Türkiyədə Azərbaycan diasporu

 

Qardaş ölkədə fəaliyyət göstərən Azərbaycan diasporu türk diasporu ilə birgə ölkəmizi layiqincə təmsil edir

 

Tarixi mənbələrdən də məlumdur ki, Azərbaycan mühacirlərinin köçdükləri ölkələr içərisində Türkiyə xüsusi yer tutur. Dil-din yaxınlığı, soy-kök eyniliyi nöqteyi nəzərindən təbii hesab olunan bu proses nəticəsində tarix boyunca həm Şimali, həm də Cənubi Azərbaycandan Türkiyəyə köçən soydaşlarımızın sayı minlərlə idi. Soydaşlarımızın Türkiyəyə tarixi ictimai-siyasi hadisələr səbəbilə mühacirətləri nəticəsində hələ ötən əsrin əvvəllərindən bu ölkədə Azərbaycan diasporu formalaşmışdı. Zamanla dünyada baş verən ictimai-siyasi dəyişikliklər nəticəsində azərbaycanlıların bu ölkədə siyasi fəaliyyətində xeyli dəyişiklik yarandı. 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının süqutundan sonra azərbaycanlıların köçdükləri ölkələr içərisində Türkiyə birinci yeri tuturdu. Buradakı Azərbaycan siyasi mühacirəti ölkəni Sovet işğalından qurtarmaq üçün geniş fəaliyyət göstərmiş və mətbuat təsis edərək Azərbaycan barəsində xəbərləri yerli ictimaiyyət, eləcə də burada yaşayan soydaşlarımıza çatdırmışdı.

 

Lakin Türkiyə Cümhuriyyətinin o zamankı mürəkkəb geosiyasi şərtlər daxilində məcburən Sovetlər Birliyi tabeçiliyində qurulan Sovet Azərbaycanını tanıması burada yaşayan soydaşlarımızın fəaliyyətində passivlik və ümidsizlik yaratdı. Azərbaycanın ikinci dünya müharibəsindən sonra müstəqillik əldə etməsi ilə bağlı ehtimalların meydana çıxması Türkiyədə yaşayan soydaşlarımızın fəallaşmasına səbəb oldu. Xüsusilə, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin alman dövlət qurumları ilə apardığı danışıqlar və Azərbaycan legionlarının yaradılması Türkiyə azərbaycanlıları tərəfindən rəğbətlə qarşılandı İkinci dünya müharibəsinin Almaniyanın məğlubiyyəti ilə nəticələnməsindən sonra Türkiyəyə geri dönən Məmməd Əmin Rəsulzadə ilə bərabər Avropada yaşayan Azərbaycan siyasi mühacirətinin bir sıra görkəmli nümayəndələrinin Türkiyəyə daxil olma hüququ əldə etməsi buradakı Azərbaycan diasporunun fəaliyyətini canlandırdı. Artıq siyasi ideoloji baxımdan güclənən Azərbaycan diasporunun köhnə və yeni nəsli arasında fikir ayrılığına son qoyan Məmməd Əmin Rəsulzadə qardaş ölkədə Azərbaycan Milli Mərkəzi təsis edib öz ətrafında çoxsaylı soydaşlarımızı birləşdirməyə nail oldu.

1990-cı ildə dünyada baş verən ictimai-siyasi proseslər, Azərbaycanın tarixində ikinci dəfə dövlət müstəqilliyini əldə etməsi diasporumuzun formalaşması və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi məsələsini gündəmə gətirdi. Heç şübhəsiz ki, həmin dövrdə Türkiyədə yaşayan soydaşlarımız da bu prosesdən kənarda qalmırdılar. Həmin ərəfədə Türkiyədə güclü mövqeyə və maddi imkana malik olan azərbaycanlılar Azərbaycanın müstəqilliyi üçün müntəzəm olaraq fikirlər səsləndirirdilər. İmkanlı azərbaycanlıların təşəbbüsü ilə Azərbaycan mədəniyyəti, dövlətçiliyinə həsr olunan müxtəlif səpkili tədbirlər keçirilməyə başlandı. İlk dəfə olaraq dünya azərbaycanlılarının birliyinə yönələn və ətrafında dünyanın bir çox bölgəsində yaşayan soydaşlarımızı toplayan tədbirlər məhz Türkiyədə keçirildi. Buna bir sıra örnək göstərmək də mümkündür. Belə ki, 1989-cu ildə Türk Dünyası Ümumdünya Azərbaycanlıları Konqresi, 1990-cı ildə Türk Dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Kayseridə Birinci Millətlərarası Böyük Azərbaycan Konqresi, eləcə də həmin il noyabrın 3-dən 6-dək İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzlərinin Birinci Qurultayının keçirilməsi həmrəylik hərəkatının güclənməsinə mühüm təkan verdi. Rəsul Rza, Məmməd Araz, Nigar Rəfibəyli, Elçin və digər ədiblərimizin əsərləri Türkiyədə nəşr olunmağa, tələbə mübadiləsi proqramları həyata keçirilməyə başlandı. 1991-ci il, oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan sonra 1918-ci ildə olduğu kimi yenə də ilk olaraq Azərbaycanın müstəqilliyini tanıyan ölkə Türkiyə Cümhuriyyəti oldu.

Türkiyədə Azərbaycan diasporunun təmsilçilərinin təbəqələrinə gəlincə şərti olaraq bunu üç qrupa bölmək mümkündür.

