirdi.
İkinci mərhələ
1920-1940-cı illərə təsadüf edib. Həmin illər
arası Birləşmiş Ştatlara axını güclənən
azərbaycanlıların burada məskunlaşma səbəbi
siyasi mühacirətlə əlaqədar olub. 1920-ci ildə
bolşeviklərin Azərbaycan Demokratik Respublikasını
süquta uğratmasından sonra Avropa və Asiya ölkələri
ilə yanaşı, Amerikaya köçən azərbaycanlıların
siyasi fəaliyyəti bir qədər də
artmışdı. Lakin onların burada nə sosial bazası,
nə də formalaşmış icması yox idi. Azərbaycanlılar
pərakəndə halda bir neçə ştatda məskunlaşırdılar.
Zamanla Azərbaycan icması formalaşmağa başladı
ki, bunun da təşkilatçısı ziyalı təbəqə
idi.
Üçüncü
mərhələ isə 1945-ci ildən 1990-cı illərə
qədər olan dövrü əhatə edir. Həmin illər
arası Birləşmiş Ştatlara köçən azərbaycanlıların
əksəriyyət hissəsini ikinci dünya müharibəsində
əsir düşmüş azərbaycanlı əsgərlər
və Cənubi Azərbaycandan miqrasiya edən
soydaşlarımız təşkil edirdi.
İkinci
dünya müharibəsindən sonra Birləşmiş
Ştatlarda Azərbaycan diasporunun təşkilatlanma işi
güclənməklə siyasi fəallıq dövrü
başladı. Türkiyədən, Cənubdan və
Şimaldan köçən azərbaycanlılar pərakəndə
halda olsalar da, siyasi fəaliyyətə maraq göstərirdilər.
İlk dəfə olaraq 1947-ci ildə Türkiyədən Birləşmiş
Ştatlara köçmüş soydaşlarımızın
”Azərbaycan” cəmiyyətini yaratması mühüm tarixi
hadisə idi. Saleh bəy Şeyxzamanovun rəhbərliyi ilə
fəaliyyətə başlayan “Azərbaycan” cəmiyyəti
Nyu-York şəhərində yerləşirdi. “Zəbt
olunmuş millətlər” adlı keçmiş milli
respublikaların təşkilatlarının birləşdiyi
birliyin üzvü olan “Azərbaycan” Cəmiyyəti Amerika
hökumətinin yardımı ilə fəaliyyət göstərirdi.
İkinci dünya müharibəsindən sonra
soydaşlarımızın əsas problemi Amerikada yaşamaq
hüququ əldə etmək üçün sənəd verərkən
milliyətin rus və ya iranlı yazılması idi.
1940-cı ildə yaradılan “Amerika Komitəsi” azərbaycanlıların
da hüquqlarını qoruyurdu. Soydaşlarımız öz
haqq səslərini dünya birliyinə çatdırmaqla
yanaşı, sovetlərdə işğal altında olan Azərbaycanın
müstəqilliyinin bərpası istiqamətində işlərini
fəallaşdırdılar. İlk dəfə olaraq
1954-cü ildə Azərbaycan mühacirətinin
tanınmış nümayəndəsi Zahid xan Xoyski
1984-cü ildə Birləşmiş Ştatların ali
qanunverici orqanında çıxış etdi. Zahid xan Xoyski
Konqresə Sovetlər Birliyinə daxil olan respublikalar
haqqında məsələnin müzakirəsi ilə əlaqədar
Azərbaycan təmsilçisi kimi dəvət olunmuşdu.
1942-ci ildə açılan “Amerikanın səsi”
radiostansiyası vasitəsilə Azərbaycan və azərbaycanlılar
barədə informasiyalar verilirdi. Həmçinin radioda milli
kimliyimiz, musiqimiz, ədəbiyyatımız, dilimiz, mətbəximiz
və digər ənənələrimizin qorunub
saxlanılması, eləcə də təbliğinə xidmət
edən proqramlar fəaliyyət göstərirdi.
Avropada
yaşayan soydaşlarımızın bir qisminin 1990-cı ilə
qədər olan dövr ərzində Birləşmiş
Ştatlara köçməsi diasporumuzun daha da güclənməsinə
və say tərkibinin genişlənməsinə səbəb
oldu. Bu miqrasiyanın məntiqi nəticəsi olaraq Azərbaycan
diaspor təşkilatlarının da sayı artırdı.
Amerikanın ali məktəblərində hüquq, iqtisadiyyat,
texniki elmlər üzrə ixtisaslaşıb öz sahələri
üzrə məşhurlaşan soydaşlarımız da az
olmayıb və onların çoxu bu gün də Birləşmiş
Ştatlarda yaşayır.
1990-cı
ildən sonrakı dövrdə də azərbaycanlıların
Birləşmiş Ştatlara mühacirəti baş verib.
1991-ci il, oktyabrın 18-də Azərbaycan dövlət
müstəqilliyini əldə etdikdən sonra azərbaycanlıların
Qərb ölkələrinə, xüsusən Birləşmiş
Ştatlara miqrasiyası başladı. Bu prosesin
iştirakçıları ziyalılar, elm və mədəniyyət
xadimləri, eyni zamanda iş tapmaq ümidilə Birləşmiş
Ştatlara üz tutanlar idi. Həmin dövrdə azərbaycanlıların
miqrasiyası Birləşmiş Ştatlardakı diasporun fəaliyyətinə
də öz təsirini göstərdi. Azərbaycanlılar
kompakt halda Nyu-York, Los-Anceles, Batton-Ruc, Miçiqan, Nyu-Cersi,
Vaşinqton və digər şəhərlərdə məskunlaşırdılar.
