Azərbaycan diasporu türkdilli respublikalarda
Orta Asiya regionunda
diasporumuzun fəallığının
artırılmasına ehtiyac var
Azərbaycan diasporunun fəaliyyət
göstərdiyi ölkələr sırasında türkdilli
dövlətlər də xüsusi yer tutur. Düzdür, diasporumuz
Avropa məkanı və Türkiyədə olduğu kimi
türkdilli ölkələrdə güclü və bizi qane
edən səviyyədə olmasa da, bu gün həmin
respublikalarda da Azərbaycan diasporu fəaliyyət göstərir
və ölkəmizin üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini bu ölkələrin
ictimaiyyətinə çatdırmağa
çalışır. Etiraf etmək lazımdır ki, bu
gün bəzi türkdilli respublikalarda Azərbaycan diasporunun fəaliyyəti
o qədər də nəzərə çarpmır. Daha dəqiq
desək Azərbaycan diasporunun fəaliyyətinə yalnız
Qazaxıstan, Özbəkistan və Qırğızıstanda
rast gəlmək olar. Orta Asiyanın aparıcı dövlətlərindən
olan Qazaxıstanla Azərbaycanın tarixi əlaqələri
orta əsrlərə təsadüf edir. Böyük “İpək
yolu” dövlətləri olan Qazaxıstan və Azərbaycan
arasında əlaqələr ticari və mədəni əsaslarla
inkişaf edib. Hazırda təqribi sayı 90 min qeyd olunan
Qazaxıstan azərbaycanlılarının bu ölkədə
diaspor formalaşdırılması XX əsrin 60-cı illərindən
sonrakı dövrə təsadüf edir.
Məlum
olduğu kimi 1920-ci illərdə Sovetlər Birliyində
başlayan siyasi represiyaların ən ağır zərbəsi
Azərbaycana dəydi. Nəticədə azərbaycanlıların
çox hissəsi Orta Asiya, Sibir kimi yerlərə
sürgün edildilər. Tarixi məlumatlarda qeyd olunur ki, o
zaman təqribən 120 min azərbaycanlı məhz
Qazaxıstana sürgün edilib. İlk sürgün edilən
soydaşlarımız Canbul, Çimkənd və Almatı
vilayətlərində məskunlaşıblar. 1940-50-ci illərdə
də davam edən repressiya prosesi azərbaycanlıların
Qazaxıstana köçürülməsi ilə nəticələnmişdi.
Həmin dövrdə bu ölkəyə
köçürülənlər əsasən
Gürcüstan və Azərbaycanın digər bölgələrindən
olan insanlar idilər. 1950-1960-cı illərdə isə təxminən
15 minə yaxın azərbaycanlı bu ölkənin xam
torpaqlarının münbitləşdirilməsinə kömək
məqsədilə Qazaxıstana köçürülüb.
Həmin illərdə Qazaxıstana sürgün edilən və
ya köçürülən azərbaycanlılar zaman keçdikcə
ölkənin ictimai-siyasi həyatında yaxından iştirak
etməyə başlayıblar. Bu ölkə həyatına tədricən
uyğunlaşan soydaşlarımız illər sonra müxtəlif
cəmiyyətlər, təşkilatlar təsis edərək
Azərbaycan diasporunun nümayəndələrinə
çevriliblər. Bu gün Azərbaycan diasporu Qazaxıstanda
mədəni və ictimai fəaliyyətlə məşğul
olur. Həmçinin hüquq, iqtisadiyyat, texniki, elmi və digər
sahələrdə çalışan
soydaşlarımızın müəyyən hissəsi öz
peşələri üzrə xeyli irəli gedərək bu
ölkədə mühüm vəzifələr tuturlar. Bu
ölkədə qazax və ruslarla nigaha girən bəzi
soydaşlarımız isə ailələrində Azərbaycan
ənənələrini təbliğ edirlər. Bir sıra Azərbaycan
təşkilatları prezident Nursultan Nazarbayevin rəhbərlik
etdiyi Qazaxıstan Xalqları Assambleyasına daxildir. 1990-cı
ildən Aktyubinsk vilayətində “Birlik”, Astana şəhərində
“Xəzər”, Karaqanda vilayətində “Kamus”, Pavlador vilayətində
“Vətən” kimi Azərbaycan mədəniyyət mərkəzləri
fəaliyyət göstərir. Qazaxıstan azərbaycanlılarının
iqtisadi və siyasi cəhətdən ən böyük təşkilatı
1997-ci ildə fəaliyyətə başlayan “Turan” Mədəniyyət
Mərkəzidir. 1993-cü ilin may ayında Qazaxıstan Ədliyyə
Nazirliyində qeydiyyatdan keçən “Turan” Mədəniyyət
Mərkəzi əsasən ictimai və mədəni fəaliyyətlə
məşğul olur. Mərkəzin təşəbbüsü
ilə Almatıda “Ozan” Mədəniyyət Cəmiyyəti təsis
edilib. Bundan sonra isə mərkəzin digər vilayətlərdə
fəaliyyəti genişlənib. Mərkəz türk
xalqlarının birliyi, mədəni tədbirlər,
Qazaxıstan-Azərbaycan ikitərəfli əlaqələrinin
inkişaf etdirilməsi istiqamətlərində fəal iş
aparır. Qazaxıstan, Qırğızıstan və Özbəkistandakı
Azərbaycan ictimai-mədəni cəmiyyətlərin “Turan”
konqresi adı altında fəaliyyət göstərməsində
də adı çəkilən mərkəzin mühüm
rolu olub. Konqresin orqanı olan “Vətən” qəzeti Azərbaycan,
qazax və rus dillərində müntəzəm olaraq
işıq üzü görür. Adı çəkilən
mətbu orqanda bir qayda olaraq Azərbaycan mədəniyyəti,
adət-ənənələri təbliğ edilir, ölkəmizin
üzləşdiyi problemlər, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
oxuculara ətraflı və obyektiv məlumat çatdırılır.
