“Kaş ki, atam oxumağımı
görəydi… ”
“Kaş ki, atam
oxumağımı görəydi… ” – deyən xanəndə,
tanınmış muğam
ifaçısı, Zülfü
Adıgözəlov muğam yolunun layiqli
davamçısı Zakir Əliyev “Mənim sarı simimə yaman toxundunuz ”- söyləyib,
göz yaşları ilə bacara bilmədi, söhbətimizi
yarımçıq qoyub bizi
tərk etdi.
İllərdir səsinin
sehrinə düşüb,
ifalarını bəyənib sevə-sevə dinləyərək
rahatlıq tapdığım, zövq
aldığım tanınmış muğam
ifaçısı, xanəndə Zakir Əliyevlə
görüşmək, onun sənət və
həyat yoluna bələdçilik etmək
firkində idim. Görüşümüz Zakir bəyin doğum günündə reallaşdı.
Yaradıcılığım boyu mətbu
təcrübəmdə rastlaşmadığım hadisə
başıma gəldi. Onun bu
qədər kövrək olduğundan xəbərsiz
idim və verdiyim bəzi suallar həmsöhbətimin
sarı siminə toxundu və o, söhbətimizi yarımçıq qoyub bizi tərk etdi.
Həyatda atanı, ananı itirmək
böyük ağrı, dərddir. Zakir
bəy də neçə illərdir ki, bu dərdin içində qovrularaq
alışıb yanır. Hələ də
doğmalarının itkisi ilə
barışa bilmir. Həyatın sərt
zərbələrini uşaqlıq çağlarından alan qəhrəmanımızı yaxından
tanıyaq və onun qəlb
çırpıntılarını birlikdə duyaq, dinləyək.
Tanışlıq:
Zakir Əlisahib oğlu
Əliyev. 1968-ci il may
ayının 22-də Neft çalanın Xolqarabucaq kəndində anadan
olub. Bülbül
adına orta ixtisas musiqi məktəbinin və Azərbaycan Dövlət
İncəsənət və Mədəniyyət Universitetinin məzunudur. Hal–hazırda ADİMU-nin muğam
kafedrasının müəllimidir, xanəndəlik sənətindən
dərs deyir. Ailəlidir. Qızı Aygünün 15, oğlu Akşinin 13 yaşı var.
Aygün piano, Akşin isə tar
ixtisası üzrə dərs alır.
Bakıya gələn yolun əzablı
başlanğıcı
Ulu öndər
Heydər Əliyev cənablarının müvafiq göstərişinə
əsasən, 1978-80-ci illərdə istedad
axtarışına çıxaraq bölgələrdə, əyalətlərdə
yaşayan istedadlı gənclərin üzə
çıxarılması, onların respublikada
tanınması, təhsil almaları məqsədi ilə ustad
sənətkarlarımız rayon və şəhərlərdə
seçim turlarına start verdilər. Neftçala rayonuna xalq
artisti, ustad sənətkar Əbülfət Əliyev ezam
edildi. Seçim turlarındaca balaca Zakirin səsinə, səs
tembrinə, zəngulələrinə, muğamdakı gəzişmə
və xırdalıqlarına heyran qalan Əbülfət Əliyev heyrət içində
deyir ki, “belə bir istedadı əyalətdə batırmaq
günahdır. Zakir Bakıya getsə, təhsil alsa, mütləq
parlaq muğam ifaçısı olacaq”. Zakir atasını erkən
itirmişdi. Ailənin problemləri
çox idi. Bakıda oxumaq,
yaşamaq üçün cüzi də olsa imkan
olmalıydı... Zakirin böyük qardaşı Rafiq müəllim
balaca qardaşına Əbülfət Əliyev kimi sənətkarın
verdiyi qiymət və dəstəkdən xəbər tutur.
Anası Səfiyyə xanıma deyir ki, “Ana, heç narahat
olma. Zakir Bakıda mənim evimdə qalacaq, onu mən
oxutduracam, bütün problemlərini də öz boynuma
götürürəm, təki təhsil alsın, onu seçən
ustadın etimadını doğrultsun, həm də atamın
ruhunu şad etsin”. Oğlunun sözü anaya bir təsəlli
olur və Zakirin Bakıya gedib müsabiqəyə
qatılmasına, təhsil almasına izn verir. Zakir Bakıya gəlir. O, 1983-cü
ildə bölgələrdən seçilən istedadlı
uşaqların yekun III Respublika Baxış Müsabiqəsində
iştirak edir.
