Xocalı
dəhşətləri...
Qalanlar
gedənlərdən danışdı
Hər
dəfə Xocalı soyqırımı ərəfəsində
KİV-lər hadisədən sonra qeydə alınmış məlum
kadrları göstərir, insanların başına hansı
müsibətlərin gətirildiyini, necə işgəncələr
verildiyindən danışır, yazırlar. Lakin gedənlərin
(ölənlərin) çəkdikləri əzablar qədər
onların başına gələn müsibətləri
görərək yaşayanların da əzabları heç
də az deyil. Ona görə də bu dəfə gedənlərdən
yox, qalanlardan, yəni hadisəni görənlər və
gördükləri ilə yaşamaq məcburiyyətində
qalanlardan danışacağıq. Müsahibim də həm
hadisələri görən, həm də gördüklərini
10-a yaxın kitabda, neçə-neçə məqalədə
qələmə alan Səriyyə
Müslümqızıdır. Bir çoxları onu
yazdıqları ilə yanaşı, qatıldığı tədbirlərdə
Xocalı, itirdikləri haqqında yanğılı
çıxışları ilə tanıyır. O gecə
müsahibim Xocalıda baş verənləri bir dağın
başından seyr etməli olub.
“Evimizin
ikinci mərtəbəsinə çıxa bilmirdik”
Müsahibim hələ məlum hadisə
baş verməmişdən əvvəl Xocalıda
yaşadığı günlərdən danışdı.
Bu hadisə haqqında kimlərinsə kitabdan oxuyanda qüssələndiyini,
televiziyadan görəndə kədərləndiyini, amma bu
hadisənin şahidi olaraq bu mövzuda
danışmağın onun üçün çox
ağrılı və dəhşətli olduğunu deyir.
“Yaxınlarımdan ilk itkini əmimoğlu
yaşatdı.1991-ci ilin noyabrın birində əmimoğlunu Əsgəran
ərazisində güllələdilər. Bu hadisədən
sonra Xocalı ilə Əsgəran istiqamətində olan
mağistral yol bağlandı və Xocalının quru ilə
əlaqələri kəsildi. Yalnız ümid hava nəqliyyatına
qaldı. O günlər Xocalıda yaşamaq çox çətin
idi. Evimizin ikinci mərtəbəsinə qalxmaq mümkün
deyildi. Gecələri yuxu nədir, bilmirdik. Hər gün, hər
gecə müxtəlif istiqamətlərdən atəş
açılırdı, evlər dağılırdı. Mən
o vaxtlar “Xocalının səsi” qəzetində işləyirdim.
Rayona gələn xarici müxbirlərə hadisələr barədə
məlumat verir, onları dağılan evlərə də
aparırdım, ölən adamların yaxınları ilə
görüşdürürdüm, istəyirdim ki, dünya bu
məsələdən agah olsun, problemin həll olmasında
bizə kömək etsinlər. Sonra isə qərara gəldim
ki, Bakıya gedim, digər mətbuat orqanlarına Xocalıda yaşananlar
haqqında məlumat verim. Bundan sonra oradakı hadisələr
haqqında məlumatlar alırdım, lakin nə qədər
çalışsam da Xocalıya qayıda bilmədim.
Çünki 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa
marşurutu ilə uçan vertolyot vurulandan sonra
Xocalının hava əlaqəsi də kəsildi. Artıq tam
blokada şəraitinə düşdü”.
Bir erməni
maşını dağılsaydı
Müsahibim deyir ki, o vaxtlar
yaşanan hadisələr və gördüklərindən
sonra Xocalıda belə bir fəlakət
yaşayacağını hiss edirdi. Həm “Səhər”, həm
də “Xocalının səsi” qəzetlərində
çalışan müsahibim orada yaşanan hadisələr haqqında hər iki qəzetdə
məlumat verib. “Artıq yaşadığım hadisələr Xocalıya hücum
olacağı düşüncəsini yaratmışdı.
