Diaspor təşkilatlarımız xaricdə yaşayan soydaşlarımızın problemlərinin həllində aktiv rol oynayır

 

Azərbaycandan kənarda yaşayan soydaşlarımızın üzləşdikləri problemlərin həlli hər zaman dövlətin qarşısında duran mühüm vəzifələrdən olub. Zaman-zaman Azərbaycan dövləti ayrı-ayrı ölkələrdə yaranmış bu və ya digər problemlərin orada yaşayan azərbaycanlılara az təsir göstərməsi, yaxud həmin problemlərin soydaşlarımıza təsirsiz ötüşməsi üçün müvafiq addımlar atıb, tədbirlər həyata keçirib. Sözügedən istiqamətdə Azərbaycan dövləti, bu sahə ilə məşğul olan müvafiq dövlət strukturları ilə yanaşı həmin ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da aktiv rol oynayıblar. Bu sırada Rusiya Federasiyasında müntəzəm olaraq meydana gələn problemləri və bu ölkədəki Azərbaycan diasporunun fəaliyyətini xüsusi qeyd etmək yerinə düşər.

 

2006-cı ildə Rusiya Federasiyasının bəzi regionlarında ekstremist yönümlü qüvvələrin fəallaşmasına etiraz əlaməti olaraq ÜmumRusiya Azərbaycanlıları Konqresi tərəfindən bir sıra addımlar atılıb. Belə ki, ÜmumRusiya Azərbaycanlıları Konqresi bəyanat yayaraq Rusiyada əcnəbilərə qarşı baş alıb gedən nifrət və millətçilik təzahürləri ilə əlaqədar etirazını bildirib.. Həmçinin konqres digər milli icmaların nümayəndələrinin iştirakı ilə bu problemlə əlaqədar dəyirmi masa təşkil edib. Rusiya Federasiyası hökumətinin 15 noyabr, 2006-cı il tarixli 683 saylı məlum qərarına əsasən, 2007-ci il, yanvar ayının 15-dən etibarən ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyətlərin tətbiq edilməsi nəzərdə tutulurdu. Həmin qərar müvafiq olaraq bu ölkədə ticarətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarına da şamil olunduğundan noyabr ayının 22-də prezident İlham Əliyev “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” sərəncam imzaladı. Dövlət başçısının imzaladığı sərəncama uyğun olaraq sözügedən məsələ ilə bağlı Dövlət Komissiyası yaradıldı. Dövlət Komissiyasının həmin il, dekabrın 2-də keçirilmiş iclasında komissiyaya daxil olan qurumların məsul şəxslərindən ibarət işçi qrupu yaradıldı. Qərara uyğun olaraq Rusiya Federasiyasında ticarətlə məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi, həmin problemlərin ümumiləşdirilməsi və müvafiq tədbirlər planının hazırlanması həyata keçirildi. Həmçinin soydaşlarımıza operativ köməyin göstərilməsi məqsədilə Rusiya Federasiyasının müxtəlif regionlarında Azərbaycan diaspor təşkilatlarının, ölkəmizin Rusiyadakı səfirliyinin və konsulluqların adı çəkilən Dövlət Komissiyasında təmsil olunan nümayəndələrindən ibarət operativ qərargah yaradıldı. Dekabrın 7-də isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərliyi ilə nümayəndə heyəti Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Nazim İbrahimov Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşdü. 2007-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, ÜmumRusiya Azərbaycanlıları Konqresi, Əmək və Əhalinin Sosial Müdafiəsi, eləcə də Daxili İşlər nazirlikləri tərəfindən hazırlanan tədbirlər planına əsasən Moskva, Sankt-Peterburq, Yekaterinburq, Nijni-Novqorod, Çeboksarı, Volqoqrad, Rostov-Don, Novosibirski, Xabarovs, Ulan-Udedə yaradılmış operativ qərargahlarda həmvətənlərimizə hüquqi yardım göstərildi. Qərargahların təşkili və fəaliyyəti ÜmumRusiya Azərbaycan Konqresi və onun regional bölmələrinə həvalə olundu. Azərbaycan dövlətinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində soydaşlarımızın Rusiya Federasiyasından kütləvi şəkildə köçürülməsi ehtimalının qarşısı alındı. Bu ölkədə yeni qanunun qəbulu azərbaycanlıların öz iş və yaşayışlarını leqallaşdırmasına stimul verdi. 2007-ci il, fevralın 20-dən etibarən Azərbaycanın Moskvadakı səfirliyində Rusiyada yaşayan həmvətənlərimizə ümumvətəndaş pasportlarının verilməsinə başlandı.

