Tarixin XOCALI harayı
Tarixin özünü
də utandıracaq
Yer üzündə bir şəhər var.
Çoxlarının varlığından belə xəbərdar
olmadığı, varlığı ilə yoxluğu
arasındakı məsafəni qana
boyanmış yollarla bircə gecənin
içində qət edən bir şəhər.
Qanında boğulub, qara
torpağın – VƏTƏN torpağının
bağrını bir gecədə
azadlıq rəmzi olan qırmızı
qanları ilə boyamış insanların şəhəri.
Vətənin bir parçası,
uzaqlardakı dağların arxasında görünməzliyə
bürünən, amma hər şeyi ilə - şəhidləri,
soyqırım qurbanları, qan dadı verən
torpağı ilə bizim olan
bir şəhər. Ona
yenidən sahib olacağımız günü gözləməklə 20 ilini arxada qoyan
bir şəhər. İnsanları ilə
bərabər soyqırım qurbanı kimi
tarixdə ad çıxaran bir şəhər. O şəhərin yerlə-yeksan
edilmiş divarlarına hopub
insanların naləsi.
O şəhərin torpağına
hopub körpələrin qığıltısını əvəz
edən nalələri. O şəhərin göylərinə
ucalıb qurbanlarının qisasa haylayan ruhları. O şəhər
dünyadan küsüb. Onu görməzdən gəldiyinə
görə. O şəhər bizlərdən küsüb, onu
yalnız qoyduğumuza görə. O şəhər
özündən küsüb-bu qədər çarəsiz
qaldığına görə. O şəhər bircə
sakinlərindən küsməyib, onu tərk edib getməyəcək,
onunla birlikdə yaşadıqları kimi onunla birlikdə
ölməyi bacaracaq qədər sevdiklərinə görə.
Və bir də uğrunda son gülləsinə, son nəfəsinə
qədər döyüşən igid övladlardan. Onu
canları ilə qorumağa çalışdıqları
üçün.
Bu sevginin cəzası
ağır oldu o şəhərin yüzlərlə sakini
üçün. Sevgilərini qan gölündə
boğmağa çalışan düşmənin
gözünün içinə dik baxacaq qədər
sevdalıydılar vətənlərinə. Qədəm
basdıqları torpaqdan güc alırdılar, bəlkə elə
buna görə cəsədləri ilə torpağın
görüşünə gəldilər. Dünyanın
varlığından xəbərsiz bir şəhərində
- VƏTƏNdə ölməyi bacaracaq qədər cəsarətliydilər.
Torpaqdan alırdılar gücü, bu torpağı onların
əlindən almaq istəyənlərə qarşı bir torpaqda
birləşdilər. Ölümləri ilə bir şəhərə
- VƏTƏNin bir parçasına ölümsüzlük
qazandırdılar.
****
Ölümün
ölümsüzlüyü məskən saldı bu şəhərdə.
Düz 20 il əvvəl yer üzündən bir şəhər
silindi, insanları ilə bərabər. Azərbaycanın
Xocalı adlı bu şəhərində erməni - rus hərbi
birləşmələri dünyanın qarşısında
lal sükuta qərq olacağı bir soyqırım törətdi.
613 nəfər qətlə yetirildi, 63 uşaq, 106 qadın, 70
qoca amansızlıqla, vəhşiliklə
öldürüldü. 8 ailə bütünlüklə məhv
edildi, 28 uşaq valideynlərinin hər ikisini itirərək
yetim qaldı. 1277 nəfər girov götürüldü. Bir
şəhərin məhvini səssizcə izlədi dünya.
Dünyanı yalan gölündə boğan erməni hiyləsi
burada da özünə məskən saldı. Şaşqın
baxan dünyanın gözlərini bağladı. Dünya
yalan dolu bağırtıları eşitdi, həqiqət dolu
pıçıltıları yox. O gün Xocalıda təkcə
bir şəhər soyqırıma məruz qalmadı, Azərbaycanın
şərəfi təhqir edildi. O gün torpağa səpələnən
təkcə Xocalı sakinlərinin cəsədləri deyildi.
Özündən qaçıb başını yerdən qaldırmayacaq
qədər suçlu olan dünya idi.
…Xocalı
soyqırımı təkcə bir şəhərin faciəsi
deyil, insanlığın faciəsi idi. O gün o şəhərdə
insanlarla bərabər torpaq da öldürüldü.
