Gürcüstan azərbaycanlıları

 

Soydaşlarımız bu ölkədə ən böyük etnik qrup sayılır

 

Müasir dövrümüzdə soydaşlarımızın daha sıx məskunlaşdığı ölkələrdən biriqonşu Gürcüstan hesab olunur. Ümumiyyətlə, Gürcüstan əhalisinin 30 faizindən çoxu başqa millətlərin nümayəndələrindən ibarətdir. Tarixi Azərbaycan torpaqları sayılan, bu gün isə Gürcüstan Respublikasının tərkibində olan ayrı-ayrı regionlarda hazırda 300 min nəfərdən artıq azərbaycanlının yaşadığı bildirilir. Lakin Gürcüstanda yaşayan azərbaycanlıların sayının daha çox olduğu da söylənilir. Bu səbəbdən zaman-zaman bu ölkədə yaşayan soydaşlarımızın sayı barədə müxtəlif fikirlər səsləndirlir. Hətta bir sıra hallarda bu məsələ mübahisə predmetinə də çevrilir. Bəzi qeyri-hökumət təşkilatları Gürcüstanda yaşayan azərbaycanlıların sayının 500 min, hətta 600 minə yaxın olduğunu bildirirlər. Bəzi dairələrin müxtəlif rəqəmlər üzərində israr etməsinə baxmayaraq azərbaycanlıların Gürcüstanda ən böyük etnik qrup olduğu danılmazdır. Hazırda Gürcüstan ərazisində azərbaycanlılar yaşayan kəndlərin sayı 200-dən çoxdur.

 

2000-ci ildə keçirilmiş əhalinin ümumi siyahıyaalınmasının nəticələrinə görə isə Gürcüstanda 289761 nəfər azərbaycanlı yaşayır. Bu isə ümumilikdə ölkə əhalisinin 6,5 faizini təşkil edir. Statistikadan da göründüyü kimi azərbaycanlılar Gürcüstandakı milli azlıqlar arasında say çoxluğuna görə, birinci yeri tutur. 2004-cü ildə Gürcüstan Statistika Departamentinin keçirdiyi sorğuda isə azərbaycanlıların sayının 247789 nəfər olduğu bildirilir. Qonşu ölkədə yaşayan soydaşlarımız əsasən Kvemo-Kartli, Şida-Kartli və Kaxet bölgələrində məskunlaşıblar. Onlar yığcam halda Marneuli, Bolnisi, Dmanisi, Qardabani rayonlarında, Zalqa rayonunun Ərcivan elatında, Kaxet bölgəsinin Qaraçöp elatında, qismən isə Tetrisxaro, Zalqa, Telavi, Laqodex, Kaspi, Msxeta, Qori rayonlarında yaşayırlar. Gürcüstanda azərbaycanlıların ən sıx məskunlaşdığı rayonlar arasında Marneuli birinci yerdə durur. Adı çəkilən rayonda 125 min azərbaycanlı yaşayır. Sonrakı yerləri isə Qardabani və Bolnisi rayonları tutur.

 

***

 

Gürcüstan azərbaycanlıları zaman-zaman qonşu ölkədə bu və ya digər problemlərlə qarşılaşıblar. Soydaşlarımızın üzləşdiyi başlıca problemlərdən biri olan gürcü dilini bilməmək, Azərbaycan məktəblərinin dərsliklərlə təminatında çətinliklərin olması və bu kimi problemlərin həlli məqsədilə Azərbaycan dövləti, eləcə də bu sahə ilə məşğul olan müvafiq qurumlar tərəfindən lazımı tədbirlər həyata keçirilib. Belə ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2008-2010-cu illərdə bu ölkədə fəaliyyət göstərən 124 Azərbaycan dilli məktəblərin 84-də Gürcü dili kursları açılıb. Kurslara ümumilikdə 1700 şagird cəlb olunub ki, onlardan da 510 nəfərini orta məktəb məzunları təşkil edib. Bundan başqa 2009-cu ildə Azərbaycan məktəblərini bitirmiş, lakin gürcü dilini zəif bildiyinə görə ali məktəblərə qəbul oluna bilməyən gənclər də həmin kurslara cəlb edilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dilini mənimsəməsinə daha yaxşı şərait yaratmaq məqsədilə müvafiq dərsliklər, əyani vəsaitlərin hazırlanması istiqamətində də müvafiq tədbirlər həyata keçirib. Dövlət Komitəsinin dəstəyi ilə gürcü dilinin tədrisi üçün hər biri 2000 nüsxə olmaqla “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti”, “Gürcü dilinin qrammatikası” kitabları, həmçinin gürcü dilinin qrammatikasına dair 300 dəst cədvəl hazırlanaraq Azərbaycan dilli məktəblərə və gürcü dili kurslarına təqdim edilib. Həmçinin Dövlət Komitəsinin dəstəyi ilə 20 min sözdən ibarət ikicildlik “Azərbaycanca-gürcücə” lüğət nəşr olunub. 2010-cu ildə Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə “Azərbaycanca gürcücə qısa dəftərxana və mühasibat terminləri lüğəti”, “Azərbaycanca-gürcücə, Gürcücə-Azərbaycanca danışıq lüğəti”, “Azərbaycanca-gürcücə hüquq terminləri lüğəti” çap edilib. Təhsil haqqında qanuna uyğun olaraq Gürcüstanda 12 illik təhsil sisteminə keçidlə əlaqədar 2009-cu ildə azərbaycandilli məktəblərdə buraxılış nəzərdə tutulmadığından Azərbaycan məktəblərində təşkil edilmiş dil kurslarında təhsil alan gənclərin gürcü dilini daha yaxşı mənimsəyə bilməsi üçün ikiillik şans yaradılmışdı. Gürcü dili kurslarının səmərəli fəaliyyəti nəticəsində ötən müddət ərzində azərbaycanlı gənclərin Gürcüstanın ali məktəblərinə qəbul faizi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2006-2007-ci tədris ilində Gürcüstanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş azərbaycanlı abituriyentlərdən 20 nəfər, 2007-2008-ci tədris ilində 40, 2008-2009-cu tədris ilində 245 nəfər tələbə adını qazanıb. 2010-2011-ci illərdə bu rəqəm bir qədər də artaraq 458 nəfər təşkil edib. Onu da qeyd etmək yerinə düşər ki, 2010-2011-ci tədris ilində Gürcüstan ali məktəblərinə qəbul olmuş 458 azərbaycanlı tələbənin 352 nəfəri məhz Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ölkədə təşkil edilmiş gürcü dili kurslarının dinləyiciləri olub. Bundan başqa Heydər Əliyev Fondunun dəstəyi ilə Dmanisi şəhərinin mərkəzində Kompüter Tədris Mərkəzi inşa olunub və mərkəz bütün lazımı avadanlıqlarla təmin edilib. Ötən dövr ərzində sözügedən mərkəzdə bir sıra mədəni-kütləvi tədbirlər, yubiley mərasimləri təşkil olunub. Məhz Heydər Əliyev Fondunun qayğısı nəticəsində Gürcüstandakı Azərbaycan məktəblərinin birinci sinif şagirdləri hər il dərsliklərlə və tədris vəsaiti ilə təmin olunur.

