Lobbiçilik fəaliyyətinə keçməyin
zamanı yetişib
Ayrı-ayrı ölkələrdə fəaliyyət
göstərən diaspora təşkilatlarımız artıq
bu istiqamətdə əməli addımlar atırlar
Azərbaycan diasporunun artan nüfuzu,
dünyanın əksər ölkələrində
nümayiş etdirdiyi real güc artıq lobbi fəaliyyətinə
keçməyin zamanının yetişdiyini deməyə əsas
verir. Artıq bu sahə ilə yaxından məşğul
olan müvafiq dövlət qurumları, həmçinin
dünyanın müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatlarının
rəhbərləri də açıq şəkildə qeyd
edirlər ki, Azərbaycan diasporu lobbi fəaliyyətinə
keçməlidir. Bunun nəticəsidir ki, zaman-zaman Azərbaycan
diasporunun lobbi fəaliyyətinə keçməsinin
zamanının yetişdiyi bildirilir və bu istiqamətdə əməli
addımların atılmasının zəruriliyi qeyd olunur.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin dünyada yaşayan azərbaycanlılarla
iş sektorunun müdiri Qafar Əliyev də Azərbaycan
diasporunun lobbi fəaliyyətinə keçməsinin zamanının
yetişdiyi qənaətindədir. Bununla yanaşı Prezident
Administrasiyasının rəsmisi hesab edir ki, bu məsələdə
tələskənliyə yol vermək doğru olmazdı:
“Düzdür Azərbaycan diasporunun
lobbi fəaliyyətinə keçməsinin zamanı
yetişib. Bu doğrudur. Ancaq bu elə bir prosesdir ki, biz bu
gün tamamilə lobbiçilik fəaliyyəti ilə məşğul
olduğumuzu deyə bilmərik. Lobbiçilik fəaliyyəti
gündəlik tələbatda olan bir məsələ kimi Azərbaycan
dövlətinin daxili və xarici siyasətində, diaspora
qarşısında dayanan mühüm vəzifələr
içərisində ümumi nəzərdə tutulmuş məsələlərdir”.
Qafar Əliyev deyir ki, Azərbaycan diasporu ildən-ilə fəaliyyətini
zənginləşdirir, inkişaf etdirir, strukturlarını təkmilləşdirir:
“Daxili və xarici siyasət sahəsində əldə
etdiyimiz uğurlar, ölkəmizin dünya miqyasında əldə
etdiyi nailiyyətlər, Azərbaycanın haqq səsinin dünyada
eşidilməyə başlanması, bizim mənafelərimizi
müdafiə edən müxtəlif dövlətlərin
siyahısının artması ona deməyə əsas verir
ki, biz lobbiçilik fəaliyyətini gücləndirməliyik.
Azərbaycan müstəqillik əldə etdiyi ilk gündən
lobbiçilik fəaliyyətinə başlamağın
zamanı gəlib və ötən illər ərzində bu
istiqamətdə müfaviq işlər həyata
keçirilib. Bu gün isə bizim malik olduğumuz imkanlar
kifayət qədər yetərlidir ki, sözügedən
istiqamətdə daha da keyfiyyətli, mükəmməl və
təcrübəli şəkildə işlər aparaq”. Qafar Əliyev
Azərbaycan diasporunun erməni diasporu ilə müqayisədə
son illər xeyli inkişaf etdiyini də vurğulayıb:
“Güc mənasında müqayisə etsək konkret demək
olmaz ki, dünyanın bir sıra ölkələrində Azərbaycan
və ya erməni diasporu güclüdür. Bu məsələ
əsasən ayrı-ayrı dövlətlərin mövqeyindən
asılıdır. Etiraf etmək lazımdır ki, Fransada erməni
diasporu güclüdür. Ermənilərin bu ölkədə
kompakt yaşaması, lobbiçilik fəaliyyəti ilə məşğul
olması, bir sıra məsələlərdə rəsmi
qurumlara təsir göstərə bilməsi onu deməyə əsas
verir ki, Fransada erməni diasporu Azərbaycan diasporundan
güclüdür. Lakin digər dövlətlərlə
müqayisədə bu fikri söyləmək olmaz. Rusiya
Federasiyasında fəaliyyət göstərən
ÜmumRusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı
Gənclər Təşkilatı və digər cəmiyyətlərin
gücü erməni diasporundan heç də zəif deyil.
