"Əgər
hansısa aktyor deyirsə ki..."
- Ramiz Novruz
"Belə
bir əsərdə oynamaq
hər bir aktyorun arzusudur"
Xalq artisti Ramiz Novruz Milli.Az-a
müsahibəsində yeni
personajını və həmkarlarını müdafiə etdi.
Dosye: Əsli Lerikdən olan Ramiz Kəvvam oğlu Novruzov 1955-ci il mayın 25-də
Biləsuvar rayonunun Səmədabad qəsəbəsində
anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun dram və
kino aktyorluğu fakültəsinə, Adil İsgəndərovun
kursuna daxil olub. 1978-ci ildə ali məktəbi bitirərək
təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət
Dram Teatrında aktyor fəaliyyətinə başlayaraq bir
neçə fərqli rolda çıxış edib. 1981-ci
ildə Akademik Milli Dram Teatrının truppasına daxil olub.
Bu teatrın səhnəsində Nəvvab və İran
şahzadəsi, Sisyanov və Kərbəlayi xan, Seyton, Edmund,
Kreon, İbn Yəmin, Səlim bəy, Andranik və Nostradamus, Ələs
bəy, Qaçaq Süleyman, Cəbrayıl və başqa
rolları yaradıb. Kinomanlar və teletamaşa həvəskarları
Ramiz Novruzu Həzi Aslanov, Dərbənd elçisi, Divan bəyi,
musiqi müəllimi, Antoni, Kənan, Nihad və s.
rollarından tanıyırlar. R.Novruz 1993-cü ildə Azərbaycan
Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq
artisti fəxri adlarına layiq görülüb. Prezident
mükafatçısıdı.
- Söhbətimizə hələlik
son işiniz olan “Yaşlı xanımın gəlişi”
tamaşasındakı Alfred İll obrazınızdan
başlayaq. Bu əsəri, nəinki, teatrın tarixi, sizin
yaradıcılığınız üçün də
yeni səhifə hesab etmək olar.
- Əlbəttə,
həm bu obrazı, həm də “Xanuma”dakı Knyazı
yaradıcılığımda yeni və maraqlı səhifə
hesab edirəm. Belə bir əsərdə oynamaq hər bir
aktyorun arzusudur.
- Tamaşada improvizələr, əlavələr
kifayət qədərdi. Sizin nəzərinizdə İll
kimdir?
- Alfred
İllin cavanlıq səhvi o şəhərin kişi sakinlərinin
hər birinin başına gəlib. Sadəcə olaraq,
İllin bəxti gətirmir. Klara Veşer şəhərin
dirçəlməsi üçün pullarını əsirgəməyəcəyini
deyəndə bütün şəhər əhalisi rəqs
edir, İlldən başqa. Deməli, Klaranın, üzr istəyirəm,
onu fahişəyə çevirən dünyanı fahişəxanaya
çevirmək niyyətinin həyata keçməsinə
kömək edirlər. Bu səhnəni ictimai baxışda
oynasaq da, premyera nümayişlərində
çıxarılmışdı, amma ola bilsin ki, yenidən
daxil edilsin. Klaranın özü ilə tabut, qəfəsdə
qara bəbir (Klara gəncliyində Alfredi “mənim qara bəbirim”
deyə çağırırmış - red.) gətirməsi
rejissor (Rövşən Almuradlı - red.) yozumunun əlavələridi.
Tamaşanın alınması üçün aktyorlar da
müəyyən yollar tapmalıdırlar. Məsələn,
mənim qəhrəmanım Klaranın əlini öpəndə
o, deyir ki, bu qolu protezdi. Qucaqlayanda Alfred soruşur ki, Klara, sənin
hər yerin protezdi? Bax, belə “tormozlar”ı aktyor özü
tapmalıdı.
Nurəddinlə
(Burqomistr rolunda çıxış edən xalq artisti Nurəddin
Mehdixanlı - red.) söhbətimizdə onun kresloların
yerini dəyişməyi, son səhnələrin birində
şəhər həkimi İllə ölümcül iynə
vuranda Alfredin içini çəkə-çəkə,
qırıq-qırıq nəfəs alması da improvizədi.
Pyesin ideyası odur ki, Alfred İlldən başqa bütün
şəhər satılır. Bütün bu improvizələr,
əlavələr bu ideyanı çatdırmağa müəyyən
mənada kömək edir.
