"İstəyirsiniz
mikrofonu əlimə alıb
bağırım...”
- Dilarə
Əliyeva: “14 il qayınana ilə yaşamaq, özü də
necə yaşamaq...”
Modern.az-da “Mübahisə”
rubrikasının 13-cü qonağı Əməkdar artist,
“Burda və indi” teleşousunun aparıcısı Dilarə Əliyevadır.
– Hazırda
“Sirr” serialına çəkilirəm və verilişin də
çəkilişləri davam edir. Bu serialda jurnalist
obrazını oynayıram.
– Əməkdar artist Dilarə Əliyeva,
yoxsa əməkdar aparıcı Dilarə Əliyeva? Hansı
daha doğru təqdimatdır?
- Prinsipcə
biri digərinin ayrılmaz hissəsidir. Əgər bu, bir əyləncəli
proqramdırsa, nədən onu aktyor, yaxud da aktrisa
aparmasın?! Təbii ki hər aktyor, hər jurnalist əyləncəli
şou-proqram apara bilməz. Bunun üçün tamam
başqa xüsusiyyətlər, keyfiyyətlər
olmalıdır.
– Hansı keyfiyyətlər?
– Sualı
qurmaq, söhbəti qurmaq, verilişin ritmini, tempini saxlamaq,
tamaşaçıyla ünsiyyətə girmək, hər
hansı xəbəri təqdim eləmək... Əgər
özündə bir neçə keyfiyyəti birləşdirə
bilirəmsə və tamaşaçı da bunu qəbul edirsə,
niyə də yox?!
– Veriliş yaranandan bu tərəfə
yanınızda hər zaman köməkçi personajlar olub.
Sizcə, buna nə dərəcədə ehtiyac var?
– Çox
böyük ehtiyac var. Çünki təqdimat elə
düşünülüb.
– Bəlkə bəzi məqamlarda
aparıcının deyə bilmədiyini həmin personajlar
deyirlər?
– Deyə
bilmədiyim söhbət yoxdur. Lazım olan məqamda
mümkün olan hər şeyi deyirəm. Ola bilər ki bunu
açıq mətnlə deyil, sarkazmla, satirayla gözünə
əyləncə qata-qata deyirik. Göndərdiyimiz
mesajların alt qatında heç bir qərəz yatmır.
Bizim əsas hədəfimiz şou-biznesdir.
– Dəfələrlə belə
fikirlər səsləndirilir ki, Azərbaycanda şou biznes
yoxdur. Sizin də hədəfiniz şou-biznesdir. Olmayan bir
şey necə hədəf ola bilər?
– Sizin saytda niyə
şou-biznes bölməsi
var?
– Bizim saytda
mədəniyyət bölməsi
var, şou-biznes yoxdur.
– Mədəniyyət bölməsində
şou biznes haqqında yazılarınız
olur və dəfələrlə şou
biznes kəlməsi yazılır.
– Saytımızın hədəfi
şou-biznes deyil. Amma sizin verilişin hədəfi şou-biznesdir.
– Bəli. Şou-biznesimiz pisdir, yaxşıdır,
zəifdir, amma məşhur tamaşada deyildiyi kimi, olanımız budur. Doğrudur, yüksək səslə bağıra bilmərik ki, bizdə şou-biznes var. Çünki
bu çox böyük anlayışdır.
İnsanlar şoulara milyonlar
xərcləyirlər.
– Özünüzü
şou biznes adamı hesab edirsiniz?
– Mən özümü şou-biznes aparıcısı
kimi hiss edə bilərəm, adamı kimi yox. Nəyə görə?
Gəlin
şounun içində
olan atributları sayaq. Əyləncə, işıq, sirk
elementləri, oxumaq, oynamaq, artistlik. Bizim veriliş indi olanların içərisində
sırf şou-biznes verilişidir. Bəlkə,
sabah kimsə
elə bir veriliş hazırlayacaq ki, biz ağzımızı
açıb ona baxacağıq. O ki qaldı mənim şou-biznes adamı olmağıma, şou-biznes
adamı olan insan efirdən kənarda öz şoularını qurmalıdır,
sonra onun biznesini eləməlidir.
