Zaqatala daşları və əski
türkcə yazılar - TARİX
Bəxtiyar
Tuncay
Bu yaxınlarda məni
yazılarımdan tanıdığını söyləyən,
əslən Zaqataladan olduğunu
bildirən tanımadığım bir
şəxs zəng vuraraq dedi
ki, onun
yaşadığı rayonun ərazisindəki
mağaraların birindən üzərində naməlum
yazılar olan bir
neçə daş tapılıb. Onları AMEA-nın Tarix İnstitutunun əməkdaşlarına
təqdim edib, fəqət onlar
yazılardan baş çıxara bilməyiblər.
Həmin adamla görüşməyə
qərar verdik. Məlum oldu
ki, o, əslən
Zaqataladandır, riyaziyyat müəllimidir,
adı da Nadir Səttarovdur.
Yazıları görən kimi, onların əski türk-run
yazılarına çox bənzədiyini
dərhal hiss etdim, fəqət
bu sahədə yetgin
mütəxəssis olmadığım üçün
daşların və yazıların fotosunu
gerçək mütəxəssis hesab etdiyim Mənsur Rəhbəriyə göstərmək
üçün çəkdim, sonra isə tanınmış dilçi
alim Firudin
Ağasıoğluna zəng edib onu da məlumatlandırdım.
Daşları Firudin bəyə göstərməsi
üçün Nadir
bəylə onun arasında əlaqə
yaratdım. Qonaq mənimlə xudahafizləşib,
cənab Ağasıoğlu ilə görüşə getdi. Sabahısı gün
Firudin bəylə əlaqə saxlayaraq nə düşündüyünü
soruşdum. Alim
daşların saklar dövrünə və
hətta daha qədim dövrə aid ola biləcəyini,
yazıların isə ehtimalən yazıyaqədərki əski
türk tamğaları olduğunu
düşündüyünü söylədi.
Lakin bu, təbii ki, onun ilkin
rəyi idi. Dostum Mənsur
Rəhbəriyə gəlincə isə, o,
yazıların surətini görən kimi,
onların türk-run yazıları olduğunu, bəzi işarələrin tamğa (heroqlif) mahiyyəti
daşıdığını bildirdi. Məndən
bir-iki gün vaxt istədi.
Mənsur
bəy artıq yazıları oxuyub və
onlarla elmi ictimaiyyəti
tanış etməyi isə bu sətirlərin
müəllifinə həvalə edib. Və
mən də böyük qürur
və şərəf hissi ilə bunu edirəm.
Yazılara və onların
oxunuşlarına keçməmişdən öncə sevgidəyər
oxucularımıza sözügedən daşlar
barədə ümumi məlumat verməyi
daha doğru hesab edirəm. İlk
öncə qeyd edim ki, onların hamısı çay
daşıdır, daha dəqiq desək, çay daşından çox kobud şəkildə
yonulmuş barelyef tipli qabartma (biri heykəlcik formasında) fiqurlardan
ibarətdir. Ümumi sayları 6 ədəddir.
Əksəriyyəti
qadın formasında olan fiqurların bir qismi Eneolit
dövrünün (e.ə. Vl-V minilliklər) Ana
tanrıça heykəlciklərini xatırlatsa da, həmin
dövrə aid heykəlciklər əsasən gildən
düzəldildiyindən, içlərində çay
daşından qayrılmış fiqurlara rast gəlinmədiyindən
Zaqatala daşlarının və təbii ki, həm də
yazıların Tunc dövrünə (e.ə. lV-lll minilliklər)
aid ola biləcəyini düşünürük.
Daşlardan
birinin nəyi ifadə etdiyini müəyyənləşdirmək
çox çətindir. Onun nəyə xidmət etdiyi də
naməlumdur. Bütün bunları müəyyən etməyi
gələcək tədqiqatçıların öhdəsinə
buraxaraq, qeyd etməliyəm ki, bu sahədə onlara
daşın üzərindəki heroqliflər (tamğalar)
yardımçı ola bilər.
Fiqurlardan
heykəlcik formasında olan birisi
doğmaqda olan qadını xatırladır. Şübhəsiz
ki, bu heykəlcik doğum və bərəkət
tanrıçasını ifadə edir. Eyni sözləri əlində
körpə tutmuş qadın (tanrıça) barelyefi barədə
də söyləmək olar . Haqqında danışmaq istədiyimiz
yazılardan biri məhz həmin daşın üzərində
cızılmışdır. Yeri gəlmişkən bildirmək
lazımdır ki, Türkmənistandan tapılan və Tunc
dövrünə aid edilən təsvirlərdə də əlində
körpə tutmuş tanrıça təsvirlərinə
sıx-sıx rast gəlinir. Arxeoloq Sarianidi həmin təsvirləri
bir neçə min il sonra xristianlar arasında
yayğınlaşan Həzrət Məryəmlə körpə
Həzrət İsanın (ə) birgə ikonalarının
prototipi saymaqdadır.
