Börüçala
- Borçalı...
(Üç səfər, bir xatirə)
Nəymiş Allah bu Borçalı deyilən?
Nə möcüzəli, nə sirli- sehirliymiş bu yerlər?
Baxdıqca göz sevinən, düşündükcə ruh təzələnən
bu diyarı gəzib-gördükcə, oxuyub-öyrəndikcə
bildim ki, uca Yaradan öz qüdrətindən nəqş eləyib
Borçalını. Eli-ulusu da elə Borçalının təbiəti
kimi safdır, gözəldir. Vüqarı dağlardan,
saflığı bulaqlardan, təmizliyi havadan, ruzini torpaqdan
alıb Borçalıda yaşayan Qarapapaq Türkləri. Azərbaycandan
ayrı düşsə də dil içində dil, din
içində din bəsləyir Ulu Borçalı.
Düşünüb-daşınıb qərara
aldım ki, artıq ürəyimdə bəslənib sinəmə
sığmayan Borçalı məhəbbətimi,
Borçalıda yaşamasa da hər an ürəyi
Borçalı eşqi, Borçalı qayğısı ilə
döyünən qeyrətli oğulların Vətən
üçün gördüyü işlərin bir qismini qələmə
alım, sizlərnən paylaşım, əziz oxucu. Qərara
aldım, ancaq bilmirəm hardan, nədən başlayım...
Bəlkə
XVII əsrdə döyüşə-döyüşə
başının atlıları ilə döyüş
meydanında özü həlak olsa da gürcü
çarı II İraklini döyüşdən salamat çıxaran
Xudu bəy Borçalıdan yazım? Yoxsa Osmanlı-Rusiya
savaşında başının atlılarıyla Rusiya
ordusuna çox böyük itkilər verən Qara Mahmud bəydən
yazım? Bəlkə Daşdəmir ağa Qasımlıdan,
ya general Yadigarovlardan yazım? Kəpənəkçi Emin
ağadan, adı dillərdə dastan olan Mehralı bəydənmi
yazım? Bu yurdun, bu ulusun qəhrəman oğlu birdimi, ikidimi…
Yaxşı olar ki, adını tarixə yazan bu cür cəngavərlər
barədə tarixçilər yazsın.
Mən isə beş üç kəlmə
söz adamı kimi bu gün gördüyüm, sabah tarixə
çevriləcək xatirələrimi yazıram. Xəyalən
Başkeçid qalasının xarabalığında
dayanıb şəhərlər gözəli Tiflisdəki
Narınqalaya boylanıram. Narınqala kilsəyə dönən
məscid minarəsinə görə elə bil xəcalət
çəkir. Boynunu büküb Koroğlu qalasından imdad
diləyir. Yarıuçuq Koroğlu qalası Babakəri
haraylayır, Babakər Ləlvəri…
Bu yazını əyrilərə əyilməyən
Əyriqardan başlayıb “Sınıq körpü”də
(indiki Qırmızı körpü) bitirəcəyəm.
Söyünçaydan bir az yuxarı, Salamməlik kəndindəki
Karvansaranın uçuq divarları hələ də durur.
Deyilənə görə Sınıq körpüdən
Türkiyəyə yol alan karvanın son dayanacağı bu
Karvansara olub. “Yemlikli”dən keçib “Qır dağı”na
qalxıram. “Qır dağı”ndan “Sənəyuçan”a
boylanıram. Yayın şaqqarrama istisində “Dəlidağı”n
başının üstünə bir əlçim bulud
kölgə salır, “Şamdüyə”nin sinəsini gün
yandırır. “Lök” dağında Soyuqbulaq
ağlıyır. “Yel” dağından haray qopur:
Eheheeey…
Armudduda Elatdı!!!...