– Siz “Cavid
ömrü” filmində,
“Gəlinlər” teletamaşasında,
“Oğru” tamaşasında
maraqlı obrazlar oynadınız, amma yenə də aktrisa kimi yadda
qalmadınız.
– Bu çox normaldır. Çünki 15 ildir tamaşaçı
istədi-istəmədi onun
evinin qonağı oluram.
– Bir aktrisa
üçün aparıcı
kimi yadda qalmaq nə qədər yaxşı məqamdır?
– Heç kimə diktə edə bilmərəm ki, məni aktrisa kimi yadında saxlasın. Aparıcı ola-ola hərdən bir aktrisalıqla məşğul olmaqla tamaşaçının yadında
aktrisa kim
qalmaq çətin məsələdir. Teatrda tamaşalarım
olub. Hər kəsin bildiyi
bir həqiqət var ki, televiziya
qədər kütləvi
təbliğat açarı
yoxdur. Teatrda istədiyini oynaya
bilərsən, amma o qədər də tanınmayacaqsan. Məsələn, “Cavid ömrü” filmini tamaşaçı
ildə bir-iki dəfə görür, amma verilişlə hər həftə efirdəyəm.
– Çox böyük bir kütlə var ki, sizin həm
də aktrisa olmağınızdan xəbərsizdir.
Razılaşırsınız?
– (gülümsəyir) Elə
adamlar var ki, ümumiyyətlə, verilişimdən xəbərsizdir. İnanın ki, məni heç nə təəccübləndirmir.
– Həyatda da efirdəki kimi “qırmızı” adamsınız?
– İstəyirsiniz adımı
qırmızı qoyun,
istəyirsiniz qara, amma həyatda da riyakarlığı sevmirəm. İllər ərzində xarakterim
bu cür formalaşıb.
– Verilişdən sonra sizdən inciyənlər olub?
– Qətiyyən. Sözü deməyin də
qaydası var. Onlar mənim müsahiblərimdir,
hər birinə hörmətlə yanaşıram.
Hörmətlə yanaşmasaydım verilişə çağırmazdım.
Hamının yaxşısına yaxşı, pisinə pis deyirik.
– Bildiyimə görə bəzi qonaqlarınız verilişinizə çıxmaq
üçün...
– (sözümü kəsir)
Sualınızı başa
düşdüm. 15 ildir efirdəyəm və kimdən istəyirsən soruşa bilərsən.
Mənim
verilişimə heç
vaxt heç kəs bir gül
dəstəsi belə
bağlayıb gətirməyib.
– (zarafatyana) Bəs qonaqların efirdə sizə bağışladığı gül dəstələrini
səhnənin arxasında
özünüzmü onlara
verirsiniz?
– Mən indi misal
üçün dedim.
Nə mən, nə də çalışdığım
komanda belə şeyləri qəbul etmir. Əgər bu 15 il
ərzində belə
şey olsaydı mən efirə çıxmazdım. Qızım universitetdə
oxuyur. Kiməsə pul verib qiymət yazdırmaq, kimdənsə pul alıb efirə çıxarmaq bizlik deyil. İstəyirsiniz mikrofonu əlimə
alıb bağırım.
Belə şeyləri özümə
təhqir sayıram.
– Bəlkə sizə yox, verilişin prodakşın
rəhbərliyinə veriblər?
– Əsla.
– Bir az da gəlin
Dilarə Əliyevadan
danışaq. “Gəlinlər” teletamaşasında
oynadığınız Xavər
obrazınız sizə
nə dərəcədə
yaxındır?
– Bu bir obrazdır. Mən obraza həvəslə girib çıxmağı
bacarıram.
