Novruz ənənələri
ümumbəşəri dəyərlər sistemində
Yalnız
adət və ənənələri, bayram və şənlikləri,
ayin və mərasimləri mükəmməl
formalaşmış halda olan xalqlar tarixin real səhifəsinə
keçid almış və müasir zamana qədər gəlib
çatmışdır. İndi necə adlanmasından və
hansı dinə etiqad göstərməsindən asılı
olmayaraq bütün bunlara görə milli ruhu, mənəvi
siması və xarakteri yaşayan, insanlığın
yaşam tərzini və ictimai həyatını daha mükəmməl
formalaşdıran bu xalqlar çox haqlı olaraq bəşər
mədəniyyətinin aparıcı qüvvəsi hesab edilir.
Onların sırasında böyük türk millətinin və
Azərbaycan xalqının da olması çox
qürurvericidir. Azərbaycan xalqı dünya mədəniyyətinin,
ən möhtəşəm bayram ənənələrindən
biri olan Novruz bayramının əsas yaradıcı və
aparıcı qüvvəsidir. Novruz bayramının tarixinə
nəzər saldıqda ona aid edilən ayin, mərasim, məclis
və əlamətlərə öz incəliklərinə qədər
yalnız Azərbaycanda əməl olunur. Bu isə Azərbaycan
xalqının zəngin mədəniyyətinin, tükənməz
qüdrətinin və güclü iradəsinin təzahürüdür.
Novruz bayramının
3000 ilə yaxın tarixinin olduğu bildirilir. Qədimliyinə
görə Novruz adət və ayinlərinin təkcə
mifaloji inanclara bağlanması doğru olmazdı. Mifoloji
inanclar daha çox ibtidai bilgilərdən, elmi
dünyagörüşün azlığından və təbiət
qüvvələri qarşısında acizlikdən doğur.
Heç bir xalq minillər boyu elmi dünyagörüşdən
uzaq və sadəlövh inanclara gözübağlı
qapanıb qala bilməz. Bir halda ki, Novruz ayinləri, adət və
mərasimləri minillikləri adlayıb müasir
zamanımıza gəlib çatmışdır, bir halda ki
böyükdən kiçiyə hamıya xoş əhval,
müsbət emosiya aşılaya bilir, deməli, bunlar sadəlövh,
mifik inanclar deyil, ona elmi, real təbiət həqiqətləri
və metafizik dəlillər hakimdir. Novruz bayramı həm də
insan həyatı ilə təbiət arasında
harmoniyanın təntənəsini ifadə edir. Məhz o
bayramlar minilliklərin süzgəcindən uğurla
keçir ki, onlar milli və bəşəri ideyalar
daşıyır. Novruz bayramı insanlara öz tarixini,
folklorunu xatırladırsa, sevinc, şənlik, sülh, əmin-amanlıq
aşılayırsa, təbiətə və insanlığa
qarşı müsbət duyğular oyadırsa, haqlı olaraq
ümumbəşəri dəyərlər sistemində ön
mövqe tutmağa layiqdir. Zənginlik və qədimlik
yükünə görə Novruz bayramının tarixi daha
geniş araşdırmalar tələb edir. Mütləq
aydın olan məqam onun qədim türk mənşəli
olması, amma konkret dini xarakter daşımamasıdır. Bəlkə
də uzunömürlüyünə dəlalət edən ən
mühüm bir amil də elə budur. Novruz bayramını
sırf Atəşpərəstlik dininə aid etmək də
doğru olmazdı. Əks təqdirdə, İslama tapınan
xalq bu bayramdan imtina etməli idi. Əslində o şamanizmdən,
tenqrilikdən, zərvanilikdən, mazdanizmdən, atəşpərəstlikdən
və islam dinindən müxtəlif əlamətlər əxz
etmişdir. Təkcə Tenqrilik miladdan əvvəlki IV minilliyə
aiddir. Bu isə Novruz ənənələrinin tarixini 6 min il əvvələ,
ilkin şumer mədəniyyətinə aparır. Tenqr- Səma
və Günəş tanrısıdır. Günəş
oyandıqda yeri qızdırır, torpağı yaşıla
boyayır, yaz fəslini gətirir və eyni ilə Novruz
inanclarında olduğu kimi ayinlər keçirilir. Yaxud da
Şamanizmdə od ətrafında keçirilən bir sıra
ayinlər sonralar Novruzun çərşənbə tonqalı
ətrafında öz izlərini saxlamışdır. Eləcə
də mazdaizmdə xeyirxah ilahi Ahura-Mazdanın şər ilahi
Anhra Maynuya qarşı mübarizəsi, Zərvanilikdə
dörd ünsürün ( atəş, su, torpaq və küləyin)
kompanentlərinin ilaxır çərşənbələrdə
xatırlanması, Atəşpərəstlikdə oda
bağlı ayinlərin təkrarlanması, İslam dininə
görə bayramlarda mərhumların, valideynlərin,
qohumların yad edilməsi, sülh, barış
çağrışları Novruz bayramına əlavə
gözəllik və ümumbəşəri dəyərlər
qatmışdır. Novruz bayramında istifadə edilən
ayinlərdə şaman və buddistlərin yaz
mövsümü ilə bağlı keçirtdikləri ayinlərin
elementləri də özünü göstərməkdədir.