Hazırda Qazaxıstanın Astana, Almatı, Taldıkurqan,
Qaraqanda kimi şəhərlərində Azərbaycan dilində
“bazar günü” məktəbləri fəaliyyət göstərir.
Bu ölkədə fəaliyyət göstərən Xoca Əhməd
Yasəvi adına Türküstan Universitetində isə azərbaycanlılara
təhsil almaq üçün hər il 10 yer ayrılır.
Qırğızıstanla
Azərbaycan arasında münasibətlər isə əsasən
XX əsrin əvvəllərindən inkişaf etməyə
başlayıb. Təxminən 15 minə yaxın
soydaşımızın yaşadığı
Qırğızıstana azərbaycanlıların ilk
mühacirəti 1929-1930-cu illərə təsadüf edir. Əslində
isə bu mühacirət məcburi köçürülmə
siyasəti nəticəsində baş verib. Bunun isə
başlıca səbəbi həmin illərdə Azərbaycanda
həyata keçirilən repressiya və təzyiqlər idi.
Bu illərdə Qırğızıstana
köçürülən azərbaycanlılar əsasən
kənd rayonları olan Çuy vadisi və onun əyaləti
sayılan Arovan rayonunda yerləşdiriliblər. Buradan
heç bir yerə köçmək hüququ olmayan azərbaycanlılar
çətin şəraitdə yaşayaraq
taxılçılıq, pambıqçılıq və digər
kənd təsərrüfatı sahələrində
çalışıblar. İlk illər ağır iş
şəraiti və soyuq iqlimə dözməyən yüzlərlə
soydaşımız vəfat edib.
II dünya
müharibəsindən sonra Qırğızıstan azərbaycanlıları
elm və təhsil almaq üçün ölkənin ali məktəblərinə
daxil olmağa başlayırlar. Nəticədə
Qırğızıstanda Azərbaycan diasporunun ziyalı təbəqəsi
formalaşmağa başlayıb. İllər keçdikcə
bu ölkədə yaşayan azərbaycanlıların
Qırğızıstanın ictimai-mədəni həyatında
rolu artır. Paytaxt Bişkek başda olmaqla digər şəhərlərə
köçməyə başlayan soydaşlarımız
öz milli adət-ənənələrini qoruyub saxlamaqla bərabər
yerli cəmiyyətə sürətlə inteqrasiya olunurlar.
Burada öz milli bayramlarını həmişə təmtəraqla
qeyd edən azərbaycanlılar milli mətbəximizi də
qırğızlara təbliğ edirlər.
Azərbaycanla
Özbəkistan arasında mədəniyyət və ticarət
əlaqələrinin kökü qədim dövrlərə təsadüf
edir. Tarixən Orta Asiya regionun bu respublikasına azərbaycanlıların
bir hissəsi könüllü mühacirət edib.
Soydaşlarımızın bir qismi isə zorla Özbəkistana
köçürülüb. Xüsusilə, dahi sərkərdə
Əmir Teymurun Azərbaycan yürüşləri nəticəsində
yüzlərlə sənətkar, elm xadimi, nüfuzlu peşə
sahibləri Səmərqəndə aparılıb.