Bu səsə
qayalardan kəkliklər uçuşur, turaclar
hürküşür. Dağların həsrətdən
çatlayan dərə bağrı körüklənir. Sofdərə
dərindən bir ah çəkir. Yamacların çiçəyi
çırtdıyır. “Leyləkuçan” meşəsinin
ağacları müdrik qocalar kimi başını
yırğalayır. Yarpaqlar bir-biriynən
pıçıldaşır. Şindi pirində mələklər
sevincdən qucaqlaşır... Bulaqların gözü dolub
qaynayır. Dağ çayları kükrəyib-daşır.
Armuddu gölünün gözü gülür,
xırçın-xırçın ləpənir... Sən
demə yaman qəribsəyibmiş bu yerlər elat
sözündən, elatın özündən ötrü. Təbiətin
özünü diksindirdi., mürgülü duyğuları
oyatdı, Armuddu yaylağındakı Elat bayramı...
Bu bayram, bu
təntənə birbaşa “Borçalı” İctimai Cəmiyyətinin
və cəmiyyətin sədri Zəlimxan Məmmədlinin
adı ilə bağlıdır.
Düşünürəm
ki, sısqa bulaqlar olmasa, böyük dəryalar yaranmaz.
Vaxtında Göyçə dərdinə yansaydıq, indi
Göyçəsiz qalmazdıq. Qarabağ savaşını
ciddiyə alsaydıq, indi məğlub durumunda olmazdıq... Təbrizdən,
Dəmirqapı Dərbənddən ötrü
göyüm-göyüm göynəməzdik. Bir söznən
tarixin tərs şilləsi qızartmazdı
üzümüzü...
Bəlkə
də elə laqeydliyimizin acı nəticəsindən
doğan zərurətdən yaranıb “Borçalı” Cəmiyyəti.
1989-cu ilin may ayında bir qrup ziyalı
düşünüb-daşınıb Borçalı xəcaləti
də çəkməsinlər deyə yaradıblar bu cəmiyyəti.
Vətəndaşlıq borcunu, ziyalılıq borcunu,
insanlıq borcunu yerinə yetirmək üçün
yığışıblar bir yerə. 1989-cu ildən 2009-cu
ilə qədər bu cəmiyyət nələr edib, hansı
yolu keçib deyə bilmərəm. 2009-cu ildən bu cəmiyyətin
fəal üzvü olduğuma görə, cəmiyyətin
gördüyü işlərin birbaşa
iştirakçısı olduğum üçün tam məsuliyyətimlə
deyə bilərəm ki, bu üç ildə (12.04.2009 –
27.02.2012) Zəlimxan Məmmədlinin sədrliyi ilə 97 dəfə
irili-xırdalı tədbir keçirilib.
Zəlimxan Məmmədli...
Etiraf edirəm ki, mən cəmiyyətə
gəlməmişdən onu şəxsən
tanımamışam. Ancaq ictimai fəaliyyətindən xəbərdar
idim. Bilirdim ki, onun xəmiri Vətənə sevgiynən
yoğrulub. Bilirdim ki, o, “Xaliqə gedən yol xalqdan
keçir” deyib təpədən dırnağacan Xaliqə və
Xalqına məhəbbətlə silahlanıb. Hələ
çoxları Şimalı Azərbaycan müstəqilliyini
dilə gətirməyə çəkinəndə Zəlimxan
bəy Bütöv Azərbaycan sevdalısıydı.
Azadlıq meydanı müstəqillik deyən insan dənizinin
ləpələrinin çalxalandığı dönəmlərdə
dövrü mətbuata müsahibələr verən Zəlimxan
bəy böyük vəcdlə iki imperiya arasında
bölünən xalqın bütövlük dərdindən
danışır, Səttarxan, Xiyabani, Pişəvari, Əli
bəy Hüseynzadə məfkurəsini təbliğ edirdi.
Zəlimxan
bəy bütövlük arzusunu hələ orta əsrlərdə
bütöv Azərbaycan sərhədlərini bəlli edən,
Azərbaycanın böyük şair və sərkərdəsi
Şah İsmayıl Xətainin heykəlində heykəlləşdirdi.