Lakin mənim ən böyük qorxum ermənilər yox,
366-cı alayın da onlara kömək etməsi
düşüncəsi idi. Çünki gözümün
qarşısında Ağdam yolu ilə bu alayın hərbi
texnikaları Xankəndinə daşınırdı.
Xocalılılar Sovet ordusuna inansalar da, mən
anlayırdım ki, hər hansı bir hadisə baş verərsə,
ordu bizi qorumaqdansa, ermənilərə kömək olacaq.
Çünki əgər Xocalıda bir erməni
maşını dağılırdısa, həmin əsgərlər
əhalini döyür, zor tətbiq edir, günahsız yerə
həbs etdirirdi. Bakıda bütün mətbuat orqanlarına
məlumat verdim”.
Çarəsiz,
dağın başı
Eşitdikləri
və qorxuları onu yenidən Xocalıya qayıtmağa məcbur
etsə də, bir daha oraları görə bilməyib.
Çünki artıq tam blokada şəraitində olan
Xocalıya daxil olmaq mümkün deyildi. Lakin bütün
çətinliklərə baxmayaraq müsahibim həmin gecəyə
şahid olub. “Xocalının necə işğal olunduğuna
mən Ağdamın Abdalgülablı meşələrinin
üstündən baxırdım. Bilirdim ki, qaçan əhalinin
bir hissəsi Şellidən gələcək. Gələnləri
gözləyirdim, inanırdım ki, anam da onların
içində olacaq. O adamların vahiməsi,
qışqırtısı, qorxunc sifəti hələ də
gözümün önündən getmir. Gələnlər dərdlərini
dillə deyə bilmirdilər. İnsanın üz cizgilərinin
necə dəyişə biləcəyi vahiməsini
gördüm. Gələnlərdən anamı soruşurdum, hərə
bir söz dedi. Qaraqaya istiqamətində gələn
insanların çoxunu öldürmüşdülər. Anam da onların içində idi. Lakin yenə
də ümidimi itirmirdim. Dağın başından yanan evlərə
baxırdım və düşünürdüm ki, o yanan evlərdən
biri də mənim evimdir. Bizə heç bir yerdən kömək
yox idi”.
Bir gecədə ağaran saç…
Müsahibim hər dəfə o gecəni
xatırlayarkən eyni hissləri yaşayır “O gecədən
danışanda ürəyim parça-parça olur, lakin
heç zaman ağlamıram. Çünki insan
ağladıqca cılızlaşır. Düzdür, bəzi
məqamlar olur ki, artıq özünü saxlaya bilmirsən.
O gecəki hissləri sözlə ifadə edə bilmirəm.
O anda qışqırmaq istəyirdim, səsim
çıxmırdı, bir də baxdım ki, ayağım
qarın, suyun içindədir, bilmirəm nə qədər
qalmışdım o vəziyyətdə, amma görəndən
sonra da çıxarmadım, çünki xocalılılar o
anlarda qarın içində idi. Sabahı günü
güzgüyə baxanda özümü tanımadım,
dodağım partlamışdı, tələbə
yoldaşlarım orada idi, onları da tanıya bilmirdim. Bir gecədə
saçımın yarıdan çoxu
ağarmışdı, üz quruluşum dəyişmişdi.
Filmlərdə deyildiyi kimi bir gecədə
qocalmışdım. Özüm qələm əhli olsam da o
hissləri ifadə etməyə söz tapmıram.
Çünki ən dəhşətli məqamı sözə
çevirəndə o gücünü itirir, axı
böyük dərdlər dilsiz olur”.
“Anam gələcək”
Artıq hadisədən
saatların keçməsinə, gələnlərin
ümidverici xəbər verməsinə baxmayaraq müsahibim hələ
də anasının gələcəyinə inamını
itirmir. “Eşitdiyim, gördüyüm bütün vəhşiliklərə
baxmayaraq inanırdım ki, anam gələcək. Lakin o gəlmədi.
