Azərbaycan diasporu müstəqillik illərində

 

Azərbaycan diasporu ölkəmiz tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra özünün inkişaf və intibah dövrünü yaşamağa başladı. Diasporumuzun ən uğurlu fəaliyyətinin müstəqillik illərinə təsadüf etdiyini desək yanılmarıq. 1991-ci il, oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının elan edilməsi bütün dünya azərbaycanlılarının böyük sevincinə səbəb oldu. Müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı bir sıra sosial-iqtisadi, habelə hərbi və siyasi problemlər xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında birliyin yaranmasını zəruri edirdi. Həmin birliyin yaranmasına ideoloji dəstək isə məhz Azərbaycan dövləti tərəfindən verilməli idi.

 

 Bu amil nəzərə alınaraq tarixində ikinci dəfə müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti diasporla sistemli əlaqələr qurmaq istiqamətində ilk illərdən etibarən mühüm addımlar atmağa başladı. Həmçinin Azərbaycan diasporuna həm dövlət, həm də ictimai səviyyədə diqqət artdı. Tədricən xaricdə yaşayan azərbaycanlıların problemləri, ayrı-ayrı ölkələrdə onların hüquqlarının müdafiəsi, diasporamızın təşkilatlanması barədə kütləvi informasiya vasitələrində dərc edilən məqalələr, kitablar, televiziya verilişlərinin sayı əsaslı dərəcədə çoxaldı. Paralel olaraq Azərbaycan diasporunun ali təhsil müəssisələrində, elmi mərkəzlərdə dərindən öyrənilməsi prosesi başlandı. Bütün bunlarla bərabər respublikada həyata keçirilən iqtisadi və dövlət quruculuğu işində ölkə daxilində yaşayan azərbaycanlılarla yanaşı, xaricdə yaşayan soydaşlarımızın da bu proseslərdə yaxından iştirakı üçün zəmin yaradıldı.

Azərbaycan müstəqillik əldə etdikdən sonra xaricdə fəaliyyət göstərən diaspor təşkilatları ilə əlaqələrin qurulması, bunun üçün əlverişli zəmin yaradılması istiqamətində də ilk addım məhz o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev tərəfindən atıldı. Belə ki, 1991-ci il, dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edildi. Bununla kifayətlənməyən Naxçıvan Ali Məclisi anoloji qərarın Azərbaycan Respublikasının Ali Soveti tərəfindən də qəbul edilməsi təşəbbüsü ilə çıxış etdi. Muxtar Respublikadan edilən bu təşəbbüs Milli Şura üzvləri tərəfindən bəyənildi və dekabrın 26-da Azərbaycan Ali Sovetinin Milli Şurası 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi. Hər iki qanunverici instansiyada qəbul edilmiş qərarlar faktiki olaraq dünya azərbaycanlılarının milli həmrəylik hərəkatı tarixində yeni bir səhifənin açıldığını göstərirdi. Lakin istər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, istərsə də Azərbaycan Ali Sovetinin Milli Şurasının həmin dövrdə qəbul etdiyi qərarlar mühüm əhəmiyyət kəsb etsə də, hər iki qərar xaricdə yaşayan azərbaycanlılar tərəfindən müsbət qarşılansa da, ancaq etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində Azərbaycan diasporunun inkişaf etdirilməsi, diasporanın birliyinin təmin olunması qaneedici səviyyədə deyildi. Daha doğrusu ilk illərdə bu istiqamətdə hansısa addımlar atılmır, diaspora fəaliyyətinə səthi baxılırdı. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin prezidentliyi dövründə bütün sahələrdə olduğu kimi diaspora sahəsində məqsədyönlü addımlar atıldı, bu sahədə ciddi dönüş yarandı. Respublikaya rəhbərlik etdiyi ilk vaxtlardan ümummilli lider dünya azərbaycanlılarının ümumi məqsədlər ətrafında birləşməsini təmin etməyə çalışır, xaricdə yaşayan azərbaycanlılar arasında əlaqələrin inkişafına dəstək verirdi. Ümummilli lider eyni zamanda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın həmin ölkələrin ictimai-siyasi həyatında önəmli rol oynamasını, həmin proseslərdə fəal iştirakını başlıca vəzifə kimi dəyərləndirir, buna xüsusi önəm verirdi. Hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyev əksər xarici səfərlərdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı icmalar ilə görüşür, onları tarixi vətənin mənafeyi baxımından sıx birləşməyə dəvət edirdi. Heydər Əliyevin Azərbaycandan kənarda yaşayan soydaşlarımızla ilk belə görüşü 1994-cü ildə Türkiyə Cümhuriyyətinə səfəri zamanı bu ölkədə yaşayan azərbaycanlılarla olub. Qardaş ölkəyə səfəri zamanı bu ölkədə yaşayan soydaşlarımızla görüşən Heydər Əliyev dünya azərbaycanlıları arasında həmrəyliyin vacibliyini xüsusi olaraq vurğulamışdı. Heydər Əliyev soydaşlarımız arasında ideya və məqsəd birliyinin formalaşmasını əsas vəzifə kimi xarakterizə edirdi. Bu, kifayət qədər uzaqgörən və müdrik bir yanaşma idi. Çünki həmin dövrdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız arasında milli birlik, həmrəyliyin formalaşması, onun möhkəmləndirilməsinə nail olmaq baxımından birlik ideyasının əsasında dayanan amillərin dəqiq izah olunmasına ehtiyac vardı. 1996-cı ildən etibarən Azərbaycan Respublikası Prezidentinin 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ənənəsinin əsası qoyuldu. Həmin il dekabrın 28-də ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarına müraciət edərək onları bir daha azərbaycançılıq ideyaları uğrunda birliyə, tarixi vətənin maraqlarının müdafiəsi işində fəal iştirak etməyə çağırdı. Sənəddə Heydər Əliyev soydaşlarımızı Azərbaycan dövlətinin maraqlarını inamla müdafiə etməyə çağırır, müstəqil respublikamızın tarixi maraqlarının qorunması işini bütün dünya azərbaycanlılarının borcu kimi səciyyələndirirdi. 1996-cı ildən isə xaricdəki diaspor təşkilatının pərakəndəliyinin ortadan götürülməsi istiqamətində uğurlu addımlar atıldı. Bu baxımdan 1997-ci il, iyunun 27-dən 29-dək Birləşmiş Ştatlarda keçirilən Dünya Azərbaycanlılarının Konqresinin təsis toplantısını mühüm tarixi əhəmiyyətə malik hadisə kimi qiymətləndirmək olar.

