2500 yaşlı “Pazırıq”

 

Mənfur qonşularımız maddi-mədəni irsimizə də sahiblənmək istəyir

 

İyunun 6-da Azadlıq Hərəkatçıları Birliyi “Pazırıq” türk xalçasının 2500 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirdi. Tədbirdə çıxış edən AHB-nin sədri Təhmasib Novruzov dedi ki,  mənfur qonşularımız uzun illərdir ki, Azərbaycana qarşı müxtəlif təcavüzlər həyata keçiriblər.

Bu təcavüz nəticəsində Azərbaycanın 20 faiz torpağı bu günə kimi işğal altındadır. 1 mln-dan çox qaçqın və məcburi köçkün var. T.Novruzov onu da bildirdi ki, ermənilər Azərbaycana etdiyi təcavüz nəticəsində milli-mədəni abidələr dağıdılmış, bir sıra mədəniyyət nümunələri məhv edilmişdir. Eyni zamanda ermənilər tərəfindən əldə olunan Azərbaycanın mədəniyyətini özündə əks etdirən nümunələr bu gün ermənilər tərəfindən təbliğ olunur. Bu təbligatı düşünülmüş şəkildə həyata keçirən ermənilər dünyaya bəyan etmək istəyir ki, onlar qədim xalqdırlar. Ermənilər tərəfindən dünyada təbliğ olunan Azərbaycan mədəniyyətinə aid nümunələrdən biri də “Pazırıq” türk xalçalarıdır. Onlar bu xalçanı özlərinki kimi təbliğ edirlər. Ancaq araşdırmalar onu deməyə əsas verir ki, Pazırıq kurqanlarından tapılmış 4,5x6,5 metr ölçülü qırmızı rəngli keçə üzərində incə yun ipindən toxunan bu xalı hazırda Sankt-Peterburq şəhərindəki Ermitajda saxlanır. Bu xalça Qarabağda, bu yerlərin qədim sakinləri olan Saqlar tərəfindən toxunulub. 2500 tarixi olan bu xalçanı keçmiş sovetlər dövründə “erməni xalçası” kimi təqdim etmək istəyənlərə Azərbaycan alimləri ilə yanaşı, bəzi rus alimləri də etiraz etmiş və xalının türkdilli xalqlara məxsusluğu etiraf olunub. T.Novruzov bildirdi ki, bütün bunlara baxmayaraq ötən əsrin 90-cı illərindən başlayaraq dünya erməni diasporu həmin xalçanın Qarabağda yaşayan ermənilər tərəfindən toxunması haqqında fikir formalaşdırmağa çalışır, simpoziumlar keçirir, kitablar nəşr etdirirlər. Lakin vətənsevər Azərbaycan ziyalıları həmin xalçanın fotosürətini əldə edərək “Azər-İlmə” xalçaçılıq şirkətində onu eyni formada toxutdurmağa nail olmuş, bu tarixi incidəki ornamentlərin birbaşa qədim türk adət-ənənələri ilə bağlı olduğunu qeyd-şərtsiz sübut edən faktlar ortaya qoyub: “Azadlıq Hərəkatçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə dünyanın ən qədim xalısı olan Qarabağda toxunmuş “Pazırıq” türk xalısının 2500 illik yubileyini keçirməyə hazırlaşır. Bugünkü tədbir də məhz həmin yubileyə hazırlıq məqsədilə təşkil edilmişdir”. Tədbirdə SƏS TV-nin Pazırıq xalçası ilə bağlı hazırladığı videofilm nümayiş olundu. Daha sonra tədbirdə çıxış edən professor Firudin Cəlilov və digər natiqlər də bildirdilər ki, tarixi faktlar onu deməyə əsas verir ki, ermənilərin Pazırıq xalçasını özününküləşdirməyə mənəvi haqqı yoxdur. Natiqlər vurğuladılar ki, bununla bağlı ciddi tədbirlər həyata keçirilməli, güclü təbliğat işi aparılmalıdır.

 

 

Ədil Ədilzadə

 

Olaylar.- 2012.- 7 iyun.- S.8.