Bu heykəlin qoyulmasının ilk təşəbbüskarı
Zəlimxan bəy olmuşdu. Sonra isə Xocalı faciəsinə
qoyulan abidə. Bu abidə bəyin ictimai fəaliyyətinin
şah əsəridi. Dünyanın gözü
qarşısında baş verən qətliama dünya göz
yumanda Zəlimxan bəy boş-boşuna
ağlayıb-sızlamadı. Bakıda bu qətliama
qoyulması gərəkən abidənin gerçəkliyini
ictimailəşdirdi.
Bizim bizdən
başqa kimimiz var ki... Mən belə bir Vətən
oğlunun yanında, ehtiyac olanda sağ tərəfində
olmağı özümə borc bildim. Harda bir vətənpərvər
Vətən övladı varsa, onun yeri mənim sol tərəfimdə,
ürəyimin başındadı...
İlk dəfə
Borçalını da mən 26.07.2009-cu ildə
“Borçalı” Cəmiyyətinin xətti ilə Azərbaycan
və Gürcüstan respublikalarının birgə
keçirdiyi “Elat” bayramında gördüm. Dmanisinin Armuddu
yaylasına minlərlə adam toplaşmışdı. Hər
iki dövlət rəsmilərinin, sayılıb-seçilən
söz adamlarının, iş adamlarının, mədəniyyət
və incəsənət xadimlərinin, tarixçilərin və
tərcümanların, onlarca telekanalların da
qatıldığı bu izdihamlı tədbirdə mən də
var idim. Heyrətdən üzü dağlara tərəf donub
qalmışdım. Qarşımda bu yerlərin şair
qızı Səadət Butanı gördüm. Qolunu boynuma
salıb mənə şeirnən xoşgəldin eliyirdi:
Yolları
salmayaq uzağa, Sənəm,
Borçalı
yaxındı Qazağa, Sənəm,
Sən
bizim dağlara səfa gətirdin,
Canım dost
yolunda sadağa, Sənəm.
Mən
Ağstafa rayonunun Yuxarı Göycəli kəndinnənəm. Səadət bu
yaxınlığa işarə vururdu.
Tribunadan
Borçalının dəyərli ziyalısı, filoloq alim
Elxan Məmmədlinin gur, oturuşmuş səsi eşidildi.
O, tədbirin rəsmi hissəsini açıq elan edirdi.
Minlərlə
adama qucağını açan Armuddu yaylasında bir
çal-cağır, bir hay-haray başladı ki, gəl
görəsən. Bir yanda aşıxlar, bir yanda qara zurna, bir yanda
müğənnilər və rəqqaslar, bir yanda
idmançıların hünər meydanı, bir yanda
çaparların cıdırı. Bir
sözlə hər iki ölkə öz incəsənətini,
mədəniyyətini yığıb tökmüşdü
Armudduya. Yüzlərlə çadır
qurulmuşdu. Bir az aralıda iri-iri
mis qazanlar qaynıyır, samavarlar tüstülənirdi. Bir başqa tərəfdə isə Borçalı
qızları-gəlinləri qara sac asıb, nazik yuxa
yayırdılar. Mən adətim üzrə
təklənib bir kənara çəkilmişdim. Alp çəmənliyinin rəngarəng
çiçəkləri adama göz vururdu. Yamyaşıl otların arasında boylanan təbiət
gözəli dağ çiyələklərinin yanağı
tanımadığı kişilərdən utanaraq qıpqırmızı
qızarmışdı. Düşündüm
ki, lap Borçalı qızlarına oxşayır ətri
adamı bihuş edən bu dağ çiyələkləri.
Əyilib otları sığalladım, çiyələkləri
saplaqqarışıq dərdim. Otların
arasında, çiyələklərin yanında yel vurduqca
nazlanan kəkotuları görüb dərməmək
günah olardı. Mən çiyələyi
və kəkotunu çiçək kimi dəstələyirdim.