Xocalı - qan gölündə boğulan şəhər
varlığından kimsəyə səs etmir. Sanki utanır,
başına gətirilənlərdən utanır,
insanların utanmadan, gözlərini belə qırpmadan qana bələdikləri
şəhər insan adlandırılıb insanlıqdan xəbərsiz
olanların əvəzinə utanır. Yaşamaq, yenidən
ayaqları üstünə qalxmaq, insanlarını yenə
qoynuna almaq istəyir, amma dönüb geriyə baxanda
yaşadıqlarının acısının hələ də
tam silinmədiyini, yaralarının
sarınmadığını görüb susur. Nə vaxt ona
sahib çıxacağımızı gözləyir.
Dünya da susur, bu dəfə öz utancından. Dünya
insanlığın Xocalıda ayaqlar altına atılan şərəfini
görməzlikdən gəlir.
****
Hələ
də Xocalıda itmiş körpəsini haraylayır bir ana.
Laylası qəlbindən qopan fırtına idi, bütün
günahkarları cənginə alıb apara biləcək qədər
güclü. Dumanda itən şəhərini
haraylayırdı ana, o şəhərdə görünməz
olan balasını. Cəlladların əli ilə vəhşicəsinə
qətlə yetirilən körpə o gün tək o ananın
balası deyildi, bütün dünyanın balası idi.
Dünya öz balasına sahib çıxmırdı. Havadan
qan qoxusu gəlirdi, şəhərin üstünə
ölüm havası çökmüşdü. Bu havanı
insanlar ciyərlərinə çəkirdilər,
bütün yollar bağlanmışdı, ölümə
aparan yoldan başqa. Ölüm təsəlliyə çevrilmişdi.
Şəhərin başı üstündə narahat ruhlar
dolanırdı, körpəsini axtaran ana kimi. Ananın ruhu
bütün Qarabağı qarış - qarış gəzirdi,
gözlərindən axan yaşı silməyə əlləri
yox idi, ağlamağa gözləri. Sadəcə hissi
vardı, dəhşəti duyurdu. Balasını axtaran ananın
eşidilməyən laylası gəzirdi bütün şəhəri.
Övladın yaralarından sızan qanla doyururdu
torpağı, düşmənin insan qanına susayan ac
gözləri isə doymaq bilmirdi.
Xocalıdan
uzaqlarda - Bakıda bir ana balasını göylərə
qaldırıb fəryad edirdi. Ürəyindəki
böyük kədərlə daşa dönən ananın fəryadını
eşitmək üçün sadəcə bir anlıq ayaq
saxlamaq kifayətdir. Diriykən ölü ana ölüm
yaraşmayan balası ilə göylərə üsyan edir. O,
Xocalıda öldürülən 106 anadan, 613 şəhiddən
biridir. “Bu qan yerdə qalmasın” deyib insanları çağırır.
Xocalıda o gün güllə səsləri ilə kəsilən
laylasını oxumaq istəyir balasına. Səsini
duymayacağını bilə - bilə. Bilir ki, gün gələcək
o laylalar oxunacaq, o nağıllar danışılacaq, o
günlər unudulmasa da, insanların təsəllisi doğma
torpağa qədəm basmaq olacaq. Laylaların yerinə
güllələrin danışdığı o gecənin
mütləq aydın bir sabahı olacaq. Mələklər
bundan xəbər verirdi səhnədə, iblisin şərinə
nə qədər tuş gəlsələr də sonunda qalib
gələcəklər. İblislərin arasında dövrə
vurub başlarını göylərə ucaltmağı bacaracaqlar,
torpağı dirçəltməyi bacardıqları kimi.
Anaların
harayına əsgərlər səs verəcək, qeyrətini
silahına çevirən düşmən sipəri
oğullar. “Mənə ölmüş kimi ağlama, Azərbaycan
yaşasın” deyib anasına üz tutan igidlər
dalğalanan üçrəngli bayrağımızdan güc
alacaqlar ölümün gözünün içinə dik
baxmaq üçün. Əyilsələr də
sınmadıqlarını nümayiş etdirəcəklər,
dünyaya və özlərinə. Günlərin birində əyilən
qəddimizi yenə dikəldəcəyimizi göstərdilər,
ucalaraq bir daha enməyəcək bayrağımız kimi.
Narahat ruhların görüş yeri bir gün mütləq
Xocalı olacaq. Hələlik isə Bakıda bir ana
balasını bağrına basıb od içində itən
şəhərinin arxasınca baxır, baxır...
Elnarə
Olaylar.- 2012.- 25-27 fevral.- S.9.