- Tamaşaçıların hansı
reaksiyasını gözləyirdiniz? Ehtimal edirdiniz ki,
zaldakıların əksəriyyəti, özü də
kişi tamaşaçılar Klara Veşerin intiqamını
o cür sürəkli alqışlarla qarşılayacaqlar?
-
Alqışlar gözləmədiyim yerdə, İllin qətli
baş verəndə getdi. Mən gözləyirdim ki, Alfred bəbir
kimi keşişin qabağında əlləri üstə diz
çökəndə olacaq. Amma göründüyü kimi,
siz, məsələn, bu məqamı tutmusunuz, biz də belə
tamaşaçıları nəzərə alırıq. O
tamaşaya baxan bəzi tamaşaçılardan eşitmişəm
ki, birinci hissə darıxdırıcı idi. Məəttəl
qalmışam, hadisələrin bir-birinin ardınca inkişaf
etdiyi hissə necə darıxdırıcı ola bilər? Deməli,
həmin tamaşaçılar əvvəlcədən özlərini
darıxmağa kökləyiblər.
-
Sözün düzü, mən də o ehtimalla gəlmişdim
ki, əsas sözü dramaturq deyəcək, yaradıcı
heyət isə onun səsinə səs verməyəcək.
Amma çox şad oldum ki, ehtimalım bu dəfə
doğrulmadı.
- Tamaşalarımıza gələndə
xəbər verin ki, bir az da mobil oynayaq.
- Ramiz
Novruzun özünü növbəti dəfə dramaturq kimi
sınaması üçün nə tələb olunur?
- O vaxt mən
“Hələ “sevirəm” deməmişdilər”i yazanda
münbit şərait var idi. Qarabağ mövzusunda dram əsərləri
az yazılırdı, arabir yazılanlar isə təsirli
deyildi... Ona görə bu pyes yerinə və vaxtına
düşdü. Həmkarlarım da, məsələn, rəhmətlik
Mikayıl Mirzə təqdir edib ruhlandırmışdılar.
Hələlik üzə çıxarmadığım bir-iki
pyes var. Bir siyasi qrotesk yazmışam, baxıram ki, orda daha
çox ağlım mənə təkan verib, nəinki, ilham,
ilham bir az azalıb. Amma gərək bu pyesin üzərində
bir az da işləyib axıra çatdırım. İstəyirəm
ki, şəxsi həqiqəti Vətən həqiqətindən
üstün tutanlara sözümü deyim.
- “Azdrama”da
çalışdığınız illər ərzində
teatra ən müxtəlif şəxslər rəhbərlik
ediblər. Teatr isə elə yerdir ki, rəhbərliyin şəxsiyyəti
mütləq öz rolunu oynayır.
- Teatr tamaşaçını
bir addım qabaqlamalıdı. Bizim teatrda islahatların başlaması ilə ətalət
yox oldu. İndi üç aya yeddi-səkkiz tamaşa
hazırlanır. Əvvəllər belə tempi
təsəvvür etmək çətin idi.
Ən əsası isə “Azdrama” Azərbaycanda
qapanıb qalmaqdan qurtuldu. “Xəcalət”
tamaşası ilə Yaltada, Belqradda, Kişinyovda çox böyük uğurla çıxış etdik.
Hətta bu tamaşaya
görə müxtəlif nominasiyalar
üzrə mükafatlar almasaydıq, teatrşünaslar Azərbaycan teatr
sənətini, aktyorluq məktəbini
yüksək qiymətləndirməsəydilər belə, Azərbaycanın
taleyüklü problemlərindən bəhs
edən tamaşanın əcnəbilər tərəfindən
maraqla baxılmasının özü uğur deməkdi.
Doğrudu, islahatlar insan amili ilə
bağlı olduğu üçün
bir az dayandı. Bir də teatrın öz
tamaşaçı auditoriyası formalaşıb, bu çox vacib
nailiyyətdi. Bəzi adamlar hərdən
deyirlər ki, zal tam dolmamışdı. Məgər teatr sirkdi, nədi ki, bütün oturacaqlar tutulsun?
Vaxtaşırı repertuardakı yeniliklərdən xəbər
tutan üç yüz nəfər daimi
tamaşaçımız var. Bu, teatr üçün
kiçik rəqəm deyil.
-
İslahatların fonunda intriqalar,
dedi-qodular da
vaxtaşırı özünü
göstərir.