“Samovar
almışam silənim yoxdur” mahnısını uğurla ifa
edir. Maestro Niyazi, Arif Babayev, Şövkət Ələkbərova,
Habil Əliyev, Əbülfət Əliyev kimi dəyərli
münsiflər heyətinin yekdil qərarı ilə Zakir
müsabiqənin qalibi olur. Bülbül adına orta ixtisas
müsiqi məktəbinə qəbul edilir və xalq artisti,
professor Arif Babayevin muğam sinfində dərs
alır, muğamlarımızın sirlərinə yiyələnir,onun
qayğılı Bakı həyatı başlayır.
22 yaşlı gəncin
“Çahargah”ı
Zakir 1991-ci
ildə Azərbaycan televiziyası vasitəsilə efirə gedən
“Muğam saatı” verilişində “Çahargah”
muğamını dəstgah şəklində oxuyur. 22
yaşlı gənci Şirin Axundov adına muğam
üçlüyü müşayiət edir. Zakirin
“Çahargah”ı ustad xanəndələr tərəfindən
yüksək səviyyədə qarşılanır. Bu
konsert, ifa onun gənc muğam ifaçısı kimi
kamilliyinin və peşəkarlığının təsdiqləməsində
və ozünü geniş tamaşaçı
auditoriyasına təqdim etməkdə gözəl fürsət
olur. Qəhrəmanlıq coşqusuyla S.Ə.Şirvaninin, Ə.Vahidin
qəzəllərini “Cahargah”a qataraq muğamın tələblərinə
tam cavab verən tərzdə onu təqdim edir. Zakir Əliyev
“Zabul-Segah”, “Şur”, “Mahur-Hindi” kimi çətin
muğamları da dəstgah şəklində oxuyaraq
ustalığını bir daha nümayiş etdirir.
İfasındakı fərqlilik, fərdilik, özəllik istər
muğam ifaçılarını, istərsədə
muğam üçlüklərini
düşündürür. Adil Bağırovun rəhbərlik
etdiyi “Xatirə” xalq çalğı alətləri
ansamblı, Ağasəlim Abdullayevin rəhbərlik etdiyi
“Araz” xalq çalğı alətləri ansamblı, Möhlət
Müslümovun rəhbərlik etdiyi Əhməd Bakıxanov
adına xalq çalğı alətləri ansamblı Zakiri əməkdaşlığa
dəvət edir və bu tanınmış musiqi kollektivlərinin
müşayiəti ilə muğam, mahnıları lentə
aldırır, bununla da sənət bioqrafiyasında yeni səhifələr
açır. Əməkdar artistlər Malik Mansurov, Elşən
Mansurov qardaşları ilə birgə üçlükdə
ifaları Zakirin xanəndə kimi
yaradıcılığında təkana səbəb olur. O,
günü-gündən inkişaf edir, püxtələşir
və pərəstişkar sevgisi qazanır.
“Kaş ki, atam oxumağımı
görəydi...”
- Atam
gözəl tar ifaçısı olub. Hərdən
muğamlarımızı da oxuyardı, həmişə
evimizdə Zülfü Adıgözəlovu dinləyərdik,
bizə də Zülfü əminin lent yazılarını
dinləməyi tövsiyyə edərdi. Bəlkə ona
görədir ki, ifalarımda Zülfü Adıgözəlov
yolu daha çox gözə çarpır. 1981-ci ildə atam
dünyasını dəyişdi. 1983-cü ildə mən
müsabiqədə qalib olanda nə qədər sevinirdimsə,
o qədər də kədərlənirdim. Çünki atam
artıq həyatda yox idi... O, mənim uğurlarımın
şahidi ola bilmədi, mənim efirdən müğənni
kimi səsimi eşitmədi. Kaş atam oxumağımı
görəydi... (...kövrəlir, gözü yaşla dolur, qəhərlənir)
Nüsrət Kəsəmənlinin sözlərinə Namazəli
Mehdiyevin bəstələdiyi “Biri vardı, biri yox“
mahnısını atamın ruhuna ithafən oxumuşam,
oxuyuram. Hər dəfə bu mahnını oxuyanda tələbəlik
illərindəki atasızlıq dərdi, ehtiyaclı, çətin
illərim gözlərim önündə canlanır. Mahnı
bütövlükdə mənim həyatımı əks
etdirir. Axı tələbəlik illərimdə məndə
də biri vardı, biri yox. Birini tapanda, o birisi olmurdu.