Azərbaycanlılar
Özbəkistanın ictimai-siyasi həyatında tarixən
mühüm izlər qoyublar. Qədim Xarəzmin X əsr
tikililərindın olan Beluci yolüstü karvansara binası məhz
Şirvan ustalarının zəhmətinin bəhrəsidir. Əmir
Teymurun doğma şəhəri Şəbri-Şəbzdə
1380-ci ildə tikilən Ağsaray kompleksinin müəllifi də
azərbaycanlı memar Məhəmməd Yusif Təbrizi idi.
XIV-XV əsrlərdə Səmərqənddə inşa
edilmiş Şahizində türbə kompleksi isə Fəxsar
Zeynəddin Şəms Təbrizi tərəfindən tikilib.
Sonrakı dövrlərdə baş verən ictimai-siyasi
proseslər, dünyanın siyasi xəritəsində yeni
dövlətlərin meydana gəlməsi, rus işğalı
və digər hadisələr Özbəkistandakı azərbaycanlılar
haqqında məlumatların itməsinə səbəb olub.
Ona görə də, tədqiqatçılar bu ölkədə
Azərbaycan diasporunun formalaşmasını XX əsrin əvvəllərindən
başlayaraq bu günə qədər davam edən mühacirət
dövrü kimi xarakterizə edirlər. Konkret olaraq Özbəkistanda
Azərbaycan diasporunun formalaşması prosesi bir neçə
mərhələyə bölünür.
Birinci mərhələ
1905-1907-ci illəri əhatə edir. Bu illərdə ermənilərin
Azərbaycan ərazilərində həyata keçirdiyi
kütləvi qırğınlar zamanı başqa ölkələrlə
yanaşı Özbəkistana da miqrasiya edən azərbaycanlılar
olub.
İkinci mərhələ
oktyabr çevrilişi, vətəndaş müharibələri,
o cümlədən 1918-1920-ci illəri əhatə edir. Həmin
illərdə də Azərbaycandan Özbəkistana çoxlu
sayda soydaşlarımız köçüb.
1930-1940-cı
illəri əhatə edən üçüncü mərhələdə
isə azərbaycanlılar məcburi qaydada Özbəkistana
sürgün edilib. Həmin illər davam edən deportasiya və
repressiyalar nəticəsində minlərlə azərbaycanlı
Özbəkistana zorla köçürülüb.
Dördüncü
mərhələ 1950-1960-cı illərə təsadüf
edir. Həmin illərdə isə azərbaycanlılar bu
ölkədə həyata keçirilən quruculuq-abadlıq
işlərinə töhfə vermək üçün
Özbəkistana köç edilib.
Nəhayət,
1960-cı illərin sonu 1970-ci illərin əvvəllində
başlanan sənayeləşmə ilə xarakterizə olunan yeni
dövr. Bu illərdə də yüzlərlə azərbaycanlı
ailəsi adı çəkilən ölkəyə
köç edib.
Azərbaycan
1991-ci ildə dövlət müstəqilliyini əldə
etdikdən sonra dünyanın əksər ölkələri
kimi Özbəkistana da miqrasiya edən azərbaycanlılar
olub. Hətta bəzi tədqiqatçılar həmin illərdə
başlanan miqrasiya prosesini azərbaycanlıların Özbəkistana
mühacirətinin sonuncu mərhələsi kimi də
xarakterizə edirlər. Müasir dövrdə isə Özbəkistanda
Azərbaycan diasporunun sayı 60 min nəfərə yaxın
göstərilir. Bu ölkədə azərbaycanlıların
əsas məskunlaşdığı məntəqələr
Daşkənd, Səmərqənd, Buxara, Sırdərya, Nəvai,
Fərqanə, Əndican və Qaraqalpaq vilayətləridir. Bu
gün Azərbaycan diasporu Özbəkistanın ictimai-siyasi həyatında
fəal iştirak edir, vətənlə intensiv əlaqə
saxlayır, mədəni-kütləvi tədbirlər həyata
keçirir. 2002-ci ilin noyabrında bu ölkədə təsis
edilən “Azərbaycanlıların Milli Mədəni
Assosiasiyası” sözüge dən tədbirlərin
keçirilməsində yaxından iştirak edir. Bu ölkədəki
ən böyük diaspor təşkilatlarımızdan biri də
Azərbaycan Mədəniyyət Mərkəzləri
Assosiasiyasıdır. Təşkilat Azərbaycan həqiqətlərinin
yerli ictimaiyyətə çatdırılması, milli-mədəni
irsimizin təbliği, soydaşlarımızın hüquq və
azadlıqlarının müdafiəsi ilə bağlı
çox mühüm işlər görür. Təşkilat
Özbəkistanın ictimai-siyasi dairələri ilə də
yaxşı əlaqələrə malikdir.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 25-27 fevral.- S.15.