Azərbaycanın zəngin mədəni irsi diasporamız tərəfindən təbliğ edilir

 

Azərbaycan xalqının qədim tarixi və çoxəsrlik zəngin mədəniyyətinin təbliği ölkəmizi dünyada layiqincə tanıtmaq üçün ən effektli təbliğat materialıdır. Azərbaycan mədəniyyəti, tarixi, incəsənətinə həsr olunmuş demək olar ki, bütün tədbirlərin xarici ölkələrdə xüsusi maraqla qarşılanması buna parlaq sübutdur. Azərbaycan diaspor təşkilatları da bu mühüm amili öz fəaliyyətlərində daim nəzərə almağa çalışır. Bu gün Azərbaycan diasporunun fəaliyyətinin əsas prinsiplərindən biri də bundan ibarətdir ki, Azərbaycanı layiqincə təmsil üçün onun mədəniyyəti, tarixini tanıtmaq lazımdır. Çünki bu qədər zəngin mədəniyyəti və tarixi olan xalqlar dünyada o qədər də çox deyil. Məhz bu amili nəzərə alan Azərbaycan diasporu fəaliyyət göstərdiyi dövlətlərdə ölkəmizin üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın torpaqlarımızı işğal altında saxlaması faktını dünya ictimaiyyətinə çatdırmaqla yanaşı zəngin mədəni irsimiz, tariximiz, mədəniyyətimiz, adət-ənənələrimizi də layiqincə təmsil edir, zaman-zaman fəaliyyət göstərdikləri ölkələrdə müxtəlif tədbirlər keçirir.

 

Bu mənada ötən illər ərzində diaspor təşkilatlarımızın mədəni irsimiz, adət-ənənələrimizin təbliği istiqamətində keçirdiyi tədbirlər mühüm əhəmiyyət kəsb edir. 2009-cu il, fevralın 21-də Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir keçirilib. Bu ölkədə fəaliyyətdə olan bir sıra Azərbaycan qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə xaricdə yaşayan azərbaycanlıların Ana dili, ümumiyyətlə türkdilli millətlərin dil haqlarının qorunmasına dair müzakirələr aparılıb və bu məzmunda YUNESKO-ya təqdimat üçün müraciət qəbul edilib. Bir müddət sonra Azərbaycan Mədəniyyət Ocağında keçirilən tədbir isə Azərbaycan dili məktəblərinin tarix və inkişafına həsr olunmuş mühazirə və şeirlər gecəsindən ibarət olub. Hər iki tədbirdə Azərbaycan diasporunun fəal üzvlərinin çıxışları olub, dil problemləri ətrafında fikir mübadiləsi aparılıb. 2009-cu ilin mart ayında Avropa İttifaqının Mədəniyyətlərin Dialoqu proqramı çərçivəsində Estoniyanın paytaxtı Tallin şəhər məktəblərində “Azərbaycanı necə tanıyırıq” adlı müsabiqələr təşkil olunub. Müsabiqənin məqsədi Estoniya ictimaiyyətini Azərbaycan haqqında məlumatlandırmaq olub. Həmin il Budapeştdə “Azərbaycan-Macarıstan mədəniyyətlərin dialoqu” silsiləsindən IV beynəlxalq elmi konfrans keçirilib. Tədbir Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun və Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun, eləcə də Azərbaycan parlamentindəki Azərbaycan-Macarıstan Dostluq Qrupunun iştirakı ilə baş tutub. Konfransın əsas mövzusunu iqtisadiyyat, hüquq və siyasət məsələləri təşkil edib.