Şimal qonşumuzda yaşayan azərbaycanlıların işlə təminatı sahəsində də ötən müddət ərzində Rusiya Federasiyasında fəaliyyət göstərən diaspor təşkilatlarımız tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Belə ki, 2007-ci il, mart ayının 2-də Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti-“AzərRos” ictimai təşkilatı “Ruslavbank” Səhmdar Kommersiya Bankı ilə birgə “Əmək miqrasiyasının sosial-hüquqi və iqtisadi aspektləri, leqallaşdırma yolları” mövzusu ətrafında dəyirmi masa təşkil edir. Tədbirin məqsədi Rusiya ilə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında mal dövriyyəsi, pul köçürmələri barəsində məlumat vermək, Rusiya ərazisində əmək fəaliyyəti ilə məşğul olan miqrantların qeyd olunan məsələlərə təsiri, onun müsbət və mənfi nəticələrini öyrənmək idi. Tədbir həmçinin əmək miqrasiyasının leqallaşdırılması sahəsində görülən işlər barəsində soydaşlarımızı məlumatlandırmağa xidmət edirdi. Bütün bunların məntiqi nəticəsi olaraq həmin il mayın 16-da Rusiya Azərbaycanlıları Milli Mədəni Muxtariyyəti “AzərRos” binasında əmək miqrantları üçün ilk vakansiyalar yarmarkası keçirilir. Sentyabrın 19-da isə Moskvadakı Mərkəzi Sahibkarlar Evində ÜmumRusiya Azərbaycanlıları Konqresi, Moskva hökumətinin Regionlararası Məsələlər və Milli Siyasət Komitəsi, eləcə də Moskva İnformasiya-İşgüzar Mərkəzi ilə birgə təşkil etdiyi boş iş yerləri yarmarkası keçirilir. Yarmarkada Moskva və Moskva vilayətlərinin onlarca idarə və müəssisəsini təmsil edən işəgötürənlər iştirak edir. Onlar iqtisadiyyatın müxtəlif sahələrində geniş spektrli ixtisaslar üzrə müxtəlif vakansiyalar təklif edirlər. Yarmarkaya onlarca azərbaycanlı miqrant, eləcə də başqa ölkələrdən gəlmiş işaxtaranlar müraciət edirlər.

 

***

 

Ötən dövr ərzində soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı bir sıra elmi-praktik konfranslar da keçirilib. Belə ki, Moskva Millətlər Evində “Azərbaycan diasporu Rusiya sosialogiyasının aynasında” mövzusunda elmi-praktik konfrans təşkil olunub. Tədbiri ÜmumRusiya Azərbaycanlıları Konqresi və Rusiya Elmlər Akademiyasının Sosialogiya İnstitutu təşkil edir. 2007-ci il, mayın 1-də isə ÜmumRusiya Azərbaycanlıları Konqresi Moskva Xalqlar Dostluğu Universiteti ərazisində azərbaycanlılar və ermənilər arasında baş verən toqquşma zamanı yaralanmış Ağəli Alışovun hüquqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlə həyata keçirir. Baş vermiş hadisə zamanı xəsarət almış Ağəli Alışovun müalicəsi məhz Azərbaycan diasporunun köməyi hesabına baş tutur. Həmçinin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi nəqliyyat və otel xərclərini öz üzərinə götürərək Ağəli Alışovun valideynlərini Moskvaya göndərir.

 

***

 

Zaman-zaman Gürcüstanda yaşayan soydaşlarımız da bu ölkədə müxtəlif problemlərlə qarşılaşıblar. Müntəzəm olaraq meydana çıxan bu və ya digər problemlərin yoluna qoyulması, Gürcüstandakı soydaşlarımızın hüquqlarının bərpası istiqamətində də Azərbaycan dövləti mütəmadi olaraq tədbirlər həyata keçirib. 2007-ci ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini operativ həll etmək və daimi nəzarətdə saxlamaq məqsədilə müvafiq komissiya yaradılır. İyunun 21-də isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Zurab Melikişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşür. Görüşdə azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli bölgəsindəki mövcud problemlər ətrafında fikir mübadiləsi aparılır. Avqust ayının 24 və 25-də Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanın azərbaycanlılar təhsil alan məktəblərində çalışan 30 nəfər təhsil işçisi ilə görüşür. Görüşdə Gürcüstan azərbaycanlılarının təhsil sahəsində qarşılaşdığı problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılır. Keçirilən görüşlər və əldə edilən razılaşmalara əsasən Gürcüstanda Azərbaycan dilində nəşr edilən mətbu orqanların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində də tədbirlərin həyata keçirilməsinə başlanır. Belə ki, qonşu ölkədə Azərbaycan dilində nəşr edilən “Region plyus”, “Ziya” qəzetlərinin, “Qarapapaqlar” jurnalının maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. 2009-cu ilin mart ayında isə Gürcüstanda Azərbaycanlı İş Adamları və Şirkətlərin İctimai Birliyi təsis edilir. Qısa zaman ərzində sözügedən birlik bu ölkədə yaşayan soydaşlarımızın işsizlik probleminin həlli, sahibkarların hüquqi maarifləndirilməsi və digər məsələlərlə əlaqədar tədbirlər həyata keçirməyə başlayır. 22 şirkəti öz ətrafında birləşdirən Azərbaycanlı İş Adamları və Şirkətlərin İctimai Birliyi Marneuli şəhərində qeydiyyatdan keçir. İyul ayında isə Marneuli rayonunda “Qeyrət” Xalq Hərəkatı tərəfindən “XXI əsrin gerçəkləri və Azərbaycan diasporunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda elmi=praktik konfrans keçirilir. Konfransda Gürcüstan azərbaycanlılarının hüquq və azadlıqlarının qorunması sahəsində mövcud olan problemlər ətrafında fikir mübadiləsi aparılır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 1 mart.- S.15.