26 gündən sonra anamın cəsədini götürə
bildik. Ağdam icra hakimiyyəti və bir sıra orqanlarla
görüşdük, rayonun ərazisində Uzundərə
deyilən yerdə Xocalı qurbanları üçün bir məzarlıq
yaradıldı. Bir sıra başqa qəbristanlıqlarda da dəfn
etdik ölülərimizi, lakin indi həmin ərazilər də
işğal altındadır və biz o məzarları ziyarət
edə bilmirik. Rayon əhalisinin dəqiq siyahısı məlum
olmadığından nə qədər insanın
öldüyü və ya girov olduğu hələ də dəqiq
deyil. Bizə məlum olan rəqəmlər 613 ölü,
onun 83-ü uşaq, 8 ailənin tamam məhv olması, 1275
girov. Təəssüf ki, doğma yurdum haqqında bu rəsmi
rəqəmlərlə danışmağa məhkum
olmuşam. Çünki geridə qalan yalnız bunlardır. Əlbəttə
bu rəqəmlərlə də razılaşa bilmirəm”.
27 fevral…
Bütün
bu dərdlərə baxmayaraq Səriyyə xanım hadisənin
sabahı günü Ağdamın mərkəzinə gedir.
Orada xarici jurnalistlərlə Xocalıya getmək istəsə
də, buna icazə vermirlər. “Hər şeyə baxmayaraq mən
jurnalist olduğum üçün işimlə məşğul
olmalı, vəzifə borcumu yerinə yetirməliydim. Hadisənin
sabahı günü Ağdama dünyanın müxtəlif
ölkələrindən jurnalistlər gəlmişdi.
Ağdam qəzetinin xüsusi müxbiri Allahverdi Əsədov
mənə dedi ki, xarici müxbirlər Xankəndinə getmək
istəyir. Qohumlarımın əksəriyyətindən xəbərsiz
olduğuma görə istədim ki, mən də onlarla gedim.
Yaxınlaşıb onlarla getmək istədiyimi bildirdim, onlar
isə dedilər ki, “biz sizin təhlükəsizliyinizə təminat
verə bilmərik”, ona görə razı olmadılar. Onlar
bir nəfər də olsun nə azərbaycanlı, nə də
türk müxbir qəbul etmədilər. Yolunu azıb Kətik
meşəsində ölənləri həmin jurnalistlərə
ermənilər kimi təqdim etmişdilər. Bizim ən
böyük bədbəxtliyimizdən biri də informasiya
blokadasına düşməyimiz oldu. Azərbaycan
Televiziyasından məlumat yayıldı ki, iki nəfər
ölüb, sonra isə göstərdilər ki, ölənlərin
sayı yüzlərlədir. Orada bir çox qəzetlərdən
müxbirlər var idi ki, onlar redaksiyalara zəng edib məlumat
verirdilər, lakin heç bir qəzet xocalılıların
başına gələn müsibət xəbərini vermədi.
Yalnız “Səhər” qəzeti bu informasiyaları verdi”.
Müsahibim həm də bəzi jurnalistlərin orada olmağı
böyük bir qəhrəmanlıq kimi təqdim etmələrindən
narahatdır. Çünki hadisə bölgəsində
olmağın jurnalistin bir vəzifə borcu olduğunu
düşünür. “Orada “Times”, “Shandi Times”, “İzvestiya”,
“Qolos Amerika” kimi dünyanın müxtəlif ölkələrindən
olan jurnalistlər var idi, onlar deyirdilər ki, “Biz bura vəzifə
borcumuzu yerinə yetirmək üçün gəlmişik,
biz ölsək də ölkəmiz ailəmizə sahib olacaq”.
Bizimkilər isə, öz vətəndaşlarının
başına gələn müsibətləri öz mənafeləri
üçün istifadə etməyə
çalışdılar. O vaxtlar heç kim Xocalı
haqqında danışmaq istəmirdi, indi həmin insanlar
yerli, xarici tədbirlərdə ağızdolusu
danışırlar. Ancaq indi danışmaq asandır,
artıq hamı danışır. O zamanlar bunu demək,
yazmaq, xaricə çatdırmaq lazım idi. Ona görə də,
biz bu gün informasiya savaşına bir neçə il gecikməli
olduq, həmin o susanlara görə”.
