Xocalı soyqırımının ildönümü dünyanın müxtəlif ölkələrində qeyd olunub 

 

Diaspor təşkilatlarımız ayrı-ayrı ölkələrdə anım tədbirləri, etiraz aksiyaları keçiriblər

 

Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar olaraq dünyanın müxtəlif ölkələrində anım tədbirləri, elmi-praktik konfrans və etiraz aksiyaları keçirilib. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və həmin dövlətlərdəki səfirliklərimizin təşkilatçılığı ilə keçirilən tədbirlərdə dünya ictimaiyyətinə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə ətraflı məlumat verilib, beynəlxalq təşkilatlardan bu hadisəni soyqırım kimi tanımaq tələb olunub. Fevralın 23-də Misirin paytaxtı Qahirədəki Ayn-Şəms Universitetinin Qonaq Evində Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi və Qahirə Türk Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda Xocalı faciəsinin 20-ci ildönümü” adlı mədəni simpozium keçirilib. Simpoziumda Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Ayn-Şəms Universitetinin professoru Safsafi Əhməd Əl-Qutri, İSESKO-nun eksperti Səlahəddin Cəfərayi, Qahirə Türk Araşdırmalar Mərkəzinin nəzdindəki Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi və digərləri çıxış edib.

 

Daha sonra Xocalı soyqırımı ətrafında müzakirələr aparılıb. Simpoziumda toplaşanların diqqətinə Ayn-Şəms Universitetinin Ədəbiyyat fakültəsinin tələbələrinin ifasında Xocalıya həsr olunmuş ədəbi kompozisiya təqdim olunub.

Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı və bu ölkədə yaşayan azərbaycanlılar, yerli ictimaiyyət nümayəndələri, eləcə də türk, İraq türkmənləri və digər milli icmaların, həmçinin KİV təmsilçilərinin iştirakı ilə Dubayda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə konfrans keçirilib. Konfransa giriş sözü ilə “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov açaraq tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Samir İmanov Xocalıda baş verən qətliam qurbanlarının azərbaycanlı olduqlarına görə ermənilər tərəfindən planlı şəkildə öldürüldüyünü vurğulayaraq buna görə də həmin faciənin soyqırımı aktı olduğunu qeyd edib. “Azərbaycan” Cəmiyyətinin sədri erməni vandallarının 20 il əvvəl Xocalıda törətdikləri vəhşiliyi sübuta yetirən çoxlu sayda fakt və dəlillərin olduğunu qeyd edərək dünya birliyinin buna siyasi hüquqi qiymət verməli olduğunu və bu qətliyamı insanlıq və bəşəriyyət əleyhinə cinayət kimi tanımasının zəruriliyini vurğulayıb. Daha sonra konfrans iştirakçıları üçün “Xocalı soyqırımı” filmi nümayiş etdirilib. Tədbir iştirakçıları həmçinin konfrans zalının foyesində təşkil olunmuş foto şəkillərdən, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi kitab, broşür və jurnallardan ibarət sərgi ilə tanış olublar.

Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız və bu ölkədəki Azərbaycan səfirliyi Xocalı soyqırımı ilə bağlı müxtəlif tədbirlər keçirib. Ukraynadakı Azərbaycanlı Gənclər Birliyi və bu ölkənin bir sıra yerli gənclər təşkilatları Xocalıya Ədalət kompaniyasına qoşulublar. Həmçinin İslam Konfransı Gənclər Forumu və Ukrayna Azərbaycanlı Gənclər Birliyi bu ölkədə fevral ayını Xocalı ayı elan ediblər. Xocalı ayı çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında “Xocalıya ədalət” yürüşlərinin keçirilib, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletləri paylanıb. Həmçinin İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş “Xocalı ayı” çərçivəsində Kiyev Ürək Mərkəzində qanvermə aksiyası keçirilib. Aksiyaya Ukraynanın bir sıra yerli gənclər təşkilatları da qoşulub. Gün ərzində Kiyev Ürək Mərkəzinə gələn 200-dən çox azərbaycanlı və ukraynalı gənclər Xocalıda erməni vəhşiliyinə məruz qalan uşaqların, qadınların, qocaların və dinc əhalinin xatirələrini ürək xəstələrinə qan verməklə anıblar. Aksiya iştirakçılarına ermənilərin son iki yüz il ərzində Azərbaycan xalqına qarşı həyata keçirtdikləri mərhələli soyqrın siyasəti haqqında məlumat verən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov 20 il bundan öncə qəddar erməni silahlı birləşmələrinin Xocalı şəhərində törətdiyi növbəti vəhşiliklər nəticəsində 613 soydaşımızın, o cümlədən 106 qadın, 70 qoca və 63 uşağın xüsusi qəddarlıqla qətlə yetirildiyini diqqətə çatdırıb. Gənclərin Xocalı qurbanlarının xatirəsini xəstələrə qan vermə aksiyasına qoşulmaqla yad etmələrini hümanist addım kimi dəyərləndirən Kiyev Ürək Mərkəzinin qan köçürmə şöbəsinin müdiri Viktoriya Qorabets 1992-ci ildə Xocalıda axıdılmış günahsız insan qanlarını insanlığa yönəlik bəşəri cinayət adlandırıb. Əyinlərində “Xocalıya ədalət” sözləri yazılmış köynəklərlə qanvermə aksiyasına qoşulan Ümumukrayna Gənclər Assambleyası, Kiyev Gənclər Mərkəzi və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları 20 il bundan öncə əlləri azərbaycan xalqının qanına batan erməni cəlladlarının beynəlxal məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar. Aksiyaya qoşulan gənclərə içərisində Qarabağ həqiqətlərini və Xocalı faciəsini özündə əks etdirən film və kitablar olan paketlər təqdim olunub. Brüsseldə Xocalı mitinqi keçiriləcək. Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçirilib. Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə keçirilən aksiyada “İnsanlıq ayıbı Xocalıya ədalət mitinqi”ndə “Hamımız Xocalılıyıq! Hamımız Türkük!” şüarları səsləndirilib. Aksiyada bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələri iştirak edib. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşəbbüsü ilə baş tutan aksiyanın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini 26 fevral 1992-ci il tarixində ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırımına yönəltmək, Xocalı şəhidlərinin xatirəsini anmaq olub.