2010-cu il sentyabrın 26-da Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə Almaniyanın Baden-Vürttemberq əyalətində Azərbaycan mədəniyyətinə həsr olunmuş “Şərq və Qərb dialoqu-Azərbaycan” adlı bədii tədbir-konsert keçirilib. Tədbirdə Baden-Vürttemberq əyalətində Azərbaycanın fəxri konsolu Otto Hauzer iki dövlət arasında mövcud olan əməkdaşlıqdan, Alman-Azərbaycan mədəni əlaqələrindən geniş məlumat verib. Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru, Samira Patzer-İsmailova qonaqlara Şərq və Qərbin görüşdüyü torpağın-Azərbaycanın mədəniyyəti və incəsənətindən məlumat verib, onun musiqi tarixindən danışıb. Azərbaycanın gələcəkdə seviləcək turizm ölkəsi kimi geniş imkanlara malik olduğunu qeyd edərək “Azərbaycan- Odlar yurdu” filmini nümayiş etdirib. Proqramda Samira Patzer-İsmailova Azərbaycan mədəniyyətinin incisi olan Muğam sənətinə xüsusi yer ayıraraq Azərbaycan xalq musiqisi və alətləri haqqında məlumat verib, musiqi nümunələri səsləndirib. Fevralın 12-də Polşanın Qdansk şəhərində Polşa-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü və Ticarət Palatasanın dəstəyi ilə “Azərbaycan-Polşa: mədəni-ədəbi əlaqələr” mövzusunda konfrans keçirilib. Konfransda Polşadakı Azərbaycan səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, bu ölkə ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri və Azərbaycan diaspor nümayəndələri iştirak edib. Tədbirdə “Azərbaycanın etnik mədəniyyəti” mövzusunda məruzə dinlənilib. Oktyabr ayında Frankfurt Mayns şəhərində ənənəvi Frankfurt kitab sərgisi keçirilib. Sərgidə Azərbaycan nağılları və dastanları, Azərbaycan klassik ədəbiyyatının nümunələri, Azərbaycan musiqisi, tarixi, siyasəti haqqında məlumat verilib. Bundan başqa müxtəlif ensiklopediyalar və alman ədəbiyyatı antologiyası, eləcə də klassik ədəbiyyatı nümunələri təkcə Azərbaycan dilində deyil, həmçinin digər dillərdə tərcümə olunub. Həmin ilin noyabrında Budapeştdə Azərbaycanın Macarıstandakı səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Macarıstan Elmlər Akademiyası və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib. Konfransda Azərbaycanın tarixi və müasir durumu, folkloru, etnoqrafiyası, dili, ədəbiyyatı, iqtisadiyyatı, hüquq sistemi, Azərbaycan-Macarıstan əlaqələri və digər mövzularda məruzələr təqdim olunub. YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin noyabrın 15-19-da keçirilən növbəti sessiyasında qədim Alban daş abidələri və Azərbaycan xalçalarının erməni mədəniyyət nümunələri kimi təqdim olunması cəhdinin qarşısını almaq məqsədilə Almaniya və İsveçdə fəaliyyət göstərən bir sıra təşkilatlar YUNESKO-ya etiraz məktubu göndəriblər. Məktubda Dağlıq Qarabağ bölgəsinin müstəqil dövlət kimi qələmə verilməsi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi əsasnamələrə zidd olduğu və üzərində xaç əks olunan abidələrin erməni mədəniyyətinə yox, qədim Qafqaz Albaniyası mədəniyyətinə aid olması haqqında arqumentlər açıqlanıb. Həmin il Dərbənd şəhərində Diasporla İş üzrə Dövlət Komitəsi və ÜmumRusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə “Oğuz eposu, Kitabi-Dədə Qorqud və Dərbənd” mövzusunda elmi-praktik konfrans keçirilib. Məruzələrdə Dədə Qorqudun Dərbənd şəhərində yaşaması, müxtəlif tarixi mənbələrdə, o cümlədən Evliya Çələbi və Adam Olearinin qeydlərində Dədə Qorqudun məzarının Dərbənd şəhərində yerləşməsi haqqında məlumatların olduğu bildirilib.

2011-ci il, martın 24-də TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatı və Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının baş salonunda 1200 tamaşaçının iştirakı ilə böyük konsert proqramı təşkil edilib. Tədbir çərçivəsində türkdilli ölkələrin BMT-dəki nümayəndələri ilə görüşlər keçirilib. Həmçinin TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatı, Azərbaycan-Nyu-York Assosiasiyası, Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycanlıları Şəbəkəsi arasında məsləhətləşmələr aparılıb. Martın 25-də isə Nyu-Yorkda türk dünyasının adı çəkilən şəhərdə yaşayan diaspor təşkilatları üçün konsert proqramı təşkil olunub. Tədbirdə Azərbaycan diaspor təşkilatları fəal iştirak ediblər. Həmin il, martın 28-də isə Linkoln konsert salonunda TÜRKSOY-Beynəlxalq Türk Mədəniyyət Təşkilatının Novruz bayramı şənliyi keçirilib. Türkdilli ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən bu böyük mədəniyyət tədbirində Birləşmiş Millətlər Təşkilatının rəsmi nümayəndələri, diplomatlar və dövlət xadimləri iştirak edib. Konsertdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya, Ukrayna və Moldovanın incəsənət ustaları ilə yanaşı, Azərbaycan muğam ifaçıları da iştirak edib.

Birləşmiş Ştatların Vaşinqton şəhərində fəaliyyət göstərən Qarabağ Fondunun təşəbbüsü ilə 2011-ci ilin mart ayı Merilend ştatının Montqomeri dairəsində “Azərbaycan irsi ayı” elan edilib. Montqomeri dairəsinin başçısı A.Leggetin bununla bağlı imzaladığı xüsusi bəyannamədə Azərbaycanın mühüm nailiyyətləri sırasında 1918-ci ildə Azərbaycanda Şərqdə ilk demokratik respublikanın qurulması və qadınlara səsvermə hüququ verilməsi göstərilmişdir. Həftəlik çərçivəsində tarixi Linkoln konsert salonunda Azərbaycan və ümumən türk xalqları mədəniyyətini geniş şəkildə təqdim edən iki konsert olub.

2011-ci il, martın 17-də İsveçin Stokholm şəhərinin kitabxanasında Novruz bayramına həsr olunmuş sərgi keçirilib. İsveçdə fəaliyyət göstərən “Birlik” təşkilatının təşkil etdiyi sərgidə bu ölkədə yaşayan müxtəlif yaş təbəqələrinə aid azərbaycanlıların Novruz bayramına həsr olunmuş rəsm və əl işləri nümayiş etdirilib. Sərgidə həmçinin yerli ictimaiyyəti Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış etmək məqsədilə Novruz bayramının Azərbaycanla tarixi bağlantısı və onun qeyd edilməsinə dair informasiya yerləşdirilib. Tədbirdə iştirakçılara Azərbaycan musiqisi və milli mətbəximizin nümunələri təqdim olunub.

 

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2012.- 3-5 mart.- S.15.