Səriyyə xanım təbliğat
işlərindən tam razı olmadığını deyir.
Çünki hələ də xarici ölkələrdə
çıxış edərkən insanların üzündə
bir təəccüb, maraq gördüyünü bunun əsas
səbəblərindən biri kimi də hələ də bu
faciəni yetərincə tanıtmadığımı deyir.
Sonuncu dəfə Macarıstanda bir tədbirdə
çıxış edərkən qadınların
gözündə yaş gördüyünü bildirdi. “Hər
zaman deyirik ki, təbliğat işini düzgün
qurmalıyıq. Güclü təbliğat işi
aparmalıyıq. Düzdür, tez-tez müxtəlif ölkələrdə
bu cür tədbirlər təşkil olunur, lakin bu tədbirlərdə
kimin iştirak etməsinə də diqqətlə
yanaşmalıyıq. Hər jurnalisti, hər tarixçini ora
göndərmək olmaz. Orada deyiləcək bir cümlə,
bir söz hər şeyi dəyişə bilər. Bu gün
ermənilər bu işləri yaxşı qurublar, onlar bu tədbirlərdə
necə danışmalı olduqlarını bilirlər. Həqiqətdə
bütün problemləri yaradan onlar olsa da, belə tədbirlər
zamanı bizimlə birlikdə yaşamaq istədiklərini
deyirlər. Bunun qarşısında bizim də deyəcəyimiz
sözlərə diqqət etməliyik. Populist
çıxışlar edib, “erməniləri vuraq-yıxaq, məhv
edək” bu kimi ifadələrlə çıxış etsək,
bu zaman xaricilərdə belə bir fikir
formalaşdıracağıq ki, ermənilər
haqlıdırlar, öldürən bizlərik, sülh axtaran
onlar. Əgər müharibə istəyiriksə, gərək
onda bütün danışıqları dayandıraq,
müharibəyə hazırlaşaq, ya da bu məsələni
danışıqlar, diplomatiya ilə həll edək. Bundan
başqa təbliğat işi birlikdə qurulmalıdır. Hər
kəs ayrı-ayrılıqda Xocalını təbliğ etməyə
çalışır. Bu tədbirlərə milli maraqlara
xidmət edən insanlar, Xocalı şahidləri göndərilməlidir”.
“O kadrları verməsinlər”
Bu günkü gənclər
Xocalını televiziyadan gördükləri ilə
tanıyıb. Göstərilənlər isə erməni vəhşiliyi
ilə yanaşı, həm də insanlara onların daha
güclü olması psixologiyasını aşılaya bilir.
Müsahibim də o kadrların hər dəfə göstərilməsindən
narahat olduğunu vurğuladı. “İllərdir bu fikirləri
səsləndirirəm ki, bu kadrları göstərməsinlər.
Çünki həmin kadrlar insanlarda ruh
düşkünlüyü acizlik, yazıqlıq
aşılayır. O kadrları verməsinlər,
çünki bu kadrlarda həm də ermənilərin “bizim
bütün insanlarınızı belə etməyə
qüdrətimiz var” fikirləri var. Onu burada yox, xarici ölkələrdə
göstərmək lazımdır. Bu gün o kadrları gənclərə
göstərməklə onlarda mübarizlik aşılaya bilmərik.
Gəncləri döyüşə hazırlamaq lazımdır,
yoxsa bu kadrlarla necə aciz qaldığımızı
göstərmək yox. Bu gün Xocalı uğrunda
döyüşən insanlara layiq olduqları qiymət verilməlidir.
Əgər onlara qiymət verilsə, qadınlı-kişili hər
kəs döyüşə gedəcək. Yetər ki, gedənlərin
dəyəri bilinsin.
Gülxar Şərif
Olaylar.- 2012.- 24 fevral.- S.13.