- Vallah, “Azdrama”dan monstr düzəldiblər...
- Yəqin əsas teatr olduğuna görədi. Hətta bir müddət əvvəl sizinlə Nurəddin Mehdixanlının
arasını vurmaq istəyənlər də
tapılmışdı. Çox xoşagəlməz hal idi.
- Bəli, çox xoşagəlməz hal idi. Bu məsələ
artıq bağlanıb,
mən bir də buna qayıtmaq
istəmirəm. Bircə
onu demək istəyirəm ki, bizim indi dost itirən vaxtımız deyil - Nurəddinlə isə otuz beş ilin dostuyuq. Bundan əlavə, onun
kimi tərəf-müqabillərinə
hər addımda rast gəlmir.
Bizim teatr haqqında
doğurdan söz-söhbət
çox yayılıb. İndiyə qədər danışırlar
ki, o vaxt kimsə Hökümə Qurbanovanın paltarının
ətəyini qayçılayıb.
Mən şəxsən buna inanmıram. Teatra gəldiyim
ilk vaxtlardan indiyə qədər ancaq yaxşı münasibətlə
qarşılaşmışam, ustadlardan həmişə
xeyir-dua almışam.
Hardasa düz deyirsiniz, intriqalar, dedi-qodular yox deyil. Qəribə
qısqanclıq əmələ
gəlib - məsələn,
Bəsti xanımı
tərifləyirsən, başqa
bir aktrisa səndən inciyir. Tərəf-müqabili kimi Bəsti
xanımın, Firəngiz
xanımın... doğrudan
da əvəzi yoxdu.
Amma dəyişikliklərin
yaxşı tərəfindən
danışmaq daha xoşdur. Məncə, xüsusən indi
gənclərin gileylənməyə,
yaşlı nəslin
onların potensiallarının
açılmasına mane olduqlarını
demələrinə heç
bir əsas yoxdu. Çünki meydan yaradılıb,
özünü göstərə
bilən göstərəcək.
Görün, bizə başqa teatrlardan nə qədər rejissor, aktyor dəvət olunur! Getdikcə bu sənətə münasibət lap yaxşı
tərəfə dəyişəcək.
Aktyor olmaq istəyənlərə
deməyəcəklər ki,
neynirsən aktyor olub, onlar qəpik-quruş
qazanırlar. Aktyorluğun çörəkli sənət
olması fikri yaranmalıdı. Amma əgər
görürsən ki,
bura sənin yerin deyil, gərək
vaxtında özünə
uyğun sahə seçəsən. O dərəcəyə
çatdırmaq lazım
deyil ki, ömrünün yarısını
bu işə sərf edəsən, axırda da heç qonşularının
da sənin aktyor olmağından xəbərləri olmasın.
- Yaxın gələcəkdə tamaşaçılarınızla
hansı rolda görüşməyə hazırlaşırsınız?
- Hətta bir neçə rolda. Ehtimal var ki, “Napoleon və Jozefina” əsərində Napoleon rolunda,
“İblis”də İblis
obrazında çıxış
edəcəm. Teatrın rəhbərliyinin
bir qədər uzaq planlarında “Kral Lir”lə, “Maqbet” də var.
- Bəs, böyük kinoda?
- Böyük kinoda yeni filmin çəkilməsinə
aparan yol çoxmərhələli olduğu
üçün konkret
söz deyə bilməyəcəm. Rövşən Almuradlı ilə bir kinoideyamız var, İsmayıl Şıxlının “Ölən
dünyam” romanını
ekranlaşdırmaq istəyirik.
Belə.
Deyir, aktyorun ürəyi oynamadığı
rolların qəbiristanlığıdı...
- Sizin ürəyinizdə
çoxdu belə rollar?
- Yox, o qədər də çox deyil. Düzdü, yaş ötdükcə
bir çox personajlardan əlini üzməli olursan. Amma məsələn, Romeonu oynamaq arzum heç
vaxt olmayıb. Əgər hansısa aktyor deyirsə ki, arzusunda olduğu rol qalmayıb, bu, qəribə düşüncədi. Deməli,
onun ya klassiklərin
əsərlərindən xəbəri
yoxdu, ya da...
- Ya da özünü sındırmır.
- Bəli, ya da
özünü sındırmır.
Mənim
ən çox sevdiyim rol Məmmədhəsən
əmidi.
Milli.az
Olaylar.- 2012.- 22 iyun.- S.12.