Bu vaxt yanımda çomağa söykənib
duran yaşlı kişinin şükranlıqla dediyi sözləri
indiki kimi yadımdadı. O, yanındakı həmyaşıdına
deyirdi:
-- Allah Elat çıxardanın
ölənərinə irəhmət eləsin...
Yadındadımı a İsmeyil, bayram günnəri
candardakı “Çinar”a
yığışerdıx. Lap o günnəri
saler ey bu yığnax mənim yadıma. Mən elə
bilerdim yaddan çıxıf o ədətdər...
İsmeyil
dediyi ağsaqqal onun sözünü ağzında qoydu:
-- Ayə buana baxıynan ey, buana. Pəhlivannar güləşellər. Gə yaxına edəy görəy pəhlivannarın
hamısı Bakıdanmı gəlif, yoxsa bizim yerri
uşaxlardamı qatılıfılar onnara.
Onlar
bir-biriə qoşulub qara zurnanın cəngi sədaları
altında qurşaq tutub güləşənlərə tərəf
getdilər. Mən isə üzümü meşəyə tərəf
tutdum. Ormanlıq həmişə çəkir
məni özünə. Bir-iki addım
atmışdım ki, cəhrə qurub ip əyirən bir nənənin
səsini eşitdim:
--
Ağız, ağız ay ağ donnu, sənnənəm.
Bir bəri dur ağrın alem.
Gülümsəyib
qadına tərəf getdim.
-- Bəli buyurun
ay nənə.
-- Atam-anam,
görörəm şəhərrisən. Çox
anrıya getmə. İndijə burya bir
yağış tökəjəh ha, tut ujunnan çıx
göyə. Selin-suyun altında qalıf
azarrıyarsan. Məndə dəfə-darağımı
yıxşırıf gəlerəm.
Mən
bir göyə baxdım, bir yerə. Səma günəşli və
aydın idi. Havada yağış əlaməti
yox idi. Maraq məni bürüdü:
-- Ay nənə,
sənə qurban, nə bilirsən yağış yağacaq?
Göydə bulud-zad yoxdu axı...
--
Ölöm, bir bu tərəfə Leyləkuçana tərəf
baxıynan. O dağın üstündəki əjdahaya
oxşuyan qara buludu görörsənmi? Bax o
bulud onca dəyqiyə burya çatajax, leysan tökəjək.
Bu vaxt Elxan Məmmədlinin
gur səsini eşitdim:
-- İndi isə
tribunaya şairə Sənəm Səbayeli dəvət edirəm.
Mən
səhnədən xeyli aralı olduğuma görə, demək
olar ki, qaça-qaça qalxdım tribunaya. Sözə, sənətə çox dəyər
verir Borçalı eli. Mən
birinci dəfə idi bu boyda izdihamın qarşısında
çıxış edirdim. Bu boyda həyəcanın
içində teleoperatorların əlimə qarşı daha
diqqətli olduqlarını hiss etdim. Qeyri-ixtiyari
əlimə baxdım. Sən demə əlimdə
çiyələk və kəkotu dəstəsi ilə
çıxmışam səhnəyə. Bəlkə də daha çox
alqışlanmağımı həmin çiyələk və
kəkotu dəstəsinə borcluymuşam.
Çıxışımı:
-- Baş qarışıb el
hayına,
Çatmıram dağ harayına,
Gələcəyəm bal ayına,
Dağlar inciməsin mənnən—
misralarımla tamamladım. Səhnədən
yenicə aşağı düşmüşdüm ki, birdən
göyün üzünü bulud aldı, gürşad
yağış yağmağa başladı. Hamı çadırlara qaçışdı.
Təkcə televiziya işçiləri tələm-tələsik
aparaturaları yığışdırırdılar. Mən də yavaş-yavaş çadıra
doğru gedirdim. Yağış damcıları məni
döyəcləyə-döyəcləyə
düşünürdüm ki, ruhu şad olmuş Nəbi Xəzri
şeirlərinin birində deyib:
“Ömür istiyirəm
gürşad yağışlı”.