Xocalı soyqırımın ildönümü Benilüks ölkələrində də qeyd edilib. Benilüks Azərbaycanlıları Konqresi Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində Haaqa və Brüsseldəki Ermənistan səfirlikləri, eləcə də Avropa Parlamenti qarşısında etiraz aksiyaları kecirib. Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı iştirakçılara, eləcə də həmin ölkələrin ictimaiyyətinə ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə məlumat verilib. Bundan başqa Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Haaqa və Amsterdam şəhərlərində "Xocalı azərbaycanlı uşaqların gözü ilə" adlı rəsm sərgisi də təşkil olunub.

Fransanın Strasburq şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı izdihamlı mitinq keçirilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və “Strasburq Azərbaycan Evi”nin birgə təşkilatçılığı ilə baş tutan aksiya Klebey meydanında reallaşıb.

Xocalı faciəsi qurbanları Almaniyada da anılıb. Belə ki, Almaniyada Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş kitab nəşr olunub. 242 səhifəlik kitabın müəllifi Rolf Kunshdur. Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Saksen-Anhalt vilayəti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin səyi sayəsində ərsəyə gələn kitabda Xocalı soyqırımı barədə ətraflı məlumat verilmiş, erməni vandallarının dinc azərbaycanlılara qarşı törətdiyi qətliyam insanlığa qarşı cinayət kimi səciyyələndirilib. Almaniyanın Hamburq şəhərində keçirilmiş peşəkar boks üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndəsi, IBF, TWBA, IBO – beynəlxalq, IBO-Inter-Continental versiyaları üzrə çempion Azad Əzizov isə öz döyüşünü Xocalı soyqırımının 20-ci ildönümünə həsr edib. Rinqə Sarı gəlin mahnısının sədaları altında çıxan boksçumuzun İBO –beynəlxalq versiyası üzrə keniyalı çempion Nasser Athumani ilə görüşü heç-heçə nəticələnib. Azərbaycanla yanaşı, Almaniya, Macarıstan, Türkiyə, Polşa, Keniya, Çexiya və digər ölkələrin boksçularının iştirak etdiyi turnir Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi, Maqdeburq şəhərindəki LBN boks klubunun, Azərbaycan Həvəskar Boks Federasiyasının və Zaxsen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Turnirdə tamaşaçılara Xocalı soyqırımı haqqında məlumat verilib, ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdiyi cinayətin insanlığa qarşı yönəlmiş cinayət olduğu faktlarla nümayiş etdirilib.

Xocalı soyqırımın qurbanları Rusiya Federasiyası və onun subyektləri, eləcə də Türkiyədə də silsilə tədbirlərin keçirilməsi ilə anılıb. Qardaş ölkənin ayrı-ayrı şəhərlərində, Ankara, İstanbul, İzmir, Qars, İqdırda elmi-praktik konfranslar, simpoziumlar təşkil olunub. Ən izdihamlı tədbir isə İstanbulun Taksim meydanında keçirilib. “Hamımız xocalılıyıq, hamımız türkük” adı altında keçirilən yürüş-mitinqdə Azərbaycan və Türkiyədən olan dövlət-hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştiraki edib.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 28 fevral.- S.15.