Birləşmiş
Ştatlarda özlərini Azərbaycan diasporunun nümayəndələri
hesab edən bakılı yəhudilərin fəaliyyəti də
diqqətəlayiqdir. Onların Birləşmiş Ştatlarda
Azərbaycan naminə gördüyü işlər müsbət
qiymətləndirilməlidir. Bu ölkədə yaşayan Azərbaycan
yəhudiləri “Evreyskiy mir”, “Veçnıy Nyu-York”, “Ruskaya
reklama”, “Nevstay” kimi mətbuat orqanlarında zaman-zaman Azərbaycanı
dəstəkləyirlər. Bu gün Los-Anceles, Pitt Kalambus,
Vest-Delfiya şəhərlərində formalaşmış
“Tehranseles”, “Bakı-Kalambus”, “Təbrizfiya” məhəllələrində
xeyli sayda azərbaycanlı yaşayır. Pitt Kambusda ingilis və
ispan dilləri ilə yanaşı, Azərbaycan dilində
reklam və elanlara rast gəlmək olur.
Birləşmiş
Ştatlarda Türkiyə və Azərbaycana qarşı erməni,
yunan diasporlarının fəaliyyətinə layiqli cavablar
verilməsi faktı ilə qarşılaşmaq
mümkündür. Uydurma “erməni soyqırımı”, kipr,
kürd məsələləri gündəmə gələndə
Azərbaycan diasporu da türk diasporu ilə yanaşı
müraciətlər qəbul edir, etiraz səslərini
ucaldırlar. Azərbaycanı təbliğ edən sərgilər,
konfranslar və digər tədbirlər Birləşmiş
Ştatlarda son zamanlar daha çox keçirilməkdədir.
Birləşmiş Ştatlardakı populyar qəzetlərin səhifələrində
də Azərbaycan və Azərbaycan diasporu barədə
müsbət yazılara rast gəlmək olur. Amerika azərbaycanlıları
Birləşmiş Ştatlar hökumətinə “907-ci
düzəliş”, Dağlıq Qarabağ problemi, Cənubi Azərbaycanda
insan hüquqları və digər mövzularla bağlı bəyanatlar
göndərirlər. Bu ölkənin ali məktəblərində,
diaspor təşkilatlarında Vətənlə əlaqələr
qurulması istiqamətində canlanma hiss olunur. 20 Yanvar,
Xocalı soyqırımı kimi faciəli günlərimizi
anma tədbirləri ilə yanaşı, Novruz bayramı, 28
may-İstiqlal Günü, 31 dekabr-Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və digər milli bayramlarımız
böyük və təntənəli halda keçirilir.
2001-ci il,
11 sentyabr hadisələri zamanı azərbaycanlıların
amerikalılar ilə birgə olması diasporumuzun mövqeyini
gücləndirirdi. Bu proses indinin özündə də davam
edir və konqresmenlər arasında Azərbaycanpərəst
şəxslərin sayı artmağa başlayır. Artıq
Amerika siyasi və rəsmi dairələrində Azərbaycan
diasporunun dəstəklənməsi müşahidə edilir. Həmçinin
Azərbaycanın haqlı olması barədə müsbət
çıxışlar edilir, fikirlər səslənir.
Ümummilli
lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra dünyanın müxtəlif
ölkələrində olduğu kimi Birləşmiş
Ştatlarda da Azərbaycan diasporunun fəaliyyətində bir
canlanma yarandı və dövlətlə diaspora təşkilatları
arasında bağlılıq artdı. Birləşmiş
Ştatlara hər səfərində Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin azərbaycanlılarla
tez-tez görüşməsi okeanın o tayında yaşayan
soydaşlarımızı daha sıx birləşməyə
və həmrəyliyə təkan verirdi. Bu kimi
görüşlər zamanı ümummilli lider Heydər Əliyev
Dağlıq Qarabağ məsələsini önə çəkərək
azərbaycanlıların bu istiqamətdə fəaliyyətlərini
və qüvvələrini səfərbər etmələrini
tövsiyyə edirdi. Bu gün dövlət səviyyəsində
diaspora sahəsinə dəstək artdıqca Birləşmiş
Ştatlardakı Azərbaycan diasporunun fəaliyyəti də
güclənir. Artıq Birləşmiş Ştatlarda
yaşayan soydaşlarımız kütləvi informasiya vasitələri
ilə əlaqə, eləcə də diasporun təşkilatlanması
sahəsində bir sıra uğurlar əldə ediblər. Bu
gün Birləşmiş Ştatlarda Amerika Azərbaycanlıları
Şəbəkəsi, Amerika Azərbaycan İcması,
Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər
Assosiasiyası və bu kimi bir sıra diaspora təşkilatları
və cəmiyyətləri fəaliyyət göstərir ki,
həmin təşkilatlar okeanın o tayında Azərbaycanı
layiqincə təmsil edir, ölkəmizin üzləşdiyi
problemlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə bu ölkənin ictimaiyyətinə
dolğun və ətraflı məlumat çatdırır.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 22 fevral.- S.15.