İnsan
özü ata, valideyn olanda valideynlərinin qədrini daha
çox bilməyə başlayır. Valideynlərinizi qoruyun,
onlarsız həyat boşdur. Evin çırağı da,
günəşı də ata-anadır. Niyə bizi belə
tez tərk etdin, ay ata? Sənə lay- lay əvəzinə
oxuduğum mahnılar, muğamlar ruhunu şad edirmi?! Bilmirəm, axı illərdir
susursan... Bil ki, sənsiz təkəm, yalqızam. Özüm
ata, valideyn olsam belə... Sənə hər an, hər dəqiqə
ehtiyac duyuram, yoxluğunu nədənsə indi daha çox
hiss etməyə başlamışam (gözləri yenidən
payız buludu kimi dolur. Susur, söhbətimizə sükut mane
olur)... Çox kövrəltdiniz məni, lap sarı simimə
toxundunuz (yenə sükut, yenə doluxsunmuş gözlər...)
Gəncliyin muğama yaranan sevgisi məni
ruhlandırır
Zakir bir zamanlar təhsil
aldığı Bülbül adına ortaixtisas musiqi məktəbində
dərs deyib. 10 il Sumqayıt şəhər S.Rüstəmov
adına 3 saylı musiqi məktəbində gənclərə
xanəndəlik sənətinin sirlərini oyrədib. 4 ildir
ki, ADİMU-nin muğam kafedrasında müəllim işləyir,
xanəndələr yetişdirir.
- Tələbəlik illərimi
çox ağır keçirtdiyimdən onları
yaxşı başa düşürəm. Qəlblərinə
toxunub incidə bilmirəm. Axı özüm də tələbə
olmuşam, tələbəçiliyin nə olduğunu
yaxşı anlayıram. Bu gün gəncliyin muğama yaranan
sevgisi, sonsuz marağı məni ruhlandırır. Heydər Əliyev
Fondu- nun prezidenti, muğamlarımızın xilaskarı
Mehriban xanım Əliyevanın muğama, muğam
ifaçılarına ikinci ruh, həyat, nəfəs verməsi
biz muğam ifaçılarını daha məsuliyyətli
olmağa həvəsləndirir. Beynəlxalq Muğam Mərkəzi,
keçirilən Beynəlxalq və Respublika muğam
müsabiqələri, ustad sənətkarlarımızın H.Əliyev Fondu tərəfindən
disklərinin buraxılması muğam
ifaçılarımıza Azərbaycanın birinci
xanımının diqqəti, qayğısı və
muğamlarımızı yaşadıb gələcək nəslə,
ümumiyyətlə dünya ictimaiyyətinə
çatdırılmasında mühüm bir
addımıdır. Tara, kamana, saza, sözə qiymət
artdı. İndi bütün dövlət tədbirlərində
muğamlarımız səslənir. Mehriban xanım Əliyevanın
“Qarabağ xanəndələri” adlı albom-diski əvəzsiz
elmi əsər, böyük tədqiqat, nadir sənət
incisidir. Bu həm də muğamlarımızın tərəqqi
və inkişafının, keçdiyi keşməkeşlı
yolun təcəssümüdür.
Bəstəkar mahnılarının da
öz yeri var
Repertuarımda bəstəkar mahnıları da yer alıb. Ramiz Mirişli, Ruhəngiz Qasımova, Sədaqət Arifqızı, Xanım İsmayılqızı və
s. bəstəkarların mahnılarına
müraciət edirəm.
S.Arifqızının B.Vəziroğlunun sözlərinə bəstələdiyi
“Gəl gedək bu dünyadan” mahnısını Almaz Orucova ilə, R.Habiloğlunun “Ay canım”
mahnısını isə
Mənzurə Musayeva ilə duet oxumuşam.
Xanəndə həm muğamlarımızı,
təsniflərimizi, xalq
mahnılarımızı bilməli,
həm də bəstəkar mahnılarımızı
ifa etməlidir. Elə etmək lazımdır ki, hər nəslin,
hər fəslin zövqünü oxşayıb,
onlara mənəvi qida verə biləsən. Onu deyim ki, nə
bizim muğamlardan, nə də bəstələrimizdən heç
bir yerdə yoxdur, heç bir musiqi bizim
musiqi ilə rəqabət apara bilməz! Hal-hazırda
“Rast” muğamı üzərində işləyirəm.
Yaxın
vaxtlarda “Rast” muğamını dəstgah
şəklındə dinləyicilərin
ixtiyarına verəcəyəm.
56 mahnımdan ibarət MP3 diskimi də musiqi ictimaiyyətinə təqdim
etmişəm. Oxuduğum muğam
dəstgahlarından ibarət
diski isə bu ilin sonunadək
pərəstişkarlarıma ərməğan etmək
fikrində, arzusundayam.
