Anaların, yoxsa körpələrin bəlası?.. 

 

Uşağa verilən hər bir qaşıq ana südü onu bir xəstəlikdən qoruyur.

 

Körpə olanda anamızın böyük həvəslə bizə verdiyi südün xeyrini bütün ömrümüz boyu görmüşük. Ana südü bizi təhlükəli xəstəliklərdən qoruyub, immunitetimizi güclü edib, əqli və ruhi inkişafımıza müsbət təsir edib. Bir gün gəldi, bəzilərimiz də ana oldu, lakin onların heç də hamısı övladına öz anasının ona davrandığı kimi davranmadı. Bəzilərimiz onu əmizdirmək yerinə ağzına bir qaşıq horra, ya da şübhəli tərkibli süni uşaq yeməyi töküb iştahla yeyəcəyini gözlədik... körpəmizin yeni açılmış gözlərindəki narazılığı görmədən...

 

Ana südü sadəcə möcüzədir!

 

Yazımıza bu möcüzə haqda qısa arayışla başlayaq. Ana südü həmişə ən uyğun temperaturdadır. Ana südünü vermək üçün pul xərcləməyə ehtiyac yoxdur, ən sərfəli qidadır. Ana südü ilə qidalanan körpələrdə allergik xəstəliklərə çox az rast gəlinir. Ananın doğuşdan sonra övladına verdiyi ilk südə el arasında "ağız südü" deyirlər ki, bu süd körpənin ilk peyvəndi hesab olunur. Hər bir qaşıq ana südü övladınızı bir xəstəlikdən qoruyur. Ana südü ilə qidalanan uşaqlarda mədə-bağırsaq və tənəffüs yolları xəstəliyi çox nadir hallarda olur.

Ana südü körpədə qulaq infeksiyalarına yoluxma riskini xeyli azaldır. Hətta, bu sətirlərin müəllifinə bir həkim uşağın qulağı ağrıyanda qulağına ana südü damızdırmağı tapşırmışdı. Dediyi kimi etdik, həqiqətən də effektiv nəticəsini gördük. Xüsusilə qeyd edək ki, ana südü ilə qidalanan uşaqlarda meningit xəstəliyi olmur. Təbii qidalanan uşaqlarda revmatizm də olmur.

Süni qidalarla böyüyən uşaq ana südü ilə qidalanan uşaqlara nisbətən köklük xəstəliyi riski daşıyır. Ana südü təbii sakitləşdirici və yuxu dərmanıdır. Döş əmən körpənin dişləri daha sağlam və səliqəli inkişaf edir. Bir çox ana uşağını yedirərkən südün nəfəs borusuna düşməsindən çox ehtiyat edir. Ümumdünya Səhiyyə Təşkilatının 2009-cu ildə apardığı bir araşdırmaya görə, ana südü ilə qidalanan uşaqlar heç bir halda bu risklə qarşılaşmırlar. Qız uşaqlarının ana südündən məhrum qalması daha təhlükəlidir, çünki ana südü verilməyən qızlar daha çox döş xərçəngi riski daşıyırlar. Süni qida ilə böyüyən uşaqlar ana südü ilə böyüyən yaşıdlarına nisbətən hər şeyi daha zəif qavrayırlar. Ana südü ilə qidalanan uşaqların immuniteti daha güclü olur. Süni qida ilə qidalanan uşaqların ana südü ilə qidalanan yaşıdları ilə nisbətdə diabet xəstəliyinə yoluxma riski var.

 

Belə analar da var...

 

4 il bundan öncə oğlum dünyaya gələndə bir həftə qaldığım doğum evində çox əcaib hadisələrlə rastlaşdım. O hadisələrdən biri də 23 yaşlı gənc ananın özünə və körpəsinə etdiyi əziyyət idi. Körpə çox zəif idi və xüsusi qayğıya ehtiyacı vardı, ən əsası da ana südünə. Amma anası yalnız özünü düşünürdü.

Uşaq doğulan kimi ana süd vəzilərini yaylıqla sıxıb kürəyindən möhkəm-möhkəm bağladı, südün kəsilməsi üçün əvvəlcədən aldığı dərmanları içdi. Süd isə kəsilmədi, süd vəziləri partlayacaq hala gəldi. Qadın südsağan cihazla südünü sağıb ayaqyoluna tökdü, körpələr otağında acından ağlayan övladına isə süni qida verilməsini tələb etdi.