Heç
bir dəqiqə keçməmiş əynimdəki uzun ətəkli
paltarımın ətəyindən su süzülürdü. Yağış qəfil
başladığı kimi, qısa müddətə qəfil
də dayandı. Buludun altından günəş
gülümsədi. Şər
qarışırdı. Elat karvanı geriyə,
Bakıya doğru yol aldı. Borçalının
folukulyor nümunəsi sayılan (bu mənim subyektiv fikrimdi)
Osman Dərviş və bir qrup Borçalıda yaşayan
borçalılar bizi dövlət sərhəddinə qədər
yola salırdılar. “Sınıq
körpü” (“Qırmızı körpü”) deyilən sərhəd
məntəqəsinə çatdıq. Hamımız
maşınlardan yerə endik. Vidalaşırdıq.
Osman Dərviş bir təpənin üstə
çıxıb əlini bizlərə tərəf uzadıb
uca səsnən deyirdi:
-- Ayə a
camahat, sizə qurvan olom, gedersiniz, gedin. Yolunuz
açıx olsun. Ancax eli-ovanı unutmuyun ha!... Gözdüyəjik sizi ... Unutsanız
unudulajaxsınız!...
Səsim Osman Dərvişə
çatmasa da öz-özümə dedim:
-- Gederik ki, qayıdaq Osman Dərviş.
Heç Borçalını, Borçalıları
unutmaqmı olar?... O torpaqlarda dədə-babalarımızın
ruhu dolaşır. O ruhları ziyarətə,
ağsaqqalların əlindən, ağbirçəklərin
telindən öpməyə gələcəyik.
Gəldik də.
19-21 mart 2010-cu il.
Biz yenə “Borçalı” İB-nin xətti ilə
Borçalıya Novruz bayramı keçirməyə gəldik.
Gəldik ki, el-el, oba-oba gəzib soydaşlarımıza
bayramınız mübarək deyək. Biz
varıq, sizin yanınızdayıq deyək. Elin adətinə uyğun olaraq bayram payı ilə,
Novruz xonçaları ilə gəlmişdik,
Borçalılarnan bayramlaşmağa. Allahın
verdiyindən, gücümüz çatandan sovqat gətirmişdik.
Gecəni Zəlimxan bəyin ata ocağında səhər
eliyib, bizə görə xüsusi hazırlıq görən,
gəlişimizdən insan övladının sevinə biləcəyi
həddə qədər sevinc hissi yaşayan adamlarnan xudahafizləşib
üz tutduq Şida Kartili və Kvemo Kartili bölgələrinə.
Kənd-kənd gəzib bayram şənlikləri
təşkil etdik. Hansı kəndə
girirdiksə (bizimçün fərqi yox idi getdiyimiz kənd
gürcü kəndidir, ya türk kəndi) maşın
karvanımız xüsusi təntənə ilə
qarşılanırdı. Gürcülər
də bizə qarışıb Novruz bayramı keçirirdilər.
Bizi həm də dövlət
qulluqçuları, rəsmi adamlar qarşılayırdılar.
Tədbirlərdə Zəlimxan bəy deyirdi:
-- Mən həm
də bu torpağın oğluyam. Azərbaycan
Respublikasına olduğu qədər Gürcüstan
Respublikası üçün də bütün
varlığımla vətəndaşlıq məsuliyyəti
daşıyıram. Əgər, Allah eləməsin,
bir gün Gürcüstanın müstəqilliyi təhlükə
altında qalsa, mən silaha sarılıb Gürcüstan
uğrunda vuruşmağa hazıram.
Onun dediklərini tərcüməçi
gürcü dilinə tərcümə edirdi. Gürcülərin nə dediklərini başa
düşməsəm də, üzlərinin ifadəsindən
bilirdim ki, bizə qarşı dostluq və məhəbbətlərindən
danışırlar. Biz məktəblərə
də gedirdik. Gürcü və Türk
uşaqları ilə görüşüb şənliklər
təşkil edirdik, xonçalar pay verirdik.
