Savadsız
reklam problemi
Nailə
İsmayılova: “Ali təhsil müəssisələrində
reklam üzrə kadrların
yüksək səviyyədə hazırlanması vacib məsələlərdən
biridir”
Müsahibimiz
“Yeni Həyat" Humanitar və Sosial Dayaq” İB-nin sədri Nailə İsmayılovadır.
-Nailə xanım, bu gün istər
televiziya, istərsə də küçə reklamları ilə
bağlı vəziyyət barəsində nə deyə bilərsiniz?
-İlk
öncə bu mövzunu gündəmə gətirdiyinizə
görə Sizə təşəkkür edirəm. Əslində
bu məsələ ilə bağlı deyiləcək
çox şey var. Əgər məsələyə
müqayisəli şəkildə yanaşsaq, təbii ki,
müəyyən mənada beş il bundan əvvəlki tarixə
görə irəliləyiş var, peşəkarlıq
baxımından söyləyirəm. Amma daha məntiqlə
desək, çatışmazlıqlar çoxdur.
Hamımızın evində televizor var. Maraqlı verilişləri
izləyərkən reklam fasiləsində müxtəlif məhsulların
reklamı nümayiş olunur. Bildiyim qədər
nümayiş olunan bu reklamlar müxtəlif “Produktion” Şirkətlər
tərəfindən çəkilir. Bu reklamların
hamısının peşəkar çəkildiyini və səsləndirilməsinin
yerində olduğunu demək mümkün deyil. Əlbəttə
mən reklamçı deyiləm, təbii ki,
tamaşaçı zövqü baxımından söyləyirəm
və məncə bütün bunları söyləməyə
haqqım var, çünki mən də bir
tamaşaçıyam. Reklamlar da tamaşaçıların
reklam olunan məhsulların alıcısına çevrilməsi
üçün bir fürsətdir, bu məsələdə
də daha çox sahibkarlar maraqlıdırlar. Və bu zaman
ortaya sahibkar və reklam şirkətlərinin
arasındakı münasibətlərin düzgün müəyyən
olunması məsələsi çıxır. Digər bir məsələ
başqa ölkələrdə istehsal olunmuş reklamların
Azərbaycan televiziyasında nümayiş olunması
üçün doğma
dilimizdə dublyaj məsələsidir. Dublyajın
aşağı səviyyədə olması həmin
reklamın, eyni zamanda reklam olunan məhsulun reytinqini
aşağı salır. Bu da nəticə etibarilə məhsulun
alıcılıq qabiliyyətinə ciddi mənfi təsir
göstərir. İkincisi, hər
birimiz gün ərzində bir dəfə də olsa
küçəyə çıxırıq. Demək olar ki,
ilk rastlaşdığımız şeylərdən biri də
küçələrdə asılmış reklamlardır.
İstər-istəməz gözlərimiz reklamlara
sataşır və onları oxumaq məcburiyyətində
qalırıq. Asılmış reklamların
yazılışının azərbaycan dilinin orfoqrafik
qaydalarına uyğun gəlməməsi adamı
qıcıqlandırır, belə ki, dilimizə olan hörmətsizlik
dövlətimizə olan münasibət kimi təzahür
olunur. Çünki illərdən bəri
arzuladığımız dövlət dilimizin düzgün
istifadə olunması və inkişafı bizim
üçün əsas prioritetlərindən biridir.
Yabançı dillərin reklam sahəsinə də sirayət
etməsi arzuolunmazdır. Hər bir xalqın, dövlətin
dilinə hörmətimiz var.
Lakin bizim dilimiz dövlət dilimizdir. Hələ mən
metrodakı reklamları demirəm. Bir sözlə, məncə
hər bir sahədə olduğu kimi, reklam sahəsində də
xüsusi mədəniyyətin tətbiq olunmasına ehtiyac
var. Onu da qeyd edim ki, hazırda Azərbaycanda hər kəsin
kiçik və orta sahibkarlıq fəaliyyətilə məşğul
olması üçün münbit şərait var. Və bu
zaman sahibkarlıqla məşğul olan hər kəs reklam
sifarişçisinə çevrilir. Demək, buradan belə nəticəyə
gəlmək olar ki, reklam işi sahəsindəki vacib məsələlərdən
biri də vətəndaşlar arasında maarifləndirmə
işinin qanunvericiliyə uyğun şəkildə
aparılmasıdır.
-Bu sahə üzrə
araşdırma apararkən məlum olur ki, ortada olan problemlər
qanunvericilikdə olan boşluqlardan doğur. Sizcə qanunverici
bazada nə kimi dəyişikliklər etmək lazımdır?
-Məncə
bu sahədəki boşluqların aradan qaldırılması
üçün peşəkar insanların təcrübəsindən
yararlanaraq onların verdiyi yeni-yeni təkliflərin
qanunvericilikdə nəzərə alınmasına ehtiyac var.
Reklam işi üzrə savad verən ali təhsil müəssisələrindəki
kadrların yüksək səviyyədə hazırlanması
vacib məsələlərdən biridir. Ola bilsin ki, bizim bilmədiyimiz
başqa səbəblər də var ki, onlar yenidən
araşdırılmalı və yeri gələrsə,
qanunvericilikdə də dəyişikliklər edilməlidir.
Bütün bunlar o zaman reklam sahəsindəki müsbət
inkişafa öz töhvəsini vermiş olacaqdır.