Təki ömür vəfa etsin.
Xarici səfərlər və milli musiqimizin
təbliği
İlk xarici səfərim
1984-cü ildə Daşkənt
şəhərinə olub. Sonra isə Litvanın
paytaxtı Vilnüs şəhərində və
Kaunasda qastrol səfərlərində olmuşam.
1985-ci ildə isə Gənclərin və Tələbələrin
XII Ümumdünya Festivalının
diplomantı olaraq milli musiqimizi təbliğ etmişəm.
Elə həmin il Moskvada
dahi Üzeyir Hacıbəyovun 100 illiyinə
həsr olunmuş tədbirdə iştirak edərək xalq mahnılarımızı oxumuşam.
Daha sonra Türkiyə, İran səfərlərimdə muğamlarımızı
təbliğ etmişəm,
2009-cu ildə “Türksoy”-un
xətti ilə Türkiyənin İstanbul
və digər şəhərlərində keçirilən
“Türk xalqlarının
mahnı müsabiqəsi”-nə dəvət edilərək nüfuzlu tədbirin iştirakçısı
olmuşam. Bu ilin yanvar ayında
Özbəkistanın “İstiqlal”
sarayında solo konsert
vermişəm və konserti xarici mətbuat obyektiv şəkildə işıqlandırıb.
Almaniyanın Berlin şəhərinə səfərimsə unudulmaz
bir xatirə kimi qəlbimə yazılıb.
2003-2009-cu illərdə Azərbaycan
Dövlət Filarmoniyasının
solisti kimi bir
sıra dövlət tədbirlərində iştirak
etmişəm və demək olar ki, xarici səfərlərlə
yanaşı, Azərbaycanın
bütün bölgələrində
qastrol səfərlərinə
çıxaraq milli musiqimizi layiqincə təbliğ etmişəm.
“Anamı itirəndən yaman kövrək olmuşam...”
İki ilə yaxındır ki, anamı da itirmişəm. Atasızlıq dərdimin üstünə
anasızlıq ağrısı
da yazıldı.
Gözüm görə-görə qocaldı anam. Qırışları çoxalanda,
saçları ağaranda
qəlbim parça-parça
olurdu. Onu itirən gündən
rahatlığım qeybə
çəkilib. Gözlərim hər yerdə anamı axtarır. Həyat məni sıxanda anamı qucaqlayıb onu qoxuyardım. Onun nəfəsi, ətri, qoxusu mənə ruh verirdi. İndi sanki qanadı qırılmış, uçmaq
istəsə də uça bilməyən bir quşa çevrilmişəm.
Anam üçün darıxıram.
“Kimlər gəldi,
kimlər getdi” mahnısını bu gün göz yaşlarımsız oxuya bilmirəm. Məni dünyaya bəxş
edən doğmalarımın
hər ikisini də itirdim. Bunun özü böyük dərd deyilmi ?
.... Söhbətin
bu yerində həmsöhbətimiz fikrinə
nöqtə qoymadan görüş məkanını
tərk etdi...
–Çox suallara cavab ala bilmədim.
Bu qədər ağrı-acının
içərisində oxumaq,
xalqın sevimlisi olmaq hər ifaçıya nəsib olmur. Həmin nəsibi bəxş edən Yaradan səni hər zaman qoruyacaq, Zakir! Başın üstə hər zaman ağ
göyərçinə dönüb
bərq vuran atanın, ananın ruhu kimi... Səslər qovuşduğu, durnalar qayıtdığı kimi
nəğmə karvanları
da qovuşur, öz hicranını vüsalına yetişdirir.
Bunu unutma!
Sənətkar həyatı yeni-yeni uğurlarla zirvəyə doğru səfərdədir. Bu səfərin
bilinən və bilinməyən ünvanları
çoxdur. İnanırıq ki, tezliklə növbəti ünvanların
konsert məkanının
birində “Oxuyur respublikanın əməkdar
artisti Zakir Əliyev” təqdimatını
eşıdəcəyik. Elə həmin gün həmin ünvanda görüşənədək. Söz veririk ki, növbəti
söhbətimizdə sarı
simə toxunmayacağıq.
Toxunduğumuz sənət, uğurlar
və gələcək
planlar olacaq. Ümidvarıq ki, onda söhbətimiz yarımçıq qalmayacaq!
Məmməd Əliyev - tədqiqatçı
Alim Nəbioğlu
- jurnalist
Olaylar.- 2012.- 2-4 iyun.- S.11.