Gürcüstanda yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının qorunması, həmçinin soydaşlarımızın hüquqi cəhətdən maarifləndirilməsi sahəsində də ötən müddət ərzində Dövlət Komitəsi tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Marneuli Azərbaycanlılarının Mədəniyyət Mərkəzində hüquq şöbəsi yaradılıb və peşəkar hüquqşünaslar bu işə cəlb edilib. Şöbə tərəfindən əhaliyə müvafiq hüququ yardımlar göstərilib. Gürcüstan Ombudsmanının Marneuli nümayəndəliyi də məhz soydaşlarımızın hüquq və azadlıqlarının qorunması məqsədilə yaradılıb. 2010-cu ildə bu ölkədə fəaliyyət göstərən “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyinin bir sıra layihələri Dövlət Komitəsi tərəfindən dəstəklənərək uğurla həyata keçirilib. Adı çəkilən İctimai Birlik tərəfindən həmin ilin mart ayında “Kvemo-Kartli regionunda yaşayan yoxsul təbəqədən olan əhalinin hüquqi yardımdan istifadə etmək imkanı” mövzusunda layihəsi böyük uğur qazanıb. İyun ayında isə “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən “Gürcüstanda yaşayan etnik azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya problemləri” mövzusunda konfrans keçirilib. Həmçinin ötən dövr ərzində Dövlət Komitəsinin dəstəyi ilə “Tolerans” İnsan Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Gürcüstan Konstitusiyasının layihəsi Azərbaycan dilinə tərcümə edilərək çap olunub. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qeyrət” Xalq Hərəkatı tərəfindən Gürcüstanın dövlət və hökumət nümayəndələrinin iştirakı ilə “Gürcüstan azərbaycanlılarının hüquq və azadlıqlarının qorunması sahəsində mövcud olan problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa təşkil edilib. Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən isə “Gürcüstan azərbaycanlılarının Gürcüstan cəmiyyətinə inteqrasiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.

Gürcüstanda yaşayan soydaşlarımızın təşkilatlanması, onların bir mərkəzdə birləşməsi də daim gündəmdə olub və bu ölkədə fəaliyyət göstərən cəmiyyətlər, eləcə də müvafiq dövlət strukturları zaman-zaman sözügedən istiqamətdə müəyyən tədbirlər həyata keçiriblər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin apardığı məqsədyönlü işlər nəticəsində 2010-cu il, may ayının 15-də Gürcüstan azərbaycanlı gənclərinin birinci qurultayı keçirilib. Qurultayda çıxış edən gənclər təşkilatlarının nümayəndələri onları narahat edən problemlərdən danışaraq azərbaycanlıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilmiş layihələri təqdir etdiklərini vurğulayıblar. Çıxışlarda bəzi gənclərin dövlət dilini bilməməsi, dövlət idarəçiliyində soydaşlarımızın məhdud şəkildə təmsil olunması, hüquqi maarifləndirmə sahəsində mövcud olan çətinliklər, insan hüquqlarının pozulması ilə bağlı bir sıra problemlərə toxunulub. Qurultayda Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiya sahəsindəki mövcud problemlər müzakirə edilib və Gürcüstan Azərbaycan Gənclərinin İttifaqı təsis olunub.

Gürcüstan azərbaycanlıları bu ölkənin kütləvi informasiya vasitələri ilə yaxından işləyir, Azərbaycan həqiqətləri mütəmadi olaraq qonşu ölkə mətbuatında işıqlandırılır. Paralel olaraq bu ölkədə yaşayan soydaşlarımız da bir sıra mətbu orqanlar təsis edərək informasiya təbliğatında mühüm rol oynayırlar. Bu sıraya “Gürcüstan”, “Region press”, “Ziya”, “Ozan”, “Maarif”, “Qarapapaqlar” qəzetlərini, 2009-cu ildən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çap edilən “Meydan” jurnalı, “Gürcüstan azərbaycanlıları” və “Qeyrət” qəzetlərini aid etmək olar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 2 mart.- S.15.