Eyni şeyi Orta Asiya respublikaları, Ukrayna və digər
ölkələr üçün də söyləmək
olar. Həmçinin bir sıra Avropa ölkələrində
Azərbaycan diasporu erməni diasporunu tam üstələyir.
Birləşmiş Ştatlarda da erməni diasporunun
gücü müəyyən mənada artıqdır. Ancaq
hansısa ölkədə erməni diasporunun güclü
olması onu deməyə əsas vermir ki, həmin ölkədə
Azərbaycan diasporunun fəaliyyəti məhdudlaşır. Həmin
dövlətlərin əksəriyyəti demokratik ölkədir
və orada öz fikrini açıq şəkildə söyləmək
üçün lazımı imkan və şərait var”.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, erməni
diasporunun güclü olduğu Fransanın Strasburq şəhərinin
Klever meydanında hər il fevral ayının 25-26-da Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzi və “Strasburq Azərbaycan Evi”nin təşkilatçılığı
ilə Xocalı soyqırımının ildönümü
ilə bağlı mitinqlər təşkil edilir: “Bu il də
Xocalı soyqırımının 20-ci ildönümü ilə
əlaqədar Strasburqda anoloji tədbir təşkil olunacaq.
Onu da qeyd edim ki, həmin mitinqlər çox möhtəşəm
təşkil edilir və keçirdiyimiz aksiyada mindən
artıq adam iştirak edir. Həm yerli, həm də burada
yaşayan qeyri millətlərin nümayəndələri
bizim keçirdiyimiz mitinqlərdə iştirak edir, ölkəmizin
həqiqətləri, Dağlıq Qarabağ problemi, ermənilərin
Xocalıda törətdikləri vəhşiliklər barədə
məlumatlandırılırlar. Eyni zamanda yerli kütləvi
informasiya vasitələri də bu barədə məlumatlar dərc
edirlər. Bütün bunları nəzərə alaraq belə
demək mümkündür ki, hansısa dövlətdə
erməni diasporunun güclü olması bizi çəkindirməməli,
qorxutmamalıdır. Əksinə həmin ölkələrdə
daha güclü diaspora işi aparmaq üçün fəallıq
nümayiş etdirməliyik. Həmin ölkələrdə fəaliyyətimizi
artırmaq zərurətə çevrilir”.
Benilüks
Azərbaycanlıları Konqresi də Azərbaycan diasporunun
lobbiçilik fəaliyyətinə keçməsinin
zamanının yetişdiyi qənaətindədir. Hətta
sözügedən konqres ötən müddət ərzində
artıq bu istiqamətdə əməli addımlar da atıb.
Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil
Qasımov bildirib ki, keçən ilin yayında Bakıda
keçirilən Dünya Azərbaycanlılarının
üçüncü qurultayından sonra Beniluks Azərbaycanlıları
Konqresi lobbiçilik fəaliyyətinə keçmək
istiqamətində bir sıra tədbirlər həyata
keçirib. Sahil Qasımovun sözlərinə görə,
qurultayda Azərbaycan Respublikasının prezidenti cənab
İlham Əliyevin proqram xarakterli çıxışı,
eləcə də diaspor təşkilatlarına
ünvanladığı tapşırıq və tövsiyyələrə,
həmçinin Dünya Azərbaycanlılarının
üçüncü qurultayının qəbul etdiyi qərarların
icrasına uyğun olaraq Benilüks Azərbaycanlıları
Konqresi lobbiçilik fəaliyyəti istiqamətində
uğurlu addımlar atır: “ Cənab prezident İlham Əliyevin
də qeyd etdiyi kimi artıq təşkilatlanmadan birbaşa
lobbiçilik fəaliyyətinə keçmək istiqamətində
addımlar atılmalıdır. Biz də Benilüks Azərbaycanlıları
Konqresi olaraq cənab prezidentin bu fikrini əlimizdə əsas
tutaraq lobbiçilik fəaliyyəti istiqamətində
çalışmalarımızı intensivləşdiririk. Məlumat
üçün qeyd edim ki, Benilüks Azərbaycanlıları
Konqresi olaraq Avropa Birliyində artıq lobbist təşkilatı
kimi akkreditə olunmuşuq. Eyni zamanda ötən müddət
ərzində Azərbaycan icmasını Niderlandda da etnik qrup
kimi tanıda bilmişik. Qarşıdakı məqsəd isə
ondan ibarətdir ki, digər Benilüks ölkələrində
də bunu həyata keçirək və sözügedən
istiqamətdə də səy göstəririk”. Konqres sədri
hesab edir ki, prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının
III qurultayındakı nitqindən irəli gələn vəzifələr
xaricdəki Azərbaycan icmaları üçün əsas fəaliyyət
proqramı olmalıdır.