Maraq
doğuran qadın barelyeflərindən biri büst şəklində
təsvir edilib və ola bilsin ki, estetik mahiyyət
daşıyıb . Qadının boğaz nahiyəsində bir
tamğa cızılıb. Amma cızılma texnikasına
görə barelyefin yonulduğu dövrdən
çox-çox sonralar cızılana bənzəyir. Digər
maraqlı barelyefik tipli təsvir isə döşündən
ətrafa süd çilənən qadın təsviridir. Bu təsvir
funksional baxımdan Quba ərazisində yerləşən,
xalq arasında “Pir Bənövşə nənə” adı ilə
tanınan mağara-pirlə eyni mifoloji-semantik cərgədə
durmaqdadır. İçərisində qadın döşlərini
xatırladan və içindən su damcıları
damcılayan qaya parcalarının bulunduğu sözügedən
bu pirə, Mirəli Seyidovun yazdığına görə,
doğmayan qadınlar övlad istəyi ilə gələrmişlər.
İşin
ən maraqlı tərəfi isə budur ki, eyni təsvirin
paralelinə Hindistandan tapılmış başqa bir təsvirdə
də rast gəlinməkdədir və çox güman ki,
eyni inancı uzaq Hindistana Azərbaycandan saklar
aparmışlar.
Yuxarı
hissəsində günəş və keçinin birgə təsviri
olan və çox güman ki, müəyyən bir zamanı
(məsələn, martın 21-ni) ifadə edən bu təsvirin
altında haqqında danışmaq istədiyimiz ikinci runik
yazı yerləşməkdədir.
Öncə
Mənsur Rəhbərinin oxumuş olduğu bu yazıdan
başlayaq. Yazı üç runik işarə və ideoqram
mahiyyəti daşıyan bir piktoqramdan ibarətdir.
Bütün əski türk yazıları kimi bu yazıda
sağdan sola oxunur. Sağdan birinci işarə Orxon-Yenisey
yazılarından tanıdığımız işarədir
ki, “nq” qarışıq (sonor “n”) səsini ifadə etməkdədir.
İkinci yerdə gələn, insan təsviri formasında olan
heroqlifi cənab Rəhbəri “ər” (insan, adam, kişi) kimi
oxumaqda, fəqət bu halda onun ideoqrafik işarə kimi
çıxış etdiyini və özündən əvvəlki
işarə (nq) ilə birlikdə “ünqür” (mağara)
kimi oxunmalı olduğunu bildirməkdədir. Sonrakı, 3-cü və 4-cü
işarələr isə müqabil olaraq “nt” və “ş” səslərini
ifadə edir və birlikdə “antaş”// “anı taşı”
(xatirə daşı) və ya “and daşı” kimi oxunur.
Mənsur bəyin fikrincə,
daşların tapıldığı mağara
qədim insanların tapınaq yeri olub və sözügedən daşda
yazılanlar yaz fəslində, ehtimalən
oğlaq ayında (oğlaq
və günəş) keçirilən hansısa ibadət xarakterli mərasimə işarə edir.
Üzərində
yazı olan digər daşa
gəlincə isə, orada dörd
runik işarə yer
almaqdadır. Onlardan sağdan sola
birincisi Orxon-Yenisey
abidələrində çox halda fonoqram kimi çıxış edən və “b” səsini verən, Tonyuquq
abidəsində isə bir yerdə ideoqram kimi
çıxış edərək “baş”
// ”bas” sözünü
(baş, kəllə) bildirən runik işarənin İdil-Ural
runik yazılarında rastlanan variantıdır və hazırki
vəziyyətdə “bas” kimi
oxunur. “T” səsini verən
və sözügedən yazıda ikinci
yerdə duran işarə ilə birlikdə
“basot” (şəfqətverici, köməkçi,
yardımçı) sözünü əmələ
gətirir. “Ç” səsini verən və mətndə
göstərilməyən saitlərlə birlikdə
“açı” (ana) kimi
oxunan 3-cü işarəni də əlavə
etdikdə, “şəfqətverici ana”
alınır ki, bu da qucağında körpə tutan
ana tanrıça fiqurunu
tam izah edir. Sonuncu, “ş” səsini verən işarə isə, Mənsur
Rəhbərinin fikrincə, əzizləyicilik ifadə edən
şəkilçi kimi (ana-ş,
ata-ş və s.)
çıxış etməkdədir.
Fikrimcə,
bu oxunuşu tam mükəmməl hesab
etmək olar.
Olaylar.- 2012.- 15-18 iyun.- S.13.