Martın
20-si İmir kəndindəki tədbirimiz kənddə məscidin
açılışında iştirakla tamamlandı. Məscidin həyətində
Tanrıya şükranlıqla qurban kəsdik və üz
tutduq Faxralıya. Faxralı
Borçalı ulusunun tərəkəmə həyatı
keçirən ağırtaxta ellərindəndi. Bu kəndin mərd oğulları, şairləri,
aşıxları həmişə elin adını uca tutub.
Faxralının Güllər Pərisi, Sarvan Bayramı,
Doşanqulu uşağı, şair Nəbisi ziyalı
mühitinə öz dəyərli töhvəsini verib. Biz də elə Faxralı elinə öz sevgi
töhvəmizi verməyə gəldik.
Kənddə
böyük təmtəraqlı bayram şənliyi təşkil
olunmuşdu. Başqa televiziyalarla birgə Xəzər TV-nin “Səyyah”
proqramı şənliyi lentə alırdı. Bizim gəlişimiz bu bayrama bir daha bayram sevinci
qatdı. Çıxışlar,
mahnılar, rəqslər tamamlananda artıq şər
qarışmışdı. Təpələrin
üstündə tonqallar alovlanırdı. Cavanlar əllərində məşəl
cıdır meydanına
yığışmışdılar. Meydana
seçmə cıdır atları, atların üstündə
seçilmiş el igidləri gəldilər. Cıdır başlandı. Bir tərəfdə
də cavanlar “Dirədöymə” oynayırdılar. Belə qədim mərasimlərin keçirilməsi
insanın xəyalını tarixin keçmiş qatlarına
“Dədə Qorqud” zamanına aparır. Sizcə
“Dirədöymə” və “Cıdır” yarışı gənclərin
gələcək igidliklərinə bir hazırlıq deyilmi?
Məncə belədir!
Gecəni
biz Əmirxan müəllimin təkidi ilə təkcə
Faxralının deyil, bütün Borçalının və
Türk dünyasının adlı-sanlı şairlərindən
olan şair Nəbi ocağının qonağı olduq. Əmirxan müəllim
Bakıda kifayət qədər məsuliyyətli və
yüksək vəzifə sahibidir. Həyat
yoldaşı Sona xanım da müəllimədir, universitetdə
dərs deyir. Bakıda yaxşı
mövqeyi, ev-eşiyi, qohum-əqrəbası,
dostu-tanışı olsa da, o həmişə Novruz
bayramını Faxralıda, ata-baba yurdunda keçirir. Bütün nəslini başına yığıb
şair Nəbi ocağının şenniyinə şennik
qatır. Bu il isə bu ocağın
yüzdən çox qonağı var idi. Süfrədə
də ki, maşallah dünya tamından nə desən var idi.
Ümumiyyətnən biz Borçalıda ən
kasıb sayılan ailəni də, isti ocaqlı, dolu
bucaqlı gördük. Burda da
çal-çağır var idi. Ağsaqqallar
söhbət edir, aşıxlar meydan sulayırdılar.
Mən bir az səs-küydən
uzaqlaşım deyə qadınlarla birgə həyətə
çıxdım. Tonqalın başında bir
dəstə maskalı, qəribə geyimli adamlar
gördüm. Yanımdakılar dedilər
ki, onlar da Novruz şənliklərində xüsusi
çıxışlar edirlər. Təmiz
dağ havasını udduqca ciyərlərim bayram edirdi.