Bu bayram həm də milli, psixoloji, sosioloji nüanslarla zəngindir.
Bu zənginlik zaman-zaman genişlənməkdə,
artmaqdadır. Mahmud Kaşğarlının
“Divanü-lüğat-it Türk” əsərinə əsasən
“Bayram” mənşəcə “bedhrem” sözündən
yaranaraq, qədim türk sözüdür və bir yerin
gül- çiçəklə, işıqlarla bəzədilməsi
və orada sevinc, əyləncə məclislərinin
qurulması anlamını verir. “Novruz” sözü hərfi mənada
“yeni gün” deməkdir. Amma mərasim semantikasına görə
bu söz bir mərhələnin bitməsi və yeni mərhələnin
başlanğıcını ifadə edir. Azərbaycanda onu həm
də “Bahar bayramı” adlandırırlar. Bir sıra ölkələrdə
o “Ergenekon”, “Mart doqquzu”, “Bozqurd”, “Cağan”, “Sultan Nevruz” və
sair adlanır. Bəzi ehtimallara görə isə bu söz Atəşpərəstliyin
xeyir allahı Ahura Mazda adından
götürülmüşdür. Bu ad “Hörmüz” kimi də
ifadə edilirdi. Əfsanəyə görə bu bayrama Azərbaycan
türkləri, farslar və kürdlər “Hörmüz
günü” də dediklərinə, bu isə atəşpərəstliklə
bağlı olduğuna görə xəlifə Müaviyyə
onu qadağan etmişdi. Bu bayramın keçirilməməsi
xalqın həyatında çox ciddi ruh
düşgünlüyünə səbəb olur deyə
Müaviyyənin yanına çoxlu hədiyyələrlə
gedən ağsaqqallar bunun heç də “Hörmüz” deyil,
“Novruz” olduğuna inandıra və aparılan hədiyyələrin
müqabilində onun keçirilməsinə icazə ala
bilmişdilər. Bu kimi rəvayət və miflərə
görə əksər Şərq ölkələrində
zaman-zaman o həm xalq, həm də dövlət bayramı
kimi çox geniş və böyük təntənələrlə
qeyd edilmişdir. Novruz bayramı “yeni gün” olaraq birbaşa
yeni ilin, yeni təbiət fəslinin başlanmasına və
beləliklə də həyatın yeniləşməsinə
aid edilir. Bu isə təkcə təqvim ilinin
formalaşdırılması demək deyil. “Yeni gün” həm
də yeni düşüncə tərzini və yeniləşmə
hissini doğurur. Bəşəriyyət bir sıra təqvimlər
müəyyən etmişdir: Qədim Mayya, Roma, Çin,
Qriqoryan, Bəhai, Hicri-qəməri, Hicri-şəmsi təqvimi
və sair. Bu təqvimlərin əksəriyyəti Günəş
və Ayla bağlıdır. Ən qədim təqvimlərdən
biri də Atəşpərəstliyin “Avesta” kitabına əsaslanır.