Həkimlərin təəccübünə və danlağına qətiyyən əhəmiyyət vermədi. Onu düşündürən yeganə şey süd vəzilərinin formasının pozulmaması idi... Lakin savadsızlıq bəlası, kitab, qəzet oxumaq əvəzinə, seriala baxmaq azarı onu və onun kimiləri uşağa ana südü verən qadınların daha yaxşı və düzgün fiquraya malik olduqlarını təsdiq edən elmi araşdırmalardan xəbərsiz saxlamışdı.

 

Kimə inanaq?

 

Ana südünün faydaları və əmizdirmənin əhəmiyyəti saymaqla bitməz. Dünyanın ən məşhur həkimləri, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF analara körpələrini əmizdirməyi məsləhət görür. Amma həm Azərbaycanda, həm də dünyada ana südü ilə qidalanma son illərin ən aktual problemidir.

Baş pediatr Nəsib Quliyev deyir ki, 1992-ci ildə Azərbaycanda 1 yaşadək körpələrin 25 faizi ana südü ilə qidalanırdı, amma hazırda bu göstərici 50%-dən çoxdur. Qeyd edək ki, Türkiyənin müstəqil ekspertlərinin Azərbaycanda apardıqları araşdırmaya görə, 1 yaşadək körpələrin 70%-ə qədəri ana südü ilə qidalanır. Amma UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard bildirir ki, Azərbaycanda 12% ana körpəsini 6 aya qədər ana südü ilə qidalandırır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirir ki, 2010-cu ilə Milli Məclisdə qəbul olunan "Ana südü haqqında qanun" kifayət qədər effekt vermədi və məsələyə yenidən qayıdılacaq: "Çünki 12% çox narahatedici bir rəqəmdir, məsələyə yenidən baxıla və dəyişiklik edilə bilər".

 

Övladını düşünməyən qadın, heç olmasa, özünü düşün!

 

Mütəxəssislər deyirlər ki, əmizdirmə son dərəcədə güvənli və təbii bir üsuldur. Hər məməli canlı kimi, insanlar da balasını doğuşdan dərhal sonra əmizdirməlidirlər. Ananın körpəyə süd verməsi körpəyə inanılmaz dərəcədə güc-qüvvət, sağlamlıq və enerji verir. Amma süd verən qadının özü də bu prosesdə daha tez sağalır. Çünki doğuşdan dərhal sonra qadın körpəsini əmizdirməyə başlasa, doğuşdan sonra çox vaxt baş verən təhlükəli qanaxmalar heç vaxt olmur.

Bütün hamilə qadınların orqanizmində hamiləlik müddətində gələcək körpəsini əmizdirə bilməsi üçün proseslər gedir. Buna görə də hər bir ana əmizdirmə qabiliyyətinə malikdir. Mütəxəssislər bildirirlər ki, süni yollarla südün kəsilməsinə cəhd etmək orqanizmdə qarşısıalınmaz fəsadlar yarada bilər. Körpələrini əmizdirən qadınlarda süd vəzisi xərçəngi əmizdirməyən qadınlara nisbətən 25% daha azdır.

Körpəsini əmizdirən qadınlar daha tez arıqlamaq imkanı əldə edə bilirlər. Çünki süd verən analar gündə 500 kalori xərcləyirlər. Əmizdirmə anada yumurtalıq xərçəngi riskini xeyli azaldır. Üstəlik, əmizdirmə arzuolunmaz hamiləlikdən qoruyur. ÜST-ün bir araşdırmasına əsasən, körpəsini əmizdirən qadınlar əmizdirməyənlərə nisbətən daha qamətli, daha sağlam və daha uzunömürlü olurlar.

Əmizdirmə ilə ana bədənindən "oksitosin" adlı hormon ifraz olunur. Bu hormon həm südün döşlərdən çölə atılmasını həyata keçirir, həm də doğuşdan sonra yumurtalığın yığılmasını asanlaşdırır. Ana südü üzdəki sızanaq və civzələrə qarşı da kömək edir, hər gün dəri südlə silinsə və ana südündə isladılmış dəsmalla kompres edilsə, bütün civzələrdən və ləkələrdən təmizlənər.