21 Mart 2010-cu il. Bu gün Borçalının mərkəzi
sayılan Marneuliyə gəldik. Burda, mərkəzi
meydanda böyük bir izdiham var idi. İzdihamın
üzərində Azərbaycan və Gürcüstan bayraqları
yellənirdi. Ən yadda qalanı isə
Gürcüstan prezidenti Mixail Saakaşvilinin bizləri Azərbaycan
türkcəsində təbrik etməsi və Novruz
bayramını bu gündən etibarən
Gürcüstanın da dövlət bayramı kimi qeyd etməsi
barədə verdiyi sərəncam oldu. Biz
növbəti tədbirimizi keçirmək üçün
Ağtəhləyə gəldik. Kənd
camaatı meydana toplaşıb bizi gözləyirdilər.
Tədbirdən sonra Aydın bəy bizi dədə-baba
ocağında ağırladı. Aydın
Bakıda yaşayan və işləyən
Borçalılardandır. Biz dörd
qadın Bakıdan onun maşınında gəlmişik.
Yolboyu çox əziyyətimizi çəkib,
nazımıznan oynayıb Aydın bəy. Mərd, təmkinli və tərbiyəli adamdı.
Səhəri gün səfərimiz Kəpənəkçiyə
idi.
Kəpənəkçi.
Təkcə bu sözdə kodlaşan
Borçalının tarixi deyilmi? Bu
söz bu yurdun ən qədim Türk yurdu olduğunu sübut
edir. Kəpənək – Ço! Yəni
yapıncılı kişi! Məncə
toponimlər tarixi faktdır. Borçalının
neçə yüz illik poeziya tarixində saf çeşmə
kimi qaynayan bulaqlardan biri də Kəpənəkçi Alxas
ağa Hacallının adıdı. Mən
heç Kəpənəkçidə olmamışam. Amma bilirəm ki, ilk və ən çox vəsait xərclənən
məscid Kəpənəkçidədir. Bu məscid geniş imkanları, həm də milli
qeyrəti olan bir Kəpənəkçi balasının vəsaiti
ilə tikilib. Bəzən qeyrəti
olanın pulu, pulu olanın qeyrəti olmur. Xoş o elin
halına ki, həm pulu, həm də qeyrəti olan
oğulları var. Yaxşılar yaxşı ki var...
Mən
Kəpənəkçini ziyarət eliyə bilmədim. Çünki Bakıda bir
çox problemlər qoyub gəlmişdim. Qayıtmalıydım.
Qayıtdım da. Ancaq
növbəti səfərlərin birində o cənnətməkan
diyarı gəzib-görmək, Kəpənəkçinin
qeyrətli, qüdrətli, el arxası, dəyərli
ziyalısı olan, “Kəpənəkçi” Cəmiyyətinin
sədri, mənim mənəvi qardaşım Rəşid
müəllimin evində qonaq olmaq boynumun borcu olsun.
Borçalıya
üçüncü səfərim 26.05.2010-cu ildə oldu. Bu gün
Gürcüstanın müstəqillik günüdür.
Biz “Borçalı” Cəmiyyətinin
Bakıdakı üzvləri və Gürcüstanda yaşayan
bir qrup Azərbaycanlılar Tiflisə yürüş etdik.
Azərbaycanın və Gürcüstanın
bayraqları və dostluq şüarları ilə birlikdə
Tiflisin mərkəzi küçələri ilə
addımlayırdıq. Tiflis bizi
bağrına basmışdı. Gürcülər
bizi sevinclə alqışlayır, telekanallar
yayımlayırdı. Tiflisdə
ümummilli lider Heydər Əliyevin heykəli önünə
əklil qoymaqla səfərimizi başa çatdırdıq.
Borçalıda
bu cür tədbirlər vaxtaşırı keçirilir və
gələcəkdə keçirilməsi də gündəmdədir. Sizləri də növbəti
Elat mədəniyyəti günlərində Borçalıda
görmək arzusu ilə Allaha ismarlayıram əziz oxucu.
“Borçalı” Cəmiyyətinə, cəmiyyətin
sədri Zəlimxan bəyə isə bu müqəddəs
yolda yorulmamağı böyük olan Allahdan təvəqqə
edirəm.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2012.- 29 fevral.-
S.15.