Birinci təbəqəni Türkiyədə yaşayan və diaspora fəaliyyətində yaxından iştirak edən ziyalı təbəqə təşkil edir. Bu sıraya Türkiyədə çalışan azərbaycanlı müəllimlər, iş adamları, mədəniyyət və siyasi xadimlər daxildir. Müxtəlif dövrlərdə qardaş ölkəyə köç etmiş həmin soydaşlarımız bu gün Türkiyədəki Azərbaycan diasporunun sayılıb seçilən simalarından hesab edilir.

İkinci təbəqəyə işçi qrupu daxildir. Bunlar əsasən iqtisadi maraqlar güdən, siyasi-ictimai fəaliyyət göstərməyən, yalnız iqtisadi vəziyyətlərini normallaşdırmağa çalışan insanlardır. Sözügedən təbəqəni təmsil edən soydaşlarımız əsasən 1991-ci ildə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyəyə gedənlərdir. Düzdür bu təbəqədən olan soydaşlarımız diaspora işində bilavasitə yaxından iştirak etməyib, ictimai fəaliyyətlə məşğul olmasalar da, lakin öz maddi dəstəkləri ilə bu prosesə yardımçı olur, diaspora təşkilatlarının keçirdikləri bu və ya digər tədbirlərə maliyyə dəstəyi verirlər.

Üçüncü təbəqəyə isə tələbələr aiddir. Türkiyənin müxtəlif ali təhsil müəssisələrində oxuyan gənclərdən ibarət bu qanad Azərbaycan həqiqətlərinin təbliği və iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Bu kateqoriyadan olan insanlar əsasən müstəqillik illərindən sonra Türkiyəyə təhsil almağa gedənlərdir. Qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər burada fəaliyyət göstərən çoxsaylı diaspora təşkilatları və ya cəmiyyətlərə qoşulmaqla ölkəmizi Türkiyədə layiqincə təmsil edir, diaspora işinin sürətlənməsinə öz töhfəsini verir.

Müasir dövrdə dünyanın hər bir ölkəsində olduğu kimi Türkiyədə də Azərbaycan diasporunun fəaliyyətində xeyli canlanma yaranmaqdadır. Bu ölkədə Azərbaycan parkının salınması, Azərbaycan evləri və təşkilatlarının sayının artması, qardaş ölkənin müxtəlif televiziya kanallarında Azərbaycana həsr olunan proqramların sayının çoxalması belə qənaətə gəlməyə əsas verir. Ən əsası Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyədən keçməsi, o cümlədən dövlətlərarası münasibətlərin inkişaf etməsi bu ölkədə Azərbaycan diasporunun mövqeyinin güclənməsinə şərait yaradır. Bu gün Türkiyədə çoxsaylı Azərbaycan təşkilat və cəmiyyətləri fəaliyyət göstərir ki, həmin təşkilatlar da zaman-zaman keçirdikləri tədbirlərlə ölkəmizin həqiqətləri, Dağlıq Qarabağ problemini qardaş ölkə vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. 2004-cü il, may ayının 28-də İsgəndərun şəhərində 18 Azərbaycan icma və birliklərini özündə birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis edilməsi də məhz bu məqsədə xidmət edirdi. Federasiyanın təsisçiləri Türkiyədəki həmvətənlərimizi bir araya gətirmək, onların Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək amalına sadiq qalaraq, eyni zamanda dünya azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsinin tarixi zərurət olduğunu qeyd edərək, TADF-in Avropa Azərbaycanlıları Konqresinin tərkibinə daxil olmasını məqsədəuyğun hesab etmişdilər. Konfransın sonunda qəbul edilmiş qətnamədə də qeyd olunurdu ki, federasiya Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirməyi qarşısına məqsəd qoyub. Sənəddə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının Dünya azərbaycanlılarının təşkilatlanmasını müstəqil Azərbaycan dövlətinin inkişafı baxımından vacib hesab etdiyi və bu sahədə əlindən gələni etməyə hazır olduğu da bəyan edilmişdir. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması ilə bağlı rəsmi razılıq protokolunu qardaş ölkənin 18 şəhərindəki Azərbaycan Kültür və Dayanışma mərkəzlərinin rəhbərləri imzalamış və Türkiyədə fəaliyyət göstərən digər Azərbaycan dərnək və qurumlarını da Federasiya ətrafında sıx birləşməyə çağırmışlar. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması ötən dövr ərzində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı cəmiyyət və dərnəklərin bir araya gətirilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində atılmış addımların növbəti göstəricisidir. Bundan sonrakı dövrdə qardaş ölkədə keçirilən Dünya Türk Forumu da Türkiyədə Azərbaycan diasporunun inkişaf etməsi, onun mütəşəkkil bir quruma çevrilməsinə xidmət edən vasitə sayıla bilər. Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Türkiyə Cümhuriyyətinin Baş Bakanlığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinın dəstəyi ilə İstanbulda keçirilmiş "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda Dünya Türk Forumunda qəbul edilmiş qətnaməyə görə, Dünya Türk Forumu iştirakçıları arasında səmərəli ünsiyyəti təmin etmək məqsədilə Azərbaycan, türk, ingilis, özbək, qırğız, türkmən dil və ləhcələrində ortaq internet portalı yaradılması nəzərdə tutulurdu.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 23 fevral.- S.15.