 

Ana ilə bala arasındakı gözəgörünməz əlaqə

 

Əmizdirmə zamanı ana ilə körpə arasında eyni zamanda bir gözəgörünməz əlaqə yaranır və bu, etibar bağıdır. Mütəxəssislər bildirirlər ki, süd verən analar övladından uzaq olduqda belə, onu hiss edir, narahat olmasını, ağlamasını duyurlar. Bu gözəgörünməz bağ uşaqlıq dövründə və məktəb çağında uşağın ən çox ehtiyac duyduğu hissdir.

Bütün körpələr qucağı sevir, amma əmizdirmə zamanı tutulan formada qucaqlaşma bütün uşaqlar üçün əsl səadətdir. ÜST-ün bununla bağlı bir araşdırmasında qeyd olunur ki, əmizdirmə zamanı anasının qucağında olan körpənin ruhi inkişafı üçün bu duruş son dərəcə əhəmiyyətlidir.

2008-ci ildə Ukraynada 2500 uşaq arasında aparılmış tədqiqata görə, ana südü verilmiş uşaqların valideynlərini daha çox sevdikləri, onların verdikləri tərbiyəni tez mənimsədikləri, zehin və yaddaşlarının güclü olduğu müəyyən edilmişdi. 2000-ci ildə Rusiyada aparılmış bir tədqiqat isə ağır cinayət törədən yeniyetmələrin 85%-dən çoxunun ana südü verilməyən uşaqlar olduğu aşkar olunmuşdu.

Elmi araşdırmalara görə, normal halda uşaqlara 2 yaşadək ana südü verilməlidir. Ən pis halda bu proses 1 yaşadək davam etməlidir. Uşağa ana südü verilməsini binanın bünövrəsinin qoyulması ilə müqayisə etmək olar. Bünövrə möhkəm olsa, bina sağlam və uzunömürlü olar.

 

Həkim: "Analar övladlarından asılı olmaq istəmirlər"

 

Respublika Klinik Xəstəxanasının həkimi Samirə Allahverdiyevanın sözlərinə görə, ananın körpəsini ana südü ilə qidalandırmasının bir neçə və bir-birilə bağlı səbəbləri var: "Belə analar süd vəzisinin deformasiya olunmasını, laktostaz (süd durğunluğu) nəticəsində ağrı və narahatlıq yaşamağı, gilə ətrafının yara olmasını, çatlamasını istəmirlər. Həmçinin, süd vəzisinin həcminin artması ilə bağlı dəri cırılmalarının (çatlar) yaranmasından da əziyyət çəkirlər".

S.Allahverdiyeva deyir ki, ana südü körpə üçün çox əhəmiyyətlidir: "Tibbi cəhətdən sübut olunub ki, təbii qidalanma ilə böyüyən uşaqlar, süni qidalanan uşaqlara nisbətən raxit, anemiya, disbakterioz, ağciyər iltihabı, kəskin respirator xəstəliklər və digər infeksion xəstəliklərlə daha az hallarda yoluxurlar. Ana südü ilə qidalana bilməyən uşaqlar süni qidadan immunoqlobulinlər ala bilmədikləri üçün xəstəliklərə qarşı daha həssas olurlar və peyvəndləri bir qədər çətin keçirirlər".

Həkimin sözlərinə görə, anaların çoxu südvermə dövründə zəngin qidalanıb çəkilərinin artmasından çox qorxurlar. Eyni zamanda, ilkin dövrdə süd vəzisindən öz-özünə südün axaraq paltarlarını bulaşdırmasını da istəmirlər. Həmçinin, ana psixoloji səbəblərə görə də əmizdirməkdən imtina edir, yəni ana özünü uşaqdan asılı hala salmaq istəmir, öz fəaliyyətini məhdudlaşdırmaq istəmir.

Mütəxəssis bu qorxuların heç bir əsası olmadığını, gənc anaların yanlış məlumatlara malik olduqlarını vurğulayaraq məsləhət görür ki, analar mütləq dünyaya gətirdikləri uşaqlarına süd verməlidirlər. Çünki təbii-bioloji qanunauyğunluqların pozulması həm ananın, həm də uşağın sağlamlığını təhlükə altına qoyur.

 

 

Olaylar.- 2012.- 1 mart.- S.10.