– Yəni?
– Bir az ayıq ol da.
Tutmadın dediklərimi.
– Mən başa düşdüm, bəs oxucular?
– Bu il evliliyimizin
20 ili tamam olacaq və bu müddətin 14 ilini qayınanamla bir evdə yaşamışam.
14 il qayınana
ilə yaşamaq, özü də necə yaşamaq...
– Hə, sonra...
– Yox, yox. Qayınanam çox
yaxşı insandır,
özü də aktrisadır. Özüm haqqımda
çox danışaram,
sonra deyəcəklər
ki, özünü tərifləyir.
– Az öncə bildirdiniz ki, qızınız tələbədir. O da aktrisa olacaq?
– Onun üçün bu sahə maraqlı
deyil. Bakı Dövlət Universitetinin
fəlsəfə fakültəsində
oxuyur.
– Məşhurluğunuz
hansısa məqamda sizə kömək edirmi? Yaxud da tanınmağınızdan
sui-istifadə elədiyiniz
olur?
– Sui-istifadə eləmirəm,
amma sağ olsunlar ki, hörmətlə
yanaşırlar. Yolda görəndə
də normal qarşılayırlar.
– Tənqiddən çəkinirsiniz?
– Sağlam tənqiddən çəkinmirəm bilməliyəm
ki, onun kökündə qərəz
yoxdur. Özümə vurğun insan
deyiləm. 15 ildir verilişimin hər buraxılışına
baxıram, hər dəfə də özümə tənqidi
yanaşıram.
– Tənqiddən sındığınız olub?
– Qırılmaq olub, sınmaq yox. Sadəcə,
düzgün təhlil
aparılmayanda xoşuma
gəlməyib. Xeyli
müddət əvvəl
bir xanım jurnalist veriliş haqda yazmışdı ki, budurmu bizim
musiqi xəzinəmiz,
sənətimiz... Təbii ki,
həmin jurnalistlə
danışdım, iradımı
bildirdim. Dedim ki, sizin yazdığınız
bilirsiniz nəyə oxşayır? Elə bil mədəniyyət
verilişinə baxırsan,
deyirsən ki, niyə burada ekologiyadan danışmırlar.
Mədəniyyətdən danışmaq iddiası
ilə orada oturub şou-biznes haqda danışsam sənin iddian haqlıydı.
– Niyə verilişinizdə reklamlara
çox yer ayırırsınız?
– Televiziya verilişləri reklamlar arasındakı vaxtı doldurmaq üçündü. Təbii ki,
mən bu suala cavab verə
bilmərəm. Bildiyim odur
ki, yüksək reytinq göstəricisi olan verilişlərin arasında da reklamlar çox yerləşdirilir. Bu mənə veriləcək
sual deyil.
– Mənə elə gəlir ki, tənqidə qarşı aqressivsiniz. Bəzi məqamlarda suala sualla cavab verirsiniz.
– Bayaqdan normal gəlirsən
bir az
məntiqsizlik olanda suala sual gəlir.
Bir də görürsən soruşurlar niyə Rəqsanəni verilişinə
çağırırsan, cavab
verirəm ki, bu insan tanınır,
kifayət qədər
sevəni var, ona görə də çağırıram.
– Son olaraq bizdə kütlə üstünlük təşkil
edir, yoxsa fərdlər?
– Bu sualını o qədər
də yaxşı saymıram. Deyəsən, sən özün
də tənqidə açıq deyilsən.
– Aparıcı tamaşaçısının kimliyini bilib işini qurmalıdır.
– Bütün sahələrdə
yaxşılar da, əlalar da, işinin öhdəsindən
lazımınca gələ
bilməyənlər də
var. Bu fikri tamaşaçılara
da aid etmək olar. İstənilən halda tamaşaçılarımdan
narazı deyiləm.
modern.az
Olaylar.- 2012.-
26-27 iyun.- S.9.