Atəşpərəst maqların təyin etdiyi bu təqvimdə
il 360 gün nəzərdə tutulur.Eramızdan əvvəl
505-ci ildə Əhəməni çarı I Dara Zərdüşti
səlnaməsini bərpa etdirmiş və il 365 gün hesab
olunmuşdur. Bu təqvimə əsasən hər dörd ildə
bir gün, hər 120 ildə isə bir ay əlavə
olunmuşdur. Lakin 636-cı ildə xəlifə Ömərin
göstərişi ilə Hicri-qəməri təqvimi
yaradılmış və təqvim İslam dünyası
üçün 622-ci ildən hesablanmağa
başlanmışdır. Bu təqvimə əsasən məhərrəm
ayının 1- i yeni təqvim ilinin başlanmasını
bildirir. Amma 10 gün az olduğu səbəbindən məhərrəm
ayı hər il eyni fəsildə başlamır, 10 gün
geriyə olmaqla dövr edirdi. XI əsrin II yarısında
türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin
Səlcuqi Hicri-şəmsi təqvimini bərpa etdirdi və Cəlali
adlanan bu təqvimə əsasən il 365 gün, 5 saat, 49 dəqiqə,
15 saniyə və 48 rəbiə kimi dəqiqləşdi. Bu isə
gecə ilə gündüzün bərabərləşdiyini,
eyni zamanda təbiətin oyanmasını, yeni fəslin və
deməli, yeni günün başlanmasını hər il eyni
vaxtda olmaqla daha dəqiq göstərdi. Azərbaycan alimi Nəsirəddin
Tusi türk təqvimini astronomik gerçəkliklərə
uyğunlaşdırdı, Günəşin Balıqlar
bürcündən Qoç bürcünə keçməsi
dəqiq hesablandı və 21 mart tarixi Cəlalinin fərmanı
ilə yeni il - Novruz bayramı kimi yenidən rəsmən qeyd
olunmağa başladı. Bu həm də həyatı əhəmiyyətli
bir əmək məşğuliyyətinin - əkinçiliyin,
yeni ruzu qazanılmasının başlanğıc ayı kimi
çox əhəmiyyətli idi. Təbiətə və onun
tərkib hissəsi olan insana həyat verən 4 mühüm
ünsür (su, od, hava və torpaq) məhz bu ayda sanki “dirilməyə”
başlayır. Bayrama 4 həftə qalmış çərşənbələr
bu 4 ünsürdən birinə aid edilir və müvafiq ayinlər
icra olunur. “Su çərşənbəsi”ndə su hövzələri,
arxlar qaydaya salınır, müxtəlif ayinlər
keçirilir. Su üzərindən atdanmaq, bir-birinə su
çiləmək, yaralara su səpmək kimi adətlər
müəyyən inanclarla əlaqəlidir. “Od çərşənbəsi”
oda olan inama, Günəşə və digər atəşpərəstlik
inanclarına bağlıdır. “Yel çərşənbəsi”nə
görə yel oyanmış suyu və odu hərəkətə
gətirir, insanlar əzizlərinə xoş arzular diləyir,
öz valideynlərinə baş çəkir, gecəni
yalnız öz evində keçirdir. Novruz bayramı ərəfəsində
keçirilən 4-cü çərşənbə sonuncu
olduğu üçün “İlaxır çərşənbə”
və “Yer çərşənbəsi” adlanır. Əslində
bu, “Torpaq çərşənbəsi”dir. İnanclara görə
əvvəl oyanmış üç çərşənbə
insanları ərzaq qıtlığından qurtarmaq
üçün Torpaq xatunun yeraltı məbədinə
gedir, burada yatmış torpağı oyadırlar. Torpaq
çərşənbəsi əkin işləri ilə
bağlı olduğu üçün bu gün daha çox
ayinlər, oyun və şənliklər keçirdilir.