Artıq Azərbaycan diasporu öz inkişaf mərhələsini yaşayır, ayrı-ayrı ölkələrdə təşkilatlanma prosesini intensivləşdirirdi. Belə bir situasiyada diaspor təşkilatları, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gətirilməsi, bu məqsədlə xüsusi bir toplantının keçirilməsi zərurətə çevrilirdi. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyev 2001-ci il, mayın 23-də tarixi bir sərəncam imzaladı. Sərəncamda dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, eləcə də Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi, onların əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurəti nəzərə alınaraq Bakıda Dünya Azərbaycanlılarının birinci qurultayının keçirilməsi məqsədəuyğun hesab edilirdi. Sərəncama uyğun olaraq həmin il, noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu. Dünya Azərbaycanlılarının birinci qurultayı bir neçə məqamla yadda qaldı və diaspora sahəsində yeni yanaşmaları, atılması vacib olan addımları zərurətə çevirdi. Məhz Dünya Azərbaycanlılarının birinci qurultayında xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə xüsusi dövlət orqanının təsis edilməsi, eləcə də xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin hüquqi bazasının yaradılması ideyası gündəmə gəldi. Çox keçmədi ki, ümummilli lider, mərhum prezident Heydər Əliyevin imzaladığı fərmanla “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanun qüvvəyə mindi. 2002-ci il, dekabrın 21-də qüvvəyə minən qanun xaricdə yaşayan soydaşlarımız və həmvətənlərimiz qarşısında geniş perspektivlər açır və onların Azərbaycanın milli mənafeləri ətrafında daha sıx birləşməsini nəzərdə tuturdu. Həmin ilin iyulunda isə ümummilli lider diaspora həyatı ilə bağlı daha bir mühüm sənədə imza atdı. Belə ki, Heydər Əliyevin imzaladığı fərman əsasında diaspora işi ilə birbaşa məşğul olan, xüsusi dövlət qurumu, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Həmin dövrdə yaradılmış Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla vətən arasında əlaqələrin qurulması, diaspor təşkilatları arasında birlik və bərabərliyin təmin olunması, dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların həmin ölkələrdə üzləşdikləri problemlərin həllinə yardımçı olmağı qarşısına məqsəd qoyurdu. Qısa zaman ərzində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ayrı-ayrı diaspor təşkilatları ilə əlaqələr qurdu, xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliyini təmin etdi.

 

Ardı növbəti sayımızda

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

 

Olaylar.- 2012.- 6 mart.- S.15.