Beynəlxalq
Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev də
hesab edir ki, Azərbaycan diasporu artıq lobbi fəaliyyətinə
keçməlidir. Bu istiqamətdə artıq müəyyən
addımların atıldığını da qeyd edən
İsmayıl Ağayev rəhbərlik etdiyi mərkəzin
lobbiçilik fəaliyyəti ilə bağlı ötən
müddət ərzində müvafiq addımlar
atdığını diqqətə çatdırıb.
Bildirib ki, Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliklərinin
fəaliyəti nəticəsində Çexiya, Avstriya kimi
nüfuzlu Avropa dövlətlərinin ali təhsil müəssisələri
ilə yaradılan əlaqələr, eləcə də həmin
ali təhsil müəssisələrinin professor və müəllim
heyətinin Azərbaycana səfərinin təşkil edilməsi,
onlara ölkəmizin həqiqətləri, Dağlıq
Qarabağ problemi, Ermənistanın xalqımıza
qarşı zaman-zaman həyata keçirdiyi deportasiya və
soyqırım siyasətinin avropalı elm adamlarına
çatdırılması lobbiçilik fəaliyyəti
istiqamətində atılan ilkin addımlardan sayıla bilər.
Beynəlxalq Diaspora Mərkəzinin sədri Azərbaycan
diasporunun Türk diasporu ilə birlikdə lobbi fəaliyyəti
göstəməsini zəruri sayıb. Onun sözlərinə
görə, son aylarda iki qardaş ölkə ətrafında
baş verən proseslər bu zərurəti bir daha ortaya
qoymuş oldu: “Fransa Senatında qondarma erməni
soyqırımını inkar edənlərə qarşı
cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbulundan
sonra yaranmış vəziyyət, eləcə də Azərbaycan
diasporunun fəaliyyət göstərdiyi ölkələrdə
Türkiyə diasporu ilə birlikdə rəsmi Parisin bu
addımına qarşı kəskin etiraz bildirməsi bunu deməyə
əsas verir. Artıq həm Azərbaycan, həm də
Türk diasporu bir həqiqəti dərindən dərk edir ki,
istər Azərbaycan, istərsə də Türkiyənin
qarşısına çıxan əngəlləri dəf
etməyin yeganə yolu hər iki ölkə diasporunun birgə
fəaliyyət göstərməsindən keçir. Hesab edirəm
ki, Azərbaycan və Türk diasporlarının birgə fəaliyyəti
güclü lobbiçilik işinin təşkilinə gətirib
çıxara bilər”. Beynəlxalq Diaspora Mərkəzinin sədri
bu prosesdə digər türkdilli ölkələrin
diasporlarının da fəallıq nümayiş etdirməsini
vacib hesab edib: “Təssüflər olsun ki, hələlik digər
türkdilli ölkələrin diasporları bu məsələdə
istədiyimiz səviyyədə aktivlik göstərmirlər.
Ona görə də Azərbaycan diasporu olaraq Türk diasporu
ilə yanaşı digər türkdilli ölkələrin
diaspora təşkilatları ilə də yaxından işləməli,
ümumi bir amal, məqsəd ətrafında birləşib
lobbiçilik fəaliyyəti ilə məşğul
olmalıdırlar”
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 24 fevral.- S.15.