İnsanlar əkin yerinə çıxır, torpağı təmizləyir,
əmək nəğmələri oxuyur, evlərdə üzərrik
yandırır, çərşənbə tonqalları
üstündən hoppanır, evlərə qurşaq atır,
qulaq falına çıxırlar. Novruz bayramı beləcə
xoş və maraqlı komponentlərlə zəngindir. Bu ərəfədə
hökmən evlər, həyət-baca təmizlənir,
ağacların dibi yumşaldılır, ağardılır,
milli şirniyyat növləri hazırlanır, böyük
bazarlıq edilir, ailə üzvləri üçün təzə
paltar alınır, hədiyyələr verilir, bayram süfrəsi
bəzənir, müqəddəs yerlər ziyarət olunur,
buğda isladılaraq səməni göyərdilir, şam
yandırılır və sair. Qədim zamanlarda bayram
axşamı atəşpərəst kahinlər keçi dərisinə
bürünər, buynuz taxar, evlərin üstündəki
bacadan içəriyə guya ölənlərin ruhu
adından torba sallayardılar. Ev sahibləri öz ölənlərinin
ruhunu şad edirmiş kimi bu torbaları müxtəlif
şirniyyat və bayram çörəkləri ilə
doldurardılar. Bayramda qış üçün Keçəl,
şər qüvvələrin simvolu kimi Kosa personajı
tanınır. Təzə paltar geyinmək, təmizlik, rəngarəng
yeməklər kasadçılıq xaosunun aradan
qaldırılmasını simvolizə edir. Küsülülərin
barışması cəmiyyətdə harmoniyanın bərpası,
tonqal üzərindən tulanma isə insanın öz
ağırlığını (mənfi emosiyasını)
Tenqriyə qurban verməsini bildirir. Asimanın yumurta
qabığını xatırlatması, qabığın
altında su, sudan sonra yer(torpaq) gəlməsi müəyyən
mənalar daşıyır. Yumurta
döyüşdürülməsi qış və yazdan ibarət
iki dünyanın toqquşmasını, səməni cücərdilməsi
təbiətin canlandırılmasını, “qulaq falı” isə
yenilik eşitməyə ehtiyacın yaranmasını ifadə
edir. Zərdüştülükdə 7 rəqəmi müqəddəsdir.
Bu, Hörmüzün dünyanı 7 ünsürdən
yaratması ilə bağlıdır. Buna uyğun olaraq 7
çərşənbə tonqalı qalanır, bayram süfrəsinə
“S” səsi ilə başlanan 7 növ qida qoyulur, 7 cür
şirniyyat bişirilir və sair. Novruzda 7 evə bayram
payının verilməsi də bu silsilədəndir. Novruz həm
də insan psixikasında təzələnmə, yenilənmə
ilə davam edir. İnsanlar çox şeyi bu bayramın
uğurlu keçirilməsilə bağlayır, vəziyyətin
daha yaxşı olacağına daxili inamla tədarük
görür, zahiri yenilənməyə, təzələnməyə
etibar edirlər. Bu inam müsbət enerji ilə yüklənir,
həqiqətən də insanın həyatı,
dünyabaxışı yenilənir. Əsas nəticə milli
ruhun və daxili immunitetin yenilənməsinə xidmət edir.
Həm folklor, həm də sosioloji dəyərlərinə
görə Azərbaycan dövləti Novruz bayramına
mühüm əhəmiyyət verir. Bayram münasibətilə
müsabiqələr, yarışlar, şənliklər,
yarmarkalar, konsertlər, ümumxalq gəzintiləri, atəşfəşanlıq
təşkil edilir, ölkə başçısı xalqla
bayramlaşır, mükafatlar verilir, uşaq evlərinə və
kimsəsizlərə yardım göstərilir,.. Hazırda
300 milyondan çox insan bu bayramı qeyd etsə də, məhz
Azərbaycan Dövlətinin iradəsilə 2009-cu ildə
Novruz bayramı YUNESKO tərəfindən bəşəriyyətin
qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
2010-cu ildə isə BMT Baş Assambleyası mart ayının
21-ni “Beynəlxalq Novruz Günü” elan etmişdir. Minilliklər
boyu bir xalqın həyatını təzələyən,
milli ruhunu gücləndirən, humanizm hisslərini artıran
bir bayrama- yeni günə, yenilənməyə indi müasir
dünyanın bütünlüklə və daha çox
ehtiyacı var.
Hafiz Mirzə
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
keçirtdiyi müsabiqəyə təqdim etmək
üçün
Olaylar.- 2012.- 25-27 fevral.- S.11.