Bəzən
mətbuat vasitəsilə edilən iradlı
çıxışlar “yeni qurumlar”ın yaradılmasına rəvac
verir. Lakin biz yeni qurumların yaradılmasının deyil, bu
sahədəki müvafiq mövcud qurumların nəzarət
mexanizminin daha da gücləndirilməsinin tərəfdarıyıq.
Əlbəttə ki, bu mexanizm qanunvericilik tərəfindən
tənzimlənməlidir. Belə olan halda qanunvericilik
bazasının konkret maddələri reklam işi sahəsində
olan nöqsan və qüsurların,
çatışmamazlıqların aradan
qaldırılmasında mühüm rol oynayacaqdır ki, reklam
işi ilə məşğul olan şirkətlərin də,
eyni zamanda reklam sifarişçilərinin də məsuliyyətləri
artacaq.
-İctimai təşkilat olaraq
reklamlarda olan çatışmamazlıqla bağlı
aidiyyatı qurumlara müraciət etmisiniz?
-Səmimi
olaraq söyləmək istəyirəm ki, xeyr, etməmişəm.
Lakin gündəlik həyatımda
qarşılaşdığım reklam lövhələrindəki
savadsızlığı, məsuliyyətsizliyi və s. görüncə,
özümün özümə verdiyim suallar çox olub.
-Reklamların maarifləndirmə
yükünün artırılması üçün daha nə
kimi addımlar atılmalıdır?
-Ümumiyyətlə,
reklam sahəsində maarifləndirmə işinin təşkil
olunmasında dövlət qurumları ilə bərabər Vətəndaş
Cəmiyyətinin üzərinə də müəyyən vəzifələr
düşür. Belə ki, ictimai nəzarətin gücləndirilməsi,
təbii ki, reklam sahəsindəki
irəliləyişə təkan vermiş olacaqdır. Bu da
ölkəmizin sosial-iqtisadi inkişafında
oynayacağı ən
mühüm roldur. Onu da qeyd edim ki, hazırda Azərbaycanda hər
kəsin kiçik və orta sahibkarlıq fəaliyyətiylə
məşğul olması üçün münbit şərait
var. Və bu zaman sahibkarlıqla məşğul olan hər kəs
reklam sifarişçisinə çevrilir. Demək, buradan belə
nəticəyə gəlmək olar ki, reklam işi sahəsindəki
vacib məsələlərdən biri də vətəndaşlar
arasında maarifləndirmə işinin qanunvericiliyə
uyğun şəkildə aparılmasıdır.
-Xarici reklamların geniş
yayımı davam edir. Bu reklamların montajı zamanı isə
ədəbi dilin normaları kobud şəkildə pozulur. Bax
belə reklamların yayımının
qarşısını necə almaq olar?
-Mən
artıq bununla bağlı müəyyən fikirlərimi
yuxarıda qeyd etdim. Əlbəttə ki, mən yaxşı təcrübənin
tətbiq olunmasının tərəfdarıyam, necə deyərlər,
gör, götür dünyasıdır. Qardaş ölkə
olan Türkiyə telekanallarını izlərkən, reklam sahəsindəki
işlərin nə qədər mükəmməl həyata
keçirildiyinin şahidi oluruq. Məsələ onda deyil ki,
birə bir onların etdiklərini təkrarlamalıyıq.
Xarici reklamların yayımına gəlincə, bu, normal bir
şeydir.Yuxarıda qeyd etdiyim kimi, onların montajı bəzən
gülünc görünür. Bu da o deməkdir ki, hələ
də bu işlərdə çatışmamazlıqlar var.
İstər xarici reklamlar olsun, istərsə də
özümüzün istehsal etdiyimiz reklamlar olsun, dilin
qorunması başlıca məsələ olmalıdır. Digər
bir tərəfdən ixtisaslı mütəxəssislərə
böyük ehtiyac var. İnsaflı olmaq istəyirəm,
yaxşı işləri də danmaq olmaz. Belə ki, yol kənarında
reklam bilbortlar, gündən günə gözəlləşən
şəhərimizin müxtəlif yerlərində
quraşdırılmış böyük
ölçülü reklam monitorları, hündürmərtəbəli
binaların üzərindəki reklam işıqları və
s. çox zövqlü, keyfiyyət baxımından təqdirəlayiqdir.
Bir şeyi də qeyd etmək istərdim ki, bildiyimiz kimi, may
ayında ölkəmizdə “Avrovision” kimi Beynəlxalq
Mahnı Müsabiqəsi möhtəşəm şəkildə
keçirildi və bütün dünyaya yayımlandı.Mənə
elə gəlir ki, Azərbaycana xaricdən gələn turistləri
şəhərin gözəlliyi ilə bərabər,
qabaqcadan işıqlar vasitəsilə hazırlanmış
binaların, hətta belə tariximizi özündə
yaşadan “Qız Qalası”nın üzərindəki reklam
işləri özünə cəlb etmişdir. Ümumilikdə
götürsək, reklam sahəsindəki inkişaf da
respublikamızın vətəndaşlarının sosial və
iqtisadi rifahının yüksəlməsinə xidmət etməlidir.
Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə ABUC-nin həyata
keçirdiyi “Sosial tədqiqatlar yolu ilə əhalinin reklama
münasibətinin öyrənilməsi” layihəsi çərçivəsində
çap olunur
Ədil Ədilzadə
Olaylar.- 2012.- 14 iyun.- S.11.